Biz xalq olaraq erməni ilə düşmənik, torpağımızı işğal etdiyinə görə, Qərbi Azərbaycanda, Xocalıda və Qarabağda soyqırım, etnik təmizləmə gerçəkləşdirdiyinə görə, əhalimizi qaçqın, məcburi köçkün durumuna saldığına görə! Biz dövlət olaraq da Ermənistanla düşmənik, yenə də eyni motivlərə görə! Ona görə də güclü ordu quraraq düşməni torpaqlarımızdan çıxarmaq məqsədilə ən amansız şəkildə Ermənistan ordusunun əsgərlərini və onlara qoşulmuş muzdlu qüvvələri məhv etməyə hazır olmalıyıq. Xalq olaraq Milli Ordumuzun dəstəklənməsi və güclənməsi üçün hər birimiz üzərimizə düşən borcu yerinə yetirməliyik. Lakin bu praktik addımlarla yanaşı, biz “düşmən olmaq”la “nifrət etmək” arasında məsafəni bir daha dəqiqləşdirməliyik. Xalq olaraq, dövlət olaraq düşmənçilikdən o tərəfə cılız nifrət psixologiyasını özümüzə aşılamaqla dünya düzənində mövcudluğumuzu şübhə altına almış olacağıq. Hətta o zaman dini kimliyimizə aid olan “Sizinlə savaşanlarla savaşın!” tələbini də gözardı etməyə vara biləcəyimiz də unudulmamalıdır. Bizimlə savaşmayanlara, əl uzadanlara qarşı necə, nifrət duyğularımızdan çıxış edərək düşmənçiliyi davam etdirməyi nə ilə əsaslandıracağıq? O zaman başqa suallar da ard-arda düzüləcəkdir:
Hansı rusa nifrət edək?
Hansı farsa nifrət edək?
Hansı gürcüyə nifrət edək?
Deyəcəklər ki, onlar bizim hansısa torpaqlarımızı işğal etməyiblər, ermənilərlə onları eyniləşdirmək olmaz! Məgər tarix şüurumuzda yer almır ki, Dərbəndi ruslar, Güney Azərbaycanı farslar, Borçalını gürcülər bizim əlimizdən alıblar? Dünən, bu gün, fərqi nədir, Vətən torpağı BMT-nin təsdiq etdiyi ərazilərlə məhdudlaşmır ki? İrəvan, Zəngəzur, Dağlıq Qarabağ bizim göz yaddaşımızda qalanlardır, bəs tarix yaddaşımızda qalan Güney Azərbaycanın, Borçalının, Dərbəndin dəyəri məgər İrəvan, Zəngəzur, Dağlıq Qarabağdan, Kəlbəcərdən, Laçından, Ağdamdan və başqa bölgələrimizin dəyərindən aşağıdır? Bütöv bir xalqa nifrət duyğularını əbədilik daşımaq bizə nə vəd edir? Əbədi düşmənçilik duyğusumu? Eyni qətliamları biz türklərə qarşı ruslar, farslar, gürcülər də tarixin fərqli dövrlərində gerçəkləşdirməyiblərmi? “Babalarımıza edilənlər bizə qarşı edilməyib” deyə bilmərik ki? Halbuki biz dövlət olaraq Rusiya, İran və Gürcüstanla dost ölkə olduğumuzu bəyan edirik. Ruslarla, farslarla, gürcülərlə heç bir nifrət kompleksinə qatılmadan oturub-dururuq, yeyib-içirik, ticarət edirik. Bircə Ermənistana düşmən olduğumuzu, bunun da bizdən deyil, onların işğalçılıq siyasətindən qaynaqlandığını bütün rəsmi platformalarda söyləyirik. Və hər dəfə də vurğulayırıq ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etsə, biz onunla qonşu dövlət kimi normal münasibətlər qurmağa hazırıq. Eyni şeyi Türkiyə də deyir. Bir erməninin öz dövlətinin işğalçılıq siyasətini, etnik təmizləmə siyasətini ifşa etməsi ilə bir azərbaycanlının bunu etməsi arasında fərqi ayrıca izah etməyə gərək varmı? Hər dəfə diplomatiyamız dünyanın gözünə soxur ki, Bakıda otuz mindən artıq erməni yaşayır, ermənilər vəhşicəsinə məscidləri yandırıblar, bizlər isə erməni kilsəsini şəhərin mərkəzində təmirli vəziyyətdə saxlamışıq, ardınca da multikulturalizm, tolerantlıq və s. mövzularda mühazirələr oxuyuruq. Halbuki indiyədək otuz mindən artıq himayə olunan erməni xammalından siyasi brend hazırlayıb təqdim edə bilməmişik ki, Rusiyanın himayəsi ilə azğınlığını davam etdirən Ermənistanın işğalçılıq siyasətini ifşa etsinlər, dünya arenasına çıxaraq bizim dövlətin haqlı tezislərini möhkəmlətsinlər. Bir çox insanların duyğuları anlaşılandır, dövlət də bunları nəzərə almalıdır. Ancaq dövlət siyasətində duyğular hakim ola bilməz. Biz itirilmiş torpaqları qaytarmaq üçün bütün gedişləri sınaqdan çıxarmalıyıq. Ordu ilə savaş meydanında döyüşməliyik, diplomatiya ilə masada görüşməliyik, informasiya vasitələri ilə hər bir erməni vətəndaşa təsir göstərməliyik və nəhayət, bizim haqlı tezisləri qəbul edən erməniləri BMT-nin, ATƏT-in, Avropa Birliyinin, Avropa Şurasının önünə çıxarmalıyıq. Və deməliyik ki, bu da sizin sevdiklərinizin söylədiyi həqiqətlər, buyurun dinləyin. Bizim söylədiklərimizə illərdir inanmırsınız, barı öz sevdiklərinizə, dəstəklədiklərinizə qulaq asın.
Odur ki, “ilanın ağına da, qarasına da lənət” deyib keçməyin. Babalarımızın bu lənət psixologiyasının nəticəsidir ki, avropalılar ilan zəhərini müalicə üçün ən faydalı xammal olaraq istifadə edə bildilər… Sonra da bu lənət, nifrət cəhalətinin içində yüzillər boyu daldalanan bizim kimi toplumların taleyini istədikləri kimi zəhərlədilər…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…