“Peyğəmbər Salavatullahın həyatındakı tarixi hadisələrin cədvəlinə doğru”…

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İordaniya Kralı Əlahəzrət II Abdullahın himayəsi altında oktyabrın 23-də Əmmanda keçirilən Al əl-Beyt İslam Fikri Akademiyasının “Peyğəmbər Salavatullahın həyatındakı tarixi hadisələrin cədvəlinə doğru” mövzusuna həsr olunmuş XVII konfransda iştirak edib. QMİ-nin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, 35 islam dövlətindən nümayəndələrin iştirak etdiyi tədbirdə akademiyanın həqiqi üzvü şeyxülislam A.Paşazadənin məruzəsi dinlənilib. O, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kral Əlahəzrət II Abdullaha və tədbir iştirakçılarına salamlarını çatdırıb. Kralın himayə etdiyi Al əl-Beyt İslam Fikri Akademiyasının dünyada İslamın təbliği, onun ümumbəşəri əhəmiyyətli dəyərlərinin tədqiqi, dinlərarası əməkdaşlıq və məzhəblərarası yaxınlaşma yolunda uğurlu səylərinin böyük önəm kəsb etdiyini bildirən QMİ sədri Azərbaycanda bütün səmavi dinlərin ardıcıllarının sülh şəraitində birgə yaşadıqlarını, bütün dinlər üçün dövlət tərəfindən bərabər şəraitin yaradıldığını diqqətə çatdırıb. O, son zamanlar Yaxın Şərqdə, xüsusilə Suriya, İraq və Yəməndə baş verən qanlı hadisələri, Fələstin probleminin regionda dini və milli zəmində münaqişələrə, ekstremizm və terrorizmə təkan verdiyini vurğulayıb. Qeyd edib ki, özünü demokratiya təəssübkeşi kimi təqdim edən Avropanın bəzi dövlətlərində islamofobiya təzahürləri dərinləşir, məcburi miqrantlara müsəlman və qeyri-müsəlman ayrı-seçkiliyi kimi ədalətsiz, qeyri-humanist yanaşma nümayiş etdirilir, ksenofobiya meyilləri kəskinləşir. Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın 20 faiz torpağının erməni ekstremistləri tərəfindən işğal olunduğunu, zəbt edilmiş ərazilərimizdə ümumislam əhəmiyyətli mədəni, dini-mənəvi abidələrimizin məhv edildiyini söyləyib, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın ədalətli mövqeyini daim müdafiə etdiyinə görə qardaş müsəlman ölkələrinə, o cümlədən İordaniya xalqına və onun liderinə xalqımız adından təşəkkürünü ifadə edib. A.Paşazadə Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 25 illiyinin respublikamızda böyük təntənə ilə qeyd olunduğunu diqqətə çatdıraraq, ötən qısa tarixi müddət ərzində ölkəmizin uğurlu yol keçdiyini və böyük nailiyyətlər əldə etdiyini vurğulayıb. Şeyxülislam Allahşükür Paşazadə tədbir çərçivəsində Al əl-Beyt İslam Fikri Akademiyasının rəhbəri, Kral Əlahəzrət II Abdullahın əmisi oğlu Qazi bin Məhəmmədlə görüşüb. Görüşdə ölkələrimiz arasında əlaqələrin səviyyəsindən razılıq və bu əlaqələrin daim inkişafda olacağına əminlik ifadə edilib. Konfransda Azərbaycanın İordaniyadakı səfiri S.Ağabəyov, QMİ sədrinin birinci müavini, müfti S.Musayev və Qafqaz Müsəlmanları İdarəsinin məsul əməkdaşı G.Babayev də iştirak edib.xeber100.com

Oktyabr 24, 2016 10:37

“Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili”…

Oktyabrın 4-də Ağdaş şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda konfrans keçirilib. DQİDK-dən Azərtac-a bildirilib ki, tədbirdə Komitə sədrinin birinci müavini Səyyad Salahlı, qurumun Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, idarə və müəssisə rəhbərləri, dini icma sədrləri, dindarlar, rayonun təhsil, səhiyyə və mədəniyyət işçiləri, eləcə də gənclər iştirak ediblər. Konfransda çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, qurumun Yevlax bölgəsi üzrə şöbə müdiri Natiq Əfəndiyev, Ağdaş RİH-in nümayəndəsi Qabil Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə nümayəndəsi Əli Məmmədov ölkəmizdə dinlərarası və məzhəblərarası münasibətlərin yüksək səviyyədə qurulduğunu vurğulayıblar. Qeyd edilib ki, hər kəsin dini etiqad azadlığının təmin olunması, dövlətin bu sahədə yürütdüyü uğurlu siyasət sayəsində multikulturalizm və tolerantlıq xalqımızın həyat tərzinə çevrilib və bu, dini radikalizmlə mübarizədə mühüm amildir. Bildirilib ki, dini radikalizmlə mübarizədə dini icmaların rolunu artırmaq, radikalizmin yayılmasının və gənclərin radikal fikirlərin təsiri altına düşməsinin qarşısını almaq üçün birgə fəaliyyət zamanın tələbinə çevrilib.xeber100.com

Oktyabr 4, 2016 3:08

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın təşkilatçılığı ilə…

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın birgə təşkilatçılığı ilə təsdiq olunmuş tədbirlər planına əsasən Xəzər rayon Gənclər evində “Azərbaycanda ənənəvi İslam və xarici təsirlər” mövzusunda seminar keçirilib. BŞGİBİ-dən Azərtac-a bildiriblər ki, seminarı açan Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov mövzu ilə bağlı geniş məlumat verərək dövlət-din münasibətlərindən, ölkəmizin tolerantlıq ənənələrindən, xalqımızın bütün dinlərə və konfessiyalara dözümlü münasibətindən, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsində belə keyfiyyətlərin əhəmiyyətindən danışıb. O bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər aidiyyəti dövlət qurumları vicdan azadlığından sui-istifadə cəhdlərinin, dini radikalizmin qarşısının alınması istiqamətində qətiyyətli tədbirlər həyata keçirirlər. Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov “Azərbaycanda ənənəvi İslam və xarici təsirlər”, Dini maarifləndirmə işinin təşkili şöbəsinin məsləhətçisi Orxan Maşayev “Dini radikalizm və onun təzahür formaları” mövzularında çıxış edərək dini radikalizmə və ekstremizmə qarşı mübarizə, zərərli dini təriqətlərin yayılmasının qarşısının alınması sahəsində görülən işlər, eləcə də bu sahədə daxili işlər orqanları ilə qarşılıqlı əlaqənin və informasiya mübadiləsinin genişləndirilməsinin zəruriliyi barədə geniş məlumat veriblər. Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Çərkəz Tanrıverdiyev və Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev çıxışlarında milli mənəvi dəyərlərin qorunmasından, İslam dininin olduğu kimi təbliğ edilməsindən danışıblar. Rayonun fəal gənclərinin iştirak etdiyi tədbirdə suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.xeber100.com

Sentyabr 29, 2016 2:53

Qafqaz Müsəlmanları İdarəsinin məlumatı…

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası bu gün keçirdiyi tədbirdə Məhərrəm ayı ilə bağlı fətva verib. APA-nın məlumatına görə, fətva QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin sədrliyi ilə keçən toplantıda oxunub. Fətvada deyilir ki, Hicri-qəməri təqvimi ilə 1437-ci il başa çatır. Yeni Hicri 1438-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2016-cı il oktyabr ayının 3-nə təsadüf edir: “Müqəddəs aylardan olan Məhərrəm ayı Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibə və münaqişələrin qadağan edildiyi aylardandır. Lakin, təəssüflər olsun ki, bu ayın onuncu, yəni Aşura günü İslam tarixinə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn əleyhissəlamın və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi bir gün kimi daxil olub. Müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin nəsillərin yaddaşında əbədi yaşaması, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsi bu gün də  dindarlar üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, ölkəmizdə İmam Hüseyn (ə) əzadarlığı, Peyğəmbər nəvəsinin iman, mənəviyyatın saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən və iman sevgisinin təcəssümü, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə fədakarlıq və dəyanət örnəyi olmalıdır”. Məhərrəm ayının 10-u – Aşura gününün oktyabrın 12-nə təsadüf etdiyi bildirilib. Qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir: “Təziyə məclislərində dindarlar tərəfindən Kərbəla vaqeəsində İmam Hüseyn (ə) və onunla birlikdə şəhid olanlar yad edilməli, Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın əziz xatirəsi ehtiramla anılmalıdır. Əzadarlıq məclisləri keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunub zəncir, sinə vuraraq bədənə xəsarət yetirməklə qan çıxarmaq müqəddəs şəriətimizə uyğun deyil və ictimai qınağa səbəb olur. Əzadarlar özlərinə və digərlərinə xəsarət yetirməməli, başqalarını da belə hərəkətlərə təhrik etməməlidirlər”. Daha sonra bildirilib ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu humanist ənənəni davam etdiriləcək. Fətvada o da qeyd olunub ki, moizə və xütbələrdə erməni ekstremistləri tərəfindən zəbt olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı Ali Baş Komandanın əmrinə hər an hazır olmaq vurğulanmalı, dindarlar daima Vətən təəssübünü, milli və dövləti mənafelərini uca tutmağa çağırılmalıdır.xeber100.com      

Sentyabr 27, 2016 10:59