…”Sevinirəm ki, həyata gəlmişəm və doğru ömür sürmüşəm. Əsas odur ki, ömrüm faydalı olub. Həyatım elə dolğun keçir ki, hələ geriyə baxmağa, hansısa yaş dövrü üçün darıxmağa vaxtım yoxdur. Onu da deyim ki, hədiyyə almaqdan çox, hədiyyə verməyi xoşlayıram. Ancaq bu gün gül-çiçək versələr böyük məmnuniyyətlə qəbul edərəm” deyən Azərbaycanın görkəmli teatr və kino aktrisası, “Şöhrət” və “Şərəf” ordenli, Xalq artisti, sənətşünaslıq doktoru, professor, Avropanın əməkdar elm və mədəniyyət xadimi Amaliya Pənahovanın ad günüdür, yaşasaydı 77 yaşını qeyd edəcəkdi…
İnsan ömrünü 73 ilə sığdırmaq, ömür yükünün karvanını bu illərlə bərabər irəli aparmaq, görülən və ya görülməyən, sadəcə planlaşdırılan işlər və daha nələri yaşamaq o qədər də asan olmasa da, çətin də deyil.
Amaliya Pənahova məhz o insanlardandır ki, həyatı dəyərləndirməyi, ömrün-günün hər saatından, dəqiqəsindən səmərəli istifadə etməyi, verilən ömrü doya-doya yaşamağı bacarırdı. Bu baxımdan da o, 73 illik ömrünün hər saatını dəyərləndirdi. İctimai fəaliyyətilə, yaradıcılığı ilə, ailəsilə və özündən sonrakı nəslə də bu yolda irəliləməyə imkan yaratdı.
O, keçdiyi sənət yolu haqqında deyirdi ki, rus dilində təhsil aldığı üçün Moskvaya getmək istəsə də, valideynləri icazə verməyib: “Orada Kinematoqrafiya institutuna daxil olmaq istəyirdim, icazə vermədilər. 5-10-cu sinfə qədər məni heç bir dərnəyə qoymadılar, amma televiziya və radioda “Bənövşə” uşaq xoru açılmışdı. 1958-59-cu illər idi, 5 il getdim oxudum, solist oldum. Sonra bu, mənə teatrda kömək oldu. Teatrda 15-ə yaxın mahnı oxudum”.
1964-cü ildə tələbə bir qızın ilk dəfə səhnəyə çıxması və geniş auditoriya tərəfidən qəbul edilməsi bir təsadüf deyil, əksinə alın yazısı, qismət idi, ilk uğurlu sənət addımları idi.
Amaliya xanım deyirdi ki, 18 yaşımda məşhurlaşıb: “Bir gecədə bütün Azərbaycan məni tanıdı. Amma heç vaxt şöhrətimdən istifadə etmədim. Sənətdə gərək qısqanclıq olsun. Hər zaman arzulamışam ki, səhnədə tərəf müqabilim məndən güclü olsun. Onda çalışıram ki, ondan da yaxşı olum, beləcə sənət yaranır. Rəqabət sağlam olmalıdır”.
A.Pənahova Azərbaycan səhnəsinə yeni nəfəs gətirdi, oynadığı obrazların daxili psixoloji dünyasını aşkara çıxararaq, onu tamaşaçılar üçün daha da aydın etdi.
Onun oynadığı obrazlar – (Nərmin (“Unuda bilmirəm”), Nargilə (“Sən həmişə mənimləsən”), Şahnaz (“Mahnı dağlarda qaldı”), Nurcahan (“Mənim günahım”), Təhminə (“Təhminə və Zaur”) və b.) yaratdığı qadın personajları faciə və komediyanın vəhdətində formalaşır, bir yenilikçi kimi dünyaya müraciət edir. Ən önəmlisi isə Amaliya xanımın qadın personajları öz məğrurluğu ilə seçilir və hər birinin cəmiyyətdə öz mövqeyi var.
Aktrisa öz dövründə sənət nöqteyi-nəzəzrindən səs-küy yaradan “Təhminə və Zaur” tamaşası ilə danışarkən demişdir ki, tamaşada baş rolları Fuad Poladovla mən ifa edirdim və biz o yüksək sevgi səhnələrini çox estetik şəkildə canlandırmışdıq, bununla heç kəsin duyğularını qıcıqlandırmamışdıq. Hər dövrün tamaşaçısının öz zövqü, öz dünyagörüşü var.
Sənətə gəldiyi gündən ömrünün sonunanadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaratmış, Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi xarakterik, ziddiyyətli obrazlara imza atmış aktrisa, eyni zamanda bacarıqlı rejissor kimi də özünü sınamış, 43 illik sənət fəaliyyəti dövründə bir çox televiziya və teatr tamaşasına quruluş vermişdir. Həmin tamaşaların (İlyas Əfəndiyevin “Mənim günahım”, M.Muradın “Təkan”, M.Qurbanovun “Sənsiz”, O.Altunbayın “Tomris”, A.Məmmədovun “Dəli Domrul” və s.) çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır.
Teatrla bərabər, eyni vaxtda kinoda da müxtəlif xarakterləri canlandıran maliya Pənahova 30-a yaxın filmdə bir-birindən maraqlı rollar oynayıb. “Qərib cinlər diyarında”, “Babək”, “Həyat bizi sınayır”. “Xatirələr sahili”, “Səmt küləyi”. “Mezozoy əhvalatı”, “Gözlə məni, “Mən mahnı bəstələyirəm və s. lirik-psixoloji ekran personajları yaradıb. Bundan başqa, aktrisanın müxtəlif janrlı filmlərdə səsləndirdiyi Aişə (“Alma, almaya bənzər”), Lalə (“Ürək… Ürək…”), Ağbəniz (“Qızıl uçurum”), Selcan (“Dədə Qorqud”), Balış (“Qanun naminə”), Tanya (“Bizim Cəbiş müəllim”), Əsmər (“Gün keçdi”) və başqa obrazlar da məhz onun səsi ilə tamaşaçı auditoriyasında maraq yaradıb.
Amaliya xanım aktrisa kimi səhnədə nə qədər çox çılğın, ehtiraslı, yeri gələndə təmkinli və fədakar idisə, pedaqoq kimi sənətin sirlərini öyrətməyin təbliğatçısı idi. Dublyajda obrazın səsinə nə qədər çox rəng qatırdısa, rejissor kimi müraciət etdiyi əsərlərə olan baxışında bir o qədər təbii idi. Çünki hər bir hekayənin arxasında insan taleyi olduğuna inanırdı və ona da inanırdı ki, bütün hekayələr bir-birinə oxşar olduğu qədər də, bir o qədər də müxtəlif dünyagörüşünə malikdirlər.
1992- ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb etmiş və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaratmışdır.
Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş və dərs dediyi tələbələrin əksəriyyətin Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərmək üçün geniş şərait yaratmışdır.
2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olub. Millət vəkili kimi sadəcə sənət təbliğatı deyil, eyni zamanda vətənpərvərlik, millətçilik ruhunda olan çıxışlarıyla da həmkarlarından daima seçilib.
O, bir sənət günəşi idi, sənət üçün yaranmış, sənət üçün doğulmuş bir insan taleyini yaşadı, onlarla obrazları tarixin yaddaşına həkk etdi, özündən sonra bir iz qoydu və davamçıları hazırda həmin izlə addımlayır…xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…