Səhiyyə Nazirliyinin məlumatı…

4 Oktyabr 2016 15:30

Xəbər 909 dəfə oxunub

Ölkəmizdə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu vaxtdan bu ilin sentyabr ayının sonuna qədər 197554 nəfər tibbi müayinədən keçib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, yalnız sentyabr ayı ərzində nikaha daxil olmaq istəyən 10990 nəfər müayinə edilib. İndiyədək müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkarlanıb. Ümumilikdə isə müayinədən keçən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu müəyyən edilib. Müayinələr nəticəsində ailə qurmaq istəyən 9131 nəfərdə talassemiya daşıyıcılığı, 749 nəfərdə sifilis, 133 nəfərdə isə QİÇS aşkar olunub. Qeyd edək ki, “Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə əlaqədar 2015-ci il iyunun 1-dən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Bu məqsədlə səhiyyə müəssisələrində hər cür zəruri şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05