Stolüstü idman oyunları üzrə beynəlxalq turnir keçirilib

20 İyun 2018 12:11

Xəbər 828 dəfə oxunub

Azərbaycanın və Türkiyənin Xarkovdakı fəxri konsulluqlarının təşəbbüsü ilə bu şəhərdə stolüstü idman oyunları üzrə beynəlxalq turnir keçirilib.Azərtac xəbər verir ki, beynəlxalq turnirdə Ukraynada akkreditə olunmuş 20-yə yaxın ölkənin fəxri və baş konsulluqları, Xarkov şəhər meriyasının, ATƏT-in və BMT-nin Ukraynadakı nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.Beynəlxalq Olimpiya Komitəsinin yaradılmasının 124-cü ildönümünə həsr olunmuş turnirin açılış mərasimində Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov çıxış edərək son illər ölkəmizdə bir çox sahələrlə yanaşı, idmanın inkişafına göstərilən dövlət qayğısından söz açıb. Vurğulanıb ki, sosial iqtisadi inkişaf tempinə görə bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan dünyanın ən möhtəşəm idman yarışlarına ev sahibliyi edib.İdmanın dünya xalqlarının sülh və əmin-amanlıq rəmzinə çevrildiyini bildirən Xarkov şəhər merinin müavini Konstantin Loboyçenko idman oyunlarının keçirilməsi təşəbbüsü ilə çıxış edən Azərbaycan və Türkiyənin fəxri konsulluqlarına minnətdarlığını bildirib.Çıxışlardan sonra stolüstü idman oyunları üzrə beynəlxalq turnirə start verilib. On beş komandanın iştirak etdiyi turnirdə idmançılar tennis, şahmat, nərd, şaşki, atıcılıq və digər stolüstü oyunlar üzrə bacarıqlarını nümayiş etdiriblər. İki gün davam edən turnirdə Türkiyənin Xarkov şəhərindəki fəxri konsulluğunun komandası 1-ci, Azərbaycanın Xarkov şəhərindəki konsulluğunun komandası 2-ci, İsrailin yığma komandası isə 3-cü yerə çıxıblar.Dostluq və qardaşlıq görüşünə çevrilən turnirin sonunda qalib komandalara Xarkov Şəhər Administrasiyasının diplomları və kubokları təqdim olunub.xeber100.com