Ümumdünya Səhiyyə Təşkilatı vaksinləşdirmə planı təklif edib

19 Avqust 2020 13:56

Xəbər 1771 dəfə oxunub

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Gebreyesus COVID-19-a qarşı vaksinin yaradılması və istehsalı məsələsində əvvəl yol verilmiş səhvləri bir daha təkrar etməməyə, bu problemin həllinə təcridçilik mövqeyindən yanaşmadan imtina etməyə çağırıb.Azərtac BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, Gebreyesus vaksinləşdirmənin iki mərhələdən ibarət qlobal planını təklif edib. ÜST-nin əsas şirkət və qruplarla hər həftə keçirdiyi görüşlər sayəsində Ümumdünya Ərzaq Proqramının əməkdaşları ilə əməkdaşlıq şəraitində tibbi təyinatlı yüklərin çatdırılması, saxlanması və daşınması üçün doqquz paylaşdırma mərkəzi yaradılıb. Beləliklə, tibbi materialların, o cümlədən COVID-19-a qarşı mübarizə üçün qoruyucu vasitələrin fasiləsiz təchizatını təmin etmək mümkün olub. ÜST-nin bu layihələrinin həyata keçirilməsində ona UNICEF, habelə özəl təşkilatlar, o cümlədən Bill və Melinda Geyts Fondu kömək edib.ÜST rəhbəri xatırladıb ki, məhz dövlət sektoru ilə özəl sektor arasında əməkdaşlıq sayəsində fərdi müdafiə vasitələri və diaqnostika dəstləri istehsalı artırılıb, bu da öz növbəsində həmin mallara tələbatın ədalətli şəkildə təmin edilməsinə imkan verib. Hazırda ÜST hökumətlər və özəl sektor ilə əməkdaşlıq şəraitində elmi tədqiqatları fəallaşdırmaq və innovasiyaların üstünlüklərindən hər kəsin istifadə edə bilməsinə təminat vermək üzərində iş aparır. Məsələn, COVID-19-a qarşı təsirli vaksin yaradılan kimi ÜST-nin strateji məşvərət qrupu həmin vaksinin tətbiq edilməsi ilə bağlı tövsiyələr verəcək.Qlobal proqramın ikinci mərhələsində təhdidlərin miqyası və əhalinin daha həssas təbəqələri nəzərə alınacaq. İlk növbədə həkimlər və sosial işçilər, həmçinin xroniki xəstəlikləri olan ahıl adamlardan söhbət gedir.Doktor Tedros bu qlobal proqramı orkestr ilə müqayisə edib: musiqinin yaxşı səslənməsi üçün bütün musiqiçilər bir-biri ilə həmahəng ifa etməlidirlər. ÜST-nin rəhbəri xəbərdarlıq edib: “İndi bütün dünya bir və ya iki aləti gərgin vəziyyətdə dinləyir, lakin bu kifayət deyil. Biz birlikdə “orkestr” şəklində elmi inkişaf etdirəcək, problemin həlli yollarını axtaracağıq. Biz ürəkdən inanırıq ki, əlbir işləyəndə ən yaxşı nəticəyə nail olacağıq”.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05