UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində

26 İyul 2017 13:23

Xəbər 699 dəfə oxunub

Futbol üzrə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qəbələ” komandası Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq. Yunanıstan təmsilçisi yarışa birbaşa bu raunddan qoşulacaq.Azərtac xəbər verir ki, Afina klubu 2016/2017-ci il mövsümündə Yunanıstan superliqasında üçüncü yeri tutub. Otuz qarşılaşmada 57 xal toplayan paytaxt təmsilçisi çempion “Olimpiakos”dan 10, ikinci olan PAOK-dan dörd xal geri qalıb. Məhz çempionatdakı bürünc medallar komandaya UEFA Avropa Liqası turnirində iştirak etmək hüququ verib. Yeni mövsüm öncəsi Afina klubu ciddi itki ilə üzləşib. Ötən mövsüm 22 qolla superliqanın bombardiri olmuş Markus Berq dörd ildir şərəfini qoruduğu “Panatinaikos”dan ayrılıb.Afinalılar oyunlarını 16 min tamaşaçı tutan “Apostolos Nikolaidis” stadionunda keçirir. Bir milyondan çox azarkeşi olan “Panatinaikos” ölkənin “Olimpiakos”dan sonra ikinci məşhur komandası sayılır. Paytaxt klubu 1927/1928-ci il mövsümündən keçirilən superliqada 20 çempionluq, 23 gümüş, 19 bürünc medal qazanıb. 18 dəfə Yunanıstan kubokunu əldə edən afinalılar səkkiz dəfə “Qızıl dubl”a imza atıblar. Beş dəfə superkuboka yiyələnən komanda son illər əzəli rəqibi “Olimpiakos”ın kölgəsində qalıb. Sonuncu dəfə 2009/2010-cu il mövsümündə qızıl medallara yiyələnən komanda son yeddi ildə dörd dəfə gümüş, iki dəfə bürünc medal əldə edib.Ötən il UEFA Avropa Liqasının qrupunda bir xalla sonuncu yeri tutan afinalılar 2015/2016-cı il mövsümündə pley-offda mübarizəni dayandırıb. Həmin il “Panatinaikos”un qrupa düşmək yolunun qarşısını məhz “Qəbələ” alıb. Bakıdakı qolsuz heç-heçədən sonra “qırmızı-qaralar” Afinada Dodonun dublu ilə 2:2 hesablı bərabərliyə nail olub. Səfər qolları komandamıza tarixində ilk dəfə qrupda oynamağa kömək edib. “Qəbələ”nin qrup oyunları çərçivəsində Yunanıstanın daha bir klubu PAOK-la keçirilən hər iki oyunu isə qolsuz bərabərliklə nəticələnib.Ümumiyyətlə “Panatinaikos” avrokuboklarda 285 oyun keçirib. Afinalılar bu oyunların 99-da qalib gəlib, 70-də heç-heçə edib, 116-da uduzub. Marinos Ozinidisin baş məşqçisi olduğu paytaxt klubu UEFA reytinqində 148-ci yerdə qərarlaşıb.Qeyd edək ki, iyulun 27-də Afinadakı “Apostolos Nikolaidis” stadionunda keçiriləcək “Panatinaikos”–“Qəbələ” matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.xeber100.com

 

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02