Ey sevimli, uğrunda şəhidlik zirvəsinə yüksəlməyə belə hazır olduğum torpaq! Sənə ötən illər ərzində bir neçə məktub yazmışdım. O vaxt yazdığım məktublar 28 illik VƏTƏN həsrətli idi. Giley – güzarlı idi. Hələ də şəhid qanlarının intiqamının alınmaması ilə,üzü dönüklərimizlə, satqınlarla bağlı idi. Həmişə də yuxularımda sənin hüzuruna üzüqara gəlirdim. Amma indi...
İndi daha yuxularımda yox, özüm sənin hüzuruna gələcək, əylib üzündən öpəcək, bulağlarıdan su içərək illərlə teşnə olmuş ürəyimi sərinlədəcək və “ - Torpaq artıq sənin hüzuruna üzü ağ, alnı açıq gəlmişəm. Bu alnı açıqlığı mənə, ümumiyyətlə bütün Azərbaycan xalqına, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milii Ordumuznun Ali Baş Komandanı, sərkərdəmiz, artıq hamının ürəyində yurd salmış, hamının sevimlisi, atası, qardaşı olmuş, Qarabağ Azərbaycandır! hayqıraraq Azərbaycanın haqq səsini bütün dünyaya çatdıran İlham Heydər oğlu Əliyev bəxş etdi” - deyəcəyəm.
Azərbaycan hökmdarı Şah İsmayl Xətai – Vətəni qoruyarlar, Vətən olar demişdir.
O, xalqına:
– Sizin üçün 3 qiymətli miras qoyub gedirəm. Onları göz bəbəyi kimi qoruyun:
Birinci - Vətənimiz ;
İkinci - Dilimiz ;
Üçüncü - Qeyrətimiz - deyə vəsiyyət etmişdir.
Gəncə xanı Cavad xan:
“Vətən əşya deyil ki, əldən - ələ keçsin. Onun yetişdirdiyi oğulları var. Onlar bu torpağın üstündə ona görə öz qanlarını axıdıblar ki, Vətən heç vaxt özgələşməsin. Övlad da, qardaş da, bacı da yadlaşa bilər, fəqət Vətən yox” - söyləmişdir.
Türkiyənin İstiqlal şairi Mehmet Akif Ersoy:
Bayraqları bayraq yapan üstündəki kandır,
Toprak, eğer uğrunda ölən varsa Vatandır – yazmışdır.
Ata babalarımızın bütün bu dediklərini, qulağında sırğa, əlində bayraq edən Ali Baş komandanımızın sərkərdəliyi ilə Milli Ordumuzun qəhrəman əsgərləri dünən artıq Mədəniyyətimizin və mənəviyyatımızın beşiyi olan ŞUŞA şəhəriniqanları, canları bahasına işğaldan azad etdi.
Canım Torpaq təəccüblə soruşursan: - necə?
İndi sən dinlə, mən isə hər şeyi izah edim:
Sentyabrın 26-dan 27-nə keçən gecə çox qəribə yuxular gördüm. Hamısı yadımda qalmasa da 1 –i detallarına kimi yadımda qalmışdı. Yuxuda coxlu qızıl əşyalar görmüşdüm və onları hətta əlimdə də saxlamışdım.
27 Sentyabr 2020-ci il...
Səhər yuxudan durandan ürəyim çox səksəkədə idi. Nəsə bir xəbər eşidəcəyimi hiss edirdim. (Deyilənlərə görə yuxuda qızıl görmək səs deməkdir, yəni yaxşımı, pismi deyə bilmərəm nəsə bir xəbərin eşidilməsi deməkdir.) Kompüteri açan kimi gözüm Azərbaycan Pespublikasının Prezidenti, Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyev cənablarının xalqa müraciətinə sataşdı:
“ - Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmalayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nətcəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür...” Müraciəti oxuyan kimi hadisənin mahiyyətini duydum. 27 il bütün Azərbaycan xalqının həsrətlə gözlədiyi bir günün yetişdiyini başa düşdüm. Ali baş komandan 1 saylı əmri vermiş, SEHİRLİ düyməni basmışdı. Ərazi bütövlüyümüzün təmin edilməsi, doğma Qarabağımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsi başlamışdı. Bu xəbəri oxuyan kimi özümü saxlaya bilməyərək necə ağladımsa səsimdən özüm diksindim. Gözlərimdən axan sevinc göz yaşları idi, neçə illərdən bəri yığılıb qalan qubar idi, Vətən nisgili idi, Qarabağ həsrəti, durnalara dönən şəhid ruhların harayı idi. Elə həmin gün saat 14.04-də keçirilən əməliyyatlar nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdulrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad edildiyini, Bundan əlavə, Ağdərə rayonu istiqamətində Murov dağı istiqamətində yerləşən düşmən postlarının darmadağın edilərək bir sıra vacib yüksəkliklərin nəzarətə götürüldüyünü oxudum...
... Bir anda 1992-93-cü illərdə gördüyüm, eşitdiyim hadisələr gözlərim önündə canlandı. O zaman hərbi jurnalist kimi çəbhə bölgələrini qarış-qarış dolaşdım. 2 il ərzində 450 –yə yaxın şəhid qapısıni açdım.
İçəri girdiyim evlərdə;
Analar gördüm -dözümlü, səbrli, qəlbini daş edib, göz yaşlarını gizləyib qapıdan girənin üzünə gülümsəyən. -Başındakı qara yaylığı ancaq qələbə günü açaçağını- bəyan edən analar...
Atalar gördüm, “-Oğul düşmən çəpəridir, təki Vətən sağ olsun” – deyən, (Düşmən çəpəri", yəni ailəni, eli, elatı yağılardan qoruyan, dar günlərdə sinəsini sipər edən.), “-mən xoşbəxtəm ki, balama güllə sinəsindən dəyib, kürəyindən yox- söyləyən atalar...
Bacılar gördüm -ürəyi qardaş dərdindən oyum-oyum oyulan bacılar...
Qardaşlar gördüm – yumruqları düyünlü, qəlbində düşmənə qarşı kin.. gözlərində qəzəb qığılcımı közərən qardaşlar...
“Şəhidlik çələngi” silsiləsindən yazdığım 3 kitabda haqqında yazdığım şəhidlərin valideynləri ilə görüşlərim, eşitdiyim və özümün şahidi olduğum hadisələr – Aqdərədə vurulan, 3 şəhid əsgərlə birlikdə nəşi yüksəklyə qaldırılaraq ətrafı minalanan, yalnız 3 gün sonra igid əsgərlərimiz tərəfindən hərbi əməlliyyat nəticəsində minalar təmizləndikdən sonra gecə saat 03 radələrində yaxın rəfiqəm Məlahət Nəsibovanın meyidini ailəsinə, bədəni Zaqatalada başı isə döyüşdən 8 gün sonra tapılaraq Papravənddə yerləşən N yüksəkliyində torpağa tapşırılan Zaqatalalı Aydının bacısı Xatunu qardaş başının ziyarətinə apardığım, şəhid Arazın anasının nişan üçün yığdığı qızıl-zinət əşyalarını qarşıma tökərək, “-qızım, indi mən neyləyim, başıma nə gül töküm?” - sualını mənə yönləndirdiyivaxt, mənim də ona qoşularaq höhkür-hönkür ağlamağım və və s. günlər birər-birər kino lenti kimi gözümün önündən keçməyə başladı...
Elə o zamanlar yazdığım və hər zaman dilimin əzbəri olan bu dördlük qeyri –ixtiyarı olaraq dodaqlarımda səsləndi:
Nə qədər ki, ulu Vətən dardadır,
Torpağında at oynadır yağılar.
Şəhid ruhlar durnalara dönərək,
Haray çəkər, intiqama çağırar !!!.
Artıq intiqam zamanı yetişmişdi, durnalara dönən şəhid ruhları indi sevinirdi, qaqqıldaşa-qaqqıldaşa cəbhədə döyüşən igid əsgərlərimizin üzərindən uçur, onları ruhlandırır,onları qələbəyə səsləyirdi...
28 il ürəyimdə ancaq ən əsas bir arzu ilə yaşamışam. Doğma QARABAĞ torpaqlarımzı düşmən əsarəti altından qurtaracağı,“Şəhidlər çələngi” ”silsiləsinə son qoyaraq, “Qələbə çələngi” ni yazmağa başlayacağım günü səbrsizliklə gözləmişəm. Deyəsən bu arzum yavaş- yavaş çin olmağa başlayır...Vəziyyətin mürəkkəbləşdiyi vaxtlarda, taleyönlü məsələlərdə xalqımız bir yumruq kimi birləşməyi bacarır. Xalqla Azərbaycan rəhbərliyinin, Azərbaycan Oardusunun birliyini mən bu gün də gördüm, bütün varlığımla hiss etdim...Budur artıq nəinki mən, bütün xalqımız sevinc içindədir, cəbhədən gələn hər qələbə xəbərini cəbirsizliklə izləyir və igid oğullarımızı qəhrəmanlığı qarşısında qürur duyur və onlara mənəvi, maddi,dəstək verirdi...
İndi artıq-
Durnalara dönən şəhid ruhları,
Cəbhədəki son durumu izləyir.
Qaqqıldaşa-qaqqıldaşa uşaraq,
Ordumuzu qələbəyə səsləyir!..
Daha sonra bir- biriin ardınca kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz igid əgərlərimizin canları bahasına işğaldan azad edilir və bu şad xəbərləri şəxsən Ali Baş Komandanızın özü tərəfindən xalqa çardırılırdı
Əzizim torpaq, hər dəfə Şəhidlər Xiyabanına – o müqəddəs türbəyə qədəm qoyanda elə bil ki, bütün şəhidlər dil açaraq nə vaxt bizim qisasımızı alacaqsınız, ruhumuzu nə vaxt şad edəcəksiniz? - deyə soruşurdular. Şəkillərdəki lal baxışlar – ey xalqım, “millət yoludur, haqq yoludur tutduğumuz yol”, biz ölməmişik, bizi unutmağa haqqınız yoxdur –kəlamını yaddaşımıza həkk edirdi. Dünən isə sərkərdəmiz 28 li gözlədiyimiz ən mühüm, ən şad xəbəri bizə elə “Şəhidlər xiyabanı” ndan verdi. Hərbi mundirdə olan şux qamətli Ali Baş Komandanımız Şəhidlər xiyabanında sayğı duruşuna duraraq üzünü şəhid məzarlarına tutdu və onların ruhlarına xitabən – “ Ruhunuz şad olsun, bu gün, noyabrın 8-də Milli Mədəniyyətimizin beşiyi olan Şuşamızı yağı düşmən tapdağları altından azad etdik” –deyə bütün dünyaya car çəkdi !..
Əzəmətli torpağım mənim, hələ indiyə qədər dünya bizim kimi müharibə istəyən bir xalq, 30 il işğalda olan Vətən torpaqlarını işğaıdan azad edərək geri qaytaran bir sərkərdə göməyib.
Canım Qarabağ, sənə çox sözüm, yeni-yeni xəbərlərim var . Bütün bunları bir məktubda çatdıra bilmirəm. Sonda səni əmin edirəm ki, sənin şəhid qanlarından cadar-cadar, düşmənlərə tapdaq olmuş bütün torpaqlarının azad olunmasına az, çox az vaxt qalıb...
Gözlə, gəlirik...