VIII illik Süd Olimpiadası açılıb

24 May 2016 12:31

Xəbər 700 dəfə oxunub

Bakıda VIII illik Süd Olimpiadası keçirilir. Bu, südçülük sahəsi üçün əlamətdar beynəlxalq hadisədir. Azərtac xəbər verir ki, bu sahənin iştirakçısı olan ən iri şirkətlərin, Rusiyanın və Azərbaycanın dövlət orqanlarının dəstəyi ilə keçirilən tədbirin təşkilatçısı qismində “The DairyNews” süd bazarı xəbərləri informasiya agentliyi çıxış edir. Dünyanın 14 ölkəsindən 150-dən çox nümayəndə südçülük sahəsində aktual məsələləri müzakirə etmək, texniki və praktiki seminarlara qatılmaq üçün bir araya toplaşıb. Olimpiada iştirakçıları arasında südün və süd məhsullarının sənaye üsulu ilə istehsalı və emalı üçün heyvandarlıq avadanlığının satıcıları, analitiklər, Azərbaycanın və Rusiyanın aqrar idarələrinin nümayəndələri var. Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramov Süd Olimpiadasının açılışında çıxış edib. O, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə aqrar sahədə görülən işlərdən bəhs edərək, son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən institusional islahatlar və istehsalçılara yaradılan şərait, dövlətimizin başçısının aqrar sektora göstərdiyi diqqət və qayğı, bu sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar barədə məlumat verib. Həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracın stimullaşdırılması və Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühiti yaradılması qeyd olunub. İlham Bayramov Azərbaycanın tarixən aqrar ölkə olduğunu, doqquz iqlim qurşağı olan coğrafi məkanda yerləşdiyini, respublikamızda istehsal edilən kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətli olduğunu iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycan heyvandarlıq məhsulları ilə öz tələbatını böyük həcmdə ödəyir. Ümumiyyətlə, ölkəmizin aqrar sahədə ixrac potensialı yüksəkdir. Ölkəmizdə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün güzəştli şərtlər əsasında lizinq yolu ilə alınan cins damazlıq heyvanlar fermerlərə təhvil verilir, süni mayalama tədbirləri görülür. Heyvandarlıq sahəsində görülən işlər artıq öz bəhrəsini verməkdədir. İ.Bayramov Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi siyasəti barədə məlumat verərək qeyd edib ki, bu şaxələndirmənin mühüm vektorlarından biri kənd təsərrüfatının inkişafıdır. Aparat rəhbəri deyib: “Aqrar sektorun vacibliyi həm də kənd təsərrüfatı məhsulları istehsalında əhalinin məşğulluq göstəricisinin yüksək olması ilə şərtlənib: statistik məlumatlara görə, aqrar sənaye kompleksi 1,6 milyondan çox insanı işlə təmin edir. Bu, respublika iqtisadiyyatında çalışan əhalinin 37 faizindən çoxdur. Azərbaycanda milli ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsinə xüsusi diqqət yetirilir, bu sahədə dövlət proqramları kənd təsərrüfatının inkişafı siyasəti ilə sıx qarşılıqlı əlaqəli şəkildə həyata keçirilir”. Aparat rəhbəri bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi süd istehsalını və südlük mal-qaranın məhsuldarlığını artırmaq üçün konkret strategiya işləyib hazırlayıb. O deyib: “Ölkədə süd istehsalı üzrə iri fermer təsərrüfatları yaradılır. Bu təsərrüfatlarda bir baş mal-qaradan 6000 kiloqramdan çox süd sağılır, pilot ailə fermalarında 10-15 baş heyvan saxlanılır. Bütövlükdə Azərbaycanda süd emalı üzrə 78 zavod və digər müəssisə fəaliyyət göstərilir. Əhalinin süd və süd məhsulları istehlakının dinamikası artmaqdadır. 2015-ci ildə ölkədə 1,92 milyon ton süd istehsal edilib. Bu, adambaşına 246,5 kiloqram süd deməkdir. Bundan əlavə, təxminən 500 min ton süd və süd məhsulları idxal edilib. Statistik məlumatlara görə, Azərbaycan özünü süd və süd məhsulları ilə 80 faiz təmin edir, bu məhsulların qalan hissəsi yaxın və uzaq xarici ölkələrdən idxal olunur. VIII illik Süd Olimpiadasına ev sahibliyi etdiyinə görə təşəkkürünü bildirən “The DairyNews”un baş direktoru Mixail Mişşenko çıxış edərək deyib: “Azərbaycan bu tədbirin Bakıda keçirilməsi üçün bizə böyük dəstək verdi. Olimpiadanın yüksək səviyyədə təşkil olunmasına və bizə yaradılan şəraitə görə Azərbaycan hökumətinə təşəkkür edirik. İstərdik ki, Azərbaycan-Rusiya əlaqələri daha da genişlənsin. Bilirik ki, Azərbaycan iqtisadi cəhətdən güclü ölkədir və respublikanızın daha da inkişaf etməsi üçün böyük potensialı var”. Sonra M.Mişşenko süd məhsullarının ixrac imkanları və iqtisadi göstəricilər barədə təqdimatla çıxış edib. Beynəlxalq tədbirdə Azərbaycan, Rusiya, Fransa, İsrail, Almaniya, İtaliya, Gürcüstan, Ukrayna, Yeni Zelandiya, Braziliya, Finlandiya, Malayziya, Belarus və Litvadan olan ekspertlər süd bazarının problemlərinin həlli və bu sahədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq yolları haqda fikir mübadiləsi aparıb, südçülük sahəsində cari vəziyyət barədə məlumat veriblər. Çıxışlarda Azərbaycanda gedən sosial-iqtisadi inkişaf təqdir olunub, aqrar sahədə reallaşdırılan islahatlar, əldə olunan nəticələr müsbət qiymətləndirilib. Mayın 26-dək davam edəcək tədbirdə dünya süd bazarının qloballaşması, bu bazarın perspektivləri, dünya və lokal pendir bazarlarında müşahidə olunan meyillər, “Uğurlu ferma” layihəsinin tərkib hissələri və bir sıra başqa mövzular müzakirə olunacaq.xeber100.com

Beynəlxalq Aeroportun uçuş qrafikində dəyişikliklər olacaq

Heydər Əliyev Beynəlxalq Aeroportu oktyabrın 27-dən martın 30-dək qüvvədə olacaq payız-qış uçuş cədvəlinə keçir. Bu mövsümdə bəzi istiqamətlər üzrə uçuş qrafikində dəyişikliklər ola bilər. Bakı hava limanından bildirilib ki, yeni mövsüm çərçivəsində hava limanından 18-i aşağıbüdcəli olmaqla, 39 aviaşirkət 80-ə yaxın istiqamətə, o cümlədən məşhur turizm və işgüzar marşrutlara uçuşlar yerinə yetirəcək. Bu uçuş mövsümündə Maldivlərin paytaxtı Male yeni istiqamətlər sırasındadır, eyni zamanda Aktau, Ciddə, Doha və Küveytə reyslərin sayı artırılıb ki, bu da sərnişinlərə daha çox və rahat səyahət imkanları təqdim edir. Qış mövsümündə təhlükəsiz və fasiləsiz fəaliyyətin təmin edilməsi məqsədilə hava limanında kompleks hazırlıq tədbirləri də həyata keçirilib. Qarın təmizlənməsi və kimyəvi reagentlərin yayılması üçün avadanlıqlar tam istifadəyə hazır vəziyyətə gətirilib, uçuş-enmə zolağının, avtomobil yollarının və piyada sahələrinin təmizlənmə tezliyi artırılıb. Pilləkənlər və panduslar sürüşməyə qarşı xüsusi lentlərlə təchiz edilib. Bundan əlavə, yarana biləcək nasazlıqların qarşısını almaq üçün yarımstansiyalar, işıqlandırma sistemləri və dizel generatorlarının diaqnostikası aparılıb. “Bizim əsas prioritetimiz – sərnişinlərimizin hər mövsümdə ən yüksək rahatlıq və təhlükəsizlik standartları ilə təmin olunmasıdır ki, hər bir səyahət onlar üçün yalnız asan və rahat başlamasın, eyni zamanda təcrübələri xoş və yaddaqalan olsun”, – deyə aeroportun direktoru Teymur Həsənov bildirib. Sərnişinlərə reyslər barədə ən son məlumatları aviaşirkətlərin rəsmi saytlarından izləmək və gözləmə vaxtını minimuma endirmək üçün mövcud onlayn xidmətlərdən faydalanmaq tövsiyə olunur.xeber100.com

Oktyabr 26, 2024 17:04

“Azercell Telekom” MMC “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

“M360 Eurasia 2024” Bakıda qabaqcıl texnoloji şirkətlərin liderlərini yenidən bir araya gətirəcək “Azercell Telekom” MMC Bakıda ikinci dəfə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçirilən “GSMA M360 Eurasia 2024” konfransının baş sponsoru qismində çıxış edir. Ötən il olduğu kimi bu il də konfrans telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində çalışan aparıcı ekspertləri, eləcə də, region üzrə tənzimləyici qurumların nümayəndələrini öz ətrafında toplayacaq. Tədbir çərçivəsində sənayenin rəqəmsallaşma prosesinə birbaşa təsiri, onun innovasiya və tərəqqi üçün yaratdığı yeni perspektivlər haqqında danışılacaq. “Yüksək sürətlə irəliləyən elmi-texnoloji inkişaf, bir çox sahələrdə proseslərin avtomatlaşdırılması davamlı inkişaf üçün sərhədsiz imkanlar vəd edir. Bu gün “Azercell”in lider mobil operator mövqeyində qərarlaşması bizi ölkənin rəqəmsal ekosisteminin formalaşması prosesinin aparıcı qüvvələrindən birinə çevirir. Bu bizim üçün böyük məsuliyyət deməkdir. Biz “GSMA M360” kimi nüfuzlu beynəlxalq tədbirə Bakıda ev sahibliyi etməkdən qürur duyuruq. İnanırıq ki, konfrans davamlı gələcəyin qurulmasına öz töhfəsini verəcək, bu mövzuda aparılan müzakirələr və yeni tərəfdaşlıqlar üçün uğurlu platforma rolunu oynayacaq”, - deyə “Azercell”in prezidenti Zərinə Zeynalova bildirib. Konfransın açılış günündə rəqəmsal dövrün transformasiya gücü, eləcə də, MDB ölkələri və qonşu regionlarda davam edən bu keçidin daha da sürətləndirilməsi yolları müzakirə ediləcək. Əsas mövzular arasında generativ süni intellekt (Generative AI) və Rəqəmsal DNT (Digital DNA) yer alır. Tədbirin ikinci günündə ətraf mühit, sosial və idarəetmə (ESG) prinsipləri gündəmə gətiriləcək. COP29 ərəfəsində rəqəmsallaşma prosesinin və iqlim fəaliyyətinin bir-birinə təsiri, dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün tətbiq olunan texnoloji yeniliklər barədə danışılacaq. Daha sonra sənaye liderləri yeni nəsil şəbəkələr və kibertəhlükəsizlik kimi mövzular ətrafında müzakirələr aparacaqlar. Qeyd edək ki, ötən il tədbirə 29 fərqli ölkədən iştirakçılar qatılıb ki, onlardan 30 faizi müxtəlif şirkət və qurumların rəhbərləri, 45 faizi isə qeyri-telekommunikasiya sahəsində çalışan iştirakçılar təşkil edirdi. Bu il də tədbirin eyni miqyasda auditoriya toplaması gözlənilir. Mayın 15-16-da “JW Mariott Absheron Baku” mehmanxanasında baş tutacaq bu tədbirdə iştirak etmək üçün “GSMA M360 Eurasia” səhifəsində onlayn qeydiyyatdan keçmək olar.xeber100.com

Aprel 18, 2024 15:36

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə…

Bu gündən 12 müntəzəm marşrut xətti üzrə 181 avtobus “Gənclik” metrostansiyasının yanında yaradılan yeni nəqliyyat mübadilə (NMM) mərkəzindən hərəkət edəcək. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qurum tərəfindən əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi məqsədilə “Gənclik” metrostansiyasının yanında sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi üçün yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb. “Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında müvafiq nəqliyyat infrastrukturu qurulub. Müntəzəm marşrut avtobusları üçün dayanacaq məntəqələri quraşdırılıb. Dayanacaqda marşrut sxemi və lövhələr yerləşdirilib. İşıq dirəkləri yeniləri ilə əvəzlənib, yeni yol salınıb, yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib. Avtobusların hərəkət etməsi üçün təhlükəsizlik adacığında zolaq təşkil olunub. “Gənclik Mall” ticarət mərkəzinin yeraltı parkinqinin girişində işıqfor quraşdırılıb. Yeni NMM sərnişinlərin rahatlığı və təhlükəsizliyi, avtobuslar üçün nəqliyyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Fətəli xan Xoyski küçəsində yaranan sıxlıq və tıxac hallarının azalmasına da töhfə verəcək”, - deyə məlumatda qeyd olunur.xeber100.com

Mart 29, 2024 16:30

Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 31-dən yay uçuş cədvəlinə keçəcək

Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 31-dən yay uçuş cədvəlinə keçəcək. Cədvəl oktyabrın 26-dək qüvvədə olacaq. AZAL-dan bildirilib ki, aviaşirkət yay qrafiki üzrə səyahət üçün geniş istiqamət seçimi təklif edərək, dünyanın 50-dən çox şəhərinə uçuşlar həyata keçirəcək. Aprel-oktyabr aylarında AZAL ilə dünyanın müxtəlif yerlərinə, o cümlədən Dubay, Tbilisi, Aktau, Almatı, Astana, Batumi, Dammam, Ciddə, İslamabad, Kəraçi, Lahor, Mədinə, Mumbay, Nyu-Dehli, Pekin, Daşkənd, Təl-Əviv, Ürgənç və Ər-Riyad kimi Asiya şəhərlərinə səyahət etmək mümkündür. Aviaşirkətin yay cədvəlində Türkiyənin bir sıra istiqamətləri təqdim olunub: • İstanbul: gündə 4 reys; • Ankara: gündə 1 reys; • Antalya: aprel-may aylarında uçuşlar həftədə 3, yay aylarında isə hər gün həyata keçiriləcək; • Bodrum: iyun ayının sonundan sentyabr ayının ilk həftəsinə qədər reyslər hər gün yerinə yetiriləcək; • Dalaman: həftədə 4 reys; • İzmir: apreldən iyunun ortalarına qədər reyslər həftədə 3 dəfə, iyunun sonundan sentyabrın ilk həftəsinə qədər hər gün həyata keçiriləcək; • Trabzon: aprel-may aylarında həftədə 3 reys, yay aylarında isə daha bir tezlik əlavə olunacaq. Bundan əlavə, AZAL Avropaya səyahət etmək istəyənlərə müxtəlif seçim imkanları təqdim edir. Aviaşirkətin reysləri ilə Barselona, Berlin, Vyana, Kişineu, Tivat, London, Milan, Paris və ya Praqaya səfər edərək, bu şəhərlərin gözəlliyindən zövq almaq olar. Rusiyanın bir sıra şəhərlərinə, o cümlədən Moskva, Həştərxan, Volqoqrad, Yekaterinburq, Kazan, Mahaçqala, Mineralnıye Vodı, Novosibirsk, Samara, Sankt-Peterburq, Soçi və Ufaya da reyslər mövcuddur. Yay cədvəli çərçivəsində aviaşirkət Naxçıvan, Dubay, Aktau, Tel-Əviv, Ankara, Moskva, Tbilisi, yay aylarında isə İzmir, Bodrum, Antalya şəhərlərinə gündəlik uçuşlar yerinə yetirəcək. Ən uyğun uçuş vaxtını seçmək və aviabiletləri daha sərfəli qiymətlərlə əldə etmək üçün AZAL sərnişinlərə səyahətləri əvvəlcədən planlaşdırmağı tövsiyə edir.xeber100.com

Mart 29, 2024 16:27

BRICS bankı tezliklə 28 milyard dollar dəyərində “Maharaja istiqrazları” adlı qiymətli kağızları buraxacaq

Aparıcı inkişaf etməkdə olan bazarların bloku olan BRICS təşkilatının bankı qlobal bazarlara yeni istiqrazlar çıxarmağa hazırlaşır və bu istiqrazlar ABŞ dollarında deyil, yerli valyutalarda olacaq. Xarici KİV-lər xəbər verir ki, Yeni İnkişaf Bankı (NDB) kimi tanınan BRICS bankı tezliklə 28 milyard dollar dəyərində "Maharaja istiqrazları" adlı qiymətli kağızları buraxacaq. Bu maliyyə qurumu, eyni zamanda, kriptovalyutaya diqqət yetirir. İstiqrazların buraxılacağı dəqiq tarixi açıqlamayıb, lakin NDB-nin baş əməliyyat direktoru Vladimir Kazbekovun bankın tənzimləyici orqanlarından təsdiq gözlədiyi açıqlanıb. Qurumun internet saytına görə, yeni istiqrazlar hökumətlər, maliyyə institutları və daimi investorlar üçün təqdim ediləcək. İstiqrazları gücləndirmək və müvafiq iqtisadiyyatların inkişafına dəstəyini təmin etmək üçün onları yerli valyutalarda almaq mümkün olacaq. İstiqrazların buraxılması planı BRICS-in “de-dollarizasiya” təşəbbüslərinin bir hissəsidir, çünki alyans qlobal iqtisadiyyatda islahatlar aparmaq məqsədilə Amerika valyutasından asılılığı azaltmaq istiqamətində irəliləyir. BRICS-ə Braziliya, Çin, Rusiya, Hindistan və Cənubi Afrika Respublikası, həmçinin altı yeni üzv - İran, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Argentina və Efiopiya daxildir. Bu qrupa daxil olan ölkələrin liderləri 2023-cü ilin sonlarında keçirdikləri son sammitdə qlobal iqtisadiyyatın siyasi məqsədlər üçün istismarını yekdilliklə rədd etdikləri üçün ABŞ dollarından imtina etmək məqsədilə yerli valyutaların istifadəsini təşviq etməyə söz veriblər.xeber100.com

Yanvar 15, 2024 14:42