XV Avropa çempionatının səkkizinci günündə…

18 İyun 2016 16:36

Xəbər 1302 dəfə oxunub

İyunun 17-də – futbol üzrə XV Avropa çempionatının səkkizinci günündə “E” qrupunda bir, “D” qrupunda isə iki oyun keçirilib. Azərtac xəbər verir ki, günün ilk oyununda “E” qrupunda mübarizə aparan İtaliya və İsveç yığma komandaları qarşılaşıb. Tuluza şəhər stadionunda oynanılan qarşılaşmanı macarıstanlı referi Viktor Kassai idarə edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində hesab açılmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar. Matçın ikinci hissəsində həm İsveç, həm də İtaliya milliləri bir neçə dəfə təhlükəli vəziyyət yaratsalar da hesab yalnız oyunun sonunda açılıb. Matçın 88-ci dəqiqəsində Zazanın başla ötürməsindən sonra sürətlə isveçlilərin cərimə meydançasına daxil olan Eder gözəl zərbə ilə hesabı açıb – 1:0. Bu qolla İtaliya səkkizdəbir finalda oynamaq hüququnu rəsmiləşdirib. Komandalar fasiləyə bu hesabla yollanıb. Günün ikinci oyununda “D” qrupunda yer alan Çexiya və Xorvatiya yığma komandaları qarşılaşıb. Sent-Etyen şəhərinin “Joffrua Qişar” stadionunda oynanılan görüşü ingiltərəli baş hakim Mark Klattenburq idarə edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşün ilk hissəsində Xorvatiya yığmasının futbolçularının hücumları matçın 37-ci dəqiqəsində bəhrəsini verib. Sol cinahdan cərimə meydançasına daxil olan İvan Perişiç qapını dəqiq nişan alaraq komandasını hesabda irəli çıxarıb-1:0. Fasilədən sonra hesabı bərabərləşdirmək üçün irəli atılan çexiyalı oyunçular qapılarında daha bir qol görüblər. Rəqibi əks-hücumda yaxalayan xorvatlar qarşılaşmanın 59-cu dəqiqəsində hesab arasındakı fərqi artırıblar-2:0. Topu qapıçının başı üzərindən çərçivəyə oyunda fəallığı ilə seçilən İvan Rakitiç yönəldib. Bundan 17 dəqiqə sonra Çexiya millisinin üzvü Milan Skoda başla zərbə ilə hesab arasındakı fərqi azaldıb-2:1. Oyuna əlavə edilən vaxtın 3-cü dəqiqəsində Xorvatiya komandasının üzvü Domaqoy Vidan cərimə meydançasında əllə oynayıb. Hakimin xorvatların qapısına təyin etdiyi 11 metrlik cərimə zərbəsini Tomas Nesid qola çevirib – 2:2. Oyun bu hesabla yekunlaşıb. Günün son matçında isə çempionatın favoritlərindən biri hesab edilən İspaniya komandası qardaş ölkənin Türkiyə millisi ilə üz-üzə gəlib. Nitsa şəhər stadionunda keçirilən matçı serbiyalı Milorad Maziç idarə edib. Oyunun ilk dəqiqələrindən təşəbbüsü ələ alan ispanlar 34-cü dəqiqədə hesabı açıblar. Nolitonun ötürməsindən sonra Morata topu başla qapının sağ küncünə göndərib – 1:0. Türkiyə millisi qoldan sonra özünə gəlməmiş qapısında ikinci topu görüb. Bu dəfə isə Fabreqasın ötürməsindən sonra Nolito özü fərqlənərək komandasını hesabda irəli çıxarıb – 2:0. İlk hissə bu hesabla başa çatıb. Fasilədən sonra da topa nəzarəti davam etdirən İspaniya yığması 48-ci dəqiqədə üçüncü dəfə rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib. Xordi Albanın ötürməsindən sonra oyundankənar vəziyyətdə olmasına baxmayaraq, Moratanın ikinci qolunu hakim hesaba alıb – 3:0. Bu qolla Morata çempionatda dubl edən ilk futbolçu olub. Qalan dəqiqələrdə oyunda qol olmayıb və İspaniya görüşdən 3:0 hesabı ilə qalib ayrılaraq səkkizdəbir finala vəsiqəni təmin edib.xeber100.com