“Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi”…

10 İyul 2016 09:32

Xəbər 4552 dəfə oxunub

Nazirlər Kabineti “Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi”ni təsdiq edib. Apa-nın məlumatına görə, bu Nümunəvi Əsasnamə Azərbaycan ərazisində yerləşən bütün ümumi təhsil müəssisələrinin kitabxanalarının fəaliyyətini tənzimləyir. Ümumi təhsil müəssisənin kitabxanası tədris və tərbiyə prosesinin informasiya təminatını həyata keçirən, biliyi, elmi, mədəniyyəti yeni metodlarla təbliğ edən, çap məhsullarını və elektron resursları toplayıb mühafizə edən, onların müəllim və şagird kontingenti tərəfindən sistemli istifadəsini təşkil edən sosial institutdur. Kitabxana, minimum kitabxana fondu (azkomplektli ümumi təhsil müəssisəsində 500, tamkomplektli ümumi təhsil müəssisəsində 1000 çap vahidindən az olmamaqla), müvafiq sahə (oxu zalı və fond üçün otaqlar), avadanlıq və kadr potensialı olduqda, müəssisənin struktur bölməsi kimi onun infrastrukturuna daxil edilir. Bu Nümunəvi Əsasnamə hər bir kitabxana üçün fərdi Əsasnamənin hazırlanmasında əsas hesab olunur. Kitabxananın fondundan və informasiya resurslarından bütün oxucular və istifadəçilər tərəfindən tam istifadə edilməsi üçün müvafiq şərait yaradılır. Kitabxana ümumi təhsil müəssisəsinin təlim-tərbiyə prosesində fəal iştirak edir, müəllim və şagird kontingentinə, valideyn-müəllim assosiasiyalarının üzvlərinə kitabxana xidmətləri göstərir. Kitabxananın fonduna dərsliklər, dərs vəsaitləri, tədris-metodik ədəbiyyat, elmi-pedaqoji ədəbiyyat, bədii ədəbiyyat, universal məzmunlu kitablar (ensiklopediyalar, məlumat kitabları, soraq kitabçaları, biblioqrafik nəşrlər), dövri nəşrlər (dövri nəşrlərin sayı ümumi təhsil müəssisəsinin növündən, şagird kontingentinin sayından və milli tərkibindən asılı olaraq müəyyənləşdirilir), müəllim üçün metodik vəsaitlər, elektron resurslar və digərləri daxildir. Kitabxana ümumi təhsil müəssisəsinin direktoruna tabedir və direktor kitabxana xidmətinin təşkilinə və bu xidmətin keyfiyyətli olmasına görə məsuliyyət daşıyır. Kitabxanaya rəhbərlik öz işinə görə məsuliyyət daşıyan kitabxananın müdiri (və ya kitabxanaçı) tərəfindən həyata keçirilir. Kitabxananın müdiri (və ya kitabxanaçı) ümumi təhsil müəssisəsinin direktoru tərəfindən qanunla müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad olunur və işlədiyi müddətdə müəssisənin pedaqoji kollektivinin üzvü hesab edilir. Kitabxananın müdiri (və ya kitabxanaçı) ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının tərkibinə daxil edilir. Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kitabxana işinin elmi-metodik təminatı onların elmi-metodik əlaqələndirmə mərkəzi statusuna malik olan Təhsil Nazirliyinin Respublika Elmi Pedaqoji Kitabxanası tərəfindən həyata keçirilir. Kitabxananın kadr təminatında peşə üzrə ixtisas təhsili olan şəxslərə üstünlük verilir. Müstəsna hallarda, müvafiq peşə-ixtisas təhsili olmayan, lakin yüksək təcrübəyə və kitabxanada çoxillik iş stajına malik olan mütəxəssislər də kitabxanada işləyə bilərlər. Kitabxananın oxuculardan itirilmiş və ya yararsız vəziyyətə salınmış kitabxananın fonduna məxsus çap əsərlərinin və digər materialların müvafiq çap əsərləri və materiallarla əvəz edilməsini, bu mümkün olmadıqda, vurulmuş ziyana görə yeni qiymətləndirmə əmsalları nəzərə alınmaqla, onların qiymətinin 10 misli məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququ var. Kitabxananın vəzifələri sırasında isə “informasiya günü”, “müəllim günü”, “sinif günü” adlı tədbirləri təşkil etmək və ayda bir dəfə kitabxanada sanitariya günü keçirmək də yer alıb. Nümunəvi Əsasnaməyə əsasən kitabxananın fonduna daxil olan çap və informasiya resurslarından istifadə qaydaları da müəyyənləşdirilib. Abonement vasitəsilə kitabxananın çap resursları evdə istifadə etmək üçün götürülə bilər. Evə götürülən resurslardan istifadə müddəti aşağıdakı kimi müəyyənləşdirilir:

– dərslik, dərs vəsaiti – bir tədris ili;

-elmi-populyar və bədii ədəbiyyat – bir ay;

– dövri və çox istifadə olunan nəşrlər – 15 gün;

Oxu zalında istifadə üçün nəzərdə tutulan resurslardan, o cümlədən qiymətli və soraq xarakterli informasiya resurslarından yalnız kitabxana daxilində istifadə edilir. Bir kompüterdə eyni zamanda iki nəfərdən artıq istifadəçinin işləməsinə icazə verilmir. İnternetin pullu resurslarından istifadə edilməsinə də icazə verilmir.xeber100.com

Bakı Dövlət Universitetinin yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq. BDU-dan bildirilib ki, bu barədə Elmi şuranın bugünkü iclasında qərar qəbul edilib. İclasda bildirilib ki, 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tarixi qərara imza ataraq, Bakı Dövlət Universitetinin təsisi haqqında qanun qəbul edib. BDU 105 il ərzində xalqımızın maariflənməsində, milli düşüncənin inkişafında, yüksəkixtisaslı kadrların yetişməsində mühüm rol oynayıb. BDU-nun inkişafında yeni və mühüm mərhələ 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi ilə başlanıb. Universitetin elm və təhsil flaqmanı kimi şöhrətlənməsi məhz bu tarixdən sonra gerçəkləşib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra BDU Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində inkişafının yeni və daha parlaq mərhələsinə qədəm qoyub. Bu gün isə həmin tarixi missiyanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ildə universitetin 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunması, əməkdaşların ali dövlət mükafatları ilə təltif edilməsi BDU ailəsinin hər bir üzvü tərəfindən ehtiramla xatırlanır. 105 il əvvəl 2 fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan universitet hazırda 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, 4 elmi-tədqiqat mərkəzi və 21 elmi-tədqiqat laboratoriyası, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 5 beynəlxalq institut və mərkəz, 1 filial, 1 kollec və 1 liseylə müqəddəs yola davam edir.xeber100.com

Mart 29, 2024 16:21

VII qrant müsabiqəsi çərçivəsində intellektual yarış layihəsi öz işini davam etdirir

Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində ümumtəhsil məktəbləri kateqoriyası üzrə qalib gəlmiş “Sən elə bir Zirvəsən-100” məktəblilərarası intellektual yarış layihəsi öz işini davam etdirir. Bu barədə 189-190 nömrəli tam orta məktəbdən məlumat verilib. Bildirilib ki, icra planına əsasən layihə rəhbəri, 189-190 nömrəli tam orta məktəbin direktoru Fayaz Hüseynov, layihənin aparıcısı və təlimçi Rifah Zeynalov, eksperti Elnarə Nərimanova və yarışda iştirak edəcək 16 məktəbin təşkilatçı rəhbərləri ilə görüş keçirilib, onlara yarışın qaydaları barədə məlumat verilib. Fayaz Hüseynov layihənin məktəblər arasında əməkdaşlığa, şagirdlərdə liderlik bacarığının formalaşdırılmasında böyük rolu olacağını söyləyib. Qeyd edək ki, 16 komanda 2 qrupa bölünərək yarış keçirilib və yarımfinal turunun qalibləri bəlli olub. Yarışda A qrupunda 2 texniki-humanitar liseyin “DDK” komandası, 7 nömrəli məktəb liseyin “Versus”, 8 nömrəli tam orta məktəbin “Zirvə”, 16 nömrəli texniki-humanitar liseyin “Dəmir yumruq”, 18 nömrəli tam orta məktəbin “Batalyon”, 49 nömrəli tam orta məktəbin “Qarabağ”, 53 nömrəli tam orta məktəbin “Xudafərin”, 60 nömrəli tam orta məktəbin “Flaqman” komandaları mübarizə aparır. B qrupunda isə 20 nömrəli məktəb-liseyin “Triumf”, 50 nömrəli məktəbin “Gənc Heydərçilər”, 147 nömrəli tam orta məktəbin “Mübarizlər”, 160 nömrəli tam orta məktəbin “ 160%”, 167 nömrəli tam orta məktəbin “Xarıbülbül” komandası, 175 nömrəli tam orta məktəbin “Xəyal”,189-190 nömrəli tam orta məktəbin “Clever”, 236 nömrəli tam orta məktəbin “Zəfər” komandaları qalibiyyət uğrunda bilik yarışında mübarizə aparırlar. Yarışmaya aid foto və videolar daim layihənin feysbuk səhifəsində paylaşılır.xeber100.com

Dekabr 19, 2023 13:53

Dövlət İmtahan Mərkəzinin məlumatı əsasında…

2023/2024-cü tədris ili üçün respublika ali təhsil müəssisələrinin IV ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayını təqdim edilib. Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin IV ixtisas qrupunda Azərbaycan bölməsi üzrə 3165, rus bölməsi üzrə 365, hər iki bölmənin birgə müsabiqəsi üzrə 570 olmaqla cəmi 4 min 100 plan yeri nəzərdə tutulur. 3045 yer üzrə qəbul isə dövlət sifarişi əsasında aparılır. Qeyd edək ki, psixologiya və kimya ixtisaslarının hər biri üçün dövlət sifarişi üzrə ayrılmış 25 yerin müsabiqəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər. Tibb ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 85 yerin müsabiqəsində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər. Xatırladaq ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. İxtisas seçimi bütün qruplar üzrə avqustun 28-i saat 23:59-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyentlər (o cümlədən subbakalavrlar) müsabiqə şərtini ödədikləri ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilərlər.

Avqust 26, 2023 18:25