Aprelin 26-da Bakı Bələdiyyə Teatrının kollektivi həyəcan qarışıq böyük bayram əhval-ruhiyyəsində idi…
Xalq artisti, rejissor Marahim Fərzəlibəyovun Türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun eyniadlı hekayəsi əsasında səhnələşdirdiyi Ana tarla” tamaşasını geniş tamaşaçı auditoriyasına təqdim edirdi.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində baş tutan, “Heydər Əliyev ili” çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə həyata keçirilən premyerada görkəmli ictimai xadimlər, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəlikləri, tanınmış mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri iştirak ediblər.
Tədbirin açılışında çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, bu il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur: “Ulu öndər Heydər Əliyev mədəniyyət və incəsənət nümayəndələrinə – yazıçılara, şairlərə, rejissorlara, aktyorlara, rəssamlara, bəstəkarlara böyük diqqət və qayğı ilə yanaşıb. Bu münasibət təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmırdı, həm də digər ölkələrin incəsənət nümayəndələrinə, o cümlədən türk dünyasının xadimlərinə şamil edilirdi. Onlardan biri də bu il 95 illik yubileyi qeyd olunan qırğız xalqının qüruru, Türk dünyasının böyük yazıçısı, ictimai-siyasi xadim Çingiz Aytmatov olub”.
G.Əfəndiyeva, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən danışaraq təşkilatın Türk dünyasının zəngin mədəniyyətini öyrəndiyini, qoruduğunu və dünyada təbliğ etdiyini vurğulayıb: “2018-ci ildə Azərbaycanda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun tərəfindən Çingiz Aytmatovun 90 illiyi təntənəli şəkildə qeyd olunub. Həmin tədbir çərçivəsində Qırğızıstanın incəsənət xadimləri Aytmatovun “Cəmilə” hekayəsi əsasında tamaşa təqdim ediblər”.
Çıxışın sonunda G.Əfəndiyeva Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru Aynur Muxtarovaya, teatrın kollektivinə, tamaşanın quruluşçu rejissoru, Xalq artisti Marahim Fərzəlibəyova öz təşəkkürünü bildirib.
Qırğızıstan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Taalatbek Masadıkov öz çıxışında qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur.
T.Masadıkov Heydər Əliyevin Azərbaycan xalqının və bütün Türk dünyasının böyük oğlu olduğunu vurğulayıb: “Heydər Əliyev şəxsiyyətinin böyüklüyü zaman keçdikcə bizim tərəfimizdən daha çox dərk olunur. Bu gün biz siyasət aləminin patriarxına, tarixin gedişatına təsir edən iradəli şəxsiyyətinə heyranlıqla baxırıq”.
Çingiz Aytmatovun yaradıcılığından danışan Taalatbek Masadıkov qeyd edib ki, böyük qırğız yazıçısı bütün dünyada Türk dünyasının ən görkəmli mədəniyyət xadimlərindən biri kimi geniş tanınır, onun türk mədəni irsinə verdiyi töhfənin dəyəri ölçülməzdir: “Aytmatovun əsərləri qırğız xalqının ənənələrinə və tarixinə kök salmışdır. Əsərləri dünyadakı oxuculara rezonans doğuran universal sevgi, itki və insanlıq mövzularını aşılayır. Aytmatovun ənənəvi Qırğız mədəniyyətini müasir ədəbi formalarla birləşdirmə qabiliyyəti ona beynəlxalq tanınma qazandırdı. Bu gün Aytmatovun irsi yeni nəsil yazıçı və rəssamlara İlham verməkdə davam edir, onun türk mədəni irsinə təsiri şübhəsiz ki, gələcək nəsillər üçün də davam edəcək”.
Qırğızıstan Respublikası Prezidentinin xüsusi nümayəndəsi xüsusi tapşırıqlarla tədbirin təşkilinə görə Günay Əfəndiyevaya, həmçinin Bakı Bələdiyyə Teatrının yaradıcı kollektivinə minnətdarlığını bildirib.
Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonəliyev isə öz çıxışında vurğulayıb ki, ulu öndər Heydər Əliyev Çingiz Aytmatovu həm yazıçı, həm də görkəmli ziyalı şəxsiyyət kimi yüksək qiymətləndirib: “Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün uğurla davam etdirilir: “Azərbaycanda daxili sabitlik, xalqla iqtidar arasında möhkəm birlik var, iqtisadiyyat möhkəmlənir. Mədəniyyət və ictimai həyatın digər sahələri inkişaf edir. Qırğızıstan ilə Azərbaycan arasında 30 illik diplomatik münasibətlər ərzində güclü qardaşlıq əlaqələri qurulub”.
Daha sonra Çingiz Aytmatovun qızı Şirin Aytmatovanın videomüraciəti qonaqların diqqətinə çatdırılıb. Videomüraciətdən sonra Bakı Bələdiyyə Teatrının “Ana tarla” tamaşası nümayiş olundu.
Ç.Aytmatovun “Ana tarla” əsəri bir qadının faciəsidir, bir ananın fəryadıdır. Ancaq onun üzündə milyonlarla ananın taleyi, ağrısı, əzabı var. Bu, müharibə, insanın və doğma torpağın gücü haqqında bir hekayədir.
Əsərin əsas qəhrəmanlarından biri olan Tolqanay doğma torpağına dərindən bağlıdır. Bütün həyatı burada keçib, burada sevimli həyat yoldaşı – Suvankul ilə tanış olub, bu torpaqda üç oğul – Qasımı, Masılbeki və Caynakı böyüdüblər.
Tolqanay və ailəsi sadə həyat tərzi keçirir, öz zəhmətləri ilə yaşayırlar. Müharibənbin başlanması onların həyat tərzini dəyişdirir. Müharibə onun sevimli həyat yoldaşını və oğullarını əlindən alır…Və Tolqanay göz yaşları içindi dərdini Ana torpağa danışır, torpaqla təsəlli tapır.
Bakı Bələdiyyə Tetarının aktyorlarının ifasında olan duyğu yükü, müharibə ağrı-acıları və sabahlara olan inam o qədər təbii verilir ki, tamaşaçı səhnədə baş verənləri xəyalı vasitəsilə sanki həmin dövrə səyahət edir, qəhrəmanların yaşantılarına şərik olurdular.
“Ana tarla” tamaşası Xalq artisti Marahim Fərzəlibəyovun növbəti rejissorluq uğurudur. Tamaşada olan yeni formalar, maraqlı teatr dili, stilistika və konsepsiya diqqəti cəlb edir və tamaşaçıları düşündürdüyü qədər də, eyni zamanda nəticə çıxarmağa səsləyir.
Yeri gəlmişkən, Çingiz Aytmatov “Ana tarla” əsərini 1963-cü ildə yazıb. 60-70-ci illərdə bu hekayə öz aktuallığı ilə seçilib.
Mahiyyətcə, hekayədə iki qəhrəman var: Ana və Çöl. Onlar daimi dialoqda olurlar və hekayənin sonunda sanki vahid şəxsiyyətdə birləşirlər. Ana tarla kimi parlaq və səxavətlidir. Tarla – həyat verən və bu həyatı Ana kimi qoruyan! Sahə qırğız qadını Tolqanayın daxili mahiyyətidir. Onun bütün həyatı meydanda keçir.
Tolqonayın başına bir-birinin ardınca gələn bəlalar düşür: yaxınlarının itkisi, kişilərin çiyninə düşən iş, quldurlarla döyüş. Amma biz artıq bilirik ki, Tolqonay yer kimi ölməzdir və nə olursa olsun, tab gətirəcək.
Mövzu bu gün də öz aktuallığını qoruyub saxlayır və Tolqanayın timsalında müharibədə öz yaxınlarını itirən bütün qadınların faciəsi diqqətə çəkilir.
Tamaşa boyunca Qarabağ müharibəsi qəhrəmanları və onların igid, mərd oğullarını böyüdən güclü xarakterli anaları görürük…
Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan səhnə əsərinin sonunda Bakı Bələdiyyə Teatrının yaradıcı kollektivi gül-çiçək yağışına qərq oldu, alqış sədaları bitmək bilmədi…
Tamaşanı səhnələşdirən və quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssam Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, plastik səhnələri quruluşu Əməkldar artist Bəhruz Vaqifoğlu, musiqi hissə müdiri Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərla Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğludur. Əsərin tərcüməsi Teymur Elçinə aiddir.
Tamaşada iştirak edirlər:
Tolqanay – Hüsniyyə Mürvətova (Əməkdar artist)
Suvankul – Rəşad Kəsəmənli
Qasım – Tural Əhməd
Masılbek – Namiq Cavadov
Caynaq – Elçin Muradov
Aliman – Ülviyyə Rza
Usanbay – İsmayıl Atakişiyev
1-ci sünbül – Zülfiyyə Məmmədova
2-ci sünbül – Günel Həmidova
3-cü sünbül – Aynur Abbasova
4-cü sünbül – Arzu Ağayeva
Aişə – Səmayə Sadıqova(Əməkdar artist).
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…