Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçiriləcək

Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçiriləcək. Sentyabrın 2-4-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçiriləcək forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində təşkil olunacaq. Mədəniyyət Nazirliyindən bildirilib ki, tanınmış dilçi və ədəbiyyatşünas alimlərin, yazıçı və naşirlərin iştirak edəcəyi forum sentyabrın 2-də Azərbaycan ədəbiyyatına və mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş etmiş Şamaxı şəhərində başlayacaq, sentyabrın 3-4-də isə Bakı şəhərində davam edəcək. Ədəbi-elmi ictimaiyyətin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatın rolu, Azərbaycan dilinin saflığının qorunub saxlanılması, müasir ədəbi proseslər, ölkəmizdə uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri, milli kitab sənayesinin hazırkı vəziyyəti və bu sahəyə dövlət dəstəyi, uşaq və yeniyetmələr arasında mütaliənin təbliği, teatr və kinonun inkişafında ədəbiyyat faktoru və digər istiqamətlərdə diskussiyalar olacaq. Mütəxəssislərin forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Dövlət Proqramında öz əksini tapacaq. Azərbaycan Dili və Ədəbiyyatı Forumunda iştirak etmək istəyən şəxslər avqustun 25-dək Mədəniyyət Nazirliyinin saytında (www.culture.gov.az) qeydiyyatdan keçə bilərlər.

İyul 26, 2023 2:23

Bakı Bələdiyyə Teatrının aktyorları Vaqif Poeziya Günlərində

İyulun 14-də keçirilən Vaqif Poeziya Günlərində Bakı Bələdiyyə Teatrının baş rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov,  Əməkdar atrist Rafiq İbrahimov, aktrisa Ülviyyə Rza, aktyorlardan Tural Əhməd və Toğrul Rza da iştirak edirlər. Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə Vaqif Poeziya Günlərinin açılışı olub. Açılış mərasimində dövlət və hökumət nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, gənc yazıçılar, şairlər iştirak edirlər. Şuşa işğaldan azad olunandan sonra dövlət başçımızın ilk sərəncamlarından biri Şuşada həm “Xarıbülbül” festivalının, həm Vaqif Poeziya Günlərinin keçirilməsi olub. Vaqif Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, həmçinin Natəvanın evi qarşısında, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı, Xarıbülbül və Qarabağ otellərində tədbirlər keçiriləcək. Xatırladaq ki, bu il 100 illiyi qeyd edilən Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra 41 illik tarixi olan Vaqif Poeziya Günləri yenidən öz yurdunda - mədəniyyət paytaxtımızda keçirilməkdədir.xeber100.com

İyul 15, 2023 7:48

“44 günlük müqəddəs müharibənin xronologiyası” adlı kitabın üçüncü cildi işıq üzü görüb

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə töhfə olaraq “44 günlük müqəddəs müharibənin xronologiyası” adlı 3 cildlik kitabın üçüncü cildi işıq üzü görüb. Yüksək poliqrafik üslubda işıq üzü görən 520 səhifəlik bu kitab uzun illərdir Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərın Siyasətinə Dəstək Fondu tərəfindən hazırlanaraq çap edilib. Orta Asiya regionunda Azərbaycan tarixinin, mədəniyyətinin və ədəbiyyatının tədqiqi və təbliği sahəsində səmərəli fəaliyyət göstərən bu Fondun rəhbəri vətənpərvər və xeyriyyəçi Nüsrət Məmmədovdur. Kitabda 44 günlük müharibə ərzində müvafiq dövlət qurumları rəhbərlərinin keçirdikləri brifinqlər, görüşlər, müsahibələr xronoloji ardıcıllıqla verilib. Ulu Öndərimiz Heydər Əliyevin ən böyük arzusu Qarabağı azad görmək idi. Biz, bunu 2020-ci il noyabr ayının 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanını ziyarət edərkən dövlətimizin başçısı orada Azərbaycan xalqına müraciətində dediyi sözlərdən də görürük: -“Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Ona görə də “44 günlük müqəddəs müharibənin xronologiyası” üçcildliyini Ulu Öndərimiz Heydər Əliyev ilinə ərməğan olunub. Kitabın rus dilində çap edilməsi ondan təkcə Türkdilli dövlətlərində deyil, bütün postsovet məkanında istifadə imkanlarını genişləndirəcək. Kitabın Bişkekdə nəşr edilməsi Ulu Öndər Heydər Əliyevin təkcə Azərbaycanda deyil, həm də digər ölkələrdə sevilməsindən xəbər verir.xeber100.com  

İyul 9, 2023 5:00

Bakı Bələdiyyə Teatrı II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında

Xəbər verdiyimiz kimi, İyunun 5-dən 11-dək Bakıda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi. Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM və d.  qurumların dəstəyi ilə keçirilən festival paytaxtın Hüseyn Cavid prospektində, AMEA-nın binasının önündəki parkda təşkil olunmuşdu. Festival çərçivəsində təşkil olunan kitab yarmarkasında müxtəlif nəşriyyatlar iştirak edirdilər. Bundan başqa, parkda qurulan böyük səhnə tədbirlərin keçirilməsi üçün geniş imkan yaradırdı. Hər gün bir ölkənin adı ilə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Macarıstan) adlandırılan tədbirdə eyni zamanda elmi konfranslar, şeir saatları, imza günləri təşkil edildi, tamaşalar nümayiş olundu. Bakı Bələdiyyə Teatrı festival çərçivəsində Xalq artisti, rejissor Marahim Fərzəlibəyovun Türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun eyniadlı hekayəsi əsasında səhnələşdirdiyi Ana tarla” tamaşasını qonaqlara təqdim edib. Tamaşa qonaqların marağına səbəb olub. Festivalın son günündə olan mükafatlandırmada teatrın bədii rəhbəri və direktoru Aynur Muxtarova, baş rejissoru Mərahim Fərzəlibəyov, eləcə də tamaşa rol oynayan Əməkdar artistlər - Səmayə Sadıqova, Hüsniyyə Mürvətova, aktyorlardan Rəşad Kəsəmənli, İsmayıl Atakişiyev, Tural Əhməd, Namiq Cavadov, Elçin Muradov. Ülviyyə Rza, Zülfiyyə Məmmədova, Günel Həmidova, Aynur Abbasova, Arzu Ağayeva mükafata layiq görülüblər.xeber100.com

İyun 12, 2023 11:08

Bu gün Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə bu əlamətdar gün bütün dünyada qeyd olunur. Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd olunmasında məqsəd kitabların geniş əhatə dairəsini – keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında körpü olduğunu ictimaiyyətin diqqətinə bir daha çatdırmaqdır. 2023-cü ildə bu əlamətdar gün “Yerli dillər” mövzusuna həsr edilib. Bu, həmçinin BMT-nin Yerli Dillərin Beynəlxalq Onilliyi (2022-2032) hədəfləri ilə səsləşir. 2023-cü ildə Dünyanın Kitab Paytaxtı Qananın paytaxtı Akkra şəhəridir. Azərbaycanda Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd edilir. Xatırladaq ki, Prezident İlham Əliyevin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Əqli Mülkiyyət Agentliyi yaradılıb. Agentliyin qarşısında duran əsas vəzifələr müəllif və oxşar hüquqların qorunması və təmin edilməsi, rəqəmsal hüquqların idarə edilməsi, kontrafaksiya və piratçılığa qarşı mübarizə ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi və bu idarəçiliyin zamanın tələblərinə uyğun təşkili, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsidir. 2021-ci ilin aprel ayında dövlətimizin başçısı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin yaradılması haqqında Fərman imzalayıb. Mərkəz elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılması, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transferini və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını həyata keçirən, innovativ inkişafın, o cümlədən startap layihələrin dəstəklənməsinə xidmət edən, elmi tədqiqatların nəticələrinin kommersiya və qeyri-kommersiya məqsədilə istifadəsi üçün transferinə, həmçinin bu nəticələrdən gəlir əldə etməyə yönəldilən, müştərilərə texnologiyaların və layihələrin hədəf bazarlarına çıxarılması xidmətlərinin göstərilməsində, bu sahədə fəaliyyətin əlaqələndirilməsində iştirak edən publik hüquqi şəxsdir.xeber100.com

Aprel 23, 2023 7:40

“31 mart Soyqırımını unutmadıq” adlı tədbir keçirilib

Martın 31-də Milli Kitabxanada “31 mart Soyqırımını unutmadıq” adlı tədbir, ənənəvi kitab sərgisinin açılışı və elektron məlumat bazasının təqdimatı keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə qeyd edilib ki, son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanıb. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Soyqırımı nəticəsində erməni silahlı dəstələri tərəfindən on minlərlə azərbaycanlı amansızcasına öldürülüb. Tədbir zamanı Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan ”31 Mart Azərbaycanlıların soyqırımı günü” adlı elektron məlumat bazası nümayiş olunub. Elektron məlumat bazası “Unudulmaz faciə”, “Rəsmi sənədlər”, “Görkəmli şəxslər Mart soyqırımı haqqında”, “Hadisələrin gedişi”, “Siyasi-hüquqi qiymətləndirmə”, “Kütləvi repressiyaların qanlı tarixi”, “Kitablar”, “Məqalələr”, “Filmoqrafiya”, “Soyqırımı yaddaşlarda” adlı bölmələrdən ibarətdir. Sonda tədbir iştirakçıları və qonaqlar “31 Mart – Azərbaycanlıların soyqırımı günüdür” adlı sərgi ilə tanış olublar. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə mart soyqırımına hüquqi-siyasi qiymət verilib. 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.xeber100.com

Mart 31, 2023 2:35