“Kapital Bank” növbəti hədiyyəli aksiya keçirir

20 Avqust 2018 15:59

Xəbər 913 dəfə oxunub

Hər zaman müştərilərə müxtəlif aksiya və kampaniyalar təqdim edən “Kapital Bank” “BirKart” sahibləri üçün növbəti hədiyyəli aksiya keçirir. Şərtlərə görə, taksitlə alış-veriş edən “BirKart” sahibləri 50 manatlıq hədiyyə kartı qazana biləcək.Oktyabrın 20-dək davam edəcək aksiya çərçivəsində hər 50-ci taksit əməliyyatı edən müştəri, avtomatik olaraq “BirKart” tərəfdaşlarında keçərli olan 50 manatlıq hədiyyə kartı qazanacaq. Müştərinin istəyindən asılı olaraq bu kart onun “BirKart” hesabına mədaxil olunacaq 50 manatla da əvəzlənə bilər.Bu aksiya ilə paralel olaraq, sentyabrın 15-dək partnyor mağazalar şəbəkəsində “BirKart” ilə taksit əməliyyatı edən müştərilər, həmçinin lotereyada iştirak edib, qiymətli hədiyyələr qazana bilər. Hər ay keçirilən tiraj zamanı 100 nəfər 50 manat pul, 10 nəfər 300 manatlıq ölkədaxili səyahət sertifikatı və 1 nəfər “iPhone X” əldə edəcək. Sentyabrın 22-də baş tutacaq son tiraj zamanı isə 1 nəfər Milana 2 nəfərlik səyahət və 2 min manat qazanacaq.Qeyd edək ki, “BirKart”ı artıq məvacib və pensiyasını “Kapital Bank”dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər “Kapital Bank”ın istənilən filialına kart üçün müraciət edə bilər. “BirKart” bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, həmçinin 1,5 faizdən 30 faizədək Cashback imkanı. Visa kartları əsasında olan “BirKart” 36 ay müddətə verilir, SMS məlumatlandırma xidməti isə pulsuzdur.xeber100.com

“Bakı Metropoliteni” ilə “Metro İstanbul” satınalma müqaviləsi imzalayıb

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC ilə “Metro İstanbul” arasında satınalma müqaviləsi imzalanıb. Müqavilə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı üzrə metropolitenin genişləndirilməsi layihələri üzrə mühəndislik sahəsində məsləhət və ekspertiza xidmətlərinin göstərilməsini nəzərdə tutur və dəyəri 586 500 AZN-dir. QSC-dən bildirilib ki, müqavilə çərçivəsində “Metro İstanbul” mühəndislik və texnoloji həllərin qiymətləndirilməsi, istismar modellərinin təhlili, ətraf mühit və sosial təsirlərin qiymətləndirilməsi, həmçinin beynəlxalq maliyyə təşkilatları üçün nəzərdə tutulan maliyyə və kommersiya şərtlərinin nəzərdən keçirilməsi üzrə məsləhət xidmətləri göstərəcək. Bu istiqamətlər üzrə qurum tərəfindən ətraflı rəy və tövsiyələr təqdim ediləcək. Qeyd edək ki, beynəlxalq maliyyə institutlarının tələblərinə uyğun olaraq, layihə sənədlərinin istismar üzrə təcrübəli müstəqil ekspert tərəfindən qiymətləndirilməsi zəruridir. Dövlət Proqramı çərçivəsində genişləndirmə tədbirlərinin Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və Asiya İnkişaf Bankı (ADB) tərəfindən maliyyələşdiriləcəyi nəzərə alınaraq, layihələrin beynəlxalq standartlara uyğun hazırlanması məqsədilə bu yanaşma xüsusi əhəmiyyət daşıyır.xeber100.com

Noyabr 15, 2025 15:52

Beynəlxalq Aeroportun uçuş qrafikində dəyişikliklər olacaq

Heydər Əliyev Beynəlxalq Aeroportu oktyabrın 27-dən martın 30-dək qüvvədə olacaq payız-qış uçuş cədvəlinə keçir. Bu mövsümdə bəzi istiqamətlər üzrə uçuş qrafikində dəyişikliklər ola bilər. Bakı hava limanından bildirilib ki, yeni mövsüm çərçivəsində hava limanından 18-i aşağıbüdcəli olmaqla, 39 aviaşirkət 80-ə yaxın istiqamətə, o cümlədən məşhur turizm və işgüzar marşrutlara uçuşlar yerinə yetirəcək. Bu uçuş mövsümündə Maldivlərin paytaxtı Male yeni istiqamətlər sırasındadır, eyni zamanda Aktau, Ciddə, Doha və Küveytə reyslərin sayı artırılıb ki, bu da sərnişinlərə daha çox və rahat səyahət imkanları təqdim edir. Qış mövsümündə təhlükəsiz və fasiləsiz fəaliyyətin təmin edilməsi məqsədilə hava limanında kompleks hazırlıq tədbirləri də həyata keçirilib. Qarın təmizlənməsi və kimyəvi reagentlərin yayılması üçün avadanlıqlar tam istifadəyə hazır vəziyyətə gətirilib, uçuş-enmə zolağının, avtomobil yollarının və piyada sahələrinin təmizlənmə tezliyi artırılıb. Pilləkənlər və panduslar sürüşməyə qarşı xüsusi lentlərlə təchiz edilib. Bundan əlavə, yarana biləcək nasazlıqların qarşısını almaq üçün yarımstansiyalar, işıqlandırma sistemləri və dizel generatorlarının diaqnostikası aparılıb. “Bizim əsas prioritetimiz – sərnişinlərimizin hər mövsümdə ən yüksək rahatlıq və təhlükəsizlik standartları ilə təmin olunmasıdır ki, hər bir səyahət onlar üçün yalnız asan və rahat başlamasın, eyni zamanda təcrübələri xoş və yaddaqalan olsun”, – deyə aeroportun direktoru Teymur Həsənov bildirib. Sərnişinlərə reyslər barədə ən son məlumatları aviaşirkətlərin rəsmi saytlarından izləmək və gözləmə vaxtını minimuma endirmək üçün mövcud onlayn xidmətlərdən faydalanmaq tövsiyə olunur.xeber100.com

Oktyabr 26, 2024 17:04

“Azercell Telekom” MMC “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

“M360 Eurasia 2024” Bakıda qabaqcıl texnoloji şirkətlərin liderlərini yenidən bir araya gətirəcək “Azercell Telekom” MMC Bakıda ikinci dəfə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçirilən “GSMA M360 Eurasia 2024” konfransının baş sponsoru qismində çıxış edir. Ötən il olduğu kimi bu il də konfrans telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində çalışan aparıcı ekspertləri, eləcə də, region üzrə tənzimləyici qurumların nümayəndələrini öz ətrafında toplayacaq. Tədbir çərçivəsində sənayenin rəqəmsallaşma prosesinə birbaşa təsiri, onun innovasiya və tərəqqi üçün yaratdığı yeni perspektivlər haqqında danışılacaq. “Yüksək sürətlə irəliləyən elmi-texnoloji inkişaf, bir çox sahələrdə proseslərin avtomatlaşdırılması davamlı inkişaf üçün sərhədsiz imkanlar vəd edir. Bu gün “Azercell”in lider mobil operator mövqeyində qərarlaşması bizi ölkənin rəqəmsal ekosisteminin formalaşması prosesinin aparıcı qüvvələrindən birinə çevirir. Bu bizim üçün böyük məsuliyyət deməkdir. Biz “GSMA M360” kimi nüfuzlu beynəlxalq tədbirə Bakıda ev sahibliyi etməkdən qürur duyuruq. İnanırıq ki, konfrans davamlı gələcəyin qurulmasına öz töhfəsini verəcək, bu mövzuda aparılan müzakirələr və yeni tərəfdaşlıqlar üçün uğurlu platforma rolunu oynayacaq”, - deyə “Azercell”in prezidenti Zərinə Zeynalova bildirib. Konfransın açılış günündə rəqəmsal dövrün transformasiya gücü, eləcə də, MDB ölkələri və qonşu regionlarda davam edən bu keçidin daha da sürətləndirilməsi yolları müzakirə ediləcək. Əsas mövzular arasında generativ süni intellekt (Generative AI) və Rəqəmsal DNT (Digital DNA) yer alır. Tədbirin ikinci günündə ətraf mühit, sosial və idarəetmə (ESG) prinsipləri gündəmə gətiriləcək. COP29 ərəfəsində rəqəmsallaşma prosesinin və iqlim fəaliyyətinin bir-birinə təsiri, dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün tətbiq olunan texnoloji yeniliklər barədə danışılacaq. Daha sonra sənaye liderləri yeni nəsil şəbəkələr və kibertəhlükəsizlik kimi mövzular ətrafında müzakirələr aparacaqlar. Qeyd edək ki, ötən il tədbirə 29 fərqli ölkədən iştirakçılar qatılıb ki, onlardan 30 faizi müxtəlif şirkət və qurumların rəhbərləri, 45 faizi isə qeyri-telekommunikasiya sahəsində çalışan iştirakçılar təşkil edirdi. Bu il də tədbirin eyni miqyasda auditoriya toplaması gözlənilir. Mayın 15-16-da “JW Mariott Absheron Baku” mehmanxanasında baş tutacaq bu tədbirdə iştirak etmək üçün “GSMA M360 Eurasia” səhifəsində onlayn qeydiyyatdan keçmək olar.xeber100.com

Aprel 18, 2024 15:36

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə…

Bu gündən 12 müntəzəm marşrut xətti üzrə 181 avtobus “Gənclik” metrostansiyasının yanında yaradılan yeni nəqliyyat mübadilə (NMM) mərkəzindən hərəkət edəcək. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qurum tərəfindən əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi məqsədilə “Gənclik” metrostansiyasının yanında sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi üçün yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb. “Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında müvafiq nəqliyyat infrastrukturu qurulub. Müntəzəm marşrut avtobusları üçün dayanacaq məntəqələri quraşdırılıb. Dayanacaqda marşrut sxemi və lövhələr yerləşdirilib. İşıq dirəkləri yeniləri ilə əvəzlənib, yeni yol salınıb, yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib. Avtobusların hərəkət etməsi üçün təhlükəsizlik adacığında zolaq təşkil olunub. “Gənclik Mall” ticarət mərkəzinin yeraltı parkinqinin girişində işıqfor quraşdırılıb. Yeni NMM sərnişinlərin rahatlığı və təhlükəsizliyi, avtobuslar üçün nəqliyyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Fətəli xan Xoyski küçəsində yaranan sıxlıq və tıxac hallarının azalmasına da töhfə verəcək”, - deyə məlumatda qeyd olunur.xeber100.com

Mart 29, 2024 16:30