Xəstəliklərin profilaktikasında peyvəndin vacibliyi…

23 May 2016 15:33

Xəbər 1435 dəfə oxunub

Bu ilin 4 ayı ərzində ölkəmizdə yenidoğulmuşların 96,9 faizi vərəm əleyhinə (BCG) peyvəndi, 98,8 faizi hepatit B (HepB) peyvəndi, 97,0 faizi poliomielit (OPV3) peyvəndi ilə əhatə olunub. Bir yaşadək uşaqların 95,1 faizi göyöskürək, beşvalentli GDTHibHepB3 peyvəndi, 96,5 faizi OPV3 peyvəndi, 95,0 faizi pnevmokok əleyhinə (Pk) peyvəndi alıb. Azərtac xəbər verir ki, bu barədə mayın 23-də Kübra Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda ölkəmizdə uşaqların peyvənd olunması ilə əlaqədar keçirilən mətbuat konfransında məlumat verilib. İnstitutun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev bildirib ki, yoluxucu xəstəliklərin profilaktikası, bu xəstəliklərdən ölüm və əlillik hallarının azaldılması tədbirlərində uşaqların peyvənd olunması xüsusi əhəmiyyət kəsb edir. Səhiyyə Nazirliyi tərəfindən görülən tədbirlər ölkəmizdə dayanıqlı epidemioloji sabitliyi təmin edib. Qeyd olunub ki, aprelin 25-dən 30-dək keçirilən immunlaşdırma həftəsi ərzində uşaqlarla yanaşı, peyvənd almayan yaşlı insanlar arasında da immunlaşdırma işləri aparılıb. Onlardan 119 nəfər qızılca və məxmərək əleyhinə QM peyvəndi alıb. Baş pediatr deyib ki, Azərbaycanda uşaqlara yeni peyvəndlərin vurulması ilə bağlı daim iş aparılır. Ölkədə gələcəkdə suçiçəyinə, meningit və rotavirusa qarşı peyvəndlərin vurulması nəzərdə tutulub. Diqqətə çatdırılıb ki, Azərbaycanda bu gün peyvənd çatışmazlığı yoxdur və bütün peyvəndləmə işi tamamilə dövlət hesabına aparılır. Mətbuat konfransında uşaqların peyvəndlərə cəlb olunmaları ilə bağlı təbliğat aparılmasının vacibliyi də vurğulanıb. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin immunoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva bu ilin fevral ayından inaktivləşdirilmiş poliomielit vaksininin tətbiqinə başlanıldığını xatırladıb. Qeyd edib ki, ötən dövr ərzində ölkə üzrə bu vaksinlə əhatə olunma 85 faiz təşkil edib.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05