Avropa İttifaqı ölkələri qaz və elektrik enerjisinə qənaət etməyə davam etməli olacaqlar

30 Oktyabr 2023 15:28

Xəbər 599 dəfə oxunub

Uzun müddət yüksək enerji xərcləri ilə üzləşəcək Avropa İttifaqı (Aİ) ölkələri qaz və elektrik enerjisinə qənaət etməyə davam etməli olacaqlar.

Xarici KİV-lər xəbər verir ki, Avropa İttifaqına üzv ölkələrin keçən il enerji böhranı ilə əlaqədar həyata keçirdikləri təbii qaz istehlakının azaldılması, işıqların müəyyən vaxtlarda söndürülməsi və binalarda temperaturun aşağı salınması kimi müxtəlif qənaət tədbirlərini davam etdirmələri, həmçinin yeni tədbirlər görmələri gözlənilir.

Keçən il başlayan Rusiya-Ukrayna müharibəsi ilə Rusiya Avropaya təbii qaz nəqlini dayandırdı, Aİ ölkələri isə enerji, xüsusilə təbii qaz və elektrik sahəsində böyük problemlər yaşadı.

Avropa ölkələri xüsusilə ötən ilin əvvəlindən sürətlə artan təbii qaz və elektrik enerjisi qiymətləri ilə qarşılaşıb. Bu halda Aİ-nin enerji sahəsində Rusiyaya alternativi tez tapması mümkün olmadığından, yüksək enerji xərclərinin daha uzun müddət davam edəcəyi gözlənilir. Enerji qiymətlərinin qısa müddətdə azalmayacağı səbəbindən Aİ ölkələri qaz və elektrik enerjisinə qənaət etməyə davam etməli olacaq.

Aİ ölkələri hər il təxminən 400 milyard kubmetr təbii qaz istehlak edir ki, bunun da 40 faizi Rusiyadan gəlir. Rusiyadan gələn axının kəsilməsi ilə Aİ ölkələri təcili olaraq təbii qaz istehlaklarını azaltmaq planını həyata keçirdilər.

Bu çərçivədə Aİ ölkələri təbii qaz istehlaklarını son 5 ildə orta hesabla 15 faiz azaltmağa razılaşıblar. Bu plana fövqəladə hallarda istehlakın azaldılmasını məcburi edəcək maddələr də daxil edilib. Avropanın qaza tələbatın azaldılması planı qazdan alternativ yanacağa keçidin sürətləndirilməsi, istehlakın azaldılmasının təşviq edilməsi, isitmə və soyutmanın azaldılması kimi əsas elementləri əhatə edir.

Qənaət tədbiri ilə yanaşı, təbii qaz çənlərinin qış mövsümünə qədər doldurulması üçün də hazırlıq işləri görülüb.

Aİ ölkələrinin 110 milyard kubmetrə qədər təbii qaz anbarı tutumu var. Müharibənin başlaması ilə Aİ ölkələri yeraltı təbii qaz çənlərinin qış aylarına qədər doldurulmasını məcburi edəcək qanuni tənzimləmələr hazırladılar. Bu çərçivədə qaz çənlərindəki doluluğun qış dövrünə qədər 90 faizə çatdırılması planlaşdırılıb və həyata keçirilib. Bu məqamda boru kəməri qazından qat-qat baha başa gələn mayeləşdirilmiş təbii qazın (LNG) daşınması sürət qazanıb.

Aİ-yə üzv ölkələrdə elektrik istehlakının 10 faiz azaldılmasını və pik saatlarda istehlakın məcburi olaraq 5 faiz azaldılmasını ehtiva edən fərqli bir plan hazırlandı. Bu çərçivədə Avropa ölkələri enerji qənaətini sürətləndirdi. Vətəndaşlardan və dövlət qurumlarından enerji qənaətinə diqqət yetirmələri istənilib. Avropa ölkələrində vətəndaşlara evlərində temperaturun aşağı salınması və işıqların söndürülməsi də daxil olmaqla enerjiyə qənaət tədbirlərinin həyata keçirilməsi çağırışları edilib. Aİ ölkələrində ictimai binalarda qış temperaturu azaldılıb və yayda soyutma səviyyəsi məhdudlaşdırılıb.

Bəzi ölkələrdə iş yerlərində istilik sisteminin maksimum 19 dərəcə istilikdə işlədilməsi qərara alınıb. Gecələr mağaza vitrinlərinin işıqlarını yandırmaq qadağan olunub. Mağazanın işıqlandırılmasına yalnız müəyyən saatlarda icazə verilib.

Bundan əlavə, ev təsərrüfatlarını enerjiyə qənaət etməyə təşviq etmək üçün ictimai xidmət elanları hazırlanıb.

İctimai binalarda işıqlandırma saat 22:00-dan etibarən söndürülüb.

Müəyyən dərəcədə uğurlu olan bu tədbirlərin əhəmiyyətli hissəsinin bu qış mövsümündə də davam etdirilməsi nəzərdə tutulur.xeber100.com

Hörmüz boğazından xam neft və yanacaq axını 6 milyon barel azalıb

Fevralın sonlarında Yaxın Şərqdə münaqişə başlayandan sonra ilin birinci rübündə Hörmüz boğazından xam neft və yanacaq axını gündəlik təxminən 6 milyon barel azalıb. Bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Münaqişə dövründə Körfəzdən yalnız məhdud sayda tanker çıxa bilib. Baxmayaraq ki, bəzən gərginlik yenidən alovlanır, aprelin əvvəlindən bəri atəşkəs qüvvədədir. Lakin ABŞ və İran fikir ayrılıqlarının həllində və sülh təklifi ilə bağlı razılığa gəlməkdə heç bir əhəmiyyətli irəliləyiş əldə etməyiblər. Bu, Hörmüz boğazının faktiki olaraq bağlı qalması ilə nəticələnib və qlobal müştərilərə vacib enerji təchizatı dayandırılıb. “Bloomberg News”un peyk görüntülərinə istinadən yaydığı məlumata görə, İranın əsas ixrac mərkəzi olan Kərk adası terminalındakı neft yükləmə limanlarının ötən gün boş qaldığı bildirilir. Peyklərin terminalda fəaliyyət aşkarladığı ardıcıl dördüncü dövr ərzində də ərazidə heç bir tanker görünməyib. Beynəlxalq Enerji Agentliyinə görə, Yaxın Şərqdəki münaqişə bu gün bitsə belə Hörmüz boğazından axınların normal vəziyyətə qayıtması üçün aylar lazım olacaq və enerji bazarı oktyabr ayına qədər ciddi təchizat kəsiri ilə üzləşəcək. Yaxın Şərqdəki münaqişə, həmçinin qlobal neft ehtiyatlarının rekord səviyyədə azalmasına səbəb olub. Münaqişənin başlanğıcından bəri ümumilikdə 1 milyard bareldən çox neftin bazardan çıxarıldığı və Körfəz ölkələrində ümumi istehsalın gündəlik 14 milyon bareldən çox azaldığı bildirilir. Beynəlxalq Enerji Agentliyi enerji böhranını idarə etmək üçün mart ayında strateji neft ehtiyatlarından rekord səviyyədə istifadə olunacağını açıqlamışdı. Ümumilikdə 400 milyon barel neftin istifadəsi nəzərdə tutulur. Bundan başqa, açıq dənizdə Rusiya neftinin alınmasına icazə verən ABŞ-nin sanksiyalarına qoyulan güzəşt bu həftə sonu başa çatacaq. Bu, Rusiya neftinin ən böyük alıcılarından biri olan Hindistandakı neft emalı zavodlarını xüsusilə həssas vəziyyətə sala bilər. Belə ki, Cənubi Asiya ölkəsi bu ay rekord səviyyədə neft idxal edib. Qeyd edək ki, Hörmüz boğazının bağlanması qlobal neft tədarükünün təxminən 20 faizinə təsir edib. Boğazdan keçən gəmilərin hərəkəti ABŞ-İran müharibəsindən əvvəlki səviyədən təxminən 95 faiz aşağı olaraq qalmaqdadır. Hörmüzün bağlanması, eyni zamanda, gündəlik 10 milyard kubfutdan çox LNG-nin azalmasına və ya qlobal tədarükün təxminən 20 faizinə təsir göstərib.xeber100.com

May 14, 2026 13:07

Ərəb Neft İxrac Edən Ölkələr Təşkilatının məlumatına görə…

Yaxın Şərqdə təchizat kəsintilərinə baxmayaraq, ilin birinci rübündə qlobal miqyasda mayeləşdirilmiş təbii qaz (LNG) ixracı 3,8 faiz artaraq 112,2 milyon tona çatıb. Bu barədə yayıb. Bildirilir ki, ABŞ-İran münaqişəsi və Hörmüz böhranı fonunda rüb ərzində qlobal LNG ixracı artmağa davam edib, Yaxın Şərqdəki istehsal itkilərini ABŞ və Kanadada artan hasilat kompensasiya edib, Avropada LNG tələbatı ikirəqəmli artım göstərib, Asiyada isə məhdud artım müşahidə olunub. Belə ki, birinci rübdə ABŞ-nin LNG ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,2 faiz artaraq 32,3 milyon tona çatıb. Bu artımla ölkənin qlobal LNG ticarətindəki payı tarixi göstəriciyə - 28,8 faizə yüksəlib. Avstraliyanın ixracı eyni dövrdə 5,4 faiz artaraq 19,9 milyon tona çatıb. Qətər LNG qurğularına edilən hücumlar səbəbindən sıralamadakı mövqeyini itirib. Birinci rübdə ölkənin LNG ixracı 33,2 faiz azalaraq 14,7 milyon tona düşüb. Birləşmiş Ərəb Əmirliklərində isə ixrac 39,6 faiz azalaraq 970 min ton olub. Hesabat dövründə Rusiyanın LNG ixracı 8,3 faiz artaraq 8,9 milyon tona çatıb. Rüb ərzində Asiya bazarında LNG idxalı 1 faiz artaraq 66,9 milyon tona yüksəlib. Çin, Yaponiya, Koreya Respublikası və Tayvanın ümumi idxalı 0,6 faiz artaraq 51,74 milyon tona çatıb, Çinin idxalı isə 6,3 faiz azalaraq 14,4 milyon tona düşüb. Bu azalmaya daxili istehsalın artması, Rusiyadan boru kəməri ilə qaz tədarükü və yenilənmiş ixrac trendi təsir edib. Yaponiyanın idxalı 18,2 milyon ton olmaqla sabit qalıb, Koreya Respublikasının idxalı isə 6,9 faiz artaraq 13,4 milyon tona yüksəlib. Böyük Britaniya və Türkiyə də daxil olmaqla, birinci rübdə Avropa bazarında LNG idxalı 11,1 faiz artaraq təxminən 40 milyon tona çatıb. Regionun qlobal LNG tələbatındakı payı 35,1 faiz olub. Avropa İttifaqına üzv ölkələrin LNG idxalı isə 12 faiz artaraq 28,3 milyon tona yüksəlib. “Köhnə qitədə” soyuq hava şəraiti və saxlama tutumunun azalması ilə nəticəsində LNG-nin ümumi təbii qaz idxalındakı payı 50,6 faizə çatıb.xeber100.com

May 4, 2026 14:03

Qızılın bir troya unsiyasının qiyməti 163,6 dollar azalaraq 4 581,5 dollar təşkil edib

Qlobal siyasi qeyri-müəyyənliyin artması fonunda investorların “təhlükəsiz liman” hesab etdikləri qiymətli metallara yönəlməsi qızıl qiymətlərini son dövrdə rekord səviyyələrə yüksəltmişdi. Yanvarın 26-da qızılın qiyməti ilk dəfə bir troya unsiya üçün 5 000 dolları ötərək qısa müddət ərzində 5 500 dollara qədər artdı. Həmçinin oxşar artım gümüş və platin qiymətlərində də müşahidə olunub. Lakin ABŞ-da siyasi mühitin sabitləşməsi ilə əlaqədar qiymətlər kəskin azalıb. Bu gün qızılın bir troya unsiyasının qiyməti 163,6 dollar azalaraq 4 581,5 dollar təşkil edib. Bununla belə, qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə hələ də xeyli yüksək səviyyədə qalır. Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın ABŞ ilə ticarət edən ölkələrə qarşı tətbiq etdiyi sərt gömrük rüsumları qlobal ticarətdə ciddi problemlərə səbəb olub. Mütəxəssislər bildirir ki, ticarət siyasəti investorları narahat etməyə davam edir və bu amil qızılın bahalaşmasına mühüm töhfə verir. Yanvar ayında qızıl və gümüş qiymətləri rekord həddə çatdıqdan sonra Trampın Qrenlandiyanı almaq təşəbbüsünə qarşı çıxan 8 Avropa ölkəsini yeni gömrük rüsumları ilə hədələməsi investorların reaksiyasına səbəb olub və bu, səhm bazarlarında enişlə nəticələnib. Bundan başqa, Donald Trampın ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbərliyinə nisbətən daha etibarlı hesab edilən Kevin Uorşu namizəd göstərəcəyi ilə bağlı xəbərin də qızılın ucuzlaşmasına təsir edən amillərdən biri kimi dəyərləndirilir. “Capital Economics” şirkətinin iqtisadçısı Həmid Hüseyn bildirir ki, Tramp administrasiyasının xarici və fiskal siyasəti ilə bağlı risklər fonunda qızılın təhlükəsiz investisiya kimi qəbul edilməsi bu qiymətli metalı investorların diqqət mərkəzinə çevirib. Çin qızılın ən böyük alıcıları sırasındadır. Ölkədə tələbin əsasən zinət əşyaları alan şəxslər və investorlardan qaynaqlandığı müşahidə olunur. Qərb investorları da qızıl fondları və ticarət şirkətləri vasitəsilə bazarda fəal iştirak edirlər. Həmçinin Ukrayna və Qəzzada davam edən müharibələr qlobal siyasi qeyri-müəyyənliyi daha da artırır. Bundan başqa, Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları qlobal gərginliyi artıraraq ABŞ dollarına olan etimadı zəiflədib ki, bu da investorların qiymətli metallara yönəlməsini sürətləndirib. Mütəxəssislər qeyd edir ki, qızıl qeyri-müəyyənlik dövrlərində ənənəvi rolunu oynayır - artan ticarət gərginliyi, geosiyasi risklər və ABŞ-dakı siyasi qeyri-sabitlik fonunda dəyər qazanır. Qızıl qiymətlərinin artmasında mərkəzi bankların artan alışları da mühüm rol oynayır. Mütəxəssislər vurğulayır ki, həm investorlar, həm də mərkəzi banklar ehtiyat valyuta kimi qızılı seçir və onu ABŞ siyasətinin asılılığından qoruyan vasitə hesab edirlər. Qeyri-sabit dünyada qızıl effektiv diversifikasiya vasitəsidir. Ancaq müşahidə olunan qiymət dalğalanması isə göstərir ki, digər əmtəələr kimi qızıl da sürətlə bahalaşa bildiyi kimi, eyni sürətlə ucuzlaşa da bilər.xeber100.com

Fevral 2, 2026 13:47

“Bakı Metropoliteni” ilə “Metro İstanbul” satınalma müqaviləsi imzalayıb

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC ilə “Metro İstanbul” arasında satınalma müqaviləsi imzalanıb. Müqavilə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı üzrə metropolitenin genişləndirilməsi layihələri üzrə mühəndislik sahəsində məsləhət və ekspertiza xidmətlərinin göstərilməsini nəzərdə tutur və dəyəri 586 500 AZN-dir. QSC-dən bildirilib ki, müqavilə çərçivəsində “Metro İstanbul” mühəndislik və texnoloji həllərin qiymətləndirilməsi, istismar modellərinin təhlili, ətraf mühit və sosial təsirlərin qiymətləndirilməsi, həmçinin beynəlxalq maliyyə təşkilatları üçün nəzərdə tutulan maliyyə və kommersiya şərtlərinin nəzərdən keçirilməsi üzrə məsləhət xidmətləri göstərəcək. Bu istiqamətlər üzrə qurum tərəfindən ətraflı rəy və tövsiyələr təqdim ediləcək. Qeyd edək ki, beynəlxalq maliyyə institutlarının tələblərinə uyğun olaraq, layihə sənədlərinin istismar üzrə təcrübəli müstəqil ekspert tərəfindən qiymətləndirilməsi zəruridir. Dövlət Proqramı çərçivəsində genişləndirmə tədbirlərinin Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və Asiya İnkişaf Bankı (ADB) tərəfindən maliyyələşdiriləcəyi nəzərə alınaraq, layihələrin beynəlxalq standartlara uyğun hazırlanması məqsədilə bu yanaşma xüsusi əhəmiyyət daşıyır.xeber100.com

Noyabr 15, 2025 15:52