“Cənub Qaz Dəhlizi” ilə TAP layihələri müzakirə edilib

15 İyul 2016 11:45

Xəbər 902 dəfə oxunub

ABŞ Dövlət Departamentinin beynəlxalq energetika üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Xoçsteyn Afinada Yunanıstanın məhsuldar istehsal, ətraf mühit və enerji naziri Panos Skurletis ilə görüşündə Azərbaycanın təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” və onun tərkib hissəsi olan “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihələrini müzakirə edib. Azərtac “ria.ru”ya istinadla xəbər verir ki, görüşdə Yunanıstanın Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinin özəlləşdirilməsi barədə də fikir mübadiləsi olub. Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi” (Southern Gas Corridor – SGC) dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Bu zəncirin halqalarını isə – “Şahdəniz-2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG), Trans-Anadolu (TANAP) və TAP qaz boru kəmərləri layihələri təşkil edir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır. “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub. Boru kəmərinin uzunluğu 871 kilometr (Yunanıstan – 547 kilometr, Albaniya – 211 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya – 8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə – 36 düym). Bu il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. Mayın sonlarına kimi layihə üzrə iş həcminin 19,5 faizi yerinə yetirilib və ümumilikdə 877 milyon avro həcmində sərmayə qoyulub. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. TAP üzrə tələb olunan kapital xərcləri 5 milyard dollardır. Boru kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur. TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz). Xatırladaq ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66 faizinin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 milyon avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaradılması ehtimalı ilə bağlı narahatlığını ifadə etmiş və araşdırmalara başlanıb. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq DESFA-nın 17 faizini digər şirkətə, yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar.xeber100.com

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə yeni maddə əlavə edilir

Əmək Məcəlləsinə işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə ilə bağlı maddə əlavə edilir. Bu məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 17-də keçirilən iclasının gündəliyinə daxil edilib. Qanun layihəsinə əsasən, kommersiya hüquqi şəxsin təsisçisinin (iştirakçısının) və ya onun verdiyi səlahiyyət əsasında işəgötürənin təşəbbüsü ilə işçiyə güzəştli şərtlərlə və ya ödənişsiz əsasla müəssisənin paylarının (səhmlərinin) verilməsi və ya gələcəkdə onları əldə etmək (almaq) hüququnun tanınması ilə bağlı məsələləri tənzimləyən ayrıca müqavilə imzalamaq mümkün olacaq. Sənədə, həmçinin 7-1-ci və 76-1-ci maddələr əlavə edilir. Təsisçi və ya işəgötürənlə işçi arasında bağlanan işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə payların (səhmlərin) işçinin tam mülkiyyətinə keçməsi üçün aşağıdakı xüsusi şərtlərdən biri müəyyən edilə bilər: - zamana əsaslanan şərt: tərəflər arasında müəyyən edilmiş müddət ərzində işçinin işəgötürənləəmək münasibətlərində olması şərtilə paya (səhmə) olan hüququnun hissə-hissə və ya müddətin sonunda tam qüvvəyə minməsi; - hədəfə əsaslanan şərt: işçinin və ya kommersiya hüquqi şəxsin fəaliyyətində müəyyən hədəflərə nail olunması şərtilə paya (səhmə) olan hüququnun qüvvəyə minməsi. - Tərəflər işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə bu Məcəllənin 76-1.1-ci maddəsinə uyğun olaraq, əmək münasibətlərinə xitam verilməsi əsaslarından asılı olaraq paya (səhmə) olan hüquqlarının əldə edilib-edilməməsi nəticələrini müəyyən edə bilərlər.xeber100.com

İyun 17, 2026 13:02

Hörmüz boğazından xam neft və yanacaq axını 6 milyon barel azalıb

Fevralın sonlarında Yaxın Şərqdə münaqişə başlayandan sonra ilin birinci rübündə Hörmüz boğazından xam neft və yanacaq axını gündəlik təxminən 6 milyon barel azalıb. Bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Münaqişə dövründə Körfəzdən yalnız məhdud sayda tanker çıxa bilib. Baxmayaraq ki, bəzən gərginlik yenidən alovlanır, aprelin əvvəlindən bəri atəşkəs qüvvədədir. Lakin ABŞ və İran fikir ayrılıqlarının həllində və sülh təklifi ilə bağlı razılığa gəlməkdə heç bir əhəmiyyətli irəliləyiş əldə etməyiblər. Bu, Hörmüz boğazının faktiki olaraq bağlı qalması ilə nəticələnib və qlobal müştərilərə vacib enerji təchizatı dayandırılıb. “Bloomberg News”un peyk görüntülərinə istinadən yaydığı məlumata görə, İranın əsas ixrac mərkəzi olan Kərk adası terminalındakı neft yükləmə limanlarının ötən gün boş qaldığı bildirilir. Peyklərin terminalda fəaliyyət aşkarladığı ardıcıl dördüncü dövr ərzində də ərazidə heç bir tanker görünməyib. Beynəlxalq Enerji Agentliyinə görə, Yaxın Şərqdəki münaqişə bu gün bitsə belə Hörmüz boğazından axınların normal vəziyyətə qayıtması üçün aylar lazım olacaq və enerji bazarı oktyabr ayına qədər ciddi təchizat kəsiri ilə üzləşəcək. Yaxın Şərqdəki münaqişə, həmçinin qlobal neft ehtiyatlarının rekord səviyyədə azalmasına səbəb olub. Münaqişənin başlanğıcından bəri ümumilikdə 1 milyard bareldən çox neftin bazardan çıxarıldığı və Körfəz ölkələrində ümumi istehsalın gündəlik 14 milyon bareldən çox azaldığı bildirilir. Beynəlxalq Enerji Agentliyi enerji böhranını idarə etmək üçün mart ayında strateji neft ehtiyatlarından rekord səviyyədə istifadə olunacağını açıqlamışdı. Ümumilikdə 400 milyon barel neftin istifadəsi nəzərdə tutulur. Bundan başqa, açıq dənizdə Rusiya neftinin alınmasına icazə verən ABŞ-nin sanksiyalarına qoyulan güzəşt bu həftə sonu başa çatacaq. Bu, Rusiya neftinin ən böyük alıcılarından biri olan Hindistandakı neft emalı zavodlarını xüsusilə həssas vəziyyətə sala bilər. Belə ki, Cənubi Asiya ölkəsi bu ay rekord səviyyədə neft idxal edib. Qeyd edək ki, Hörmüz boğazının bağlanması qlobal neft tədarükünün təxminən 20 faizinə təsir edib. Boğazdan keçən gəmilərin hərəkəti ABŞ-İran müharibəsindən əvvəlki səviyədən təxminən 95 faiz aşağı olaraq qalmaqdadır. Hörmüzün bağlanması, eyni zamanda, gündəlik 10 milyard kubfutdan çox LNG-nin azalmasına və ya qlobal tədarükün təxminən 20 faizinə təsir göstərib.xeber100.com

May 14, 2026 13:07

Ərəb Neft İxrac Edən Ölkələr Təşkilatının məlumatına görə…

Yaxın Şərqdə təchizat kəsintilərinə baxmayaraq, ilin birinci rübündə qlobal miqyasda mayeləşdirilmiş təbii qaz (LNG) ixracı 3,8 faiz artaraq 112,2 milyon tona çatıb. Bu barədə yayıb. Bildirilir ki, ABŞ-İran münaqişəsi və Hörmüz böhranı fonunda rüb ərzində qlobal LNG ixracı artmağa davam edib, Yaxın Şərqdəki istehsal itkilərini ABŞ və Kanadada artan hasilat kompensasiya edib, Avropada LNG tələbatı ikirəqəmli artım göstərib, Asiyada isə məhdud artım müşahidə olunub. Belə ki, birinci rübdə ABŞ-nin LNG ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,2 faiz artaraq 32,3 milyon tona çatıb. Bu artımla ölkənin qlobal LNG ticarətindəki payı tarixi göstəriciyə - 28,8 faizə yüksəlib. Avstraliyanın ixracı eyni dövrdə 5,4 faiz artaraq 19,9 milyon tona çatıb. Qətər LNG qurğularına edilən hücumlar səbəbindən sıralamadakı mövqeyini itirib. Birinci rübdə ölkənin LNG ixracı 33,2 faiz azalaraq 14,7 milyon tona düşüb. Birləşmiş Ərəb Əmirliklərində isə ixrac 39,6 faiz azalaraq 970 min ton olub. Hesabat dövründə Rusiyanın LNG ixracı 8,3 faiz artaraq 8,9 milyon tona çatıb. Rüb ərzində Asiya bazarında LNG idxalı 1 faiz artaraq 66,9 milyon tona yüksəlib. Çin, Yaponiya, Koreya Respublikası və Tayvanın ümumi idxalı 0,6 faiz artaraq 51,74 milyon tona çatıb, Çinin idxalı isə 6,3 faiz azalaraq 14,4 milyon tona düşüb. Bu azalmaya daxili istehsalın artması, Rusiyadan boru kəməri ilə qaz tədarükü və yenilənmiş ixrac trendi təsir edib. Yaponiyanın idxalı 18,2 milyon ton olmaqla sabit qalıb, Koreya Respublikasının idxalı isə 6,9 faiz artaraq 13,4 milyon tona yüksəlib. Böyük Britaniya və Türkiyə də daxil olmaqla, birinci rübdə Avropa bazarında LNG idxalı 11,1 faiz artaraq təxminən 40 milyon tona çatıb. Regionun qlobal LNG tələbatındakı payı 35,1 faiz olub. Avropa İttifaqına üzv ölkələrin LNG idxalı isə 12 faiz artaraq 28,3 milyon tona yüksəlib. “Köhnə qitədə” soyuq hava şəraiti və saxlama tutumunun azalması ilə nəticəsində LNG-nin ümumi təbii qaz idxalındakı payı 50,6 faizə çatıb.xeber100.com

May 4, 2026 14:03