Azərbaycan kino sənətində qadın aktrisalarımızın sayı o qədər də çox olmayıb. Teatrdan kinoya olan axını nəzərə alarsaq, o zaman görərik ki, aktrisalarımızın əksəriyyəti sənətdə ilk addımlarını məhz teatrdan başlayıblar və zaman keçdikcə bir çox aktrisalar ömrünü elə kinoya bağlayıb, bir çoxları isə teatrla bərabər kinoda da fəaliyyətlərinə davam ediblər. Onlardan Nəcibə Məlikova, Hökumə Qurbanova, Məhluqə Sadıqova, Leyla Bədirbəyli, Zərnigar Ağakişiyeva və b. adlarını çəkmək olar. Bu aktrisaların keçdiyi sənət yolu o qədər də asan olmayıb, ancaq hər biri yaratdığı obrazlarla istər teatr, istərsə də kino tarixinə adlarını yazmağı bacarıblar.Kino günündə haqqında bəhs edəcəyimiz aktrisa Amaliya Pənahova da teatr və kino sənətini heç vaxt bir-birindən ayırmayıb, çünki nəticə etibarilə hər birində obraz var və aktyordan tələb olunan sadəcə obrazı təbii ifa ilə canlandıraraq tamaşaçını inandırmaqdır.
500-dən artıq obrazın mahir ifaçısı
Amaliya Pənahova 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Doğrudur ki, bir aktrisa kimi teatrda özünü gördüyü rolları yaratmaq teatrda mümkün olub, ancaq kinodakı rolları da heç də diqqətdən kənarda qalmayıb. Həm də bir məqamı unutmayaq ki, aktrisanın özünü görmədiyi rollardan imtina etdiyi hallar da olub.Tələbəlik illərindən müəllimlərinin diqqətində dayanan aktrisanın kinoya gəlişi heç də təsadüfi olmayıb, eyni zamanda heç də asan olmayıb.Bildiyimiz kimi kino qaydalarına əsasən hər filmin əsasən baş rollarına bir çox aktyorlar sınaq olunur və Bədii Şuranın seçimi əsasında obraza uyğun aktyorlar təsdiq olunurdular. Amaliya xanım da həmkarları kimi bir çox filmlərdə əsas rollara sınaq olunsa da, uğuruzluq ondan da yan keçməyib. Hətta dəfələrlə ona üz cizgilərinin kino üçün uyğun olmadığını söyləyir, bəlkə də onu ruhdan salmağa çalışıblar. Bildiyimiz kimi milli ruhlu rejissor kimi tanıdığımız Adil İsgəndərov kinoda azərbaycanlı aktyor nəslinin daha çox rol almasına və gənc aktrisaların potensialını təsdiqləməsinə geniş şərait yaradan sənətkarlardan biri olub.
1963-cü il…Adil İsgəndərov quruluş verdiyi “Əhməd haradadır” filmində gənc kadrları bir araya toplayır.Qeyd etdiyimiz kimi rejissorun məqsədi həm filmində yeni simalarla tamaşaçı qarşısına çıxmaq, eyni zamanda da həmin kadrları gələcək filmlər üçün yetişdirmək, rejissorların diqqətində saxlamaq idi. Bəhs etdiyimiz filmdə Məsmə epizodik rolu Amaliya Pənahovaya tapşırılır. Bu filmdən əvvəl isə aktrisa artıq Əlisəttar Atakişiyevin quruluş verdiyi “Bizim küçə” filmində (1961) kütləvi səhnələrdə çəkilmişdi. Daha sonra aktrisaya “Cazibə qüvvəsi” filmində(rej-Həsən Seyidbəyli) idmançı obrazı tapşırılır. Tələbəlik illərində kinoda çəkilmək böyük uğur sayılsa da, aktrisa daha geniş planlı rollarla özünü sənətdə təsdiqləmək istəyirdi. Yeri gəlmişkən, Həsən Seyidbəylinin yaradıcılığına nəzər salanda şahid oluruq ki, o bir rejissor kimi əsasən gənc nəsli, tələbələri, hətta hətta sənətə dəxli olmayanları kinoya gətirib. Rejissor növbəti dəfə aktrisaya “Sən niyə susursan” (1966-cı il) filmində ana rolunu həvalə edir. Teatrda qaynar iş fəaliyyətinə başlayan Amaliya Pənahova kinodan gələn üçüncü, dördüncü planlı rollardan belə imtina etmir, hər birini böyük maraqla oyayır. Bu baxımdan aktrisanın “Həyat bizi sınayır” filmində yaratdığı Münəvvər, “Xatirələr sahili”ndə Xalidə, “Səmt küləyi”ndə Xədicə, “Mezozoy əhvalatı”nda Nərminə və başqa lirik-psixoloji ekran personajları diqqəti çəkir, yadda qalır.
İlk böyük rolların həyəcanı və ya geniş tamaşaçı auditoriyasının diqqət mərkəzində
1977-ci il…Rejissor Əlisəttar Atakişiyev “Qərib cinlər diyarında” nağıl filminin çəkilişlərinə başlayır. Sınaq çəkilişlərində hər zamankı kimi qrup şəklində obrazlar üçün yoxlanılan aktyorlar çox olsa da Zərri obrazına Amaliya Pənahova təsdiq olunur. Zərri obrazı aktrisanın kinoda ilk böyük rolu idi.Eyni ildə Arif Babayev onu quruluş verdiyi “Arxadan vurulan zərbə” filmindəki Ziba obrazına dəvət edir. Etiraf edək ki, Ziba obrazı maraqlı olduğu qədər də yaddaqalandır. Aktrisa tənha həyat sürməsinə baxmayaraq öz zəhməti ilə yaşayan obrazın daxili dünyasını böyük ustalıqla açıb göstərə bilir.
1979-cu il…”Azərbaycanfilm” kinostidiyası həmin ilin planına tarixi janrda çəkiləcək “Babək” filmini salır. Bildiyimiz kimi film Həsən Seyidbəylinin quruluşuna çəkiləcəkdi, hətta aktyorların sınaq çəkilişləri belə öz həllini tapmışdı. Yəni bütün obrazlara uyğun aktyorlar seçilmişdi. Həsən Seyidbəyli Zərnisə obrazı üzərində düşünərkən bu obrazda məhz Amaliya Pənahovanı görür və onu rola təsdiq edir. Xatırladaq ki, bu filmə qədər rejissor artıq iki filmində Amaliya Pənahovanın aktrisalıq məharətindən istifadə etmişdi. Doğrudur ki, müəyyən səbəblərə görə (həmin il Həsən Seyidbəylinin səhhətində problem yarandığı üçün o xəstəxana şəraitində müalicə olunurdu) sonralar ”Babək” filmini Eldar Quliyev çəkməli olur. Hətta Eldar Quliyev xatirələrində onu da qeyd edib ki, Həsən Seyidbəylinin xeyir-duasını aldıqdan sonra çəkilişə başlayıb və rejissorun aktyor seçiminə hörmətlə yanaşaraq onun seçdiyi aktyorlarla çalışıb.Mətləbdən uzaqlaşmayaq, Zərnicə obrazı Amaliya Pənahovanın ifasında öz məğrurluğu, gözəlliyi ilə seçilir. Zərnisə tarixi qəhrəmanın həyat yoldaşı olmaqla yanaşı, eyni zamanda oğul anası kimi analıq hisslərini bütün açıqlığı ilə göstərən bir obrazdır. Aktira Zərnisənin qadınlığını, analıq duyğularını, məğrur şəkildə camaat qarşısında olan dialoqunu böyük məharətlə, yanğı ilə təqdim edir. Bu, Amaliya Pənahovanın öz işinə olan məsuliyyətini göstərdiyi kimi, eyni zamanda onun bəlkə də illərlə gözlədiyi obraza olan duyğularını ifadə edirdi. Bəli, Zərnisə,aktrisanın kino yaradıcılığında zirvə hesab olunan rolu idi…Amaliya Pənahovanın xatirələrindən: ““Babək” çox gözəl filmdir… Bu film artıq demək olar ki, bir bayrağa çevrilib. Bütün bayramlar, digər tədbirlər zamanı mütəmadi nümayiş etdirilməsi belə deməyə əsas verir. O filmə qədərsə mən artıq xeyli filmə çəkilmişdim. Artıq çoxlu tamaşalarım da vardı. Ona görə bu filmə çəkilmək mənə ciddi problem yaratmadı. Bir çox aktrisalar sınaqdan keçmədilər. Ən sonuncu mən dəvət olunmuşdum. Sınaqda təsdiqləndim. Ümumiyyətlə isə bir sıra tarixi filmlərə çəkilmişəm. “Mahnı dağlarda qaldı” tamaşasının film variantına, Əjdər İbrahimovun “Qəribə adam” filminə, “Qərib cinlər diyarında” mövzusu nağıldan götürülmüş filmə çəkilmişəm. Mən ümumiyyətlə rəngarəngliyi xoşlayıram. Yeri gəlmişkən, “Babək”dən sonra “Arxadan vurulan zərbə” filmindəki Ziba roluna çəkilmişəm. Bu artıq tamam fərqli bir şey idi. Həm yaradıcılıq baxımından mənim üçün bir yenilik idi, həm də tamaşaçıları bezdirməsin deyə maraqlı idi”.Sonralar Amaliya Pənahova bir çox rollara dəvət alır, həmin rollar sırasında tarixi janrda çəkilən “Cavad xan” filmindəki Knyaginya Darya obrazı da daxili məğrurluğu ilə diqqəti çəkir.
Kadrarxası məqamlar və ya çəkiliş meydançasından kadrlar…
Amaliya Pənahova 30-a yaxın filmdə bir-birindən maraqlı rollar oynayıb, bir o qədər filmi isə məlahətli səs tembri ilə səsləndirib.Bir qədər haşiyə çıxaq. SSRİ dövründə Azərbycan kino sənəti nə qədər çox inkişaf edirdisə, dublyaj redaksiyasnın fəaliyyətinə də bir o qədər diqqət yetirilirdi. Kinosevərlər o illərdə dublyaj olunan filmlərin səviyyəsini heç bir vaxt unutmurlar. Çünki məhz həmin illərdə filmlərimizdən tanıdığımız, sevdiyimiz ifaların əksəriyyətinin səs imkanlarını dublyaj olunan filmlərdə də görürük və çox vaxt bu səs sahiblərinin səsinin ahənginə yığışırıq. O da təsadüfi deyil ki, 1960-1980-ci illərdə dublyaj olunmuş filmlərdə bu dəyərlər əsas götürüldüyündən peşəkar səsləndirmə filmlərin təsir gücünü daha da artırırdı. Amaliya Pənahovanın müxtəlif janrlı filmlərdə səsləndirdiyi Aişə (“Alma, almaya bənzər”), Lalə (“Ürək… Ürək…”), Ağbəniz (“Qızıl uçurum”), Selcan (“Dədə Qorqud”), Balış (“Qanun naminə”), Tanya (“Bizim Cəbiş müəllim”), Əsmər (“Gün keçdi”) və başqa obrazların məlahətli səsi obrazı sevdirir, hətta obrazı oynayan aktrisanın ifasını diqqətdə saxlayır. Bu, səsin möcüzəsidir ki, Amaliya Pənahova öz səsinin işığında tamaşaçılarını bir araya toplayır, onları düşündürür.
1980-ci il…Dramaturq Ilyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” pyesinin motivləri əsasında “Gözlə məni” filminin çəkilişlərinə start verilir. Rejissor Kamil Rüstəmbəyov maraqlı aktyor qrupu ilə çəkilişlərə başlayır. Yenə də önəmli rollardan biri olan Fəxrəndə obrazı Amaliya Pənahovaya həvalə edilir. Film haqqında oxuyuruq: “Filmin sonunda Fəxrəndənin ərinin ardınca çaya girməsi və batması səhnəsi oktyabr ayında çəkilmiş və bu trükü aktrisa Amaliya Pənahovanın özü ifa etmişdir”. Amaliya xanım xatirələrində həmin epizodu belə xatılayır: “Çəkilişləri vaxtı oynadığım Fəxrəndə xanım çayda batmalı idi. Mənim də əynimdə bir neçə qatlı libas, kəmər, parik… O epizodu Qudyalçayda çəkirdik. Özü də oktyabr ayı idi. Qudyalçay da çox iti çaydı. Məni torlarla tuturdular ki, batmayım. Su bumbuz idi. Çox çətinliklə alındı o səhnə, düz üç dubla. Su məni tez-tez yıxırdı. Hər dubldan sonra paltarlarımı, parikimi ocaqda qurudurdular, özüm də maşına qaçırdım, orada bədənimə qaz yağı sürtürdülər ki, soyuqlamayım”.Göründüyü kimi, aktyor sənətinin belə çətinlikləri də var. Və hər aktyor, aktrisa da belə çətinliklərə tab gətirə bilməz. Ümumiyyətlə aktyor çətin tryuklardan imtina edə bilər, bu, onun haqqıdır. Ancaq həmin tryuklara çəkilə də bilər.Amaliya Pənahova elə aktrisalardandır ki, obrazın təbii alınması üçün bütün çətinlilkləri öz öhdəsinə götürə bilərdi, götürürdü də…
Son illər aktrisanı kino ilə bağlı narahat edən məqamlar da vardı, müsahibələrində bu barədə deyib: “Artıq kinoda milli mənsubiyyətimizdən kənara çıxdığımızı görürəm. O filmlərdə sevdiyimiz sənətkarları görmürük. Bunlar çox böyük amildir. Eyni zamanda, bu gün biz kinolarımızda ürəyimizə yaxın mövzuları görmürük. Bəlkə mən geri qalmışam, bütün bunlar inkişafdan xəbər verir. Bizim filmlərimizin öz dəsti-xətti var. Təsadüfi deyil ki, ən çətin dövrdə – 1945-ci ildə “Arşın mal alan” dünyanı zəbt etdi. Niyə? Milli mənsubiyyəti, milli kadrları, fərqliliyi ilə… Biz yalnız bununla maraq kəsb edə bilərik. Muğamımız bütün dünyaya səs salıb, çünki o bizimdir. Kimsə onu bizdən yaxşı ifa edə bilməz. Həmçinin kinomuz da, teatrımız da belə olmalıdır. Bizdə olan istedad, enerji başqa xalqlarda yoxdur. Bizi sevənlər azdır və təbliğ edənlər yoxdur. Kinomuzu milli mənsubiyyətə, milli kökə söykənən, milli kadrlarımızla tanıtmalıyıq”. Bu, peşəkar bir aktrisanın, istər teatrda, istərsə də kinoda SÖZ demək gücünü göstərmiş sənətkarın ölümündən qabaq sənətlə bağlı keçirdiyi narahatçılıqlar idi…Amaliya Pənahova sənət üçün yaranmış, sənət üçün doğulmuş bir insan taleyini yaşadı, onlarla obrazları tarixin yaddaşına həkk etdi, özündən sonra bir iz qoydu, davamçıları həmin izlə addımlayır.
O, elə aktrisa doğulmuşdu, onu başqa sahənin adamı kimi görmək mümkün deyildi, özü də bu fikirdə idi: “”Mən aktrisa olmaq üçün dünyaya gəldim. İllər keçdikcə buna daha çox əmin oluram. Hərdən özümə sual verirəm: ola bilərdimi, başqa sahədə işləyim? İnanın, bunu təsəvvürə gətirmək qeyri-mümkündür. Görünür, hər bir adamın taleyi, eləcə də sənəti, hələ dünyaya gəlməzdən əvvəl müəyyən olunur”…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…