“Türk ədəbiyyatının inciləri” toplusunun təqdimatı keçirilib

9-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin müvafiq sərəncamı ilə nəşr edilmiş “Türk ədəbiyyatının inciləri” toplusunun təqdimatı keçirilib. Tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru Kərimulla Məmmədzadə “Türk ədəbiyyatının inciləri” adlı toplu haqqında məlumat verib, burada bütün türkdilli dövlətlərin görkəmli şair və yazıçıları haqqında məlumatların toplandığını bildirib. Yüz cildlik nəşrin 16 cildinin Azərbaycana həsr olduğunu qeyd edən K.Məmmədzadə burada 183 azərbaycanlı müəllifin əsərinin yer aldığını vurğulayıb. Özbəkistanın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Atabek Ramazanov çıxış edərək yüzcildlik “Türk ədəbiyyatı toplusu”nu bütün Türk dünyası tarixində önəmli bir hadisə kimi dəyərləndirib. Tədbirdə Özbəkistan nəşriyyatının baş redaktoru Muhiddin Amanov sözügedən yüzcildlik nəşr haqqında geniş məlumat verərək sərgidə iştirakından məmnunluq duyduğunu bildirib. Qeyd edib ki, Özbəkistan və Azərbaycan söz, sənət adamları arasındakı əlaqələrin daha da inkişaf etdirilməlidir. Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək dövlətlərimiz arasında mədəni əlaqələrin qurulmasını çox yüksək qiymətləndirib. Sonda TÜRKSOY-un nümayəndəsi Vüqar Novruzoğlu bildirib ki, TÜRKSOY-un məqsədi milli mirasımızı gələcək nəsillərə ötürməkdir və bu cür layihələrin həyata keçirilməsi bu sahədə görülən vacib işlərdəndir.xeber100.com

Noyabr 15, 2023 3:11

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı ensiklopedik nəşr çapdan çıxıb

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə hazırlanan “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” adlı ensiklopedik nəşr çapdan çıxıb. Mərkəzdən bildirilib ki, nəşr 5 dildə - Azərbaycan, özbək, türk, ingilis və rus dillərində işıq üzü görüb. Qeyd olunub ki, 2022-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalanıb, 2022-ci il martın 31-də isə Türkiyə Respublikasının Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının Qərarı ilə qədim muğam- sənət beşiyi olan Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Ensiklopedik-məlumat kitabının hazırlanmasında əsas məqsəd Türk dünyasının mədəniyyət paytaxtı - Şuşa haqqında məlumatları müfəssəl şəkildə bir mənbədə toplamaqdır. Nəşrdə təkcə Şuşanın keçmişi, işğaldan əvvəlki dövrü ilə bağlı deyil, onun azad olumasından sonrakı dövrünə aid məlumatlar da yer alır. Daşkənddəki “Niso Poligraf” nəşriyyatında çap olunan nəşrdə Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtı olan Şuşa haqqında ən vacib faktlar, məlumatlar və fotolar öz əksini tapıb. Nəşrdə “Şuşa İli” və Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələrdən bəhs olunub.xeber100.com

Oktyabr 18, 2023 1:22

İƏT üzvü olan Ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının 6-cı iclası keçirilib

Sentyabrın 22-də Azərbaycan Milli Kitabxanasında İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzvü olan Ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının 6-cı iclası keçirilib. Əvvəlcə Azərbaycan Milli Kitabxanasının 100 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub. Sonra iclasın gündəliyində duran bir neçə məsələ - Azərbaycan tərəfinin təklifi ilə UNESCO-ya müraciətin qəbul olunması, İƏT üzvü olan ölkələrin milli kitabxanaları arasında kitab mübadiləsinin təşkili, İƏT üzvü olan ölkələrin milli kitabxanalarının vahid elektron kataloqunun və elektron kitabxanasının təşkil olunması, İƏT üzvü olan ölkələrin milli kitabxanalarının əsas göstəricilərini əks etdirən bir elektron məcmuənin tərtib olunması və onun hər il yenilənməsi, İƏT üzvü olan ölkələrin milli kitabxanalarının qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi məsələləri ətrafında müzakirələr olub, səsvermə əsasında qərarlar qəbul edilib. Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov gündəlikdə olan bütün məsələlərin vacibliyini qeyd edib, onların həyata keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. O, bildirib ki, görüşlər tez-tez keçirilməli, müzakirələr aparılmalı, təklif edilən layihələr reallaşdırılmalıdır. K.Tahirov 4 milyon 600 min kitab və əlyazmanın saxlandığı 927 kitabxananın Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altındakı ərazilərdə qaldığını, yandırılaraq məhv edildiyini söyləyib. O, 2020-ci ilin dekabr ayında işğaldan azad olunan 10 rayonun kitabxana direktorları adından IFLA (Kitabxana Assosiasiyalarının Beynəlxalq Federasiyası) prezidentinə məktubla müraciət ünvanlayaraq, işğaldan azad olunan regionlardakı vəziyyəti yerində dəyərləndirmələri üçün bir missiya təşkil etmələrini xahiş etdiyini qeyd edib. Cavab məktubunda IFLA prezidenti dağıdılmış kitabxanalarla bağlı məlumatları UNESCO-dakı həmkarları ilə paylaşdığını yazıb, lakin Kərim Tahirov missiya göndərilməsi ilə bağlı xahişə bu günədək cavab alınmadığını söyləyib. O, hərbi konfliktlər zamanı mədəni irsin məhv edilməsini yolverilməz adlandıraraq, İƏT üzvü olan ölkələrin milli kitabxanaları adından UNESCO-ya birgə müraciət göndərilməsini təklif edib və təklif dəstəklənərək qəbul olunub. Müzakirələr zamanı Qazaxıstan Respublikası Milli Kitabxanasının direktoru, Qazaxıstan Kitabxanalar İttifaqının sədri Bakıtcamal Ospanova İƏT üzvü olan ölkələrin milli kitabxanaları arasında kitab mübadiləsinin təşkili məsələsindən danışarkən fondun yenilənməsi, ədəbiyyat mübadiləsinin həyata keçirilməsi istiqamətində işlərin möhkəmləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva bildirib ki, zəngin kolleksiyaya malik olan Ə.Nəvai adına Milli Kitabxananın çoxsaylı yerli və xarici oxucularını, xüsusən tədqiqatçılarını nəzərə alaraq qeyd edib ki, fond yalnız bədii və incəsənət ədəbiyyatı ilə deyil, eyni zamanda, elmi ədəbiyyatla da formalaşdırılmalıdır. Türkiyə Milli Kitabxanasının baş direktoru Taner Beyoğlu tezliklə reallaşacaq olan yeni layihələrindən - aplikeyşn vasitəsilə müxtəlif ölkələrdən əldə etmək istədikləri kitablarla bağlı siyahıların göndərilməsinin və ədəbiyyatların kitabxanalara çatdırılmasının mümkün olacağından danışıb. Gündəlikdə duran digər məsələ İƏT üzvü olan ölkələrin milli kitabxanalarının vahid elektron kataloqunun və elektron kitabxanasının təşkil olunması məsələsi olub. Hələ ötən iclasda bu məsələyə toxunulduğunu qeyd edən Kərim Tahirov bu işin hələ də yekunlaşmadığını diqqətə çatdırıb. Pakistan Milli Kitabxanasının direktoru Asif İqbal Xan və Tacikistan Respublikası Prezidentinin İcra Aparatının "Milli Kitabxana" Dövlət Müəssisəsinin direktoru Jumakhon Xol ölkələr arasında mədəni sahədə dərin əlaqələrin olmasından danışıb, öz kitabxanaları tərəfindən hər zaman ədəbiyyat və təcrübə mübadiləsinin, həmçinin birgə tədbirlərin həyata keçirilməsinə məmnun olacaqlarını bildiriblər. Kərim Tahirov hər il təşkil edilən beynəlxalq sərgi-yarmarkalara dəvət edilən xarici qonaqların nümayiş üçün gətirdikləri kitabların Azərbaycan Milli Kitabxanasının xarici ədəbiyyat fondunu zənginləşdirdiyini söyləyib, həmçinin ədəbiyyatdan əlavə, mütəxəssislərin də təcrübə mübadiləsi sahəsində əlaqələrin möhkəmləndirilməsinin, qarşılıqlı şəkildə ayrı-ayrı ölkələrin guşələrinin yaradılmasının vacibliyini, qarşılıqlı memorandumların olmasına baxmayaraq, yenə də bu əlaqələrin müxtəlif istiqamətlərdə genişləndirilməsinə çalışılmalı olduğunu bildirib, bütün bunların bilavasitə xarici mədəni siyasətin inkişafı məqsədi daşıdığını qeyd edib. Sonda İƏT üzvü olan Ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının növbəti iclasının 2025-ci ildə Türkiyənin Ankara şəhərində keçirilməsi təklifi iştirakçı ölkələr tərəfindən dəstəklənib və həyata keçirilən işlərin nəzərdən keçirilməsi məqsədilə iclasın ildə 2 dəfə onlayn şəkildə də toplanması barədə qərar qəbul olunub.xeber100.com  

Sentyabr 22, 2023 2:46

“Rəsul Həmzətov – 100” adlı virtual və eyniadlı ənənəvi sərgi təqdim olunub

Tanınmış avar şair, yazıçı, siyasi xadim Rəsul Həmzətovun anadan olmasının 100 illiyi münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Rəsul Həmzətov – 100” adlı virtual və eyniadlı ənənəvi sərgi təqdim olunub. Virtual sərgidə fotolar, Rəsul Həmzətovun müəllifi olduğu kitablar, həmçinin haqqında Azərbaycan və rus dillərində kitab və məqalələr, ənənəvi sərgidə isə mövzu ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının fondunda mühafizə olunan kitablar, ədibin əsərlərinə bəstələnmiş not məcmuələri, tərcümə etdiyi, eyni zamanda ön söz yazdığı kitablar və s. materiallar nümayiş olunur. Qeyd edək ki, 1923-cü il sentyabrın 8-də Dağıstanın Xunzax rayonunun Sada kəndində, şair Sadasa Həmzətin ailəsində dünyaya göz açan Rəsul Həmzətovun ilk müəllimi atası olub. R.Həmzətov ilk şeirini 11 yaşında olarkən yazıb. O, orta məktəbi bitirdikdən sonra pedaqoji məktəbə daxil olub. 1943-cü ildə ilk şeirlər toplusu olan “Sevgi məşəli və acı ədavət” çap edilib. 1945-1950-ci illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda təhsil alıb. 1947-ci ildə isə onun rus dilində ilk şeirlər kitabı işıq üzü görüb. R.Həmzətov Dağıstanın Xalq şairi, Sosialist Qəhrəmanı adlarına, eləcə də Lenin Mükafatı, Rusiya və SSRİ Dövlət Mükafatı, “XX əsrin ən yaxşı şairi” beynəlxalq mükafatına, Asiya və Afrika yazıçılarının Lotos Mükafatına layiq görülüb. O, Dağıstan şairi olsa da, orada böyüyüb başa çatsa da, Azərbaycana çox bağlı olub.xeber100.com

Sentyabr 8, 2023 2:50