Azərbaycanın ilk FIFA20 onlayn liqası start götürəcək

18 Aprel 2020 22:44

Xəbər 467 dəfə oxunub

Aprelin 20-də Azərbaycanın ilk FIFA20 onlayn liqası start götürəcək.Azərtac xəbər verir ki, Gənclər və İdman, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Kiberidman Federasiyası, “Gaming League Azerbaijan” (GLA) və Topazın birgə təşkilatçılığı ilə yaradılan liqanın görüşləri 34 gün ərzində davam edəcək.GLA-nın yanvarda təşkil etdiyi və 500-dən çox kiberidmançının qatıldığı FIFA20 turnirində seçilən, ölkənin 20 ən güclü FIFA oyunçusunun mübarizə aparacağı turnir 38 turdan ibarət olacaq. Ümumilikdə baş tutacaq 380 qarşılaşmadan sonra ilk 8 pillənin sahibləri pley-off mərhələsində ən güclünü müəyyən edəcəklər. Sonda isə “Böyük finallar” seriyası ilə mövsümə yekun vurulacaq. Hər bir iştirakçı 2-si klub, 2-si milli olmaqla, əvvəlcədən dörd komanda seçiminə sahib olacaq və mövsüm boyunca həmin komandalardan istifadə edəcək. Eyni komandaların qarşılaşmaması üçün isə meydan sahibinin seçdiyi klubu qonaq oyunçu seçə bilməyəcək. Klublar müvafiq olaraq klublarla, yığmalar isə yığmalarla qarşılaşacaqlar. Yarışın ümumi büdcəsi 20 min manatdır ki, bunun da 16 min 500 manatı mükafat fondudur. Mövsümün sonunda birinci yerin sahibi 500, ikinci pillədə qərarlaşan 250, 3-4-cü pillələri tutanlar isə müvafiq olaraq 150 və 100 manat qazanacaqlar. Bundan əlavə, iştirakçıları hər qələbə və heç-heçəyə görə də mükafatlar gözləyir.FIFA20 üzrə əsas liqa ilə yanaşı, ikinci liqa da yaradılıb. Burada da 20 kiberidmançı mübarizə aparacaq. İlk 3 pilləni tutan komandalar əsas liqaya yüksələcəklər. Əvəzində isə elitada sonuncu olan 3 oyunçu növbəti mövsümdən ikinci liqada yarışacaq. Hər iki liqada il ərzində 4 mövsüm (hər fəsildə 1 turnir) olacaq.Oyunlar saat 11:00-da başlayacaq. Ən maraqlı görüşlər “İdman TV” vasitəsilə canlı yayımlanacaq. Matçların icmalına gecə saat 01:00-də İctimai Televiziyada baxmaq mümkün olacaq. Turnirin bütün qarşılaşmaları isə twitch.tv internet kanalında canlı nümayiş olunacaq. Oyunları tamaşaçılara “İdman TV”nin 4 şərhçisi təqdim edəcək.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02