26 fevral 1992-ci ildə baş verən Xocalı soyqırımının 30 ili tamam olur.
Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə baş verən soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı nəsil olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Onu da qeyd edək ki, Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət Ulu öndər Heydər Əliyev tərəfindən verilib. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.
Xocalı soyqırımı qurbanlarının xatirəsi hazırda da dünya ölkələrində anılır. Xocalıya həsr olunan sənət nümunələri-rəsm əsərləri, hekayə və romanlar, musiqilər, filmlər və s. yaradılsa da, hələ də bu soyqırım haqqında tam olaraq söz demək mümkün olmayıb.
Xocalı faciəsi bir çox sənədli filmlərdə də öz əksini tapdı. “Dua”(rejissor Ziya Şıxlinski), “Xocalı soyqırımı”, “Xocalı şahidləri”, “İlk komandir”, “Pəhləvan komandir” və s. filmlərdə rejissorların fərqli yozumuna rast gəlmək mümkündür. Bundan başqa, Xocalı soyqırımına həsr olunan "Haray", "Günəşin batdığı yer", "Xoca", "Qırmızı qar" filmləri də çəkildi.
Yeri gəlmişkən, baş verən hadisəni ilk olaraq lentin yaddaşına köçürən, Milli Qəhrəman Çingiz Mustafayev olub. Həmin Ç.Mustafayev ki, hərbi jurnalistlik karyerasında Xocalıda törədilən vəhşilikləri lentə almaqla, sağlığında özünə qəhrəmanlıq abidəsi ucaltmışdı.
Fotomüxbir İlqar Cəfərovun soyqırımdan lentə aldığı fotolarda baş verən hadisələr dövrün faciəsini özündə geniş şəkildə əks etdirir. Fotoların əksəriyyətində uşaqlara və qadınlara qarşı qəddarlıqlar əks olunub.
1993-cü ildə rejissor Ceyhun Mirzəyevin quruluş verdiyi “Fəryad” bədii filmi isə Xocalı faciəsini ekranlarımıza gətirdi. “Ögey ana” az yaşlı qəhrəmanı İsmayılı “Fəryad” filmində batalyon komandiri kimi torpaqlarımızın azad olunması uğrunda döyüşərkən görürük.
O, döyüşlərin birində düşmənlər tərəfindən əsir götürülərək işgəncələrə məruz qalır ki, Ceyhun Mirzəyevin həmin epizodlarda necə təbii ifa nümyiş etdirməsi unudulmayan kadrlardan biridir. Əslində filmdə nümayiş etdirilən hadisələr real faktlara əsaslanır. Və əsas qəhrəman olan İsmayılın prototipi Qarabağ müharibəsində iştirak edən döyüşçülərimizdən biridir. Filmdə güllələnmiş, soyuqdan donmuş xocalılıları elə Xocalı sakinləri özləri canlandırıblar. Onlar həmin ərəfədə Xocalıdan Goranboya üz tutanlar idi. “Fəryad” filmi Ceyhun Mirzəyevin kinoda son işi idi. Baş verən soyqırımın təsirində filmi çəkən, ekran əsərinin inandırıcı çıxması üçün özünü işgəncə kadrlarında döydürən rejissorun bütün dünyaya fəryadı idi.
Faciə haqqında çəkilən tammetrajlı bədii filmlərdən biri də 1993-cü ildə ekranlara çıxan rejissor Oruc Qurbanovun quruluş verdiyi “Haray” filmidir. Qurani-Kərimin “Fatihə” surəsinin oxunuşu ilə başlayan filmin sonrakı kadrlarında Xocalı faciəsində ermənilərin vəhşicəsinə qətlə yetirdikləri şəhidlərimizi görürük. Filmin süjet xətti qardaşla bacının düşmən əhatəsindən çıxmaq üçün ağlagəlməz əzab-əziyyətlərə qatlaşmaları üzərində qurulub. Ermənilərin azərbaycanlı əsirlərə verdikləri dəhşətli işgəncələrin şahidi olan bu iki yeniyetmə sonda çıxış yolunu özlərini dağdan atmaqda görürlər.
Rejissor Mərahim Fərzəlibəyovun 1998-ci ildə Ağarəhim Rəhimovun "Gəlinqayada qoşa məzar” povesti əsasında çəkdiyi "Qırmızı qar” adlı filmi ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri dəhşətli faciələrdən bəhs edir.
2012-ci ildə rejissor Elşən Zeynallının çəkdiyi “Günəşin batdığı yer” tammetrajlı bədii-sənədli televiziya filmi də erməni qəsbkarlarının talan etdikləri, sakinlərini qətlə yetirdikləri Xocalı hadisəsi diqqətə çəkilir.
Film Xocalıdan olan məcburi köçkünlərin məskunlaşdığı Goranboy rayonunun Ağcakənd qəsəbəsində lentə alınıb. Kütləvi səhnələrdə 1500 nəfərdən çox insan iştirak edib. Filmin süjet xətti baş verən hadisələr zamanı öz doğma övladını boğmağa məcbur olmuş bir ananın yaşadığı acının üzərində qurulub. Ekran əsərində Xocalını tərk etmək məcburiyyətində qalan, bütün qırğınları öz gözləri ilə görən şahidlərin tükürpədici müsahibələri, açılmış cinayət işinin beynəlxalq konvensiyalara görə, soyqırım olmasını təsdiq edən faktlar, canlı xronikalar diqqətdə dayanır.
2014-cü ildə çəkilən “Sonsuz dəhliz” (2014-“Endless Corridor”) filmində isə hadisələrin şahidi olmuş litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra Azərbaycana gələrək hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi təşkil edir.
Xatırladaq ki, Aleksandras Brokasın çəkdiyi Xocalı qırğınından söz açan bu sənədli film Heydər Əliyev Fondu tərəfindən “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində hazırlanıb. Sənədli filmdə Xocalıya dair məlum olan yeni faktlara, sənədlərə və vaxtilə çəkilmiş videogörüntülərə, fotomateriallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.
Həmin ildə “Düşmən laylası” adlı qısametrajlı film də çəkildi, Xocalı faciəsinin yaşanmış ağrılarını bir daha yada saldı. Altay Yaşarın ssenarisi əsasında çəkilən filmə rejissor Elxan Cəfərov quruluş verdi. Filmdə Xocalı faciəsinə 5 yaşlı qızın gözü ilə baxılıb. Balaca qəhrəmanın sualları və ona veriləcək cavab, filmin əsas süjet xəttini təşkil edir. Baş verən hadisələri dərk etməyən, anasının başına nə gəldiyini bilməyən qəhrəmanımız film boyu suallara cavab axtarır.
2017-ci ildə Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, Amerikalı kinematoqraflar tərəfindən çəkilmiş “Zülmətdən qaçarkən” (Running from the Darkness) sənədli filminin süjet xətti Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr üzərində qurulub. Filmdə ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin Xocalıda törədilmiş soyqırımını pisləyən açıqlamalarına, tədqiqatçı alim və jurnalist rəylərinə yer verilib.
Bu il Xocalı faciəsinin baş verməsindən 30 il keçir. Və bu illər ərzində faciənin baş verdiyi 26 fevral 1992-ci il tarixinə müxtəlif rakurslardan baxılıb və illər keçəcək baş verənlərə olan müraciət davam edəcək. Yenə də sənət nümunələri yaradılacaq - musiqlər bəstələnəcək, rəsmlər çəkiləcək, filmlər ekranlaşdırılacaq… çünki bu, qanla yazılmış bir tarixdir…