Təcili tibbi yardım xidməti xüsusi iş rejimində çalışacaq

13 İyun 2016 12:35

Xəbər 1987 dəfə oxunub

Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-prisi yarışı zamanı idmançılara yardım göstərilməsi üçün 12 tibbi briqada ayrılıb. Bu briqadalar yolboyu xüsusi döngələrdə, təhlükəli zonalarda fəaliyyət göstərəcəklər. Bu barədə Azərtac-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən ayrı-ayrı ixtisaslaşmış tibb müəssisələrindən 11 həkim ayrılıb ki, onlar zəruri hallarda, hər hansı hadisə baş verərsə, yarış məkanına daxil ola biləcəklər. Dəniz vağzalının yaxınlığında isə beynəlxalq tələblərə uyğun klinika açılıb. Burada 30-a yaxın tibb işçisi çalışacaq. Bu tibbi heyət ən yüksək hazırlıqlı cərrahlar, travmatoloqlar və rentgenoloqlardan ibarət olacaq. “Tamaşaçılara və qonaqlara 6 səyyar tibbi briqada xidmət edəcək. Bundan əlavə, 9 məntəqədə həkim və feldşerlər növbə çəkəcək. Azərbaycan Tibb Universitetinin 75 könüllüsü də tamaşaçılar arasında olmaqla, bizə yaxından kömək edəcəklər”, – deyə R.Nağıyev bildirib. Baş həkim deyib ki, zərurət olduqda Klinik Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi tamaşaçılar arasında, Mərkəzi Neftçilər Xəstəxanası isə idmançılar arasında zərərçəkənlərə yardım edəcək. R.Nağıyev bildirib ki, təcili tibbi yardım heyəti belə tədbirlərin keçirilməsinə tam hazırdır. Onlar Avropa Oyunları ərəfəsində xüsusi təlimlərdə olub, xarici dil kursları keçiblər.

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05