“Tütək səsi” filminin çəkilişindən 45 il keçir…

“Milli Kino Tariximizdən” adlı  rubrikamızın bu dəfəki filmi “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Tütək səsi”dir, filmin çəkilişindən 45 il keçir… Yazıçı İsa Hüseynovun “Saz” və “Tütək səsi” əsərlərinin əsasında yazılmış ssenaridə Böyük Vətən müharibəsi illərində Azərbaycan kəndinin həyatı işıqlandırılıb. Əsərin ekran variantı üçün müəllif yeni obrazlar, yeni süjetlər yaradıb, yeni fikirlər irəli sürüb. Çəkiliş ərəfəsində İsa Hüseynov bu barədə deyirdi ki, filmin əsas qəhrəmanlarının gənclik illəri müharibəyə təsadüf etdiyi üçün onların hər birinin xarakteri bu odlu-alovlu illərdə formalaşır – Tardığın, Hurunun, Cümrünün… Kino əsərində 20-30-cu illərin sınaqlarından çıxmış inqilab nəslinin və müharibə ərəfəsində kamilləşmiş orta nəsil nümayəndələrinin həyata baxışı, psixologiyası yuxarıda haqqında danışdığımız gənclərin dünyagörüşündən nə qədər fərqlənsə də, bu üç nəsil vahid cəbhədə, hamı üçün eyni dərəcədə vacib problemlər ətrafında birləşmişdir: “Faşizm üzərində qələbə naminə hər cür çətinlik və məhrumiyyətlərə dözməyə hazır olan bu adamların vətənrərvərlik duyğuları filmin əsas motivlərindən birini təşkil edir. Filmdə ön planda Səyalı ilə Cəbrayılın faciəsi göstərilir. Çünki bütün hadisələr məhz, həmin əhvalat ətrafında cərəyan edir. Bu adamların faciəsinə səbəb isə müharibədir. Ssenarinin süjet xətləri və əsas fikirlər burada cəmlənmişdir. Müharibə Səyalının ailəsini dağıtmış, əri-kolxoz sədri Muxtar həlak olmuşdur. Onun yerinə mərd, ağıllı Cəbrayıl sədr seçilir. O, Səyalını çoxdan sevir və müharibənin sonunu gözləmədən evlənmək istəyir. Bütün konfliktlər də elə buradan başlayır. İllərlə öz məhəbbətinə sadiq qalan Cəbrayıl nəhayət, arzusuna çatmaq istəyir və bu, ona təbii görünür. Ancaq o, tədricən dərk edir ki, xalqın kədər içində yaşadığı, hər bir ailənin gərgin həyat sürdüyü bir dövrdə şəxsi səadətə can atmaq düzgün deyildir”. Rasim Ocaqov “Tütək səsi” povestini təsadüfən seçməyib Uşaqlıq illəri Böyük Vətən müharibəsi illərinə təsadüf edən, kənd mühitində müharibə dövrünün ağrı-acısını yaşayan Rasim Ocaqov bu barədə danışarkən bildirib ki, elə bu səbəbdən əsərdə təsvir olunan yeniyetmələrin fikir, düşüncə və hərəkətləri ona yaxın və doğmadır. Qeyd edək ki, “Tütək cəsi” filmi R.Ocaqovun ikinci rejissor işidir. Bundan əvvəl “Qatır Məmməd” filminə(1974) quruluş verib. O vaxt kinostudiyanın baş redaktoru Yusif Səmədoğlu idi və yazıçı “Qatır Məmməd” filmini çox yüksək dəyərləndirmişdi. Məhz həmin illərdə İsa Hüseynov da kinostudiyada çalışırdı və “Tütək səsi” və “Saz” rovestlərini birləşdirərək yeni bir kino ssenarisini   yenicə yazıb bitirmişdi. Yusif Səmədoğlunun məsləhətilə filmin çəkilişi Rasim Ocaqova həvalə edilir. Rasim müəllim deyirdi ki, günlərin birində İsa Hüseynov ssenarini ona təqdim edərək oxumağı məsləhət görüb: “Ssenarini elə ilk oxunuşdan bəyəndim. 1975-ci ildə təxminən 10 ay ərzində filmin çəkilişini başa vuraraq onu Bədii Şuranın ixtiyarına təqdim etdik”. Filmin sınaq çəkilişlərində çox sayda aktyorlar iştirak etsə də, aktyorların bir neçəsini rejissor sınaqsız olaraq çəkib. Sınaq çəkilişlərində rejissor bir qədər tərəddüd edib, xüsusuilə İsfəndiyar obrazının seçimində. Məsələn, Məmmədrza Şeyxzamanovun oynadığı İsfəndiyar kişi roluna İsmayıl Osmanlı da sınaqdan keçsə də və İsa Hüseynov İsfəndiyar kişi obrazına İsmayıl Osmanlı daha çox uyğun görsə də rejissor tərəddüd içində qalıb. Hətta Rasim müəllim etiraf edirdi ki, 90 faiz gümanla İsmayıl Osmanlı, İsfəndiyar kişi obrazına daha yaxındır: “Ancaq sınaq çəkilişlərindən sonra hər iki aktyorun çəkildiyi kadrlara baxarkən yanıldığımı anladım. Doğrudur, hər iki aktyor kənd ağsaqqalını təbii oynayırdı. Əslində Məmmədrza Şeyxzamanov, İsfəndiyar obrazına yeganə uyğun olan namizəd idi ki, sonralar onun təkrarolunmaz ifası da bunu bir daha sübut etdi”. Kənd ağsaqqalı İsfəndiyar kişi Məmmədrza Şeyxzamanovun ifasında xalqın müdrik atalarını necə xatırladırsa, Qılınc Qurban obrazı Yusif Vəliyevin ifasında sərt, sözü üzə deyən bir kişini canlandırır. Yusif Vəliyev xatirələrində Qılınc Qurban obrazı haqqında deyib: “Çoxları mənə irad tutur ki, Qılınc Qurban obrazını sərt oynamışam. Mənə elə gəlir ki, əgər sərt olmasaydım, onda bu obrazı yarada bilməzdim. Çünki o dövrün özü sərt dövr olub. Hahaq yerə o kişinin adına Qılınc Qurban deməyiblər ki…” Şahmar Ələkbərova Cəbrayılı oynamaq yox, səsləndirmək qismət oldu Filmdə diqqət mərkəzində dayanan iki obrazın ifaçısı kənar studiyalardan dəvət olunub. Bunlardan biri Cəbrayıl obrazının ifaçısı Mixay Volontirdir, rejissor onu Moldaviyadan(indiki Moldova Respublikası) dəvət edib. Onun azərbaycanlı obrazında nə dərəcədə inandırıcı görünəcəyinə şübhə ilə yanaşanlar, filmin ilk kadrlarından səhv etdiklərini görüblər. Xatırladaq ki, Cəbrayıl obrazının sınaq çəkilişlərində bir çox aktyorlarımız, xüsusilə Şahmar Ələkbərov qatılsa da, son məqamda üstünlük Mixay Volontirə verilib. R.Ocaqovun dediklərindən: “Cəbrayıl obrazı üçün 4-5 aktyoru yoxlasaq da, onlar arasında yadımda qalanı yalnız Şahmar Ələkbərovdur. Şəxsən mən Şahmarın aktyor imkanlarına hələ “Qatır Məmməd” filmindən yaxşı bələd idim. Buna görə də düşünürdüm ki, Şahmar Cəbrayıl obrazının öhdəsindən asanlıqla gələr. Ancaq Bədii Şura mənim fikrimlə razılaşmadı. O zamanlar Moldaviya kinostudiyasının istehsalı olan bir filmə baxmışdım və həmin filmdə Mixay Volontirin nümayiş etdirdiyi aktyor məharəti mənim xoşuma gəlmişdi. Onu dəvət etdim və ilk gəlişində sınaq çəklişlərində yoxladım. Çəkiliş çox uğurlu alındı və hamı da bir ağızdan Mixay Volontirin Cəbrayıl obrazına ən yaxşı namizəd olduğunu qeyd etdi. Beləcə Cəbrayıl obrazı Mixay Volontirə qismət oldu”. Ancaq obraz Mixay Volontirə qismət olsa da onun səsləndirmək yenə də Şahmar Ələkbərova həvalə edildi. “Doğrusu mən belə güman edirdim ki, Şahmar incəyə bilər. Çünki əmin idi ki, Cəbrayılı özü yaradacaq. Vəziyyətin dəyişməsi mənə də pis təsir etdi. Ancaq yenə də səsləndirmə vaxtı özümü saxlaya bilməyərək Şahmara müraciətlə Mixay Volontirin məhz, onun səsi ilə səsləndirilməsini xahiş etdim. hətta söz arasında eşitdirdim ki, obraz sənə qismət olmasa da, heç olmasa səsi əbədi olaraq sənin olsun. Sağ olsun ki, təklifimi böyük məmnuniyyətlə qəbul etdi. Sonralar da əmin oldum ki, Cəbrayıl obrazını Şahmardan başqa heç kim təbii səsləndirə bilməzdi”. Filmdə diqqət mərkəzində dayanan, kənar studiyadan dəvət olunan digər ikinci obraz Səyalı obrazının iştirakçısı olan Liya Eliavadır,  Gürcüstandan dəvət olunub. Tamaşaçılar onu “Dəli Kür” filmində Cahandar ağanın bacısı Şahnigar rolundan yaxşı tanıyırlar. Liya Eliava ilə Mixay Volontirin tərəfmüqabil işi maraqlı olduğu qədər də bir-birini tamamlayır, bəlkə də ona görə ki,  hər iki qəhrəmanın ifası sevgi xəttində birləşirdi… Filmin tələb etdiyi məcburiyyətlər, yoxsa müharibə dövrünün məhrumiyyətləri Tələbkar rejissor Rasim Ocaqov gənc nəslin yetişməsində böyük rol oynayıb, bunu onun filmlərində oynayan gənc nəslin sonrakı fəliyyətində görmək də mümkündü. Gənc aktyorlar arasında Şamil Süleymanovun Cümrüsü, kinoya o qədər də dəxli olmayan, ixtisasca filoloq olan Akif Məhərrəmovun Tapdığı, Ötkəm İsgəndərovun Nurusu və b. məhz tələbkar rejissorun istəyiylə oynadıqları rollara tam hakim ola biliblər. Və tələbkar rejissor günlərin birində gənc nəsli siqaret çəkmək kimi pis vərdişə öyrətmək məcburiyyətində qalıb ki, bunu özü də təəssüflə etiraf edirdi. Bildiyimiz kimi, filmdə öz oyunları ilə diqqət mərkəzində dayanan bir qrup gənc aktyor var ki, onların da əksəriyyəti tələbə partası arxasından birbaşa çəkiliş meydançasına gəlib. Çəkiliş vaxtı aktyorlardan daha çox təbii olmağı tələb edən rejissor, bunun üçün hər kadrı bir neçə dubl çəkmək məcburiyyətində qalırdı. Bu tələblər daha çox gənc aktyorlara ünvanlanırdı. Filmdəki gərgin kadrlardan biri də gənclərin tonqal ətrafında əyləşərək siqaret çəkdiyi kadrdır. Bu kadr çox çətin başa gəlib. Belə ki, həmin kadrda çəkilən gənclərin heç biri siqaret çəkməyi bacarmırmış. Ancaq rejissorun təkidi ilə onların hər biri siqaret çəkməyi öyrənmək məcburiyyətində qalıb. ” Mən bir rejissor olaraq onlardan tələb etdim ki, tez bir zamanda siqaret çəkməyi öyrənsinlər ki, kamera qarşısında olan zaman bunu təbii olaraq nümayiş etdirə bilsinlər. Onların hər biri mənim tələblərimi doğruldaraq həmin erizodu çox canlı, təbii olaraq yaratdılar. Mənim günahım onda oldu ki, bu gəncləri siqaret çəkməyə elə öyrətdim ki, sonralar onların heç biri bu vərdişdən əl çəkə bilmədilər. Yəqin ki, bu da kinonun onlara əbədi “hədiyyə”si idi”. Hələ bu nədir ki, rejissor gənc aktyorları yalnız siqaret çəkməyə deyil, eyni zamanda onlara öküzə qoşulmuş xışla yer şumlamağı da öyrədib. “Filmdə kütləvi səhnələrin çəkilişində Qusar camaatının da böyük rolu olub. Şəxsən mən hazırda heç təsəvvürümə belə gətirə bilmirəm ki, “Tütək səsi” kimi filmi necə çəkmək olar. Filmdə belə bir epizod var ki, kənd camaatı tarladan qayıdır. Həmin epizodda 500 nəfər iştirak edib. Kənd camaatı çox böyük həvəslə müharibə dövrünün paltarlarını geyinərək kütləvi səhnələrdə çəkilirdilər. Eləcə də tarlada əkin-biçin işləri görülən səhnələrdə kənd camaatı aktyorlarla birgə çəkiliblər. hətta onlar bir neçə gün əvvəldən aktyorlara öküzə qoşulmuş xışla yer əkib-biçməyin qaydalarını da öyrətmişdilər. Mən aktyorlardan tələb edirdim ki, onlar əkib-biçməyi öyrənsinlər ki, həmin erizodlar da təbii alınsın”. Qusarda çəkilən erizodlardan biri də İsfəndiyar kişinin əsgər dalınca düşüb çaydan keçdiyi epizoddur ki, bu da çox çətinliklə başa gəlib. Rejissor aktyoru(Məmmədrza Şeyxzamanov) qorumaq məqsədilə həmin epizodu daha çox quraşdırma formasında hazırlamaq fikrinə düşsə də M.Şeyxzamanov təkidlə çayın içindən keçməyi bidirib, hətta həmin səhnədə zədə alıb ki, nəticədə də 3 gün müddətində həmin epizodun çəkilişi dayanıb. Sonra isə ortaq bir nöqtəyə gələrək həmin epizodu aktyorun da, rejissorun da istədiyi kimi ediblər. Belə ki, aktyor çayın əvvəlindən də bir metr, sonunda da bir metr dayanıb, rejissor da montaj vasitəsilə elə qurub ki, sanki İsfəndiyar kişi çayın içi ilə qaçır. Bu da kinonun möcüzəli dünyasının sirlərindən sadəcə biri…Müharibə dövrünü görməyən gənclər, müharibənin məhrumiyyətlərini özündə əks etdirən, arxa cəbhənin ağrılarını olduğu kimi dolğun şəkildə nümayiş etdirməli idilər. Əslində Rasim Ocaqov, “Tütək səsi” filmində bütün potensial gücündən istifadə edə bilib. Material kifayət qədər imkan verib ki, rejissor ondan yararlana bilsin. Filmdə Yusif Vəliyevin Qılınc Qurbanı nə qədər sərt idisə, Məmmədrza Şeyxzamanovun İsfəndiyar obrazı bir o qədər mülayim, ağsaqqallara məxsus olan təmkinli idi. Əgər Mixay Volontirin Cəbrayılı nə qədər coşğun, daima iş başında vətən üçün bacardığı bütün yardımları edən, eyni zamanda öz məhəbbətində dönməz idisə, Liya Eliavanın Səyalısı bir o qədər sərbəst düşüncəli, heç kimin sözünə əhəmiyyət vermədən illərlə onun yolunu gözləyən bir insanın məhəbbətinə müsbət cavab verən böyük təsir gücünə malik obraz idi. Və son səhnədə – İsfəndiyar kişinin(Məmmədrza Şeyxzamanov) sazda ruhani çalmasını həyəcansız izləmək mümkün deyil. Doğrudur, ruhani Aşıq Ədalətin ifasında təqdim edilib. Ancaq canlı kadr vasitəsilə bunu nümayiş etdirən, yaşayan, tamaşaçını təsirləndirən, ağladan, eyni zamanda isə çəkiliş qrurunu həyəcanlandıran Şeyxzamanov idi. Bütün bunlar bir daha sübut edirdi ki, Rasim Ocaqov yüz ölçüb bir biçəndən sonra çəkilişə başlamış və nəticədə də gözəl sənət nümunəsi yaratmağa nail ola bilmişdir. Filmin yaradıcı heyəti Yaradıcı heyət: Ssenari müəllifi – İsa Hüseynov, rejissor-Rasim Ocaqov, operator-Teyyub Axundov, rəssam-Elbəy Rzaquliyev, bəstəkar-Aqşin Əlizadədir. Rollarda: Məmmədrza Şeyxzamanov(İsfəndiyar kişi), Yusif Vəliyev (Qılınc Qurban), Mixay Volontir(Cəbrayıl), Akif Əli(Tardıq), Liya Eliava(Səyalı), Səfurə İbrahimova(İsmət), Xalidə Qasımova(Milli), Şükufə Yusifova(Tutu), Ötkəm İsgəndərov(Huru), Sadıq Hüseynov(Əsgər), Şamil Süleymanov(Cümrü), Vaqif Mustafayev(Tapdığın dostlarından biri),Məmmədsadıq Huriyev(Səlim), Susanna Məcidova(Suqra), Həsən Qara(Zahid). Məzmunu: Filmdəki hadisələr II Dünya müharibəsi illərində Azərbaycan kəndlərinin birində ümumxalq birliyi və mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Çəkiliş məkanı: Filmin bir hissəsi Qusar rayonunun ətrafında, digər hissəsi kinostudiyanın həyətində çəkilib. Xatırladım ki, filmdə kolxoz sədrinin kabineti, Səyalının və İsmətin evinin iç görünüşü kinostudiyada lentə alınıb. Digər bütün çəkilişlər isə Qusar ətrafında çəkilib.              

Avqust 20, 2020 1:26

AKİ “Qarabağ.İnsan.Qələbə” ssenari müsabiqəsi elan edir

Azərbaycan Kinematoqrafçılar İttifaqı Qarabağ həqiqətlərinin beynəlxalq arenada səslənməsində kinematoqrafın oynaya biləcəyi müsbət rolu nəzərə  alaraq “Qarabağ. İnsan. Qələbə” tammetrajlı bədii film ssenarisi müsabiqəsi elan edir: -Müsabiqəyə təqdim edilən ssenarinin  janrından asılı olmayaraq, Qarabağ müharibəsini insan taleyi,  onun draması və faciəsi prizmasından ifadəsi, həm yerli , həm də xarici tamaşaçıya maraqlı olması arzu olunandır. -Müsabiqədə iştirak üçün tammetrajlı bədii filminin ssenarisi (elektron variantda CD diskdə və çap olunmuş variantda, şrift Courier New, ölçü 12), müəllif haqqında məlumatın (əlaqə telefonu və e-mail ünvanı) təqdim edilməsi tələb olunur. -Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdı. Qaliblər diplom və pul mükafatı ilə təltif  ediləcəklər: Baş mükafat – 5000 AZN Həvəsləndirici mükafat – (2  ssenari)  2500 AZN Qalib ssenari istehsalı  məqsədəuyğun layihə olaraq Mədəniyyət Nazirliyinə  təqdim ediləcəkdir. Ssenari 22 noyabr 2020-ci il tarixinə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə təqdim edilməlidir.Ünvan:  Bakı şəhəri, Həsən Seyidbyli 18: Əlavə məlumat üçün əlaqə: (012)5059533, mail: [email protected]      

Avqust 12, 2020 12:38

Aki.az saytının 1 yaşı tamam olur

Azərbaycan Kinematoqrafçılar İttifaqının rəsmi saytı olan Aki.az saytının yaranmasından bir il ötür. 2 avqust 2019-cu ildə – Kino günündə, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin qərarı ilə fəaliyyətə başlayan sayt il ərzində öz oxucu  audutoriyasına sahiblənməyi bacarıb. Azərbaycanın internet məkanında çox sayda xəbər saytları fəaliyyət göstərir və əksəriyyətində mədəniyyət aləminə yer verilib. Ancaq kinoyla bağlı, kinematoiqrafçıların gördüyü işləri, onların fəaliyyətini işıqlandıranlar məqamlar azlıq təşkil edir. Bu baxımdan aki.az saytı təşəbbüsü ələ  alaraq təmsil etdiyi təşkilatın fəaliyyətini işıqlandırmaqla yanaşı, kinematoqrafçılarımızn fəaliyyiətini, kino tariximizin səhifələrini işıqlandırmağa xüsusi diqqət ayırır. Eyni zamanda kinoda mövcud olan problemləri, yeni nəsil kinematoqrafçıların kinoya olan yanaşma tərzini, dünya kinosunda baş verənləri daima işıqlandırmağa çalışıb. İl ərzində hazırladığımız maraqlı layihə və rubrikalar, rəngarəng xəbər təminatı saytı tanıtdırmaqla yanaşı, ona kino həvəskarları və peşəkarları arasında populyarlıq da qazandırdı, xəbər saytları aki.az –a istinad edir, materiallarını öz saytlarında bölüşür. Saytın işi Kinematoqrafçılar İttifaqının fb, instagram, twitter səhifələri ilə dəstəklənir. Sayt əsasən Azərbaycan dilində yayınlansa da, rus və ingilis dillərində də olan xidmətini daima yeniləyir. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov bildirir ki, saytın əsas məqsədi kimi Azərbaycan kinosunun təbliği ilə yanaşı, kinematoqrafçılarımız üçün praktik əhəmiyyətini artırmağı görürük: “Bu səbəbdən saytda yeni bölmə olaraq, fəaliyyətdə olan kinematoqrafçılarımızın bazasını yaratmaq üzərində iş gedir. İlk olaraq ssenaristlərdən başlamışıq. Son iyirmi ilidə kinodramaturgiyamıza çoxlu ssenarist adları gəlib. Serialların istehsalı da buna təsir edib. Onların hamısı ilə bəzən peşəkarlar da tanış deyil. Bu məqsədlə saytda ssenaristlərin bazasını yaratmağı qərara almışıq. Bazada son 20 ildə fəaliyyət göstərən senaristlər haqda ensiklopedik məlumatlar təqdim ediləcək: təhsili, işləri, mükafatları, elektron ünvanı və s. Rejissor və prodüser baza ilə tanış olub əməkdaşlıq etmək üçün seçimini edə bilər. Bundan başqa, kino mövzusunda yazan blogerlərlə əməkdaşlıq haqda düşünürük. Fürsətdən istifadə edib onlara müraciət edirəm, əməkdaşlığa dəvət edirəm, bu sayt daxilində yeni rubrika və ya yeni internet resursu ola bilər. Kinomuzun inkişafı bir neçə istiqamətdə işləyən sırf kino saytlarsız mümkün deyil. İnformasiyanı maraqlı təqdim edən kino xəbəri saytı ilə yanaşı, dərin analizlərlə çıxış edən, ciddi kino bilicilərinə ünvanlanmış elektron resurslar da olmalıdır. Kinematoqrafçılar İttifaqı olaraq bu  istiqamətdə təşəbbüsləri dəstəkləməyə hazırıq”.xeber100.com  

Avqust 1, 2020 11:04

AKİ İdarə Heyəti bəyanat qəbul edib

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin 12.06.2020-ci il tarixində keçirilmiş iclasında Azərbaycan kinematoqrafında yaranmış son durumu müzakirə edərək bəyanat qəbul etmişdir. Xeber100.com Aki.az saytına istinadən həmin bəyanatı təqdim edir: "Son onillikdə Azərbaycan kinematoqrafında müəyyən uğurlarını, nüfuzlu Beynəlxalq Festivallarda “Kuklalar”, “Nabat”, “Axınla aşağı”, “Qırmızı bağ”, “Nar bağı”, “Axşama doğru” filmlərinin iştirakını qeyd etməklə yanaşı, etiraf etməliyik ki, bu dövr bütövlükdə kinomuz üçün durğunluq illəri olub. Yaranmış vəziyyətin əsas səbəbi Mədəniyyət Nazirliyinin kadr siyasətidir. Dövlətin kino siyasətini həyata keçirən məsul şəxslər özlərini işdə, yumşaq desək, qeyri-peşəkar göstərmişlər. Bunun nəticəsində Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair” Dövlət Proqramının əsasında islahatlar aparmaq mümkün olmamış, dövlət studiyalarının texniki təchizatı formalaşmamış, özəl kino şirkətlərinin inkişafına diqqət ayrılmamış, birgə istehsal dəstəklənməmiş, Eurimages Fonduna üzvlük həyata keçirilməmiş, beynəlxalq nüfuzu olan, Azərbaycan və xarici kinematoqrafçıların yaradıcı əlaqələrinin yaranmasında misilsiz rolu olan Beynəlxalq “Şərq-Qərb”, Beynəlxalq Audiovizual Festivalı fəaliyyətini dayandırmışdır. Bununla yanaşı, 50 ildən artıqdır ki, fəaliyyəti olan Azərbaycan Kinematoqrafçılar İttifaqının dağılması istiqamətində addımlar atılmış, ölkə kinematoqrafçılarının birliyi sarsıdılmışdır. Bundan başqa, kinomuzun inkişafında, nailiyyətlərinin təbliğində, mühüm rolu olan kino mətbuatının formalaşmasına lazımi əhəmiyyət verilməmişdir. Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti, yuxarıda deyilənləri nəzərə alaraq, milli kinomuzun müasir tələblərə cavab verməsini təmin etmək məqsədi ilə aşağıda sadalanan təcili tədbirlərin görülməsini vacib sayır: – İllərlə təxirə salınmış və keçən ildən müzakirəsi başlanmış, lakin indiyənədək qəbul edilməmiş Kinonun İnkişafı Konsepsiyasının əsas tərkib hissəsi olacaq, beynəlxalq kino idarəçiliyi sahəsində qabaqcıl praktikaya əsaslanan, Dövlət prodüseri rolunu oynayan Kino Mərkəzi yaradılmalıdır. – Kino Mərkəz dövlətin kino siyasətini həyata keçirməli, kino peşəkarlarının yaradıcı axtarışlarını dəstəkləməli və xalqımızın həyatının ekranda realist, dolğun təsvirini vacib saymalıdır. – Azərbaycan kinosunun xaricdə təmsil edilməsi və yayımı üçün Kino Mərkəzinin yanında xüsusi struktur yaradılmalıdır. – Əvvəlki illərin neqativ praktikasını nəzərə alaraq, Kino Mərkəzin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən qurum yaradılmalıdır. Bu məqsədlə Mərkəzin yanında tərkibi Kinematoqrafçılar İttifaqı, Kinorejissorlar Gildiyası, başqa kino ictimai təşkilatları və müstəqil peşəkarlardan formalaşmış – İctimai Şura yaradılmalıdır. – Yuxarıda sadalanan təkliflərlə yanaşı kino təhsilinin inkişafına xüsusi diqqət ayrılmalı, dünyanın qabaqcıl kino təhsili mərkəzlərinə tələbələr göndərilməli, hal-hazırda fəaliyyət göstərən Kino Məktəbinin işi dəstəklənməli, əsas heyəti Şukin adına Teatr Məktəbinin azərbaycanlı yetirmələrindən və yeni nəsil Azərbaycan aktyorlarından ibarət olan Kino Aktyoru Teatrı yaradılmalıdır. – Pandemiya dövründə zərər görmüş kinoteatral şəbəkələrə dəstək göstərilməlidir, milli filmlərimizin ölkə kinoteatrlarında nümayişinə xüsusi diqqət ayrılmalıdır. – Peşəkar film festivallarının kinonun inkişafı üçün mühüm şərt olduğunu qeyd edərək, Beynəlxalq “Şərq-Qərb”, Beynəlxalq Audiovizual və bu tipli başqa təşəbbüslər dəstəklənməlidir. – Mədəniyyət Nazirliyi kino mətbuat orqanlarının bərpası və fəaliyyətini dəstəkləməlidir. Ümid edirik ki, bu bəyanat kino ictimaiyyəti, yaradıcı təşkilatlar və aidiyyəti olan rəsmi strukturlar tərəfindən diqqətlə qarşılanacaq. Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti İyun 12, 2020

İyun 14, 2020 3:34

Venesiya film festivalının keçiriləcəyi tarix açıqlandı

1932-ci ildə “Esposizione Internazionale d’Arte Cinematografica” adı ilə yaradılan və dünyanın ən qədim film festivalı sayılan, əsas mükafatları- Qızıl Şir ( ən yaxşı filmlər üçün),  Volpi Kuboku (ən yaxşı aktyor və aktrisalar üçün) olan Venesiya Kino Festivalı hər il avqust ayının sonu və ya sentyabrın əvvəlində Venesiyanın Lido adasında keçirilir. Aki.az kinometro.ru-ya istinadən bildirir ki, 2020-ci ildə keçiriləcək festivalla bağlı xarici mətbuat hələ yanvar ayında məlumat vermişdir. Məlumatda bildirilir ki, festivala ev sahibliyi edən Venesiya Bienalindən verilən açıqlamada, Paolo Barattanının sədrliyi ilə 10 yanvarda bir araya gələn idarə heyətinin qərarı ilə 77-ci Venesiya Film Festivalının jüri sədrliyi üçün Keyt Blançet seçilib. Festival bu il 2-12 sentyabrda Venesiyanın Lido Yarımadasında baş tutacaq. Qızıl Şir mükafatı isə sentyabr ayının 12 –də öz sahibinə təqdim olunacaq. Bu xəbərlə festival haqqında dəqiq məlumat yayılsa da, bir neçə ay sonra baş verən və dünyanı bürüyən pandemiya artıq başqa söz deyirdi. Yəni, nəyin, nə zaman keçiriləcəyi, ümumiyyətlə nələr olacağı müəmmalı olaraq qalırdı. Qeyd edək ki, Venesiya kinofestivalının bu payızda keçiriləcəyinin dəqiq məlumat olduğu təsdiqlənir. Qərar 24 May Bazar günü Veneto bölgəsinin qubernatoru Luka Zaya tərəfindən təsdiqlənib. Festival sentyabr ayının 2-dən 12-dək keçiriləcək. Məlumatda o da qeyd olunur ki, bu ilki festivalda az film nümayiş olunacaq. Bu da o deməkdir ki, çox az sayda dünya kino ulduzları festivalda iştirak edəcək. Bundan başqa, hələ may ayının əvvəlində festival kino sənayesi rəhbərlərini qarşıdan gələn hadisə ilə bağlı problemlər və təkliflər barədə sorğu-sual edib. Kinofestivalın bədii rəhbəri Alberto Barberin imzaladığı məktub kinematoqrafçıların, aktyorların və prodüserlərin festivala gəlmək istədiklərini öyrənmək məqsədi daşıyırdı. Cavablar isə dəqiq olmayıb. Yeri glmişkən, İtaliya Avropa turistləri üçün öz sərhədlərini iyunun 3-də yenidən açacaq və ölkəyə gəlmək üçün məcburi karantin məhdudiyyətlərini ləğv edəcək. Kino baxışının nümayəndələrinə gəlincə, hələ ki, gələcək festivalın dəqiq detallarını vermirlər. Sadəcə yanvar ayında Kate Blanchettin münsiflər heyətinin prezidenti olacağı qərarı dəyişməz qaldığı bildirilir.xeber100.com

May 26, 2020 6:40

Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsinə start verib

Azərbaycan Kinematoqrafçılar İttifaqı və A. M. Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu birgə “Rusiyanın görkəmli azərbaycanlıları”adlı ssenari müsabiqəsinə start verib. Azərbaycan Kinematoqrafçılar İttifaqından bildirilən məlumata görə, müsabiqənin məqsədi uzun illərdir ki, Rusiyada yaşayıb-yaradan görkəmli azərbaycanlıların həyat yolununun səlnaməsini yaratmaq, gənc nəslə onların nailiyyətlərini çatdırmaq, həmçinin  sənədli kino sahəsində aktivliyi artırmaqdan ibarətdir. Müsabiqənin şərtlərini təqdim edirik: -Sənədli filmlərin ssenariləri (52 dəqiqədən çox olmamaq şərtilə) kinoesse, kinoportret, kino araşdırması janrlarında, XIX-XX əsrlərdə Rusiyada yaşayıb-yaratmış görkəmli azərbaycanlıların taleyindən bəhs etməlidir. -Ssenarilər Azərbaycan və rus dillərində qəbul edilir. -Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdı. -Ssenarilər 20 Mart 2020-ci ilədək elektron formada [email protected] ünvanına göndərilir. -Müəllif haqqında qısa məlumat əlavə edilir. Müsabiqə haqqında əlavə məlumat üçün telefon: (012) 5059533, (012) 4371667 Müsabiqənin qalibləri Xalq yazıçısı Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər.xeber100.com

Yanvar 7, 2020 12:55

“Anamın yox oluşu” tam metrajlı sənədli filmi Kino Evində

Bu gün Kino Evində III DokuBaku Beynəlxalq Sənədli Film Festivalı çərçivəsində ikinci sənədli film təqdim olundu. “Anamın yox oluşu” tam metrajlı sənədli filmi 60-cı illərin modeli olan Benedetta Barzininin həyat hekayəsinin bəzi anlarından bəhs edir. Həmin Benedetta Barzini ki, dünya podiumlarından  əfsanə kimi gəlib keçib, həyatın hər üzünü görüb. İstər uşaqlıq illərində, istər cazibəsi ilə, səhnə duruşu ilə qəlbləri fəth edəndə və istərsə də yalnızlığa çəkilərək kameraların obyektinə tuş gəlməkdən çəkindiyi vaxtlarda həyatdakı pis-yaxşı nə varsa hamısının şahidi olub. O deyir: “Bir aktyor, fotoqraf və ya dizayner olsanız, CV-nizi minlərlə müxtəlif yerə göndərə və birinin çağıracağına ümid edə bilərsiniz. Zəng gəlmədikdə və özünüz maraqlandıqda belə bir cavab alırsınız: “Biz səninlə işləmişik, indi başqaları ilə işləyirik”. Beləliklə, 25 illik fəaliyyətim müddətində bir şey edə bilməməyimi hiss etdim”.… Və həmin anda boşluq başlayır, yox olmaq istəyirsən. Bəlkə də qəhrəmanımızın yox olmaq kimi arzusu gördüyü, şahid olduğu həqiqətlərin, əslində yalan üzərində qurularaq parlaq görsənməsindən başqa bir şey deyil. Çünki şöhrət duyğuları sadəcə parlaq bir görüntüdür.Benedetta Barzini 1973-cü ildə model biznesini tərk edərək Milanda marksist və radikal feminist təşkilata qoşulur. Uzun illər fəaliyyətini davam etdirir. Artıq onun danışığında, duruşunda, cazibəsiylə insanları heyran edən modeldən daha çox özünə, ağlına, fikrinə inanan QADIN MODELİ dayanırdı. O qadın ki, kişilərlə bərabər qadınların da haqlarını müdafiə edirdi. Sonralar o, pedaqoji fəaliyyətə başlayır, 2008-ci ildən Milanda – Urbino Universitetində dərs deyir və eyni formada davam edir-feminist qadın və feminist ruhlu tələbələr… Benedetta Barzinini anlamaq çətin olsa da, onunla həmfikir olanlar az deyil. Model, jurnalist və professor Benedetta niyə yox olmaq istəyir? 75 yaşında həyatın onun üzərinə yapışdırdığı bütün rollardan niyə bezib, hər şeyi və hər kəsi niyə arxada buraxmaq istəyir və niyə dünyadan mümkün olan ən uzaq nöqtəyə yoxa çıxmaq qərarına gəlir və s. kimi suallar onun haqqında çəkilən “Anamın yox oluşu” filmində cavablandırılır. Əslində bütün bu suallara filmi çəkən rejissorun cavab verməsi heç də çətin olmayıb, çünki o Benedettanın kiçik oğlu Benyamino Barzinidir. Anasını tanıdıdğı kimi, gördüyü kimi, tam səmimi şəkildə kamera önünə gətirməyi bacarır, onun səyahətinə şahidlik edir. Rejissorun anası haqqında fikirləri maraq doğurur: “”Mənə elə gəlir ki, hələ də onun qəlbinin şəklini çəkə bilməmişəm. Anam mənim üçün sirrdir. O, həddən artıq gözəldir, çox ağıllıdır… Onun yanında mən həmişə vaxtın gedişini dəhşətli dərəcədə hiss edirdim: o, ondan qorxmurdu, amma mən qorxurdum.  Və mənim fotoşəkillərimdən heç biri onun gerçəkliyini əks etdirə bilməz. Kəskin başa düşürəm: mən onu çox az çəkirdim və öz şəkillərimlə bu gözəlliyin hekayəsini — sirrini və dərinliyini, inanılmazlığını danışa bilmədim”. Oğlunu incitməmək üçün onun filmində çəkilən qadın ümid edir ki, bu, ona “yox olmağa” kömək edəcək.Ümumiyyətlə ana ilə oğul arasındakı əməkdaşlığın nəticəsi filmə böyük fikir gətirməsə də, rejissor, məna baxımından bir qadının, gözəl bir qadının arzu və istəklərini alqışlamaqdan çəkinməyib. Belə bir yaradıcı düşüncəli bir qadının oğlu olan rejissor, başqa cür də düşünə bilməzdi. Çünki hər şeydən əvvəl o bir övladdır və anasının qocaldığının, gündən-günə azaldığının, bir sözlə yox oluşunun şahididir. Əməkdar incəsənət xadimi Nizami Abbasın fikrincə, rejissor anasından istifadə edərək diqqəti çəkmək istəyib və ona qarşı sevgisi yoxdur: “ Əks nümunə olaraq Teymir Daiminin “bu sevgidir” filmini gətirmək olar, orda da can üstə olan anasını çəkən rejissor bu günkü filmin rejissoru Benyamino Barzinidən fərqli olaraq sevgi ilə, şəfqətlə göstərir”. Psixoloq Zenfira Hüseynova qadının psixoloji durumunun qısa xülasəsini anlatdı: “ Bendettanın xarakterində kişi başlanğıcı daha güclüdür və depresiyasının da əsas səbəblərindən biri də budur”. Rejissor Əli İsa Cabarov filmdə qadının üsyanına diqqəti çəkdi: “Dünyanı idarə edən kişilər qadınlara geyim və həyat tərzini diqtə edir, oyun qaydalarını sırıyır. Filmin qəhrəmanı isə dəb və əyləncə industriyasının ulduzu olmasına baxmayaraq özündə güc tapıb və bu dünyaya üsyan edib”. Filmin müzakirəsində fikirlər müxtəlif olsa da, həqiqət ondan ibarətdir ki, rejissor oğul anasının artıq həyatla vidalaşan məqamını lentə köçürməklə, öz həyatının sonrakı məqamında ayaqda durmaq üçün, anasını hər zaman da yanında hiss etmək üçün özünə güc toplamaq fikrindən uzağa gedə bilməyib, hətta getmək istəməyib…Filmin ssenari müəllifi və rejissoru Benyamino Barrezi, prodüseri Filippo Macellonidir.xeber100.com

Oktyabr 3, 2019 2:45

III DokuBaku Beynəlxalq Sənədli Film Festivalı çərçivəsində

Azərbaycan Kinematoqrafçılar İttifaqının tərəfdaşı olduğu III DokuBaku Beynəlxalq Sənədli Film Festivalı çərçivəsində ilk sənədli filmi bu gün Kino Evində təqdim olundu.AKİ-dən aldığımız məlumata görə, “Ursus zavodunun simfoniyası” adlanan tammetrajlı sənədli filmi təsirli insan dramıdır…Varşavanın kənarında tikilmiş Ursus zavodu Avropada kənd təsərrüfatı texnikasının ən böyük istehsalçılarından biri hesab olunub. Bir zamanlar bu zavod Polşa sənaye gücünü təcəssüm etdirirdi. Kommunizmin süqutundan sonra istehsalın səviyyəsi kəskin şəkildə aşağı düşür, zavodun yerləşdiyi ərazi tənəzzülə uğrayır və beləliklə də fəhlələr işdən çıxarılır.Film qəhrəmanların öz hekayələrini anlatmaları ilə başlayır. Əslində onların bəziləri hələ də Varşavada -Ursus rayonunda yaşayırlar. Onlar zavodun xarabalıqlarına gəlir və əvvəllər olduğu kimi işləyirlər, amma növcud olmayan xəyali dəzgahlarla.Onlar real və uydurma reallıq arasında sərhədləri silməklə qaynar fəaliyyəti, itirilən keçmişi bərpa edərək hər bir jest və səsi yaşayırlar. Çox səhnələri klip estetikasında çəkilmiş filmin final hissəsindəki traktorlarla qurulmuş mizanlar, sanki traktorların dirilmiş ruhlarının rəqsi kimi canlandırılır.Cəlbedici vizual dildən istifadə edən “Ursus zavodunun simfoniyası” keçən dövrü xatırlatmadır və Polşanın müasir statusunu qurmaq üçün inadla çalışmış insanlara həsr olunub.O da təsadüfi deyil ki, rejissor Yashmina Voychik film üzərində doqquz ay çalışıb və bu aylar ərzində qəhrəmanlarla qrup şəklində işləyib.Filmin nümayişində əməkdar incəsənət xadimi, rejissor Nizami Abbas və kinorejissor Mübariz Nağıyev də iştirak edirdilər.Nizami Abbasın fikrincə, səslər və bədən yaddaşının köməyi ilə mövcud olmayan zavodun iş həyatınının bir günü canlandırmaq, emosional musiqinin təsiri altında işçilərinı keçmişi xatırlayaraq o günü canlandırması sənədli film üçün yenilik hesab oluna bilər. Mübariz Nağıyev də həmkarı ilə həmfikir olduğunu bildirdi və onu da qeyd etdi: “ Maraqlı yanaşma, effektiv təqdimat. Bu, URSUS zavodunun simfoniyasından daha çox orada işləmiş adamların yaşadıqları ömrə nostalgiyası ilə dolu, itirilmiş həqiqətən sosial quruluşa bir oda idi”. Hər iki rejissor, sənədli filmə quruluş verən rejissor işinə yüksək qiymət versələr də, eyni zamanda filmdə görmək istədiklərini deməkdən də çəkinmədilər. Məsələn, film bitdikdən sonra yaradıcı heyətin təqdimatıyla kadrarxası məqamlar da göstərilir ki, bu da birmənalı qarşılanmadı. Bəlkə də çoxluq o fikirdə oldu ki, rejissor kadrarxası hazırlıqları gizli saxlamaqla filmi daha düşündürücü edə bilərdi.Kinematoqrafçılar ittifaqının katibi ibi Əli İsa Cabbarovun fikrincə, “Ursus Zavodunun Simfoniyası”nda itirdikləri zavod üçün nostalji yaşayan fəhlələrin dramasını vermək sadəcə bir metaforadır, itirilmiş insan ömrünün dramasının metaforası: “Zavod ləğv oluna bilər, bəlkə müsbət iqtisadi nəticələri əldə edilib. Qəribədir ki, Qodfri Redjionun məşhur trilogiyasında böyük zavodlarda işləyən fəhləllərin konveyr əməyini təsvir edən kadrlar sivilizasiyanın dalana dirənməsinin vizual obrazıdır, bu filmdə isə olmayan zavodu xəyali dəzgahlarla işləyib canlandırmaq istəyən fəhlələr oliqarxiyanın qurbanı kimi göstərilir”.Filmin rejissoru tamaşaçı auditoriyasını düşündürməyi bacardı. Hətta tamaşaçı hər epizodda yaranan suallara növbəti epizodda cavab tapmaqla, sanki rejissorla dialoq qururdu. Rejissor filmin içində idi, sualı yaradırdı, düşündürürdü və cavabını verirdi. Ümumiyyətlə bu sənədli filmə baxdıqdan sonra belə bir fikir yaranır ki, istənilən filmdə maliyyədən  daha çox rejissor düşüncəsi, rejissor dünyagörüşü, onun kino üçün gətirdiyi yenilik böyük rol oynayır.Filmin ssenari müəllifi Yaşmina Voyçik, İqor Stokfizevski, Rejissoru Yashmina Voychik, prodüseri Zuzanna Kroldur.xeber100.com

Oktyabr 2, 2019 2:24

II ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına start verilir

Oktyabrın 18-20-də Bakı şəhərində II ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına start verilir. Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, AKİ, əsası Rəşid Ağamalıyev tərəfindən qoyulmuş Beynəlxalq Animasiya Film Festivalı ilə birgə əməkdaşlıq haqqında müqavilə imzalayıb.İttifaq rəhbərliyi belə hesab edir ki, Azərbaycanda film festivallarının keçirilməsini kinomuzun inkişafı üçün vacib amillərdən biridir. Bu da o deməkdir ki, uşaqların  zövqünün və dünya görünüşünün formalaşmasında, o cümlədən kino dilinin inkişafında mühüm rol  oynayan animasiya kimi vacib janrı hədəf götürən festivalın keçirilməsi böyük əhəmiyyətə malik olduğu üçün bu proses davam edəcək. İkinci dəfə keçirilməsinə baxmayaraq festivalda iştirak üçün 50 ölkədən 268 müraciət olunub. Almaniya, Azərbaycan, Çexiya, İtaliya və Polşa nümayəndəsindən ibarət seçim komitəsi müsabiqəyə 25 ölkəni təmsil edən  54 film qəbul edib. Festivalın Beynəlxalq münsiflər heyətinə Məsud Pənahi rəhbərlik edəcək. Paralel keçəcək animasiya filmləri üçün ssenarilər üzrə müsabiqənin qalibini  isə Ramiz Fətəliyev (Azərbaycan), Zeynəb Qurbani Fəryad (İran), İntiqam Qasımzadə (Azərbaycan) və Gülşən Tofiqqızının (Azərbaycan) təmsil olunduğu heyət müəyyən edəcək. Festival reqlamentinə görə,  münsiflər heyəti “ən yaxşı qısametrajlı animasiya filmi”, “uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” , “qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” nominasiyaları üzrə mükafatlar təqdim edəcək. Eyni zamanda hər bir tamaşaçı səs verməklə də animasiya filmlərinin qiymətləndirilməsinə öz töhfəsini verə bilər. Bu baxımdan da səsvermənin yekununda “Tamaşaçı rəğbəti mükafatı” təqdim ediləcək.xeber100.com

Sentyabr 13, 2019 11:13