Tibbin ən önəmli sahələrindən biri olan Oftalmologiya – göz xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikasından ibarət bir sahə hesab olunur. Əslində insanın vücudundakı bütün orqanlar kimi göz də görmə funksiyasını təmin edən duyğu orqanıdır. Sanki bütün işıq sistemini özündə birləşdirən, Yaradan tərəfindən yaradılan bu gözəl dünyamızı seyr etmək və seyr etdikcə zövq almaq məhz görmə funksiyasını təmin edən duyğu orqanı hesabına başa gəlir. Həyatın bütün gözəlliklərin məhz bu duyğu orqanı vasitəsilə görmək böyük xoşbəxtlik olduğu qədər də bu həssas nöqtədə yaranan hər hansı bir problem insanı narahat edə bilər ki, bu zaman da göz həkiminə müraciət etmək qaçınılmazdır. Bütün bunları nəzərə alaraq xeber100.com saytının bu dəfəki müsahibini həkim seçirik. Beləliklə müsahibimiz tibb üzrə fəlsəfə doktoru, oftalmoloq Aysel Qəlbinurdur.
TANITIM: Aysel Qəlbinur 2001-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 2002-ci ilden ATU-nun göz xəstəlikləri kafedrasında çalışır. Moskva, RTEA-nın Elmi Tədqiqat Göz xəstəlikləri institutunda Rekonstruktiv mikrocərrahiyə şöbəsində elmi çalışmalarını davam etdirerek, eksperimental-kliniki mövzuda namizedlik dissertasiyasını müdafiə edib. ATU-nun göz xəstəlikləri kafedrasının baş laborantı, assistenti vəzifələrində çalışıb.Hal-hazırda kafedranın dosentidir, pedaqoji fəaliyyətini davam etdirir. Avropa Oftalmologiya Cəmiyyəti tərəfindən təsis olunan “2008ci il Təhsil Qrantı” qazanmış, İngiltərə, London, “Mörfilds Göz klinikası”nda “Pediatrik oftalmologiya və Strabismus” bölümündə ixtisas artırma kursu, İsveç, Stokholm, St. Erik Göz Klinikasında, Gözün ön şöbəsi, cərrahiyəsi üzrə ixtisas artırma kursu keçmişdir. İstanbulda, gözün ön şöbəsi, refraktiv cərrahiyə üzrə ixtisas artırma; Ankara Elmi Tedqiqat İnstitutunda Pediatrik Oftalmologiya ve Çepgözlük üzre ixtisaslaşmışdır. Eyni zamanda bir sıra beynəlxalq simpozium, kongreslərin iştirakçısı, məruzəçisidir.
– Oftalmologiya tibb dünyasında ən çətin, bəlkə də ən həssas bir sahə hesab olunur. Bu həssas peşənin sirrini bir qədər açardınız?
– Peşəmizi bizim nəzərimizdən dəyərləndirdiniz. Bildiyimiz kimi təbabətdə sirrlər sonunadək cözülməyib. Əgər çözülsəydi, yəqin ki, bizlər də olmazdıq. Biz həkimlər eyni zamanda araşdırmaçıyıq. Əgər peşəmizin həm teoretik, həm kliniki bilgisinə sahib olmasaq, o zaman bu yolda irəliləmək o qədər də asan olmazdı. Demək olar ki, hər gün öyrənirik və hər dəfə də öyrəndiklərimizə bir şeylər əlavə edirik ki, nəticədə də dünyadakı tibbi prosesləri izləyərək getdikcə artan inkişaf prosesinin bir növ iştirakçısına çevrilirik. Əlbəttə ki, bütün bunlar hamısı pasientlerimizi maraqlandıran suallara doğru-düzgün cavab verməyə xidmət edir.
– Göz xəstəliklərinin diaqnostikası, müalicəsi ilə məşğul olmaq böyük məsuliyyət tələb etməklə yanaşı, geniş bilgi, savad, peşə sevgisi də tələb edir. Bu peşəni seçmək çətin olmadı ki?
– Əgər desem ki, uşaqlıqdan tibbə marağım olub, məsələn gəlinciklərimə oyuncaq iynə vururdum və s. o zaman bu, doğru olmaz. Bütün uşaqlar necə, mən də elə böyümüşəm, dünyadan xəbərsiz, sadəcə uşaq dünyamda olaraq. Baxmayaraq ki, həkim ailəsində doğulmuşam, ancaq bu sənəti seçməyimdə ailəmin hər hansı bir rolu olmayıb. Tamamilə öz arzuma əsasən, hətta arzudan daha çox məqsədli şəkildə bu sahəni seçdim, baxmayaraq ki, tibb çətin bir sahə hesab olunur, ancaq hər cür çətinliklərinin öhdəsindən gələrək, öz yolumla addımlamağa çalışıram. Tibb çətin olduğu qədər də həssas bir sahə hesab olunur, burada həkim-xəstə münasibətlərinin necə qurulması bəlkə də işin başlanğıcı hesab olunur. Belə bir ifadə var ki, “Əgər xəstə həkimlə ilk söhbətdə özünü yaxşı hiss edirsə deməli o əsl həkimlə qarşılaşıb”.Əslində bu fikir eyni zamanda həkimlərə də aiddir ki, həkim xəstəsində inam hissi aşılamalıdır. Bütün bu proseslər xəstəliyin aradan qaldırılmasında hər iki tərəfə kömək edəcək. Önəmli bir məqmam toxunmaq istərdim ki, hər eyniadlı xəstəlik özünü müxtəlif insanlarda eyni apara bilmir. Teklif olunan müalice vasitəsində belə fərdi yanaşılmalı, pasientin həyat fəaliyyetinə uyğunlaşmaq lazımdır. Məhz buna görə deyirlər ki, təbabətin qiyabi tərəfi olmur. Yəni xəstəni görmədən suala tam cavab vermək mümkün deyildir.
– Qeyd etdiniz ki, eyniadlı xəstəlik özünü müxtəlif insanlarda eyni apara bilmir. Əslində insan xarakteri müxtəlif olduğu kimi orqanizmlır də fərqlidir. Bu baxımdam müalicə metodlarının fərqli olması üçün tibb hansı yeniliyi ortaya qoyur?
– Əslində müalicə metodları heç də fərqli olmur. Burada sadəcə taktika dəyişir. Burada xəstənin yaşadığı ərazi, iqlim, peşəsi, gündəlik fəaliyyəti böyük rol oynayır. Ümumiyyətlə biz həkimlər ilk növbədə pasientlerimizin həyat hekayəsini sorğulamalıyıq. Bəzən konkret yaş intervalında rast gelinən göz patologiyası xəstədə tamamen fərqli yaşda meydana gelir. Qida allergiyası, irsi problemleri, ailesinde, doğmalarında olan göz xəstəliklərinin səbəbini soruşmaq lazım gəlir. Ola bilsin ki, bu sorğumuz xəstələrimizin təəcübünə və ya etirazına səbəb ola bilər, ancaq xəstəni inandırmaq lazımdır. Xəstə-həkim münasibətlərində məhjz inam rol oynayır və bu da xəstəliyin tez bir zamanda aradan qaldırlılmasına kömək edir.
– Tibbdə olan yeniliklər bəzən əks təsirlər yarada bilər. Xəstənin orqanizmi yeniliyə qarşı çıxa bilər. Belə bir vaxtda nə tələb olunur?
– Bildiyimiz kimi tibbdəki yeniliklər, ümumiyyətlə isə yeniliklər ilk növbədə eksperimentlərdən keçir. Və bu prosesdən sonra pasientlərə tetbiq edilme arenasına çıxa bilir. Eksperimentlər toxumalar üzərinde aparılır. Sonra klinikaya tətbiq edilir, uzaq zaman nəticələri müqayisə olunur. Bu pillələri keçdikdən sonra araşdırmaları bitirib üsulun tətbiqinə geniş şəkildə başlayırıq.
– Yeri gəlmişkən, tətbiq olunan dərman maddəsidir, cərrahi üsuldur?
– Onlar da öz növbəsində həm həkim, həm də pasient sarıdan seçiciliyə malikdir. Məs. Cərrahi üsul: Xəstəmiz yaxşı görmək üçün eynək korreksiyasını, kontakt Linzanı ya eximer lazer əməliyatını seçməli? Bunların hansı onun göz qişalarına uyğundur, bütün bunlar həkim tərəfindən dəqiqliklə başa salınmalıdır. Bu o deməkdir ki, həmin vasitələri yalnız oftalmoloq seçməlidir. Dərman maddesi: yaş, keçirilmiş xəstəliklər, hal-hazırda istifadə etdiyi preparatlar ve s. Dərmanların tərkibi, təsir mexanizmi, bir- biriyle istifadə icazəsi həkim tərəfindən məlumatlandırılır. Təbii ki, bir müalicə üsuluna tabe olmayan xəstəliyə alternativ olan digərini tətbiq edirik.
– Yaşadığımız əsr internet əsri olduğuna görə kompüter, əl telefonları və s. həyatımızın ayrılmaz hissəsinə çevrildi. Belə bir məqamda gözlərimizi qorumağı unutduq. Göz həkimi kimi nələri məsləhət edərdiniz və ya hansı qadağalar olmalıdır ki, nəticədə də gözlərimizi qoruya bilək?
– Bu vasitələrdən istifadə, hər öz üzərində çalışan şəxs üçün qaçınılmazdır, əgər həqiqətən də inkişaf üçündürsə. Bizlər ilk növbədə buynuz qişanın nəmləndirici damlalarını, monitor qoruyucu göz damcılarını, və pasientin arzusu ile monitor zərərini azaldan eynəkləri məsləhət görürük. Uşaqlara hər 20 dəqiqədən bir istirahət vermək lazımdır. Əgər uşaqların acışma, gicgah ağrısı ve s şikayətləri bu müddətə davam edərsə, o zaman həkimə müraciət olunmalıdır. Əsasən görmə tənbəlliyi olan uşaqlar üçün xüsusi monitor proqramlarımız var. Onlara bu vasitələri tamamilə qadağan etmirik. Əksinə professional şəkildə alınan məşqlər görmənin bərpasına gətirə bilir.
– Qida allergiyasından bəhs etmişken, son illər allergiyadan əziyyət çəkənlərin sayı artmağa başlayıb. Sizcə qida allergiyasından qorunmaq üçün nələr tələb olunur?
– Bilirsinizmi, ekoloji durum, sabit olmayan havalar müqavimətin yenməsinə gətirib çıxarır ki, nəticədə də mikroorqanizmlər, viruslar, bakteriyalarla mübarizə də zəifləmiş olur. Bunlarla bərabər ortaq allergenlərimiz mövcuddur: toz hissəcikləri, ev heyvanları, zərərli gəmiricilər, polenlər, göbələklər və qidalanmamız. Qida məhsullarına inək südü, yumurta, soya, fıstıq, fındıq, balıq, dəniz məhsulları və s. daxildir. Qorunmağımız üçün ilk növbədə yediklərimizin gigiyenik şəraitdə hazırlanmasına, yeni olmasına əmin olmalıyıq. Göz xəstəlikləri baxımından isə əsasən yaz aylarında özünü büruzə verən allergik mənşəli göz patologiyalarını qeyd etmək olar. Bu xəstəliklər sadəcə qırmızı göz və qaşınma şikayətləri ilə kifayətlənməyib, gözlə görünməyən ağır fəsadlarla irəliləyərək görmə itkisinədək gətirib çıxara bilər. Müalicəsinə isə əsasən orqanizmdən toksinlərin kənarlaşması, həzm sisteminə, yiyecəklərə nəzarətlə və geniş oftalmoloji profillə yanaşmalıyıq. Bu səbəbdən də biz hətta pasientlerimizə hansı qidaları məsləhət görülüb, hansılardan qaçınılması gərəkdiyini özündə əks etdirən cədvəllər də təqdim edirik.
– Bir qədər də göz üçün istifadə olunan linzalar, onların gözə nə dərəcədə xeyirli olması və ya əksinə zərərindən danışmağı təklif edərdim.
– Maraqlı məqama toxundunuz, eyni zamanda geniş bir mövzudur. Öncəliklə bir həkim kimi o sahədə də dünya ölkələrində ixtisaslaşmışam. Əslində geniş sərhədlərə malik bir mövzunun xülasəsini diqqətinizə çatdırmağa çalışacağam. Qeyd edim ki, gözün refraksiya anomaliyalarını (yaxın və uzaqgörmə patologiyaları) düzəltmək üçün eynəklərə alternativ olaraq gözün buynuz qişasına kontakt linzalar qoyulur. Kontakt linzalar optik məqsədlə, kosmetik (fərqli rəng), və müalicə məqsədi ilə tətbiq olunur. Rəngli linzaların isə öz növbəsində görmə qüsurlarını düzəltmək üçün də çeşidləri vardır. Pasientlərin bilməsi vacib olan məqam: linzalar tam bir göz müayinəsindən sonra təyin olunmalıdır. Çünki onlar ilk növbədə eynəkləri əvəz etmək üçün təyin edilir. Buynuz qişanın səthi və əyrilik radiusu adlı parametri çox vacibdir. Nəticədə oftalmoloq tərəfindən linzanın növü, nömrəsi, istifadə müddəti qeyd edilməlidir. Hələ ki, ilk istifadə edənlər üçün bu diqqətə layiq məqam sayılır. Kontakt linzalara qulluq vacibdir. Saxlanılan mayesi mütəmadi dəyişdirilməli, əllər uzun dırnaqlarla, ətirli, və ya əldə pambıq parçalı vasitələrlə olmamalı, gigiyenik qaydalara əməl edilməli, göz səthinə travma vurmamağa çalışılmalıdır. Bu sahədə aldığımız ixtisaslaşma ilə bərabər uşaqlarda da linzaların təyinini qeyd etmədən keçə bilmirəm. Günümüzdə kontakt linzaların kosmetik məqsədindən vacib isə yeniyetmələrin fərqli refraksiya qüsurlarında, onlara eynək təyinatı diskomfort yaratdığında, azyaşlılarda katarakta əməliyyatından sonra müvəqqəti əvəzedici istifadəsidir. Lakin uşaqlarda linzaların dezinfeksiya şərtləri, qırmızı göz, sulanma, batma və s kimi ağırlaşa biləcək əlamətlərin erkən müalicə olunması qalıcı görmə qüsurlarının yaranmasının qarşısını ala bilər. Nəticədə doğru göstərişlə, zamanında təyin edilən kontakt linza korreksiyası hər yaşda məqsədəuyğundur.
SON SÖZ ƏVƏZİ:Oftalmoloq Aysel Qəlbinur ilə müsahibə sırasında onun bir həkim kimi geniş məlumatına, savadına, mədəniyyətinə heyran oldum desəm, yanılmaram. Hər zaman qaynar iş tempi ilə çalışan həkim, vaxt məhdudiyyəti ilə əlaqədar mətbuatdan uzaq qalıb. Artıq Aysel xanım siz dəyərli oxucularla mütəmadi görüşməyi düşünür və sizləri maraqlandıran suallara cavab verməyə hazırdır. İnanırıq ki, oftalmoloqun dəyərli məsləhətlərindən yararlana biləcəksiniz.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…