Roma şəhərində, İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyində Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib. Azərbaycanın İtaliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə komissiyanın həmsədri, energetika naziri Natiq Əliyevin rəhbərliyi ilə Azərbaycanın müxtəlif dövlət qurumlarını təmsil edən nümayəndə heyəti iştirak edib. Tədbirdə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni, İtaliya Nazirlər Şurasının katibi Klaudio De Vinçenti, xarici işlər və digər nazirliklərin yüksək vəzifəli şəxsləri iştirak ediblər. Komissiyanın iclasına Azərbaycanın energetika naziri Natiq Əliyev və İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Benedetto Della Vedova həmsədrlik ediblər. Tədbiri açan nazir Paolo Centiloni çıxışında Azərbaycanı İtaliya üçün Cənubi Qafqazda istinad ölkəsi kimi xarakterizə edib. O, Azərbaycanın geosiyasi baxımdan strateji mövqeyə və böyük iqtisadi potensiala malik, Asiya ilə Avropanı birləşdirən açar ölkə, İtaliyanın isə təbii tərəfdaşı olduğunu vurğulayıb. Nazir İtaliya ilə Azərbaycan arasında münasibətlərin son illərdə inkişaf etdiyini bildirib, qarşılıqlı çoxsaylı səfərləri, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü və 2015-ci illərdə İtaliyaya səfərlərini qeyd edib. O, İtaliya tərəfinin Azərbaycana rəsmi səfərləri artırmaq istəyini bəyan edərək növbəti aylarda özünün Azərbaycana səfər edəcəyini söyləyib. İtaliya-Azərbaycan tərəfdaşlığının gücləndirilməsində Trans-Adriatik qaz boru kəməri layihəsinin əhəmiyyətinə toxunun nazir bu layihənin İtaliya milli iqtisadiyyatı üçün strateji dəyərə malik olduğunu və bu kəmərlə 2020-ci ildə Azərbaycan qazının İtaliyaya çatdırılacağını deyib. Ötən il qarşılıqlı ticarət dövriyyəsinin 5 milyard avro olduğunu bildirən nazir İtaliyanın Azərbaycana öz ixracatını artırmaq, bununla da ticarət dövriyyəsindəki qeyri-tarazlığı aradan götürmək istəyini qeyd edib. İki ölkə arasında iqtisadi əməkdaşlığın yalnız enerji sektoru ilə məhdudlaşmamalı olduğunu, müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu deyən nazir P.Centiloni növbəti illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və ölkənin iqtisadi inkişafında yeni dinamikanın təmin olunması üçün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı son sərəncamlar və müəyyən etdiyi yol xəritəsini xüsusi qeyd edib. İki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafının da əhəmiyyətinə toxunan nazir bu sahəyə Azərbaycan tərəfindən, xüsusilə də Heydər Əliyev Fondu tərəfindən göstərilən diqqəti vurğulayıb. Qafqazda sülh və sabitliyin bərqərar olması, Azərbaycanla Avropa İttifaqı arasında konstruktiv və səmərəli əməkdaşlıq üçün İtaliyanın çalışmalı olduğunu qeyd edən nazir P.Centiloni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün ölkəsinin Almaniyanın ATƏT-in sədri kimi səylərini dəstəklədiyini və İtaliyanın 2018-ci ildə ATƏT-ə sədr seçiləcəyi təqdirdə münaqişənin həlli üçün öz səylərini əsirgəməyəcəyini əminliklə bildirib. O, Azərbaycanla Avropa İttifaqı arasında konstruktiv və səmərəli əməkdaşlıq üçün İtaliyanın çalışmalı olduğunu vurğulayıb. Energetika naziri Natiq Əliyev Azərbaycan və İtaliya arasında əlaqələrin hazırkı vəziyyətindən danışıb, ikitərəfli yüksək səviyyəli səfərlərin, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfərlərinin, habelə 2014-cü ildə iki ölkənin hökumətləri arasında qəbul olunmuş strateji tərəfdaşlıq haqda Birgə Bəyannamənin əhəmiyyətini vurğulayıb. Azərbaycanın iqtisadi potensialı barədə məlumat verən nazir ölkəmizdə xarici sərmayələr üçün əlverişli iqlim, İtaliya şirkətlərinin fəaliyyəti, habelə müxtəlif sektorlarda iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar haqqında danışıb. O, TAP layihəsinə toxunaraq onun böyük iqtisadi əhəmiyyətə malik olduğunu, bütövlükdə “Cənub Qaz Dəhlizi” layihəsi üzrə 45 milyard ABŞ dolları investisiya nəzərdə tutulduğunu və bu layihənin bütünlükdə Avropanın enerji siyasətinin mühüm tərkib hissəsi olduğunu bildirib. Nazir Azərbaycanın qədim İpək yolunun bərpası və Şimal-Cənub dəhlizi kimi strateji nəqliyyat yolları üzərində yerləşdiyini deyib, bu xüsusda ölkəmizdə həyata keçirilən mühüm nəqliyyat və infrastruktur layihələri barədə məlumat verib. Natiq Əliyev, həmçinin Ermənistanın cari ilin aprel ayında Azərbaycana qarşı həyata keçirdiyi hərbi təxribatların Azərbaycan tərəfindən lazımınca cavablandırıldığını bildirib. O, ölkəmizin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, lakin Ermənistanın bu kimi təxribatlarını davam etdirəcəyi təqdirdə Azərbaycanın öz torpaqlarını geri qaytarmaq üçün hər bir vasitədən istifadə edəcəyini deyib. İtaliya Nazirlər Şurasının katibi Klaudio De Vinçenti çıxışında İtaliya və Azərbaycan arasında əlaqələrin stabil olaraq inkişaf etdiyini və möhkəmləndiyini bildirib, yerləşdikləri bölgələrdə vacib əhəmiyyətə malik olan bu iki ölkənin əlaqələrini uzaqgörənlik nümunəsi kimi xarakterizə edib. Azərbaycana çoxsaylı səfərlərini xatırladan İtaliya hökumətinin nümayəndəsi son olaraq cari ilin fevral ayının sonunda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının ikinci iclasında iştirak məqsədilə Bakıda olduğunu bildirib. Şuranın katibi TAP-ın strateji əhəmiyyətli bir layihə olduğunu qeyd edib. Komissiyanın İtaliya tərəfdən həmsədri, xarici işlər nazirinin müavini Benedetto Della Vedova ikitərəfli əlaqələrdən, Azərbaycanın İtaliya üçün əhəmiyyətindən, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin italyan şirkətləri üçün yaratdığı imkanlardan bəhs edib. Komissiyanın iclasında hər iki ölkənin dövlət qurumlarının nümayəndələri də çıxış ediblər. Azərbaycan tərəfdən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, gənclər və idman nazirinin müavini İntiqam Babayev, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov, Dövlət Dəniz Administrasiyasının rəis müavini Şahlar Məmmədov, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fariz Rzayev, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadə, Dövlət Neft Fondunun nümayəndəsi Ziya Kəngərli çıxış ediblər. İtaliya tərəfdən dövlət qurumlarının nümayəndələri ilə yanaşı, Saipem, Snam, Maire Technimont kimi Azərbaycanla əməkdaşlığı olan şirkətlərin rəhbərləri, eyni zamanda, SACE, SİMEST, Depozitlər və Kreditlər Fondu kimi maliyyə qurumlarının nümayəndələri də çıxış ediblər. Yekunda həmsədrlər tərəfindən iclasın protokolu imzalanıb. Komissiyanın iclası ilə yanaşı, İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyində hər iki ölkənin aparıcı şirkətlərinin də qatıldığı Azərbaycan-İtaliya biznes forumu keçirilib. Biznes forumda İtaliya və Azərbaycan tərəfdən 200-ə yaxın şirkətin nümayəndələri iştirak ediblər. Biznes forumu nazir Natiq Əliyev və İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Benedetto Della Vedova açıblar. Tədbirdə Azərbaycanın iqtisadi imkanları, biznes mühiti və xarici sərmayədarlar üçün ölkədə yaradılan şərait, enerji, infrastruktur, kənd təsərrüfatı sahələrində mövcud imkanlar, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə təqdimatlar keçirilib. Sonda iş adamları arasında ikitərəfli görüşlər təşkil edilib. Həmin gün nazir Natiq Əliyevin İtaliya Nazirlər Şurasının katibi Klaudio De Vinçenti, iqtisadi inkişaf naziri Karlo Kalenda ilə görüşləri keçirilib. Hər iki görüşdə hökumətlərarası komissiyanın 4-cü iclasının yekunları müzakirə olunub, habelə iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın cari vəziyyəti, əlaqələrin genişləndirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…