Şahmat üzrə Avropa birinciliyinə yekun vurulub

28 İyun 2016 20:19

Xəbər 1575 dəfə oxunub

Yunanıstanın Kalifeya şəhərində məktəblilər arasında şahmat üzrə Avropa birinciliyinə yekun vurulub. Medal uğrunda mübarizə 6 yaş kateqoriyasında aparılıb. Azərtac xəbər verir ki, azərbaycanlı şahmatçılar bir qızıl, iki gümüş və iki bürünc medal qazanıblar. Ən yaxşı nəticəni 7 yaşına qədər idmançılar arasında səkkiz partiyanın hamısında qalib gələn Ziya Məmmədov göstərib. Ustalığa namizəd Aydın Süleymanlı 7,5 xal toplayaraq 11 yaşına qədər oğlanlar arasında gümüş medal qazanıb. Digər gümüş medalı isə ustalığa namizəd Səbinə Rzalı 13 yaşına qədər qızlar arasında qazanıb. Onun aktivində 7 xal var. Bürünc medalı 13 yaşına qədər oğlanlar arasında Fərid Məlikov əldə edib. O, 6 xal toplayıb. Qızlar arasında bürünc medalı Süsən Məmmədova qazanıb. O, 15 yaşına qədər qızların turnirində 9 mümkün xaldan 6 xal toplayıb. Qeyd edək ki, yarışlarda “Köhnə dünya”nın 21 ölkəsindən 256 şahmatçı, o cümlədən Azərbaycanın 16 nümayəndəsi iştirak edib. İsveçrə sistemi üzrə keçirilən yarışlar doqquz turdan ibarət olub.xeber100.com