Doğrudanda hər bir şeirin öz tarixçəsi, öz doğum günü olur. Elə hadisələr var ki, insanın diqqətindən qaçmır. Onu haldan-hala salır, vücudunu titrədir. Gah ağladır, gah da sevindirir. Şairin xoşbəxtliyi ondadır ki, o gördüyü hadisədən təsirlənirsə əvvəlcə bu hal həyatının bir parçasına, sonra isə mütləq bir şeirə çevrilir. Mənim də “Ana dedim”şeirim anaların möhtəşəmliyindən vəcdə gələrək yazılıb. Bu şeiri yazdıqca gözümün önündə anaların nurlu çöhrəsi canlanırdı. Qürurlu,fədəkar analar. Xəyallar məni çox uzaqlara aparırdı. Burla xatun, Möminə xatun, Koroğlunun Nigarı, Natavan. Qəhrəman oğullar böyüdən analarım yada düşürdü. Torpağa tapşırdığımız şəhid anaları! Sinəsi param-parça, bağrı dağım-dağım olan, çəkilməz dərdin qarşısında qürur və ləyaqətlə dayanan analar yada düşürdü. Mənə elə gəlir ki, Azərbaycan xalqının anaları bütün analardan fərqlidirlər. Bilirsiniz niyə? Çünki, onlar zərif çiyinlərində istənilən yükün ağırlığını çəkə bilirlər. Hansı birini deyim. El-obamızda ömür sürən ağbirçək, müdrük analarımızı qeyd eləməsəm özümü bağışlaya bilmərəm. Analarımızın övladlarına verdiyi mükəmməl, sevgiylə dolu üz ağardıcı tərbiyələri göz qabağındadır.Vətənimizə minlərlə layiqli, namuslu, istedadlı övladlar bəxş edib analarımız. Bu möhtəşəmlik analarımızın möcüzəli qüvvəsidir. Bax elə bu cür sevimli, mehriban analar, mənə “Ana dedim”şerini yazmağa sevgi dolu yol göstədi. Bu şeirim dəfələrlə qəzet və jurnallarda, Türkiyə mətbuatnda,kitablarda dərc olundu. Mən fəxr edirəm ki, bu şeirimin səbəbkarı varlığımın qürur yeri olan, adı hər birimizin könlündə heykəlləşən analara həsr olunub.
ANA DEDİM
Ana dedim, anam hey…
Əks sədaya döndü ana kəlməsi.
Ana dedim, anam hey…
Haya gəldi Dədə Qorqud nərəsi.
Ana dedim,
Analarım boylandı.
Oğul deyə,
Nigar ana,
Eyvazının nər boynuna dolandı.
Ana dedim,
At belində Həcər çıxdı qarşıma.
Bu yerişdən, bu duruşdan
Qüvvə gəldi
Torpağıma, daşıma.
Ana dedim,
Ağbirçəklər ocaq çatdı həyətdə.
Dədə yurdu cana gəldi,
Gülümsündü həyət də.
Ana dedim,
Analarım için-için ağladı.
Gəlməz oldu oğulları,
Analarım ağı deyib,
Bu yolları dağladı.
Dar ayaqda,
Dözüm oldu, hünər oldu analar.
Bərkdən keçdi, boşdan keçdi,
Bu yollarda,
Dözümüylə,
Heykəlləşdi analar.
Ana dedim,
Baharlaşdı yer üzü.
Qoynun açdı,doğmalaşdı bu torpaq.
Ana dedim,
Dağlar verdi əlini,
Gözümüzdə analaşdı bu torpaq.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…