Ümumdünya Badminton Federasiyasının məlumatına görə…

13 Sentyabr 2019 11:01

Xəbər 553 dəfə oxunub

Ümumdünya Badminton Federasiyasının saytında 37-ci badminton turnirləri həftəsinin nəticələri əsasında yeni Olimpiya təsnifat reytinqi açıqlanıb.Azərtac xəbər verir ki, reytinq cədvəlinə əsasən badmintonçumuz Edi Reski Dviçayo “Tokio 2020” Olimpiya təsnifat reytinqində kişilərin şəxsi kateqoriyası üzrə 28-ci sırada qərarlaşıb. Badmintonçumuz bu pilləyə bir neçə gün əvvəl Ukraynada keçirilən “RSL Kharkiv International 2019” turnirində 3400 xal qazanaraq yüksəlib. O, “Tokio 2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakterli yarışda gümüş medal qazanaraq xallarını 13 min 990-a çatdırıb. Badmintonçumuz hazırki siyahıda amerikalı Timati Lam və rusiyalı Vladimir Malkov kimi tanınmış idmançıları geridə qoyub.Bir sıra Olimpiya idman növlərində olduğu kimi, badmintonda da lisenziya Olimpiya reytinq xallarına görə verilir. Həftəlik açıqlanan Olimpiya təsnifat reytinqi hər çərşənbə axşamı yenilənir.Olimpiadada bu idman növü üzrə kişilərin şəxsi yarışında eyni ölkədən ən çox 2 nəfər iştirak hüququ qazana bilər. Bu, yalnız həmin ölkənin badmintonçularının Ümumdünya Badminton Federasiyasının 2020-ci ilin aprelin 30-dək olan reytinqində 1-16-cı yerlərdə qərarlaşması sayəsində mümkündür. Əgər həmin reytinqdə müvafiq yerlər üzrə yalnız bir idmançı yer alıbsa, o zaman həmin ölkə üzrə Olimpiadada bir badmintonçu çıxış edəcək. Yekun Olimpiya təsnifat reytinqində xalların hesablanması badmintonçuların Olimpiya təsnifat dövründə iştirak etdiyi və daha yüksək xallar topladığı 10 beynəlxalq turnirin nəticələrinə görə toplanır və buna əsasən müəyyənləşdirilir. Cari ilin aprelində start verilən təsnifat mərhələsi 2020-ci il aprelin 26-da başa çatacaq və dörd gün sonra kişilərin şəxsi yarışı üzrə “Tokio 2020” Yay Olimpiya Oyunlarında iştirak edəcək 38 badmintonçudan lisenziya əldə etmiş 34 nəfər müəyyən ediləcək. Yerdə qalan 4 lisenziyadan biri ev sahibi Yaponiyaya, digər üç vəsiqə isə Beynəlxalq Olimpiya Komitəsi, Ümumdünya Badminton Federasiyası və müvafiq ölkənin yerli federasiyasının nümayəndələrinin daxil olduğu üçtərəfli komissiyanın qərarına əsasən müəyyənləşəcək idmançılara veriləcək. Bütün kateqoriyalarda hər qitədən minimum bir iştirakçı Olimpiya Oyunlarında təmsil olunmalıdır. Əgər aprelin 30-da açıqlanacaq siyahıda hər hansı qitədən təmsilçi yer almazsa, o zaman Ümumdünya Badminton Federasiyasının reytinq cədvəlində həmin qitənin ən yüksək reytinqli idmançısına olimpiadada iştirak hüququ yaradılacaq.Ümumdünya Badminton Federasiyasının 37-ci badminton turnirləri həftəsi üzrə cari reytinq siyahısına əsasən hazırda Edi Reski Dviçayo 21 min 530 xalla 84-cü sırada qərarlaşıb.Xatırladaq ki, indiyədək heç bir badmintonçumuzun Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil etmək şansı olmayıb.xeber100.com

 

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02