“Qafqaz dialoqu – 2016” adlı beynəlxalq forum keçirilib

Çeçenistanın paytaxtı Qroznıda “Qafqaz dialoqu - 2016” adlı beynəlxalq forum keçirilib. Ümumrusiya Azərbaycanlıları Konqresindən Apa-ya verilən məlumata görə, forumda Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Abxaziya, Cənubi Osetiyadan politoloqlar, jurnalistlər, elmi işçilər, ictimai – siyasi təşkilatların nümayəndələri iştirak ediblər. Forumun birinci günündə “Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlı dəyirmi masa keçirilib. Dəyirmi masanın moderatoru Serqey Markedonov münaqişənin tezliklə həll olunmasının vacibliyindən danışıb. Azərbaycan Milli Məclisin deputatı Rasim Musabəyov çıxışında forum iştirakçılarına Azərbaycanın mövqeyini çatdırıb. O, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini bildirərək ölkəmizin mövcud vəziyyətlə barışmayacağını qeyd edib. Politoloq Zaur Məmmədov münaqişəyə hüquqi kontekstindən yanaşaraq, erməni tərəfin açıq – aşkar beynəlxalq hüququ pozduğunu vurğulayıb. Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva üzrə icraçı direktoru Şamil Tağıyev ermənilərin uzun zamandır, Azərbaycan xalqına qarşı təcavüzündən, törətdikləri qırğınlardan bəhs edib. O qeyd edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycanda indi də ermənilər yaşayır: “Amma Ermənistan azərbaycanlılara qarşı tam etnik təmizləmə aparıb”. Toplantı qarşılıqlı dialoq formasında iki gün davam edərək bu gün işini başa vurub.

İyul 29, 2016 3:49

Qeyri-Hökumət Təşkilatları Assosiasiyası bəyanat yayıb

Ukrayna Qeyri-Hökumət Təşkilatları Assosiasiyası faşist generalı Njde kimi tanınan Qaregin Ter Arutunyana Ermənistanın paytaxtı Yerevan şəhərində heykəl ucaldılması ilə bağlı etiraz bəyanatı yayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a bildiriblər ki, bəyanatda Qaregin Njdenin faşist ordusu sıralarında fəaliyyəti barədə məlumat verilib və Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov Njdeni Ermənistanın müstəqilliyi yolunda mübarizə aparan milli qəhrəman və vətənpərvər şəxs kimi təqdim edib. “Nasist ideologiyasını və Holokos faciəsini araşdıran professor Efraim Zurov “The Jerusalem Post” qəzetində Njdenin həqiqətən nasistlərlə əməkdaşlıq etdiyini, Krımda və Qafqazda erməni legionunun komandirlərindən biri olduğunu qeyd edib. O bildirib ki, nasistlərlə birgə II Dünya müharibəsinin gedişində kütləvi qırğınlarda iştirak edən Njdeyə heykəl qoyulmasını qınamalı, nasistlərlə əlbir olan və 3-cü reyxə kömək edənlərə qarşı çıxış etməliyik. Yerevanda Njdenin adını daşıyan prospekt, meydan, metro stansiyası və həmçinin Sunik rayonunda bir kənd mövcuddur. Bu da nasistlərə qarşı mübarizə aparan və həlak olan müharibə iştirakçılarının xatirəsinə təhqirdir”- deyə bəyanatda bildirilir. Bəyanatda Ukrayna Qeyri-Hökumət Təşkilatları Assosiasiyası nasist ideologiyasının təmsilçisi olan Njdenin erməni xalqının qəhrəmanı kimi təbliğ edilməsini pisləyib, eləcə də Ukrayna ictimaiyyətini bu məsələyə münasibət bildirməyə çağırıb.xeber100.com

İyul 21, 2016 4:52

Diaspor təşkilatları dövlət çevrilişi cəhdini pisləyən bəyanat yayıblar

Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ölkədə baş verən dövlət çevrilişinə cəhd ilə bağlı birgə bəyanat yayıblar. Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a bildiriblər ki, bəyanatda Türkiyə Konstitusiyasına zidd olaraq ölkədə hakimiyyəti güc yolu ilə dəyişdirmək, demokratiyanın təməl prinsiplərini tapdalayaraq dövləti zorla ələ keçirmək cəhdləri qətiyyətlə pislənilir. “Yaşanan hadisələr bölgədə önəmli mövqeyə sahib olan Türkiyəyə, Atatürk ideyalarına, Konstitusiyaya və demokratiyanın fundamental dəyərlərinə zərər vurmaq istəyindən başqa bir şey deyil. Türkiyədə yaşayan azərbaycanlılar hər zaman olduğu kimi, bu çətin günlərdə də Türkiyə xalqının və dövlətinin yanındadır”, - deyə bəyanatda vurğulanır. Diaspor təşkilatları Türkiyədə yaşayan bütün azərbaycanlıların türk xalqının və dövlətinin demokratiya uğrunda mübarizəsini dəstəklədiyini qeyd edərək həmvətənlərimizi dövlət çevrilişi cəhdinə etiraz məqsədilə keçirilən aksiyalarda fəal iştiraka çağırıb. “Bu xain təşəbbüsün qarşısının alınması zamanı canlarından keçmiş qardaşlarımıza Allahdan rəhmət diləyir, onların yaxınlarına və bütün türk xalqına başsağlığı veririk. Türkiyə tarixin daha bir ağır sınağından üzüağ çıxıb. Tarix növbəti dəfə böyük türk xalqının öz dövlətinə və Vətəninə nə qədər sadiq olduğunun şahidi oldu”, - deyə bəyanatda bildirilir.xeber100.com  

İyul 17, 2016 11:36

“Jerusalem Post” qəzeti yazır…

“Jerusalem Post” qəzeti yazır ki, bir neçə gün əvvəl Türkiyə ilə İsrail münasibətlərinin normallaşması haqqında sazişin imzalanmasına baxmayaraq, iyulun 6-da İsrail Knessetinin sədri Yuli Edelşteyn və bu ölkənin parlamentinin bəzi deputatları hökuməti qondarma “erməni soyqırımı”nı tanımağa çağırıblar. Bu barədə İsrailin “Zamanın çağırışları” analitik informasiya portalında dərc olunan “İsrail Knesseti və qondarma “erməni soyqırımı”: siyasi təxribat, yaxud sağlam düşüncənin növbəti qələbəsi” sərlövhəli məqaləsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin başçısı, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut yazıb. Knessetdə baş tutan diskussiyaların bəzi təfərrüatını açıqlayan A.Qut qeyd edir ki, İsrail parlamenti məsələni səsverməyə çıxarmayıb, çünki hökumətin mövqeyini təqdim edən portfelsiz nazir Tsaxi Xaneqbi məsələnin təhsil komissiyasında müzakirə olunmasını təklif edib. Yeri gəlmişkən, T. Xaneqbinin özü çıxışında “soyqırımı” sözündən istifadə etməyib, sadəcə 1915-ci il hadisələrini “faciəli hadisələr” adlandırıb. Erməni diasporunun Knessetdəki lobbiçilərinin qondarma “erməni soyqırımı”nın tanınması haqqında məsələni birinci il qaldırmadıqlarını vurğulayan A.Qut yazır: “Hələ beş il əvvəl Knessetin təhsil, mədəniyyət və idman üzrə komissiyanın iclasında Cənubi Qafqaz üzrə ekspert kimi çıxış edərək vurğulamışdım ki, qondarma “erməni soyqırımı”nın tanınması o vaxt ağır, gərilmiş və gərgin halda olan Türkiyə-İsrail münasibətlərini nəinki sarsıdacaq, həm də məhv edəcək. Türk və yəhudi xalqları arasında 500 illik zəngin tarixi olan qarşılıqlı münasibətlər və anlaşma mövcuddur. Tarixi faktları unutmamalıyıq. Vaxtilə Türkiyə sultanı İspaniya yəhudilərinə hər cür vətəndaşlıq hüquqları verib və onları tamamilə məhv olmaqdan xilas edib. Avropa yəhudilərinin qorxunc və dəhşətli qırğına məruz qaldıqları İkinci Dünya müharibəsi illərində Türkiyə yəhudiləri müdafiə və xilas edib”. A.Qutun fikrincə, qondarma “erməni soyqırımı”nın tanınması İsrailin Azərbaycan ilə münasibətlərini ciddi şəkildə pozacaq. O deyib: “Bu gün artıq bir faktdır ki, Avrasiya ərazisində heç bir ölkənin Azərbaycan kimi İsraillə sıx, mehriban münasibətləri yoxdur. Ciddi geosiyasi və geoiqtisadi perspektivləri olan Azərbaycan Cənubi Qafqazda əsl regional liderdir. Son 25 ildə bizimlə Azərbaycan arasında çox ciddi strateji tərəfdaşlıq münasibətləri yaranıb. İsrail Azərbaycana həmişə böyük diqqət və səmimiyyətlə yanaşıb. Özü də təkcə bu ölkədə heç vaxt antisemitizmin olmadığına görə deyil. Rəsmi Bakı başqa ölkələrdə də antisemitizmin hər hansı təzahürünü dəfələrlə pisləyib və pisləməkdə davam edir. Rəsmi Bakı indiyədək Təl-Əvivdə diplomatik missiya açmasa da, Azərbaycan hökuməti İsrailə çoxsaylı rəsmi nümayəndə heyətləri göndərir və öz növbəsində İsraildən Bakıya gələn çox sayda nümayəndə heyətini salamlayır. Azərbaycan neftinin satın alınması, İsrailin bu ölkənin iqtisadiyyatına və kənd təsərrüfatına yatırdığı sərmayələr sayəsində Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənməyə davam edir. Azərbaycanın yüksək texnologiyalar, telekommunikasiyalar, neft-qaz, təbabət, kənd təsərrüfatı kimi müxtəlif sahələrində İsrailin xeyli iri şirkəti fəaliyyət göstərir”. Dünya bazarında İsrailin Azərbaycan neftinin əsas alıcılarından biri olduğunu qeyd edən məqalə müəllifi yazır: “Azərbaycan ilə daha sıx qarşılıqlı münasibətlər axtarmaq üçün İsrailin daha bir neçə səbəbi var. Azərbaycan enerji resurslarının etibarlı təchizatçısı, o cümlədən İsrailin istehlak etdiyi neftin təchizatının 40 faizinin təminatçısı kimi mühüm rol oynayır. Azərbaycan Avropa üçün də enerji resurslarını şaxələndirməyin və təhlükəsizliyin əsasıdır. Azərbaycan təkcə regionun iri energetika mərkəzi deyil, həm də əsas neft və təbii qaz istehsalçısıdır. A.Qut vurğulayır ki, Azərbaycanda yəhudilər və azərbaycanlılar əsrlər boyu doğma qardaş kimi yaşayıblar, onları ümumi tarix və tale bağlayır. Ekspert belə bir sual qoyur: “Azərbaycan əsl sivilizasiyalararası və konfessiyalararası dialoq örnəyidir və örnək olmağa davam edir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin mühüm əsaslarıdır. Multikulturalizm və tolerantlıq ənənələrini inkişaf etdirmək və möhkəmləndirmək üçün Azərbaycan siyasi və sosial şəraitin yaradılması, stimullaşdırılması istiqamətində lazımi səylər göstərib. Azərbaycan dövləti öz hesabına yəhudi icması üçün iki müasir sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edib. Mənə dünyada, heç olmazsa, bir xristian, yaxud bir müsəlman ölkəsi göstərin ki, öz hesabına sinaqoq tikdirsin. Bu, Azərbaycan dövlətinin və onun rəhbərliyinin yəhudi xalqına və İsrail Dövlətinə rəğbətini bir daha sübut edir. Mənə izah edin görüm, biz nə üçün qondarma “erməni soyqırımı”nı tanımalıyıq? Ermənistandan və ermənilərdən kompliment eşitmək üçünmü? Başa düşürəm ki, İsrail parlamentinin sədri və Zaxava Qalyon kimi bəzi iyrənc deputatlar erməni lobbisinin siyasi təzyiqi altında ola bilərlər. Amma bu gün qondarma “erməni soyqırımı”nı belə inadla tanımağa çalışanların heç biri Ermənistanın daxilindəki vəziyyətə baxmayıb. Onlar hansı ölkənin və hansı rəhbərliyin nazı ilə oynayırlar?”. Arye Qut bildirib: “Ay yarım əvvəl Ermənistan paytaxtında erməni faşisti və antisemit general Njdenin abidəsinin rəsmi açılış mərasimi oldu. General Njdenin xatirəsinin abədiləşdirilməsi rüsvayçılıqdır və Holokost qurbanlarının xatirəsini təhqir etmək deməkdir. Bu gün artıq danılmaz faktdır ki, Ermənistan uzun illərdir yəhudiləri mənəvi zorakılığa məruz qoyur. Bu da özünü antisemit ruhlu kitabların çap olunmasında, televiziyada antisemit xarakterli verilişlərin yayımlanmasında, habelə Yerevanda Holokost qurbanlarının memorial lövhəsinin dəfələrlə təhqir olunmasında göstərir. Erməni faşisti və antisemit Njdenin abidəsinin qoyulması bir daha sübut edir ki, müasir Ermənistanda həm xalqımızın nümayəndələrini, həm də sovet əsgərlərini qırmış faşistlərə irimiqyaslı pərəstiş yaradılıb. Mən tamamilə əminəm ki, əgər Ermənistan rəhbərliyi bu gün faşizmi təbliğ edirsə, sabah eyni müvəffəqiyyətlə Hitlerə də abidə ucalda bilər. Qeyd edək ki, faşistlərə pərəstiş hansısa marginal siyasi qruplaşmalar tərəfindən həyata keçirilmir, bu addımların arxasında dövlət, daha doğrusu, müasir Ermənistan Respublikasının rəhbərliyi dayanır. Onda bəs İsrail parlamentinin deputatları hara baxır? Məgər bu, yəhudilərin şərəf və ləyaqətinə toxunmur? Doğrudanmı onlar Ermənistanda faşizmin dirçəldilməsinə, yaxud bu ölkədə antisemitizm faktlarına belə etinasız baxmağa hazırdırlar?”. Ekspert vurğulayır ki, deputatların qondarma “erməni soyqırımı” məsələsini qaldırmalarının səbəbi onların problemdən xəbərsiz olmalarından, İsraildəki erməni diasporundan elektoral kapital toplamağa çalışmalarından irəli gəlir. Müəllif yazır : “Arxiv sənədləri ilə təsdiq olunmuş tarixi faktlar var. General Njdenin başçılıq etdiyi erməni legionunun məqsədi yəhudiləri və alman ordusuna yararsız olan digər insanları məhv etmək olub. Njde minlərlə yəhudinin məhvində şəxsən iştirak edib. Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya, habelə Qərbi Krımın digər rayonları məhz erməni legionu sayəsində yəhudilərdən tam təmizlənib. Məgər bundan sonra biz erməni faşisti və antisemitinin müasir Ermənistanda milli qəhrəman dərəcəsinə yüksəldilməsinə laqeyd baxa bilərik? Sadəcə başa düşmək lazımdır ki, müasir Ermənistanda faşistlərin və antisemitlərin tərifinin göylərə qaldırılması Ermənistanın indiki rəhbərliyinin dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. General Njdenin abidəsinin açılış mərasimində Ermənistan Prezidenti Serj Sarkisyanın və müdafiə naziri Seyran Ohanyanın iştirak etməsi faktı təsdiq edir ki, onlar özlərini erməni faşisti, antisemit Njdenin həqiqi və əsl varisləri hesab edirlər”. A.Qut İsrailin 9-cu Prezidenti Şimon Peresin “Yəhudi xalqının Holokostunu başqa xalqın faciəsi ilə müqayisə etmək olmaz” sözlərini xatırladaraq vurğulayıb: “Bu bir faktdır ki, Avropada faşizm yəhudiləri yalnız yəhudi olduqları üçün məhv edib. Ermənilər isə onlara Osmanlı imperiyası ərazisində öz dövlətini yaratmağı vəd etmiş çar Rusiyasının siyasətinin qurbanı olublar”. A.Qut fikrini belə yekunlaşdırıb: “Biz İsrailin milli maraqları barədə düşünməliyik, erməni lobbisinin istəklərinə rəvac verməməliyik. Müasir Ermənistanın və onun rəhbərliyinin xalqımın nümayəndələrini məhv etmiş faşistləri rəsmi səviyyədə təbliğ etdiyi və onlara sitayiş yaratdığı bir vaxtda erməni xalqı qarşısında hansı mənəvi məsuliyyətdən danışmaq olar?! ABŞ Antidiffamasiya Liqasının məlumatına görə, Ermənistan antisemitizmin səviyyəsinə görə postsovet məkanında birinci yeri tutur, bu ölkə monoetnikdir, burada yəhudiləri barmaqla saymaq olar. Yaxşı ki, mənim ölkəmdə, xüsusən parlamentdə konstruktiv siyasi qüvvələr var. Onlar yaxşı başa düşürlər ki, İsrailin Azərbaycana və Türkiyəyə münasibətdə strateji maraqları faşizmin, terrorizmin dövlət ideologiyasının bir hissəsinə çevrildiyi Ermənistan və erməni xalqı qarşısında anlaşılmaz və məntiqdən uzaq “mənəvi öhdəliklər” çox-çox əhəmiyyətlidir.xeber100.com

İyul 8, 2016 8:37

Dünya Azərbaycanlılarının IV Qurultayının qarşıya qoyduğu vəzifələr müzakirə olunub

Dnepr şəhərində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının 4-cü Qurultayında Prezident İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn tapşırıq və tövsiyələrə həsr olunan toplantı keçirilib. Toplantıda çıxış edən Konqresin sədri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Rövşən Tağıyev IV qurultayın dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox soydaşımızın növbəti birlik və həmrəylik təntənəsinə çevrildiyini söyləyib. O, Prezident İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn tapşırıq və tövsiyələrin həyata keçirilməsi üçün qarşıda duran vəzifələrdən söz açıb. Azərbaycan həqiqətlərinin, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair faktların Ukrayna ictimaiyyətinə çatdırılması, yerli kütləvi informasiya vasitələri ilə səmərəli işin qurulması, həftəsonu Azərbaycan dili məktəblərinin açılması istiqamətində yeni fəaliyyət proqramının hazırlandığını diqqətə çatdıran diaspor rəhbəri qurultayda səslənən hər bir fikrin və ideyanın dünya azərbaycanlılarının birlik və həmrəylik məfkurəsinə xidmət etdiyini vurğulayıb. Azərbaycan diaspor fəallarının və gənclərin iştirak etdikləri toplantıda Prezident İlham Əliyevin qurultayda söylədiyi tarixi nitqin videoyazısı nümayiş etdirilib. Dövlət başçısının proqram xarakterli nitqi soydaşlarımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Toplantıda Poltava Vilayət Radasının deputatı Fəxrəddin Muxtarov, Dnepr Azərbaycanlıları Konqresinin sədri Qüdrət Hacıyev, Konqresin sədr müavinləri Nəcəf Əhmədov, Zöhrab Cəfərov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepr Vilayət təşkilatının sədri Elza Bəkirova və digər soydaşlarımız çıxış edərək qurultayla bağlı təəssüratlarını bölüşüblər. Qurultayın qarşıya qoyduğu vəzifələrin müzakirə olunduğu toplantıda bu ilin sentyabrından etibarən Ukraynanın müxtəlif vilayət və şəhərlərində Azərbaycan dilində həftəsonu məktəblərin açılması, Konqresin nəzdində analitik informasiya mərkəzinin yaradılması ilə bağlı qərar qəbul olunub.xeber100.com

İyul 2, 2016 2:12

“Azərbaycan və Fransa arasında əlaqələrə yenidən baxılması haqqında”…

Fransa Milli Assambleyasının (parlament) Xarici İşlər Komissiyasının növbəti iclası olub. İclasın gündəliyində deputat Fransua Roşbluanın hazırladığı və baxılmaq üçün Komissiyaya təqdim etdiyi  “Azərbaycan və Fransa arasında əlaqələrə yenidən baxılması haqqında” Qətnamə layihəsi yer alıb. Azərbaycanın Dostları Assosasiyasından Apa-ya verilən məlumata görə, komissiya üzvləri tərəfindən fəallıqla müzakirə olunan qətnamə layihəsi yekdilliklə rədd edilib. Azərbaycanın Dostları Assossiasiyasının prezidenti deputat Jan Fransua Mansel bu barədə bəyanat verib. Bəyanatda deputat Roşbluanın “Fransa ilə Azərbaycan arasında əlaqələrə yenidən baxılması haqqında” Milli Assambleyanın Xarici İşlər Komissiyasına təqdim etdiyi qətnamə layihəsinin qəbulolunmaz hesab edilərək rədd edilməsi haqqında Komissiyanın qəbul etdiyi qərarın alqışlandığı bildirilib. Qeyd olunub ki, qətnamədə Azərbaycan və Fransa arasında mövcud olan yüksək səviyyəli diplomatik əlaqələrə və xalqlarımız arasındakı dərin dostluq münasibətlərinə kölgə salmağa cəhd olunub: “Xarici İşlər Komissiyası Dağlıq Qarabağ  üzrə məlumatlandırma mssiyasının yaradılması haqqında qərar qəbul etdi. Əminəm ki, bu missiya Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə dair haqlı tələblərini  obyektiv şəkildə ortaya qoymaq imkanları yaradacaq. Cənab Roşbluan komissiya üzvləri arasında özünün hazırladığı qətnamə layihəsinə səs verən yeganə deputat oldu və çox təəccüblüdür ki, Dağlıq Qarabağ üzrə məlumatlandırma missiyasının yaradılmasına dair qərara isə heç özü də səs vermədi. Heç şübhəsiz, bu qərar onun mütəmadi olaraq Azərbaycana qarşı təşkil etdiyi qarayaxma kampaniyalarının məramına  uyğun deyil. Bu axşam qəbul olunan qərardan qazanan Fransa-Azərbaycan dostluğu oldu”.xeber100.com

İyun 30, 2016 2:39

Skandinaviya Azərbaycanlıları Konqresi etiraz bəyanatı yayıb

Skandinaviya Azərbaycanlıları Konqresi faşist generalı, Njde kimi tanınan Qaregin Ter-Arutunyana Ermənistanın paytaxtında abidə qoyulması ilə bağlı etiraz bəyanatı yayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a bildiriblər ki, İsveçin Baş nazirinə, Xarici İşlər Nazirliyinə, parlamentə, İsveçdəki Avropa Evinə və bir neçə yəhudi cəmiyyətinə göndərilən bəyanatda Ermənistanın bu addımı nasist ideologiyasının yenidən dirçəldilməsi kimi qiymətləndirilir. Bəyanatda bildirilir ki, Ermənistan dövləti və prezident Serj Sarkisyan Hitler nasizminin əlaltıları haqqında qəhrəman imici yaratmağa cəhd göstərir. Rəsmi Yerevan və dünya erməniləri Hitler və onun yaxın adamları olan erməni generalları Njde ilə Dronun (Drastamat Kananyan) adlarını təmizə çıxarmaq üçün bütün imkanlardan istifadə edir. Halbuki Ermənistanın bu “milli qəhrəman”ları Ukrayna və Polşada on minlərlə dinc insanın qırğınına, yəhudilərə və nasist ideologiyasına “uyğun gəlməyən” digər xalqlara qarşı qanlı cinayətlərə, Hitlerin ölüm düşərgələrində həyata keçirilən kütləvi qətllərə görə tarix qarşısında məsuliyyət daşıyır. Müraciətdə, həmçinin qeyd olunur ki, erməni legionunun öz hesabatlarında təkcə Qərbi Krımda 20 mindən çox dinc sakinin qətlə yetirildiyi etiraf olunur. Müraciətdə beynəlxalq ictimaiyyətin faşizmin bütün təzahürlərini pislədiyi bir vaxtda Ermənistanın dünyaya açıq-aşkar meydan oxuduğu İsveç rəhbərliyinin diqqətinə çatdırılır. Müraciət müəllifləri hesab edirlər ki, nasist cinayətkarları Dro və Njdenin şərəfinə xatirə sikkələrinin buraxılması, filmlər çəkilməsi, onların adına küçə verilməsi və nəhayət, Yerevanın tam mərkəzində Njdeyə heykəl qoyulması İkinci Dünya müharibəsində həlak olan insanların xatirəsinə həqarət, faşizm qurbanlarının ruhunun həyasızcasına təhqir olunmasıdır. İsveçdə yaşayan azərbaycanlılar ölkə ictimaiyyətini və rəhbərliyini Ermənistanın nasist cinayətkarlarına bəraət qazandırmaq cəhdlərinin qarşısını almağa və bu istiqamətdə Ermənistan dövlətinə təzyiq göstərməyə çağırıblar.xeber100.com

İyun 28, 2016 8:35