XXI dünya çempionatının yarımfinal mərhələsinə start veriləcək

10 İyul 2018 13:08

Xəbər 513 dəfə oxunub

İyulun 10-da Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının yarımfinal mərhələsinə start veriləcək.Azərtac xəbər verir ki, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq görüşdə Fransa və Belçika yığma komandaları üz-üzə gələcəklər. “Sankt Peterburq Arena”da keçiriləcək matçın baş hakimi uruqvaylı Andres Kunya olacaq.Fransa dörddəbir finalda Uruqvayı 2:0 hesabı ilə məğlub edib. Belçika isə 5 qat dünya çempionu Braziliyanı 2:1 hesabı ilə üstələyərək mübarizədən kənarlaşdırıb.Komandalar bu vaxtadək dünya çempionatlarında iki dəfə qarşılaşıblar. Hər iki görüş fransızların qələbəsi ilə yekunlaşıb. Fransa 1938-ci il dünya çempionatının səkkizdəbir final mərhələsində Belçikanı 3:1 hesabı ilə məğlub edib. Belçika və Fransa yığmaları 1986-cı il mundialında 3-cü yer uğrunda görüşdə münasibətlərə aydınlıq gətiriblər. Bu qarşılaşmada fransızlar rəqibini 4:2 hesabı ilə məğlub etməyi bacarıblar.Belçika tarixi ərzində ikinci dəfə yarımfinal oyununa çıxacaq. Komanda ilk dəfə 1958-ci və 1986-cı illərdə bu mərhələdə iştirak edib.1958-ci ildə Fransa millisinin hücumçusu Jüst Fonten 13 qolla çempionatının bombardiri olub. O, bir çempionatda ən çox qol vuran futbolçu rekordunu bu günədək özündə saxlayır.1998-ci il dünya çempionatının qalibi olan Fransa isə 6-cı dəfə yarımfinal matçına çıxacaq. 1958-ci, 1982-ci və 1986-cı il mundiallarında məğlub olan komanda, 1998-ci və 2006-cı illərdə finala vəsiqə qazana bilib.1930-cu ildə ilk dünya çempionatında iştirak edən dörd Avropa təmsilçisindən biri olan Fransa yığması indiyədək 14 dəfə mundiallarda yer alıb.Heyətindəki futbolçuların qiymətinə görə, çempionatın ən bahalı komandalarından olan Belçika yığması doqquz dəfə mundialda iştirak hüququ qazanıb. Belçikalıların dünya çempionatlarında ən yaxşı göstəricisi 1986-cı ildə bürünc mükafat qazanmaları olub.Belçika-Fransa oyunu İdman Azərbaycan Televiziyası ilə canlı yayımlanacaq.Qeyd edək ki, mundialın digər yarımfinal oyunu iyulun 11-də Moskvadakı “Lujniki” stadionunda keçiriləcək. Həmin görüşdə İngiltərə və Xorvatiya milli komandaları finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar.Xatırladaq ki, mundialda üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02