Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin birgə təşəbbüsü ilə Ermənistanın Ukraynadakı səfirliyi qarşısında Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı etiraz aksiyası keçirilib.Azərtac xəbər verir ki, etiraz aksiyasında Ukraynanın Xarkov, Dnepropetrovsk, Lvov, Nikolayev, Kiyev və digər şəhərlərində yaşayan soydaşlarımızla yanaşı, türk, İran, tatar və bir sıra xalqların diaspor nümayəndələri iştirak edib. Ermənistan hakimiyyətindən işğalçı qoşunlarını Azərbaycan torpaqlarından geri çəkməyi tələb edən aksiya iştirakçıları, mənfur düşmənin indiyədək törətdiyi hər bir cinayətə görə tarix qarşısında cavab verəcəkləri vurğulanıb. Aksiyada “Rədd ol Qarabağdan!”, “Terrora son qoy!“, “Qarabağ bizimdir, bizim olacaq!”, “Xocalı soyqırımına görə cavab verəcəksiniz!” kimi şüarlar səsləndirilib. Ermənistan səfirliyinin qarşısına avtobuslar yığmaqla aksiyanın keçirilməsinə maneçilik törətməyə cəhd göstərilsə də, soydaşlarımızın qətiyyəti nəticəsində düşmənin bu təxribatı baş tutmayıb.Ukrayna mətbuatının maraqla izlədiyi aksiyada Ukrayna Azərbaycanlıları Konqresi Ali Məclisinin sədri Akif Gülməmmədov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, “İşıq” dini cəmiyyətinin sədri Əbülfəz Qasımov və Xocalı sakini olan Sadiq Bilalov çıxış edərək son 2 əsrdə xarici havadarlarının gücünə söykənərək Azərbaycanda işğalçılıq və soyqırımı siyasəti həyata keçirən erməni qəsbkarlarının qeyd-şərtsiz Azərbaycan torpaqlarını tərk etməyini tələb ediblər. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları Ermənistan səfirliyinin qarşısında üzərinə “Xocalı soyqırımına görə cavab verəcəksiniz” yazılmış şəffaf qutuya faciə qurbanlarının adları qeyd olunmuş 613 zərf salıblar, havaya Xocalı şəhidlərinin sayı qədər qara şar buraxıblar.Etiraz aksiyası cinayətkar Ermənistan hakimiyyətinə ünvanlanmış qətnamənin oxunuşu ilə başa çatıb.xeber100.com