Təcili yardıma 100-dən artıq müraciət olub

20 İyun 2016 11:48

Xəbər 1734 dəfə oxunub

“İyunun 17-dən 19-dək Bakıda keçirilən Formula-1 yarışları zamanı ərazidə olan təcili tibbi yardıma təxminən 100-dən artıq müraciət olub. Müraciət edənlər arasında könüllülər və marşallar üstünlük təşkil edib”. Bunu “Report”a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib. Onun sözlərinə görə, müraciətlərin əksəriyyəti yerli vətəndaşlar tərəfindən olub. Baş həkim qeyd edib ki, müraciətlərin çoxu baş, çiyin və göz ağrıları ilə bağlı olub: “Günvurma ilə bağlı heç bir müraciət daxil olmayıb. Yarış iştirakçılarından isə təcili tibbi yardıma müraciət edən olmayıb”. Qeyd edək ki, Səhiyyə Nazirliyi iyunun 17-dən 19-dək Bakıda keçirilən Formula-1 yarışları zamanı idmançılara yardım göstərilməsi üçün 12 tibbi yardım briqada ayırmışdı. Həmin briqadalar yolboyu xüsusi döngələrdə, təhlükəli zonalarda fəaliyyət göstəriblər. Eyni zamanda, ayrı-ayrı ixtisaslaşmış tibb müəssisələrindən 11 həkim yarış ərazisinə ezam olunmuşdu. Dəniz vağzalının yaxınlığında isə beynəlxalq tələblərə uyğun klinika açılmışdı ki, orada 30-a yaxın tibb işçisi çalışıb. Bu tibbi heyət ən yüksək hazırlıqlı cərrahlar, travmatoloqlar və rentgenoloqlardan ibarət olub. Tamaşaçılara və qonaqlara 6 səyyar tibbi briqada xidmət edib. Bundan əlavə, 9 məntəqədə həkim və feldşerlər növbə çəkib. Azərbaycan Tibb Universitetinin 75 könüllüsü də tamaşaçılar arasında olub.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05