Ümumdünya Boks Şurasının 55-ci Konvensiyasının açılış mərasimi keçirilib

2 Oktyabr 2017 10:35

Xəbər 800 dəfə oxunub

Oktyabrın 2-də Bakıda Ümumdünya Boks Şurasının (WBC) 55-ci Konvensiyasının açılış mərasimi keçirilib.Azərtac xəbər verir ki, əvvəlcə boksun tarixindən bəhs edən videoçarx nümayiş olunub.Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tədbirə dünyanın ən məşhur boksçularının qatıldığını vurğulayaraq, Konvensiyanın boksun inkişafına yeni təkan verəcəyini diqqətə çatdırıb. Nazir bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə 1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarına qatılıb və 1 medala sahib olub. Ötən il idmançılarımız Rio-de-Janeyroda təşkil olunan Olimpiadada 18 medal qazanıblar. Bu, Azərbaycan dövlətinin idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğının təzahürüdür.“Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə irimiqyaslı yarışların təşkili üçün beynəlxalq standartlara cavab verən idman infrastrukturu var. Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi və Bakı Olimpiya Stadionu möhtəşəmliyi ilə fərqlənir”, – deyə A.Rəhimov əlavə edib.Azərbaycanın boks üzrə də mühüm nailiyyətlərinin olduğunu qeyd edən Azad Rəhimov Məhəmmədrəsul Məcidovun Almaniyada üçqat dünya çempionu adını qazandığını xatırladıb.Sonra Konvensiyaya qatılan çempionlar təqdim edilib. Ardınca dünya çempionu Vitali Kliçkonun karyerasından bəhs edən qısa film nümayiş olunub.V.Kliçko yüksək təşkilatçılığa görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycanda idmanın inkişafı üçün hər cür şərait var. O, idmana göstərdiyi qayğıya və Konvensiyanın yüksək səviyyədə keçirilməsində dəstəyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.“Azərbaycan gözəl ölkədir. Burada idman infrastrukturu beynəlxalq standartlara cavab verir. Ümid edirəm ki, Azərbaycan boksçuları WBC-də çempion olacaqlar. Çünki burada kifayət qədər peşəkar boksçular var”, – deyə V.Kliçko vurğulayıb.Konvensiya digər təqdimatlarla davam edib.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02