Xalq Artisti Şahmar Ələkbərovun anadan olmasından 73 il ötür. Şahmar Ələkbərov 1943-cü il avqustun 23-də Gəncədə dünyaya göz açıb. Cəmi 50 il yaşayıb. Amma bu müddətdə yaratdığı obrazlarla, çəkdiyi filmlərlə adını əbədi olaraq kino tariximizə yaza bilib. O, Azərbaycan İncəsənət İnstitutunun aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Hələ üçüncü kursda oxuyarkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. Teatrda ilk dəfə Şekspirin “Lope de Veqa” tamaşasında çıxış edib. “Ustalar” tamaşasında qazandığı uğurdan sonra böyük tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Bundan sonra məşhur sənətkar Adil İsgəndərоv onu kinostudiyanın nəzdində özünün yaratdığı “Kino aktyorluğu” studiyasına dəvət edib. Şahmar Ələkbərov “Azərbaycanfilm” kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərib. Təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi institutda saxlanılıb. Şahmar Ələkbərоv teleradio sahəsində də fəal olub. O, radioda ilk dəfə “Ulduz” proqramının aparıcısı kimi çıxış edib. Bundan başqa, onlarla televiziya tamaşasında yaddaqalan obrazlar yaradıb, “Molla Nəsrəddin” radio verilişinin aparıcısı olub, bir çox filmlərin dublyajında iştirak edib. Şahmar Ələkbərovun yaradıcılıq bioqrafiyasında elə filmlər var ki, onlar milli mənəvi dəyərlərimizin ən qiymətli nümunələri sırasındadır. Bunun səbəbi isə bu filmlərin milli mənəvi dəyərlərimizə söykənərək tariximizin müəyyən dövrünün real ab-havasını canlı əks etdirməsidir. Ümumiyyətlə, 20 illik yaradıcılığı dövründə müxtəlif rejissorlarla işləmişdi Şahmar Ələkbərov. “Dağlarda döyüş”dən başlamışdı onun ilk aktyor karyerası. Şahmar Ələkbərovun yaratdığı Qəzənfər (“Yeddi oğul istərəm”), Oğul (“İntizar”), İman (“Axırıncı aşırım”), Arif (“Həyat bizi sınayır”), Azad (“Bakıda küləklər əsir”), Qatır Məmməd (“Gəncəbasarlı qisasçı”), Feyzi (“Firəngiz”), Gündüz Kərimli (“Arxadan vurulan zərbə”), Cavidan (“Babək”), Nuru (“Qəribə adam”), Tahir (“Gözlə məni”), Xaliq (“Qocalar, qocalar…”), Cümşüd (“Avqust gələndə”), İbrahim (“Atları yəhərləyin”) kimi obrazlar bir-birindən fərqli, xarakter və dünyagörüşcə müxtəlif insanlardır. Ancaq onları birləşdirən Şahmar Ələkbərovun aktyor istedadı, gözəl ifa tərzi və bir də sənətinə olan hədsiz məhəbbətidir. Şahmar Ələkbərovun elə qəhrəmanları var ki, onları xatırlamamaq mümkünsüzdür. “Yeddi oğul istərəm” filminə tamaşa edəndə hamımız Qəqəninin “Ölmə, Qəzənfər dayı, ölmə!” deyə onu yaralı halda qucaqladığı səhnəni səbirsizliklə gözləyirik. Bu çox nadir səhnələrdəndir ki, hətta ölüm anında aktyor tamaşaçını faciənin içərisindən qoparıb təbəssümə qovuşdurur. O, bunu bacarırdı və bu, hər aktyora xas olan keyfiyyət deyildi. Şahmar Ələkbərov kinoda rejissor kimi də sözünü deyib. Onun bu sahədə ilk işi Gülbəniz Əzimzadə ilə birgə çəkdiyi “İmtahan” filmi olub. Sonra “Sahilsiz gecə”ni çəkib. Şahmar Ələkbərovun ssenarisi əsasında ekranlaşdırılan “Qəzəlxan” filmi də uğurlu alınıb. Bu film Azərbaycanın görkəmli şairi Ə.Vahidin həyat və yaradıcılığının müxtəlif anlarını canlandırır. Xalq Artisti, Dövlət mükafatı laureatı Şahmar Ələkbərov 1992-ci il avqustun 12-də vəfat edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…