“Bakı Marafonu-2017”yə start verilib

30 Aprel 2017 10:38

Xəbər 898 dəfə oxunub

“Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu-2017”yə aprelin 30-da Dövlət Bayrağı Meydanından start verilib.Azərtac xəbər verir ki, saat 10:00-da start götürən yarı marafonun məsafəsi 21 kilometrdir. Bakı Olimpiya Stadionunda başa çatacaq marafonun iştirakçıları atletlər, siyasətçilər, tanınmış şəxslər, incəsənət adamları, ictimaiyyət nümayəndələri və tələbələrdir. Respublikamızın bölgələri ilə yanaşı, ABŞ, Rusiya, Böyük Britaniya, Almaniya, Türkiyə, İran və digər ölkələrdən də iştirakçılar var. Yarışa ümumilikdə 13 mindən çox insan qatılıb.Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək vermək, insanlar arasında, xüsusilə gənclərdə idman vasitəsilə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.Yarışın fan zonası Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Burada iştirakçılar, eləcə də uşaqlar üçün xüsusi proqramlar nəzərdə tutulur. Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.İlk dəfə ötən il mayın 1-də keçirilən Bakı Marafonunda 7 mindən çox idman həvəskarı iştirak edib.xeber100.com