Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbulunun son tarixi açıqlanıb

Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarlar üçün sənəd qəbulunun son tarixi və boş qalan yerlərin sayı açıqlanıb.  Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Apa-ya verilən məlumata görə, ümumilikdə 200 boş zəvvar yeri qalıb və son sənəd qəbulu iyunun 30-a qədərdir. Qalan yerlərdən 100-ü VİP, 100-ü isə nisbətən zəif şəraitli ziyarət üçündür. Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Ziyarət Azərbaycandan sentyabrın 2-də başlayacaq. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az – 1500 nəfər müəyyənləşsə də, sonrada bu rəqəm daha da azaldılaraq 1040-a endirilib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə təxminən 1000 manata qədər bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.xeber100.com  

İyun 10, 2016 11:46

Ramazan ayı başlayır…

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvasına əsasən, iyunun 6-sı niyyət axşamıdır. İyunun 7-si isə Ramazan ayı başlayır. QMİ-nin Qazılar Şurasının fətvasında deyilir: “Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim və yaddaş kitabçası tərtib edib. Bölgə qazıları, səlahiyyətli nümayəndələr, imam və axundlardan, eləcə də dindarlarımızdan tələbimiz budur ki, digər mənbələrdən daxil olmuş, məzhəb və vaxt ayrıseçkiliyinə səbəb ola biləcək təqvimlərə müraciət edilməsin. Əminik ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və yerli İcra Hakimiyyətlərinin müvafiq qurumları bu məsələdə bizə köməkçi olacaq, kütləvi informasiya vasitələri və sosial media məzhəb ayrı-seçkiliyinin yolverilməzliyi baxımından vacib olan bu təqvimin təbliği və yayılmasına məsuliyyətlə yanaşacaq.İnşallah, Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i – Ayın üfüqi ərazimizdə görünməsinə istinadən iyul ayının 6-na təsadüf edəcək. Azərbaycan hökumətinin dini bayramlarımız olan Ramazan və Qurban bayramlarına ehtiramının göstəricisi kimi bu bayramlar dövlət səviyyəsində qeyd olunur. Bu, dövlətimizin dini dəyərlərə ehtiram və qayğısının təzahürü, din-dövlət münasibətlərinin yüksək səviyyəsindən irəli gələn məqamdır və dindarlar tərəfindən həmişə minnətdarlıqla qarşılanır.Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailənin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərimizə bir daha xəbərdarlıq edir ki, müqəddəs Ramazan ayı ərzində iftar vaxtından qabaq açılan süfrələrdə iştirak etmək şəriətə görə böyük günahlardandır. Bu xəbərdarlığımızı nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər görüləcək.Qazılar Şurası din xadimlərimizə tövsiyə edir ki, bu əziz günlərdə dinimizdə müqəddəs sayılan şəxsiyyətlərlə yanaşı, torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən qəhrəman övladlarımızın, Qarabağ şəhidlərinin əziz xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, xütbə və moizələrdə vətənpərvərlik hisslərinin təbliğinə xüsusi diqqət yetirilsin”. İyunun 24-ü yəni, Ramazan ayının 18-ci günü ilk Qədr (əhya) gecəsidir. İkinci Qədr (əhya) gecəsi 26-sı iyuna (Ramazan ayının 20-ci gününə), üçüncü Qədr (əhya) gecəsi 28 iyuna (Ramazan ayının 22-ci gününə), sonuncu Qədr (əhya) gecəsi isə iyul ayının 2-nə, (Ramazan ayının 26-cı gününə) təsadüf edir.Bayram namazı isə iyulun 6-da (1 şəvval) qılınacaq.xeber100.com

İyun 6, 2016 2:45

24 dini icma qeydiyyatdan keçib

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 24 dini icmaya şəhadətnamələr təqdim edilib. Komitənin mətbuat xidmətindən Apa-ya  verilən məlumata görə, bu məqsədlə təşkil edilmiş toplantıda Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini  icmaların sədrləri iştirak ediblər. Komitənin sədri Mübariz Qurbanlı Azərbaycanda dövlət-din münasibətlərindən danışaraq bildirib ki, ölkəmizdə dövlətin dinə, o cümlədən dini icmalara diqqət və qayğısı ardıcıl həyata keçirilir. Dövlət başçısının ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi ilə bağlı 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə davamlı olaraq tədbirlər keçirildiyini vurğulayan M.Qurbanlı qeydiyyatdan yeni keçən dini icmaları dinimizi, İslami dəyərləri ictimaiyyətə düzgün çatdırmağa çağırıb. Yeni qeydiyyatdan keçmiş dini icmaların sədrlərinə müvafiq tövsiyələrini verən Dövlət Komitəsinin sədri icmaların daha aktiv olmalarının, yerlərdə axund və imamlarla, eləcə də QMİ-nin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərmələrinin vacibliyini bildirib. Eyni zamanda, Komitə sədri dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, rəhbərlik etdikləri icmaların milli-mənəvi dəyərlərimizin təbliği və radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini, ümummilli maraqlardan çıxış etmələrini tövsiyə edib. Dövlət Komitəsinin sədri  qeydiyyat  şəhadətnamələrini dini icma sədrlərinə təqdim edib.xeber100.com    

Aprel 20, 2016 1:21