17 fevral 1992-ci il…

17 Fevral 2017 15:26

Xəbər 1368 dəfə oxunub

Ermənilər Xocavənd rayonunun Qaradağlı kəndini işğal edərək, dinc sakinlərə qarşı soyqırımı aktı həyata keçiriblər. 800 nəfərdən çox sakini olan bu qədim Azərbaycan kəndinin əhalisinin 118 nəfəri əsir götürülüb, 33 nəfər güllələnib. Ermənilər öldürülən və yaralı halda olan kənd sakinlərini bir yerdə təsərrüfat quyusuna tökərək üzərlərini torpaqlayıblar. Ümumilikdə, əsir götürülənlərdən 68-i öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Azad olunanlardan beş nəfəri qadın olmaqla, 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsidir. Faciə nəticəsində iki ailənin hər birindən dörd nəfər, altı ailədən iki və üç nəfər öldürülüb. 43 ailə başçısını itirib, bir ailənin hər iki valideyni qətlə yetirilib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər – kənd sakinlərinin hər on nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21 nəfəri ahıl və qocalar, onu qadın, səkkizi isə məktəbli olub.xeber100.com

Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış hadisədir

15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış hadisədir. Həmin gün Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafının təməli qoyulub. 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb. Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son anda kömək üçün Ulu Öndər Heydər Əliyevə müraciət edib. Naxçıvan MR Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən  Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi düşüb. 15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur.xeber100.com

İyun 15, 2022 16:38

XX əsrin faciəsi: Xocalı soyqırımından 30 il ötür

26 fevral 1992-ci ildə baş verən Xocalı soyqırımının 30 ili tamam olur. Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə baş verən soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı nəsil olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Onu da qeyd edək ki, Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət Ulu öndər Heydər Əliyev tərəfindən verilib. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Xocalı soyqırımı qurbanlarının xatirəsi hazırda da dünya ölkələrində anılır. Xocalıya həsr olunan sənət nümunələri-rəsm əsərləri, hekayə və romanlar, musiqilər, filmlər və s. yaradılsa da, hələ də bu soyqırım haqqında tam olaraq söz demək mümkün olmayıb. Xocalı faciəsi bir çox sənədli filmlərdə də öz əksini tapdı. “Dua”(rejissor Ziya Şıxlinski), “Xocalı soyqırımı”, “Xocalı şahidləri”, “İlk komandir”, “Pəhləvan komandir” və s. filmlərdə rejissorların fərqli yozumuna rast gəlmək mümkündür. Bundan başqa, Xocalı soyqırımına həsr olunan "Haray", "Günəşin batdığı yer", "Xoca", "Qırmızı qar" filmləri də çəkildi. Yeri gəlmişkən, baş verən hadisəni ilk olaraq lentin yaddaşına köçürən, Milli Qəhrəman Çingiz Mustafayev olub. Həmin Ç.Mustafayev ki, hərbi jurnalistlik karyerasında Xocalıda törədilən vəhşilikləri lentə almaqla, sağlığında özünə qəhrəmanlıq abidəsi ucaltmışdı. Fotomüxbir İlqar Cəfərovun soyqırımdan lentə aldığı fotolarda baş verən hadisələr dövrün faciəsini özündə geniş şəkildə əks etdirir. Fotoların əksəriyyətində uşaqlara və qadınlara qarşı qəddarlıqlar əks olunub. 1993-cü ildə rejissor Ceyhun Mirzəyevin quruluş verdiyi “Fəryad” bədii filmi isə Xocalı faciəsini ekranlarımıza gətirdi. “Ögey ana” az yaşlı qəhrəmanı İsmayılı “Fəryad” filmində batalyon komandiri kimi torpaqlarımızın azad olunması uğrunda döyüşərkən görürük. O, döyüşlərin birində düşmənlər tərəfindən əsir götürülərək işgəncələrə məruz qalır ki, Ceyhun Mirzəyevin həmin epizodlarda necə təbii ifa nümyiş etdirməsi unudulmayan kadrlardan biridir. Əslində filmdə nümayiş etdirilən hadisələr real faktlara əsaslanır. Və əsas qəhrəman olan İsmayılın prototipi Qarabağ müharibəsində iştirak edən döyüşçülərimizdən biridir. Filmdə güllələnmiş, soyuqdan donmuş xocalılıları elə Xocalı sakinləri özləri canlandırıblar. Onlar həmin ərəfədə Xocalıdan Goranboya üz tutanlar idi. “Fəryad” filmi Ceyhun Mirzəyevin kinoda son işi idi. Baş verən soyqırımın təsirində filmi çəkən, ekran əsərinin inandırıcı çıxması üçün özünü işgəncə kadrlarında döydürən rejissorun bütün dünyaya fəryadı idi. Faciə haqqında çəkilən tammetrajlı bədii filmlərdən biri də 1993-cü ildə ekranlara çıxan rejissor Oruc Qurbanovun quruluş verdiyi “Haray” filmidir. Qurani-Kərimin “Fatihə” surəsinin oxunuşu ilə başlayan filmin sonrakı kadrlarında Xocalı faciəsində ermənilərin vəhşicəsinə qətlə yetirdikləri şəhidlərimizi görürük. Filmin süjet xətti qardaşla bacının düşmən əhatəsindən çıxmaq üçün ağlagəlməz əzab-əziyyətlərə qatlaşmaları üzərində qurulub. Ermənilərin azərbaycanlı əsirlərə verdikləri dəhşətli işgəncələrin şahidi olan bu iki yeniyetmə sonda çıxış yolunu özlərini dağdan atmaqda görürlər. Rejissor Mərahim Fərzəlibəyovun 1998-ci ildə Ağarəhim Rəhimovun "Gəlinqayada qoşa məzar” povesti əsasında çəkdiyi "Qırmızı qar” adlı filmi ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri dəhşətli faciələrdən bəhs edir. 2012-ci ildə rejissor Elşən Zeynallının çəkdiyi “Günəşin batdığı yer” tammetrajlı bədii-sənədli televiziya filmi də erməni qəsbkarlarının talan etdikləri, sakinlərini qətlə yetirdikləri Xocalı hadisəsi diqqətə çəkilir. Film Xocalıdan olan məcburi köçkünlərin məskunlaşdığı Goranboy rayonunun Ağcakənd qəsəbəsində lentə alınıb. Kütləvi səhnələrdə 1500 nəfərdən çox insan iştirak edib. Filmin süjet xətti baş verən hadisələr zamanı öz doğma övladını boğmağa məcbur olmuş bir ananın yaşadığı acının üzərində qurulub. Ekran əsərində Xocalını tərk etmək məcburiyyətində qalan, bütün qırğınları öz gözləri ilə görən şahidlərin tükürpədici müsahibələri, açılmış cinayət işinin beynəlxalq konvensiyalara görə, soyqırım olmasını təsdiq edən faktlar, canlı xronikalar diqqətdə dayanır. 2014-cü ildə çəkilən “Sonsuz dəhliz” (2014-“Endless Corridor”) filmində isə hadisələrin şahidi olmuş litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra Azərbaycana gələrək hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi təşkil edir. Xatırladaq ki, Aleksandras Brokasın çəkdiyi Xocalı qırğınından söz açan bu sənədli film Heydər Əliyev Fondu tərəfindən “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində hazırlanıb. Sənədli filmdə Xocalıya dair məlum olan yeni faktlara, sənədlərə və vaxtilə çəkilmiş videogörüntülərə, fotomateriallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır. Həmin ildə “Düşmən laylası” adlı qısametrajlı film də çəkildi, Xocalı faciəsinin yaşanmış ağrılarını bir daha yada saldı. Altay Yaşarın ssenarisi əsasında çəkilən filmə rejissor Elxan Cəfərov quruluş verdi. Filmdə Xocalı faciəsinə 5 yaşlı qızın gözü ilə baxılıb. Balaca qəhrəmanın sualları və ona veriləcək cavab, filmin əsas süjet xəttini təşkil edir. Baş verən hadisələri dərk etməyən, anasının başına nə gəldiyini bilməyən qəhrəmanımız film boyu suallara cavab axtarır. 2017-ci ildə Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, Amerikalı kinematoqraflar tərəfindən çəkilmiş “Zülmətdən qaçarkən” (Running from the Darkness) sənədli filminin süjet xətti Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr üzərində qurulub. Filmdə ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin Xocalıda törədilmiş soyqırımını pisləyən açıqlamalarına, tədqiqatçı alim və jurnalist rəylərinə yer verilib. Bu il Xocalı faciəsinin baş verməsindən 30 il keçir. Və bu illər ərzində faciənin baş verdiyi 26 fevral 1992-ci il tarixinə müxtəlif rakurslardan baxılıb və illər keçəcək baş verənlərə olan müraciət davam edəcək. Yenə də sənət nümunələri yaradılacaq - musiqlər bəstələnəcək, rəsmlər çəkiləcək, filmlər ekranlaşdırılacaq… çünki bu, qanla yazılmış bir tarixdir…    

Fevral 25, 2022 14:20

20 Yanvar faciəsindən 32 il ötür…

Qanlı Yanvar hadisələrindən 32 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycan tarixinə şanlı səhifə yazıldı. 20 Yanvar bu tarixin həm kədər, həm də qürur doğuran səhifəsidir.Yanvarın 20-də səhər saatlarından başlayaraq insanlar Şəhidlər xiyabanına gəlir, qəhrəman Vətən övladlarının xatirəsinə hörmət və ehtiramlarını bildirirlər. Vətən uğrunda canından keçmiş oğul və qızlarımızın qəhrəmanlığı unudulmur. Dövlət müstəqilliyimizin bərpası üçün, ilk növbədə, 20 Yanvar şəhidlərinə borcluyuq. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından, keçmiş SSRİ rəhbərliyinin qərəzli siyasətindən hiddətlənərək küçə və meydanlara axışan dinc insanlara 1990-cı ilin yanvar günlərində qanlı divan tutuldu. Heç bir xəbərdarlıq edilmədən Bakıya, eləcə də Azərbaycanın bir sıra bölgələrinə yeridilən Sovet ordu hissələri 147 nəfəri amansızcasına qətlə yetirdilər. Hadisələr zamanı 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Bu qanlı hadisələrin ertəsi günü - yanvarın 21-də ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək imperiya rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyasını qətiyyətlə pislədi. Ulu Öndərin bu addımı xalqımıza dayaq və təsəlli oldu. 20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət də dahi şəxsiyyət Heydər Əliyev tərəfindən verildi. Şəhidlərin xatirəsi əbədiləşdirildi, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi. Bu siyasəti davam etdirən Prezident İlham Əliyev də 20 Yanvar əlilləri və şəhid ailələrinə diqqət və qayğı göstərir. Şəhidlər xiyabanını ziyarət edənlər arasında hər yaşda olan insanları - Vətən müharibəsi qazilərini, hərbçiləri, dövlət təşkilatlarının nümayəndələrini, veteranları, gəncləri, məktəbliləri görmək olar. Bu, xalqın qəhrəman Vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiramının parlaq təzahürüdür.xeber100.com

Yanvar 20, 2022 14:54

Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Zəfər Günü ilə əlaqədar Müdafiə Nazirliyinin birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliği, onların mənəvi-psixoloji və döyüş ruhunun daha da yüksəldilməsi məqsədilə silsilə tədbirlər keçirilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, şəxsi heyət tərəfindən Fəxri xiyaban və Şəhidlər xiyabanları ziyarət edilib, ulu öndər Heydər Əliyevin, eləcə də Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə güllər düzülərək xatirələri ehtiramla yad edilib, Dövlət Himnimiz ifa olunub.Tədbirlər çərçivəsində hərbi qulluqçular Azərbaycan Bayrağı ilə şəhər küçələrində yürüş edib, Vətən müharibəsinə həsr olunan sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdirilib.Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı şanlı Qələbənin tarixi əhəmiyyəti, qalib Azərbaycan xalqının Qələbədə rolu, döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələri haqqında tədbirlər zamanı ətraflı söhbətlər aparılıb, şəhidlərimizin xatirələrinin yaddaşlarda əbədi yaşayacağından danışılıb.xeber100.com

Noyabr 8, 2021 20:23

Bakının azad edilməsinin 103-cü ildönümü tamam olur

Sentyabrın 15-də Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 103-cü ildönümü tamam olur. 1918-ci ildə qazanılmış bu zəfər Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə mühüm hadisə kimi yazılıb. Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi tarixi-siyasi və mənəvi-psixoloji əsaslara söykənməklə Türkiyə-Azərbaycan qardaşlığının rəmzinə çevrilib. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Bakı yadellilərin əlində idi. Osmanlı dövləti iyunun 4-də Batumda imzaladığı müqavilə ilə Azərbaycana yardım etməyi üzərinə götürmüşdü. Cümhuriyyətin müraciəti əsasında Osmanlının hərbi naziri Ənvər paşanın qardaşı Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu adlandırılan silahlı qüvvə Azərbaycan istiqamətində yola çıxdı.Qafqaz İslam Ordusunun Bakıya yürüşünün qarşısını almaq üçün hərəkətə keçən bolşevik Rusiyası müharibədə Osmanlının müttəfiqi olan Almaniya ilə avqustun 27-də müqavilə imzaladı. Müqaviləyə görə, Almaniya Bakı neftindən alacağı bəlli pay müqabilində Osmanlı qoşunlarının Kür çayını keçməməsi üçün öhdəlik götürdü. Lakin bu oyunlar Qafqaz İslam Ordusunun yürüşünü dayandıra bilmədi. Bakı şəhəri sentyabrın 15-də azad edildi. Sentyabrın 17-də isə Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. Şəhərin azad edilməsi Bakıya dair iyrənc planları darmadağın etdi.Qeyd edək ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə də bizi ilk olaraq Türkiyə tanıdı. Bu da qardaşlığın bir nümunəsi oldu. Bakı Türk Şəhidliyi abidəsi isə Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsinə ehtiramdır.xeber100.com

Sentyabr 15, 2021 10:46

31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib

Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) Rotterdam şəhərindəki qərargahında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib.Azərtac xəbər verir ki, tədbirin əvvəlində bütün şəhidlərimizin və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov azərbaycanlılara qarşı aparılmış soyqırımı siyasətinin uzun tarixinə toxunaraq, bu barədə əsl həqiqətin ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırıldığını bildirib. Ulu öndərimizin 1998-ci il 26 mart tarixli fərmanından sonra soyqırımı öz hüquqi-siyasi qiymətini aldığını və həmin ildən 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunduğunu, soyqırımı qurbanlarının xatirəsini anma tədbirləri keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, xalqımıza qarşı dəfələrlə törədilmiş, uzun illər ərzində öz siyasi-hüquqi qiymətini almamış soyqırımı tariximizin qanlı səhifələrindəndir.BAK-ın sədri Elsevər Məmmədov tədbir iştirakçılarına 31 mart - Azərbaycanlıların soyqırımı ilə bağlı Niderland parlamentinə bəyanat ünvanlandığını deyib.Tədbirdə BAK-ın vitse-prezidenti Sima Cəfərova 1918-ci ildə erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdiyi qətliamdan, erməni daşnaklarının dinc əhaliyə verdiyi amansız işgəncələrdən danışıb.xeber100.com

Mart 29, 2021 13:37

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Azərtac xəbər verir ki, həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində, xaricdəki diplomatik nümayəndəliklərdə Azərbaycanın dövlət bayraqları endirilib.Azərbaycan paytaxtının minlərlə sakini fevralın 26-da Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla anıb, abidənin önünə əklillər qoyub, qərənfillər düzüblər. Təhsil müəssisələrində ilk dərslər bu faciəyə həsr olunub. Respublikamızın şəhər və bölgələrində, məscidlərdə, kilsələrdə, sinaqoqlarda və xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının anım mərasimləri keçirilib.Qeyd edək ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb. Qətlə yetirilənlərin 63-ü uşaqlar, 106-sı qadınlar, 70-i qocalar olub. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov götürülənlərdən 150-nin taleyi hələ də məlum deyil.xeber100.com

Fevral 26, 2021 15:10

Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş sərgi açılıb

ABŞ-ın Yuta ştatında Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş sərgi açılıb.Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a verilən məlumata görə, Komitənin dəstəyi və Yuta-Azərbaycan İcmasının nümayəndəsi Faiq Səfərlinin təşkilatçılığı ilə Solt Leyk Siti (Salt Lake City) şəhərinin mərkəzindəki Kapitol binası qarşısında Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar açıq havada sərgi keçirilib.Sərgidə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın Xocalı şəhərini işğal edərkən dinc azərbaycanlıları kütləvi şəkildə qətlə yetirməsini əks etdirən məlumatlar və fotoşəkillər nümayiş olunub. Qəddarcasına həyata keçirilən hərbi cinayət zamanı 613 azərbaycanlının (106 qadın, 63 uşaq, 70 qoca) qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, onlardan 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyinin bu günədək məlum olmadığı diqqətə çatdırılıb.Sərgi ərazidən keçən yerli sakinlərin diqqətini cəlb edib. Onlar fotoşəkillərə tamaşa edib, Xocalı faciəsi barədə ətraflı məlumat alıblar. Sərgi ilə maraqlananlar arasında Yuta ştatının qubernatoru Spenser Koks da olub. O, soydaşlarımıza bildirib ki, Minnesota ştatının qubernatoru Tim Ceyms Uolzun 26 fevral tarixinin “Azərbaycan Günü” elan edilməsi ilə bağlı bəyannamə imzalamasından xəbərdardır.Sərginin fevralın 26-dək Solt-Leyk-Siti şəhərinin müxtəlif yerlərində nümayiş etdirilməsi nəzərdə tutulur.xeber100.com

Fevral 21, 2021 09:31

Qubadlı rayonunun işğal olunmasından 27 il keçir…

İyirmi yeddi il əvvəl – 1993-cü il avqust ayının 31-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən 802 km² sahəsi, 30,3 min nəfər əhalisi, 1 şəhər və 93 kənddən ibarət olan qədim Qubadlı rayonunu bütünlüklə işğal etdilər. Hazırda Qubadlı rayonunun 42 mindən çox əhalisi Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi məskunlaşmışlar.Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ silsiləsinin cənub-qərb ətəklərində yerləşir. Ən uca nöqtəsi dəniz səviyyəsindən 2003 metr yüksəklikdəki Topağac zirvəsidir. Ərazisindən Bərgüşad və Həkəri çayları axır. Şimalda Laçın, qərbdə Ermənistan Respublikası (120 km), şimal-şərqdə Xocavənd rayonu (42 km), şərqdə Cəbrayıl, cənubda və cənub-qərbdə isə, Zəngilan rayonu ilə həmsərhəddir.İşğaldan əvvəl Qubadlı rayonunda 21 orta, 26 səkkizillik, 15 ibtidai məktəb, 300 yerlik 4 xəstəxana və 33 səhiyyə müəssisəsi, 111 mədəni maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi, 28 klub, 6 avtoklub, 23 kino qurğusu, eləcə də, 125 ticarət, 96 ictimai-iaşə, 25 məişət xidməti, 21 rabitə müəssisəsi fəaliyyət göstərirdi.Ümumilikdə, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, xüsusilə, 600-dən çox tarixi və memarlıq abidəsi, onlardan 144 məbəd və 67 məscid Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılmışdır. Bununla yanaşı, 40 min eksponatın qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 mln. kitab və qiymətli tarixi əlyazmalar məhv edilmiş, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılmışdır.XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində 1992-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları zəbt edilmiş və hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Ermənistanın hərbi təcavüzü nəticəsində bu ərazilər etnik təmizləməyə məruz qalmış, Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox azərbaycanlı əhali öz doğma torpağından məcburən köçkün düşmüşdür. Bütün dövrlərdə olduğu kimi, 1988-1993-cü illərdə Ermənistanın həyata keçirdiyi bu işğalçılıq siyasəti nəticəsində 20 000 nəfər azərbaycanlı həlak olmuş, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.xeber100.com

Avqust 31, 2020 12:53

Cəbrayıl və Füzuli rayonlarının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Cəbrayıl və Füzuli rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.Azərtac Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bəyanatını təqdim edir.1993-cü ilin 23 avqust tarixində Cəbrayıl və Füzuli rayonları təcavüzkar Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Cəbrayıl rayonunun işğal edilmiş 1050 kvadratkilometr ərazisindən 60 minə yaxın əhali etnik təmizlənməyə məruz qalıb, rayon mərkəzi və 90 kənd erməni vandalizmi nəticəsində məhv edilib. Həmçinin 400 nəfər şəhid olub, 91 nəfər əsir və itkin düşüb və 177 nəfər əlil olub.Füzuli rayonunun mərkəzi və 50 kəndinin Ermənistan ordusu tərəfindən işğalı nəticəsində 657 nəfər şəhid olub, 181 nəfər əsir və itkin düşüb və 400 nəfərədək rayon sakini əlil olub.Təcavüzkar Ermənistanın münaqişənin əvvəlində iddia etdiyi əzəli torpağımız olan Dağlıq Qarabağdan əlavə ətraf 7 rayonu da işğal etməsi, onun əsl məqsədinin güc yolu ilə ərazilərimizi ilhaq etmək olduğunu göstərir. Həmin ərazilərə kənardan etnik ermənilərin qanunsuz köçürülməsi siyasəti də bunu təsdiq edir.Bir daha bəyan edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli və davamlı həlli yalnız təcavüzkar Ermənistan Silahlı Qüvvələrinin bütün işğal olunmuş ərazilərimizdən çıxarılmasından və etnik təmizləməyə məruz qalmış soydaşlarımızın öz doğma torpaqlarına qayıdışından sonra mümkündür.xeber100.com

Avqust 23, 2020 13:22

Laçın rayonunun işğal olunmasından 28 il ötür…

Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 28 il ötür... 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən Laçını işğal edib. Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qalıb. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turştiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcud olub. Laçın rayonu ərazisində ümumi ehtiyatları 1124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), 2 əlvan bəzək daşı, vulkan külü və digər təbii sərvətləri var. Laçın rayonundakı Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığı da hazırda işğal altındadır. Ümumi sahəsi 240 hektar olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü var. 1961-ci ilin noyabr ayında heyvan və quşları qoruyub saxlamaq və artırmaq məqsədilə yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb. 1989-cu ildə yasaqlıqda aparılan yoxlama zamanı dağ-keçisi (bezoar keçisi) 96, qaban 360, cüyür 320, ayı 110 baş, eləcə də çoxlu sayda canavar, porsuq, dələ, qırqovul, kəklik qeydə alınıb. İşğalçı dövlət beynəlxalq hüquq normalarına, zəbt olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymayaraq hazırda Laçında qanunsuz məskunlaşma aparır.xeber100.com

May 18, 2020 09:11

Qarabağ xanlığının tarixi paytaxtı Şuşanın işğalından 28 il ötür…

Azərbaycanın dilbər guşələrindən biri, Qarabağ xanlığının tarixi paytaxtı Şuşanın işğalından 28 il ötür.Ermənilərin Şuşaya son hücumu 1992-ci il mayın 7-dən 8-nə keçən gecə başlayıb. Şəhər dörd bir tərəfdən raket, top, tank və digər silahlardan şiddətli atəşə tutulub. Bundan sonra düşmən Xankəndi və Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçib. Şəhər mayın 8-də axşamadək müdafiə olunsa da, silah-sursat və canlı qüvvə sarıdan üstün olan işğalçıların qarşısında tab gətirə bilməyib. Ermənilər əvvəlcə Şuşanı, sonra isə yaxınlıqdakı Kosalar və Şırlan kəndlərini ələ keçiriblər.Əslində alınmaz qala sayılan Şuşanın belə qısa müddətdə süqut etməsinin səbəblərindən biri şəhərin müdafiəsinin yetərincə təşkil olunmaması idi. Ermənistan isə Şuşa ətrafına çoxsaylı hərbi texnika və canlı qüvvə yığmışdı. Erməni mənbələrinin məlumatlarına görə, şəhərə hücumda 100-dək zirehli maşın və tank, 11 min canlı qüvvə iştirak etmişdi. Erməni silahlı birləşmələrinin tərkibində hətta xaricdən gətirilmiş muzdlular da döyüşürdülər.Şuşa işğal edilərkən burada 25 min nəfərədək əhali yaşayırdı. Şəhərin müdafiəsi zamanı 195 dinc sakin şəhid olub, 165 nəfər yaralanıb. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. Şəhərin 58 sakini itkin düşüb.Düşmən Şuşadakı bir çox qiymətli tarixi-mədəniyyət abidələrini dağıdıb və talan edib. Bu sıraya məşhur Şuşa qalası, memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, məbədgah və məscidlər, bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Eyni zamanda, Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu və 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriyası, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalça Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi məhv edilib. Dağıdılan tarixi məkanlar arasında Xurşidbanu Natəvanın, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin , Xan Şuşinskinin, Sadıqcanın evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri və daha neçə-neçə digər abidə var.xeber100.com  

May 8, 2020 09:58

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.xeber100.com  

Mart 31, 2020 18:36

XX əsrin qanlı soyqırımı olan Xocalı faciəsindən 28 il ötür…

Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilən soyqırımın 28 ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) artıq ziyan vurulub. Qeyd edək ki, artıq dünyanın 16 ölkəsinin parlamenti və eləcə də İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan qərar qəbul edib.xeber100.com

Fevral 26, 2020 13:43

Bugün 20 Yanvar faciəsinin 30-cu ildönümüdür

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.xeber100.com  

Yanvar 20, 2020 12:24

Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

Oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.Azərtac xəbər verir ki, 28 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi.Müstəqilliyinin ilk illərində özünün ağır günlərini yaşayan Azərbaycan xalqı qətiyyətli iradə nümayiş etdirərək gələcək taleyinə sahib çıxmağı bacardı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edildi.1994-cü il sentyabrın 20-də Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi - “Əsrin kontraktı” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrə, Avropa və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu.xeber100.com

Oktyabr 18, 2019 13:56

Xocavənd rayonunun işğal edilməsindən 27 il ötür

Azərbaycanın dilbər guşələrindən olan Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 27 il ötür. 1991-ci il oktyabrın 30-da rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da Axullu kəndi işğal edilib. 1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndini işğal edərək, dinc sakinlərə qarşı soyqırımı aktı həyata keçiriblər. 800-dən çox əhalisi olan bu qədim Azərbaycan kəndinin 118 sakini əsir götürülüb, 33 nəfər isə güllələnib. Ermənilər öldürülən və yaralı halda olan kənd sakinlərini bir yerdə təsərrüfat quyusuna tökərək üzərini torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50-si böyük çətinliklərlə əsirlikdən azad edilib. Azad olunanların 5-i qadın olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsidir. Faciə nəticəsində iki ailənin hər birindən 4 nəfər, 6 ailənin hər birindən isə 2-3 nəfər öldürülüb. Bundan başqa, 43 ailə öz başçısını itirib, bir ailənin hər iki valideyni qətlə yetirilib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər - kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21-i ahıl və qoca, 10-u qadın, 8-i isə məktəbli olub.1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli, avqustun 20-də Xətai kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb. Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 145 nəfər şəhid olub. Bu ədalətsiz müharibədə rayon sakinlərindən 300 nəfərdən çoxu sağlamlığını itirərək əlil olub, 243 uşaq valideynlərindən birini, 3 uşaq hər iki valideynini, 68 qadın həyat yoldaşını itirib.İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin 47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 59 mədəniyyət obyekti, 32 körpü, 42 su anbarı və 316 kilometr su kəməri talan edilib, dağıdılıb.xeber100.com

Oktyabr 2, 2019 10:50