Tibb Universitetində tibbi müayinə aksiyası keçirilib

16 Aprel 2018 15:09

Xəbər 1575 dəfə oxunub

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris terapevtik Klinikasında uşaqlar üçün ödənişsiz tibbi müayinə aksiyası keçirilib.Universitetdən Azərtac-a bildiriblər ki, klinikanın, eləcə də “Pediatrik kardiologiya və revmatologiya” İctimai Birliyinin təşəbbüsü ilə keçirilən aksiyanın əsas məqsədi uşaqların erkən tibbi müayinələrə cəlb edilməsini təbliğ etmək və valideynləri maarifləndirməkdir.Aksiyada iştirak edən professor, pediatr-kardioloq İbrahim İsayev son illər Azərbaycanda səhiyyə sahəsindəki inkişafdan və tibbi sığortanın ölkəmizdə tətbiq olunmasının əhəmiyyətindən danışıb. Həkim uşaqlar arasında kardioloji problemlərin artdığını bildirib: “Uşaqlar arasında bu kimi problemlərin artması və valideynlərin uşaqları vaxtında müayinə etdirmələri istiqamətində maariflənməsi baxımından bu cür aksiyalar çox vacibdir. Bundan əlavə bu aksiyalar çox gözəl nəticələr verir. Bəzi hallarda hətta valideynlərin özlərinin bilmədiyi və şübhələnmədiyi problemlər də müayinə zamanı ortaya çıxır”.Yeni yaranmış “Pediatrik kardiologiya və revmatologiya” İctimai Birliyinin sədri, pediatr Sveta Rəfiyeva bildirib ki, bütün dünyada uşaqlar arasında ürək və qeyri infeksion xəstəliklər getdikcə artır: “Məqsədimiz valideynlərin vaxtında övladlarını həkimə gətirməkdən çəkinməməsini təmin etmək və onlar arasında maarifləndirmə işlərini genişləndirməkdir”.Pediatr-endokrinoloq Ləman Sultanova valideynlərə övladlarının düzgün qidalanması, fiziki aktivlik və gün rejiminin düzgün bölünməsi ilə bağlı məsləhətlər verdiyini qeyd edib. Həkim müraciət edənlərin əsasən boy qısalığı və artıq çəki kimi endokrin patologiyalardan şikayət etdiklərini bildirib.Aprelin 21 və 28-də növbəti aksiyanın keçirilməsi nəzərdə tutulur.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05