Azərbaycanda Novruz bayramı ölkə səviyyəsində və təmtəraqlı şəkildə ilk dəfə 1967-ci ildə keçirilib. Dövrün qadağalarına baxmayaraq Novruz bayramının rəsmi səviyyədə qeyd olunmasında yazıçı-dramaturq, Azərbaycan KP MK-nın ideologiya məsələləri üzrə katibi Şıxəli Qurbanovun rolu danılmazadır.
Ədəbiyyat və İncəsənət arxivini direktoru Maarif Teymur xatirələrində yazır ki, həmin gün iri bir tonqal qalanmışdı. Bahar qız – aktrisa Səfurə İbrahimova bu obrazı çox gözəl canlandırmışdı. Aktyorlar Fərəc Nağıyev və Əliimran Dəmirov Şirvanski Kosa və Keçəl obrazlarında maraqlı ifa nümayiş etdirmişdilər.
Xatırladaq ki, F.Nağıyev və Ə.Dəmirov uzun illər Xalq teatrında aktyor və rejissor kimi çalışıblar. S.İbrahimovanın isə uğurlu kino həyatı məhz Bahar qız obrazını canlandırdıqdan sonra başlayıb.
1967-ci il martın 20-də başlayan Novruz tədbiri və insanların heç gözləmədikləri halda belə bir milli bayramın keçirilməsində iştirakı və s. bəlkə də davam edə bilərdi. Təəssüf ki, növbəti ildə – 1968-ci ildə buna imkan verilməyib.
Novruz bayramı ilə bağlı geniş tədbirlərin keçirilməsinə qadağa qoymaq, hələ hər şey demək deyildi. Xalqın milli ruhu oyanmışdı, düşüncə tərzi başqa söz deyirdi. Necə ola bilər ki, bir xalqın mənsub olduğu adət-ənənə qadağalara məruz qalır?!
Qeyd etdiyimiz kimi, 1968-ci ildə Novruz tədbiri keçirilməsə də, qələm əhli artıq Novruzdan yazmağa başlamışdı. Və ilk dəfə bu cəsarətli addımı yazıçı, ssenarist İsmayıl Şıxlı nümayiş etdirib.
İ.Şıxlı əsəri 1957-ci ildə, “Ayrılan yollar” əsərinin nəşr olunmasının ardından qələmə almağa başlamış, 1967-ci ildə tamamlamışdır. Əsərdə Azərbaycan xalqının milli oyanış dövrü və ailə-məişət məsələləri də geniş təsvir olunur. 1969-cu ildə yazıçı İsmayıl Şıxlının eyniadlı romanı əsasında rejissor Hüseyn Seyidzadə “Dəli Kür” filmini çəkir. 1970-ci ildə film ekranlara çıxarılır və Moskvada senzura ilə qarşılaşır. Bir çox kadrların çıxarışı ilə nəticələnən filmin taleyi ağır olur.
Yeri gəlmişkən, İsmayıl Şıxlı sadəcə əsərin deyil, eyni zamanda filmin ssenari müəllifi kimi “Dəli Kür” filmində, yəqin ki, Azərbaycan kino tarixində ilk dəfə olaraq Novruz bayramının təsvirini yaradır, filmin bir neçə epizodunda bayram adət-ənənəsini göstərir. Hətta bütün bunları edərkən icazə almağa ehtiyac belə hiss etmir. “Dəli Kür” fimindəki Novruz səhnəsi Şamaxının Dədəgünəş kəndində lentə alınıb. Bu filmdə milli ruhlu yaradıcı insanların bir araya gəlməsi – İsmayıl Şıxlının təkidlə əsərdə Novruzdan bəhs etməsi, Hüseyn Seyidzadənin eyni inadkarlıqla filmdə həmin epizodların çəkilməsi uğrunda mübarizə aparması, həmin illərdə “Azərbaycanfilm” kinostudiyasının direktoru Adil İsgəndərovun filmin çəkilişinə geniş şərait yaratması və beləliklə də Azərbaycan kinosu tarixində ilk dəfə Novruz bayramının “Dəli Kür” filmində canlandırılması dövrə qarşı bir etiraz idi. Filmdə ikinci dərəcəli rol oynayan, buna baxmayaraq at üstündə olan tryuklarda özü çəkilən Muxtar Avşarov bütün çəkiliş prosesindən xəbərdar olub, hətta təzyiqlərin belə şahidi olub. Mərhum xatirələrində bu barədə deyib: “Sovetlər Birliyinin tərkibində yaşayan bir respublikanın öz milli bayramını təmtəraqlı şəkildə qeyd etməsi ağla sığan bir şey deyil. Ancaq Hüseyn Seyidzadə tam cəsarətlə öz filmində- “Dəli Kür”də Azərbaycan xalqının milli bayramı Novruzu çox gözəl bir təmtəraqla çəkərək təqdim etdi. Bir anlıq filmdə rus ziyalısının yumurta döyüşünü xatırlayın. Necə də maraqlı alınıb. Sonralar həmin səhnəni tənqid edənlər çox oldu. Ancaq əsas olan o idi ki, Hüseyn Seyidzadə milli bayramın bütün gözəlliklərini təsvir edə bilmişdi. Doğrudur, Moskvanın diktəsilə filmin dəyərli iki epizodu qəbul olunmadı, ancaq Seyidzadə kimi rejissoru öz əqidəsindən döndərə bilmədilər. Əksinə o, filmə dəvət olunmuş rus aktyorları öz rejissor qanunlarına tabe edərək, onlara yumurta döyüşdürməklə Azərbaycan xalqının milli ruha, milli adət-ənənəyə sadiq qaldığını bir daha sübut etdi”. Filmdə faytonçu Məmmədəlinin(aktyor İsmayıl Osmanlı) bayram haqqında fikirlərinə diqqət edək: Məmmədəli ilə Çernyayevskinin Novruz bayramı barədə söhbəti. Qonaq deyir ki, “niyə belə tələsirsən?”. Məmmədəli cavab verir ki, “bizdə bayram axşamında adət belədir ki, gərək hamı evdə olsun”. Bir kəlimə ilə bayramın necə müqəddəs olduğu göstərilir.
Qeyd edək ki, fimdəki Novruz bayramı ilə bağlı kadrlar – şagirdlərin müəllimlərinə bayram payı gətirməsi, rus müəllimlə yumurta döyüşdürmə, kənd uşaqlarının “Dirədöymə” oynamaları, bacadan şal atmaları və s. sənət nöqteyi-nəzərindən təsirli olduğu qədər də maraqlı alınıb.
1970-ci ildə Azərbaycan kinosu ikinci dəfə Novruz bayramına “Yeddi oğul istərəm” filmində müraciət edir.
Xalq şairi Səməd Vurğunun “Komsomol poeması”nın motivləri, Yusif Səmədoğlunun ssenarisi əsasında çəkilən filmə dövrün görkəmli rejissoru Tofiq Tağızadə quruluş verir. Filmdə Novruz bayramının təsviri maraq doğurur. Kənd camaatı Novruz bayramını qeyd edir, Kosa və Keçəlin müşayiəti şənlik başlayır. Musiqi sədaları altında bayram əhval-ruhiyyəsi başlayır. Hələ Şahsuvarın(Rafiq Əzimov) əlində səməni epizoda daxil olması milli bayrama aid olan nümunələri göstərir.
1980-ci ildə “Azərbaycanfilm” kinostudiyasında “Qızıl uçurum” filmi lentə alınır. İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” povestinin motivləri əsasında çəkilən filmə rejissor Fikrət Əliyev quruluş verir. Bu filmdə də Novruzla bağlı epizod təsvir olunub.
Xatırladaq ki, Fikrət Əliyev də milli ruhlu rejissorlardan bir olub və filmlərində milli adət-ənənələrə geniş yer verib. Rejissor xatirələrində yazır: “Filmi çəkən rejissorun əqidəsi, mənəviyyatı və daxili dünyası necədirsə, bu onun filmlərində mütləq özünü büruzə verməlidir. Bəlkə də bu səbəbdən çəkdiyim filmlərdə Novruz və digər adətlərimiz öz əksini tapıb”.
1989-cu ildə Sabir Məmmədovun ssenarisi əsasında rejissor Rafiq Yüzbaşov “Novruzun çələngi” adlı sənədli film çəkir. Filmdə yenidənqurma dövründə – 1989-cu ildə Azərbaycanda Novruzla əlaqədar keçirilən ümumxalq şənlikləri lentə alınıb. 1989-cu ildə Alla Axundovanın şeirlərinin motivləri əsasında çəkilən qısametrajlı cizgi filminə rejissor Ağanağı Axundov quruluş verir. Cizgi filmində Azərbaycan xalqının ən əziz bahar bayramı günlərində şən və hiyləgər Keçəllə xəsis Kosanın başına gələn məzəli əhvalatlardan poetik və əyləncəli şəkildə söhbət açılır.
1995-ci ildə Vüqar Tapdıqlı və Sadıq Elcanlının ssenarisi əsasında rejissor Rəhim Sadılqbəyli “Novruz” sənədli filmini çəkir. Rejissor filmin süjetini 4 xətt üzrə bölür ki, bu xətlər də qeyd olunan çərşənbə axşamları ilə bağlıdır: Su, külək, torpaq, od çərşənbələri.
Xatırladaq ki, film müşahidə xarakteri daşıdığına görə Novruz bayramıyla bağlı olan hazırlıqlar Azərbaycanın ayrı-ayrı bölgələrində lentə alınıb. Və hər bölgədə bayram qabağı xüsusi tədbirlər görülməsi, milli adət-ənənələrin həyata keçirilməsi filmdə öz əksini tapıb. Maraqlı məqamlardan biri də odur ki, bəlkə də ilk dəfə bu filmdə baharın gəlişi, bahar qızının simasında yox, ağ atın üstündə ağ libasda olan oğlan görkəmində verib. Filmin sonunda isə bahar ab-havası Bakıya, İçərişəhərə gəlib çatır, burada bayram tədbirləri keçirilir, milli rəqslər oynanılır və hər evdə bayram süfrələri, xonçaları düzülür. Bu məqalədə Novruz bayramına Azərbaycan kinosunda olan münasibət, müraciət və əlbəttə ki, əsasən SSRi dövründə olan münasibəti diqqətinizə çatdırdıq. O dövrün insanları həyatları bahasına Novruz bayramından bəhs ediblər, milli bayramın məhv olunmasına qarşı çıxıblar. Çox təəssüflər olsun ki, müstəqil Azərbaycanın kinosunda Novruz milli bayramını çəkmək üçün geniş imkanlar olsa da, nədənsə buna dövlət səviyyəsində diqqət ayrılmadı…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…