"Milli Qəhrəmanı" adı ölkəmizin müstəqilliyi uğrunda müstəsna xidmətlərə görə verilir. Qeyd edək ki, Milli Məclisdə Milli Qəhrəman statusunun hansı meyarlara, şəraitə və məkana əsasən verilməsi, eyni zamanda bu statusu alanlarla bağlı yeni xüsusi mükəlləfiyyətlərin müəyyənləşməsi ilə bağlı “Milli Qəhrəmanlar haqqında” qanun layihəsi hələ ötən 2 ərzində hazırlanıb. Bundan başqa ölkə başçısı milli qəhrəmanlar, onların ailə üzvlərinin sosial vəziyyətinin yüksəldilməsi üçün bir neçə sənəd imzalayıb. Sərəncama əsasən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olan və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014-2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Ən önəmlisi isə milli qəhrəmanların təbliğatı istiqamətində bir çox sənəd imzalanıb, yəni, bir neçə rəsmi sənəd vasitəsilə milli qəhrəmanlarımızın gənclərə tanıdılması tövsiyə olunub. Belə ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Dəstəyi Proqramının 6.2.- "Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi"- bəndinin 6.2.3 maddəsində Gənclər və İdman Nazirliyinə, Müdafiə Nazirliyinə, Təhsil Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi, qəhrəmanlıq nümunələrinin gənclər arasında təbliğ edilməsi tapşırılıb. Millət vəkili Fərəc Quliyev bildirib ki, dövlət tərəfindən milli qəhrəmanlara, onların ailəsinə hər cür şərait yaradılıb, müxtəlif imtiyazlar verilib: “Milli qəhrəmanlar hər cür imtiyaza layiqdirlər və əgər imtiyazlarla bağlı digər təkliflər olarsa, hesab edirəm ki, qanunla təsbit olunmalıdır. İnanıram ki, bu halda da dövlət onlara lazımi qayğını göstərəcək”. Onu da qeyd edək ki, Milli qəhrəman ailələrinə xüsusi prezident təqaüdü verilir. Milli qəhrəmanların adlarını daşıyan məktəblər, küçələr, uşaq bağçaları, parklar var, onlar üçün hazırlanan anım günləri də dövlətin diqqətinin nəticəsi olaraq dəyərləndirilə bilər. Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elxan Uluxanlı hökümətimizin Milli Qəhrəman ailələrinə, Qarabağ əlillərinə, müharibə veteranlarına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib: “Hələ bir neçə il öncə ölkə başçısı Milli Qəhrəman ailələrinə 600 manat məbləğində təqaüd verilməsilə bağlı sərəncam imzalayıb. Bu vəsaitin artırılmasını reallaşdıran ölkə rəhbərimiz bu addımı ilə bir daha Milli Qəhrəman ailələrinin rəğbətini qazandı. Təbii ki, verilən təqaüdlə də Milli Qəhrəman ailələrinin sosial rifahı bir qədər də yaxşılaşacaq, problemlərin həllinə şərait yaradacaq”. Yeri gəlmişkən, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin dəstəyi ilə yeni bir kitab işıq üzü görüb. Kitabda ölkəmizin ərazi bütövlüyü uğrunda mərdlik və şücaət göstərmiş, "Azərbaycanın Milli Qəhrəmanı" kimi şərəfli ada layiq görülmüş 211 qəhrəmanımızın həyatından, keçdiyi döyüş yolundan bəhs olunur. "Azərbaycanın Milli Qəhrəmanları" kitabı qəhrəman vətən oğullarının yetişməkdə olan gənc nəsil tərəfindən tanınmasında, onların milli ruhda əsl vətənpərvər kimi tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir. Onu da qeyd edək ki, son bir neçə ildə milli qəhrəmanlarla bağlı bir çox layihələrə start verilib. Artıq davamlı olaraq milli qəhrəmanlarımızla bağlı geniş səviyyəli tədbirlər keçiriləcək. Qeyd etdiyimiz kimi hazırda ölkəmizdə 211 nəfər Milli Qəhrəman olsa da, onlardan yalnız on səkkiz nəfəri həyatdadır, qalanları isə dünyasını dəyişib. Ancaq bu qəhrəmanların övladları, həyat yoldaşları, valideynləri, yaxınları onların xatirəsini yaşadır. İstər ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə də, istərsə də hazırda Milli Qəhrəman ailələri dövlətin himayəsindədir. Ölkə başçısı Qarabağ şəhidlərinin xatirələrini əziz tutur, şəhid ailələrinin, milli qəhrəmanlarımızın sosial problemləri ilə yaxından maraqlanır, onların problemlərini həll edir. Mübariz İbrahimova göstərdiyi şücaətə görə Milli Qəhrəman adının verilməsi buna canlı misaldır. Mütəxəssislər bildirir ki, Milli Qəhrəmanların təbliğatı gənclərin milli-mənəvi dəyərlərə, xüsusən də vətənpərvərlik tərbiyəsinə malik olmasına müsbət təsir göstərir. Ehtiyatda olan polkovnik Mehdi Mehdiyev ölkə başçısının şəhid ailələrinin, əlillərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən fərman və sərəncamlarını yüksək qiymətləndirib: “Müharibə veteranlarının da müavinətlərinin artırılması dövlətin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin ardıcıl olduğunu, müharibə iştirakçılarına yüksək diqqət və qayğı göstərildiyini sübut edir. Ümumiyyətlə, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Bu siyasətin əsası isə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderimiz tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan "Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında" fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım oldu. Həmin fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verildi. Bu gün bu siyasət yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Bu diqqətin əsas göstəricilərindən biri də müharibə əlillərinin, şəhid ailələrinin mənzil probleminin həlli istiqamətində görülən mütərəqqi işlərdir. Ötən dövr ərzində minlərlə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri mənzillə təmin edilib. Bununla yanaşı, hərəkət-dayaq sistemi pozulmuş əlillərimizin reabilitasiyası, müalicəsi istiqamətində atılan addımlarla bərabər, onların minik avtomobilləri ilə təmin olunması yönündə də mühüm işlər görülüb. Dünən isə möhtərəm Prezidentimiz müharibə əlilləri və şəhid ailələrinin övladlarının təhsil haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı müvafiq sərəncam verdi. Bu sərəncam yüzlərlə ailəyə sevinc bəxş etdi". Onu da qeyd edək ki, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi və müxtəlif dövlət qurumları vaxtaşırı Milli Qəhrəmanlara göstərilən dövlət qayğısı ilə, eləcə də digər məsələlərlə bağlı silsilə tədbirlər təşkil edir. Belə tədbirlərin keçirilməsində əsas məqsəd əlbəttə ki, Azərbaycan dövlətinin Milli Qəhrəmanlarla, şəhidlərlə əlaqədar həyata keçirdiyi siyasəti davam etdirməkdir. Onlar, həmçinin, bu qayğı barədə gənclər arasında təbliğat da aparır. Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin təmsilçisi Nurəddin Abbasovun fikrincə, Milli Qəhrəmanlara dövlət qayğısının əsasını Azərbaycanın mərhum prezidenti Heydər Əliyev qoyub": Ümummilli liderimiz Heydər Əliyev kimi cənab İlham Əliyev də bu gün Qarabağ şəhidlərinin xatirəsini əziz tutur, şəhid ailələrinin, Milli Qəhrəmanlarımızın sosial problemi ilə yaxından maraqlanır, onların problemlərini həll edir. Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin məqsədi Milli Qəhərmanlarımızın təbliğini yaxşı aparmaqdır”. Ekspertlərin fikrincə, son illər şəhid adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin, Milli qəhrəmanların, müharibə əlillərinin və veteranların sosial təminatının yaxşılaşdırılması, sosial-hüquq müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilsə də, bütün bunlar öz bəhrəsini versə də, bəzi problemlər hələ də həll olunmamış qalır. Ancaq nə olur olsun Milli qəhrəmanlara göstərilən qayğı təqdir olunmalıdır. Çünki gənc nəsilin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bunun mühüm rolu var. Tanınmış ziyalı Mahmud Vəlinin fikrincə, milli özünüdərk prosesini daxilindən keçirib yaşamayan gənclik heç zaman Azərbaycanın sabahına sahib dura bilməz: “Gənclik birmənalı olaraq vətənpərvərlik tərbiyəsi almalıdır. Azərbaycan xalqı qonşu xalqlardan həmişə öz milli kimliyinə sadiqliyi və vətənpərvərliyilə seçilib. Təəssüf ki, hazırda bu keyfiyyətimizdə müəyyən zədələnmə müşahidə edilməkdədir. Gənclərimizin heç də hamısının dəyərlərimizə münasibəti eyni deyil. Respublikamız 20 ildən artıqdır müstəqildir. Bu illər ərzində bizim cəmiyyətimizdə, ictimai həyatımızda, məişətimizdə çox şey dəyişib. Dəyərlər sistemimizə də tamam başqa gözlə baxanlar çoxdur. Azərbaycan gəncliyinin milli mənlik şüuru heç zaman məhv olmayıb, bu gün də onun kifayət qədər daşıyıcıları var. Çar Rusiyasının işğalı dövründə də o illərin gəncliyi bu ruhun daşıyıcısı olub, bolşevizm dönəmində də. Bu hiss gənclərdə olmasaydı, 1918-ci ildə Şərqdə ilk demokratik respublikanı - Azərbaycan Demokratik Cumhuriyyətini quranların sırasında çoxlu sayda gənclər olmazdı”. Böyük dövlətçilik tarixi olan bir xalqın qəhrəmanlarının keçdikləri döyüş yolu geniş səviyyədə təbliğ olunmalıdır ki, gənclər öz qəhrəmanını yaxından tanısın. Əslində təbliğatdan çox şey asılıdır: “Milli düşüncədən uzaq olan gənclərə hansısa bir milli xüsusiyyətimizi, milli adətimizi, bir qəhrəmanlıq dastanımızı sevdirənə qədər böyük zəhmət çəkməli olursan. Bir məsələ var ki, indi gənclərin bəziləri inkarçılığa meyl göstərir. Elə tərbiyə alıblar ki, onları fikirlərindən döndərmək çox çətin olur. Bəzən isə mümkün olmur. Gənclərimizin bir çoxunun milli folklorumuzdan-dastanlardan, nağıllardan, aşıq şeirindən və aşıq sənətindən, muğamdan, xalq mahnılarından, el sənətindən xəbəri yoxdur. Halbuki, elə şeylər var ki, gənclik onu beş barmağı kimi bilməlidir. Bilənlər də var. Amma onlar elə də çox deyil. Gənclərimizin bir qisminin müəyyən təsirlərə düşdüyü faktdır. Öz milli ədəbiyyatımızı, incəsənətimizi qəbul etməyənlər Qərbdə qürub edən etibarsız "izmləri", cərəyanları təbliğ edir”. Gənclər ilk növbədə öz dəyərlərimizi sevməlidir ki, onları başqa dəyərlərlə müqayisə edə bilsinlər. Əslində elə ən böyük təbliğat gəncliyə milli hissləri aşılamaqdır.