Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilib

10 May 2023 14:18

Xəbər 46 dəfə oxunub

Tbilisidə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin, Gürcüstan Xarici İşlər, Mədəniyyət, İdman və Gənclər nazirliklərinin, Şahmat Federasiyasının və “SOCAR Energy Georgia” şirkətinin birgə təşkilatçılığı ilə reallaşan turnirdə Azərbaycan, Gürcüstan, Qazaxıstan və digər ölkələrdən olan idmançılar iştirak ediblər. “Dairəvi sistem” üzrə keçirilən turnirdə 20 idmançı gücünü sınayıb.

Turnirin açılışında çıxış edən Azərbaycan səfiri Faiq Quliyev deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə cari il “Heydər Əliyev İli” elan edilib. Azərbaycan səfirliyi də “Heydər Əliyev İli” ilə əlaqədar silsilə tədbirlər planı hazırlayıb. Plana əsasən Ulu Öndərin milli–mənəvi dəyərlərimizin qorunmasındakı roluna, idmana, gənclərə diqqət və qayğısına, enerji siyasətinə və neft strategiyasına həsr olunmuş tədbirlər keçirilib, kitablar nəşr olunub. Ümummilli Lider idmana da xüsusi qayğı göstərib. Diplomat vurğulayıb ki, Gürcüstan və gürcü xalqı da tarixi şəxsiyyət, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin diqqətindən kənarda qalmayıb. Bu turnir də Ulu Öndərimizin xatirəsinə həsr olunub.

Gürcüstan Şahmat Federasiyasının prezidenti Akaki İaşvili turnirin keçirilməsi ilə bağlı təşəbbüsə və dəstəyə görə səfirliyə və digər təşkilatçılara minnətdarlıq edib. Onun sözlərinə görə, bu cür tədbirlər ölkələrimiz arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, fenomen şəxsiyyət Heydər Əliyevə olan sevgini özündə əks etdirir.

Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Ulu Öndərin idmana olan qayğısından danışıb, idmançılara uğurlar arzulayıb.

Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, Türkiyənin Maarif Vəqfinin rəhbəri Birol Akgün də idmançıları salamlayıb və onlara uğurlar arzulayıblar.

Sonda qaliblərə mükafatlar və sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bu turnir barədə Dünya Şahmat Nəticələri informasiya portalında da məlumat verilib.xeber100.com

Taekvondo üzrə 26-cı dünya çempionatına yekun vurulub

Bakıda təşkil olunan taekvondo üzrə 26-cı dünya çempionatına iyunun 4-də yekun vurulub. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov dünya çempionatının keçici bayrağını Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çuya təqdim edib. Dünya Taekvondo Federasiyasının rəsmisi isə bayrağı 2025-cü ildə dünya çempionatına ev sahibliyi edəcək Çin Taekvondo Federasiyasının nümayəndəsinə verib. Çunqvon Çu taekvondo üzrə 26-cı dünya çempionatının yüksək təşkilatçılığına görə minnətdarlığını bildirib və yarışı bağlı elan edib. Çinin 2025-ci ildə dünya çempionatına ev sahibliyi etməsi barədə qərar Dünya Taekvondo Federasiyası Şurasının Bakıda keçirilən görüşündə qəbul olunub. Çinin Usi şəhəri dünya çempionatına ev sahibliyi uğrunda səsvermədə Sofiya (Bolqarıstan), Zaqreb (Xorvatiya) və Şarlott (ABŞ) şəhərlərini qabaqlayıb. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. Dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizə aparıb. Dünya çempionu olan idmançı aktivinə 140 reytinq xalı əlavə edib. Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edib. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilib. Xatırladaq ki, Bakının yarışa ev sahibliyi etməsi barədə qərar ötən il qəbul olunub. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini irəli sürsə, Bolqarıstan son anda müraciətini geri götürüb. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə Avropa çempionatına, Qran-Pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatının keçirilməsini də Azərbaycana həvalə edib. Beləliklə, taekvondo üzrə dünya çempionatı MDB məkanında Rusiyadan sonra Azərbaycanda təşkil olunub. Eyni zamanda, Azərbaycan Avropada Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra dünya çempionatına ev sahibliyi edən yeddinci ölkədir.xeber100.com

İyun 4, 2023 15:08