“Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili”…

Oktyabrın 4-də Ağdaş şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda konfrans keçirilib. DQİDK-dən Azərtac-a bildirilib ki, tədbirdə Komitə sədrinin birinci müavini Səyyad Salahlı, qurumun Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, idarə və müəssisə rəhbərləri, dini icma sədrləri, dindarlar, rayonun təhsil, səhiyyə və mədəniyyət işçiləri, eləcə də gənclər iştirak ediblər. Konfransda çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, qurumun Yevlax bölgəsi üzrə şöbə müdiri Natiq Əfəndiyev, Ağdaş RİH-in nümayəndəsi Qabil Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə nümayəndəsi Əli Məmmədov ölkəmizdə dinlərarası və məzhəblərarası münasibətlərin yüksək səviyyədə qurulduğunu vurğulayıblar. Qeyd edilib ki, hər kəsin dini etiqad azadlığının təmin olunması, dövlətin bu sahədə yürütdüyü uğurlu siyasət sayəsində multikulturalizm və tolerantlıq xalqımızın həyat tərzinə çevrilib və bu, dini radikalizmlə mübarizədə mühüm amildir. Bildirilib ki, dini radikalizmlə mübarizədə dini icmaların rolunu artırmaq, radikalizmin yayılmasının və gənclərin radikal fikirlərin təsiri altına düşməsinin qarşısını almaq üçün birgə fəaliyyət zamanın tələbinə çevrilib.xeber100.com

Oktyabr 4, 2016 3:08

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın təşkilatçılığı ilə…

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın birgə təşkilatçılığı ilə təsdiq olunmuş tədbirlər planına əsasən Xəzər rayon Gənclər evində “Azərbaycanda ənənəvi İslam və xarici təsirlər” mövzusunda seminar keçirilib. BŞGİBİ-dən Azərtac-a bildiriblər ki, seminarı açan Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov mövzu ilə bağlı geniş məlumat verərək dövlət-din münasibətlərindən, ölkəmizin tolerantlıq ənənələrindən, xalqımızın bütün dinlərə və konfessiyalara dözümlü münasibətindən, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsində belə keyfiyyətlərin əhəmiyyətindən danışıb. O bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər aidiyyəti dövlət qurumları vicdan azadlığından sui-istifadə cəhdlərinin, dini radikalizmin qarşısının alınması istiqamətində qətiyyətli tədbirlər həyata keçirirlər. Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov “Azərbaycanda ənənəvi İslam və xarici təsirlər”, Dini maarifləndirmə işinin təşkili şöbəsinin məsləhətçisi Orxan Maşayev “Dini radikalizm və onun təzahür formaları” mövzularında çıxış edərək dini radikalizmə və ekstremizmə qarşı mübarizə, zərərli dini təriqətlərin yayılmasının qarşısının alınması sahəsində görülən işlər, eləcə də bu sahədə daxili işlər orqanları ilə qarşılıqlı əlaqənin və informasiya mübadiləsinin genişləndirilməsinin zəruriliyi barədə geniş məlumat veriblər. Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Çərkəz Tanrıverdiyev və Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev çıxışlarında milli mənəvi dəyərlərin qorunmasından, İslam dininin olduğu kimi təbliğ edilməsindən danışıblar. Rayonun fəal gənclərinin iştirak etdiyi tədbirdə suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.xeber100.com

Sentyabr 29, 2016 2:53

Qafqaz Müsəlmanları İdarəsinin məlumatı…

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası bu gün keçirdiyi tədbirdə Məhərrəm ayı ilə bağlı fətva verib. APA-nın məlumatına görə, fətva QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin sədrliyi ilə keçən toplantıda oxunub. Fətvada deyilir ki, Hicri-qəməri təqvimi ilə 1437-ci il başa çatır. Yeni Hicri 1438-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2016-cı il oktyabr ayının 3-nə təsadüf edir: “Müqəddəs aylardan olan Məhərrəm ayı Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibə və münaqişələrin qadağan edildiyi aylardandır. Lakin, təəssüflər olsun ki, bu ayın onuncu, yəni Aşura günü İslam tarixinə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn əleyhissəlamın və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi bir gün kimi daxil olub. Müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin nəsillərin yaddaşında əbədi yaşaması, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsi bu gün də  dindarlar üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, ölkəmizdə İmam Hüseyn (ə) əzadarlığı, Peyğəmbər nəvəsinin iman, mənəviyyatın saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən və iman sevgisinin təcəssümü, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə fədakarlıq və dəyanət örnəyi olmalıdır”. Məhərrəm ayının 10-u – Aşura gününün oktyabrın 12-nə təsadüf etdiyi bildirilib. Qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir: “Təziyə məclislərində dindarlar tərəfindən Kərbəla vaqeəsində İmam Hüseyn (ə) və onunla birlikdə şəhid olanlar yad edilməli, Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın əziz xatirəsi ehtiramla anılmalıdır. Əzadarlıq məclisləri keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunub zəncir, sinə vuraraq bədənə xəsarət yetirməklə qan çıxarmaq müqəddəs şəriətimizə uyğun deyil və ictimai qınağa səbəb olur. Əzadarlar özlərinə və digərlərinə xəsarət yetirməməli, başqalarını da belə hərəkətlərə təhrik etməməlidirlər”. Daha sonra bildirilib ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu humanist ənənəni davam etdiriləcək. Fətvada o da qeyd olunub ki, moizə və xütbələrdə erməni ekstremistləri tərəfindən zəbt olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı Ali Baş Komandanın əmrinə hər an hazır olmaq vurğulanmalı, dindarlar daima Vətən təəssübünü, milli və dövləti mənafelərini uca tutmağa çağırılmalıdır.xeber100.com      

Sentyabr 27, 2016 10:59

Bu gün müqəddəs Qurban bayramıdır

Qurban bayramı və ya dini qurban kəsmə bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri sayılır. Bu bayram bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulub. Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsi) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yaranıb. Belə ki, dini qurban kəsmə İslam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələnib. Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Əhvalata görə, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazırlaşır, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda “Quran”da yazılıb. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazırlaşır. Lakin Allah bunu öz elçisinə rəva bilməyərək ona bir qoç göndərir. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər. İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qurban bayramı münasibətilə xalqımıza təbrikində deyilir: “Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri, o cümlədən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və fıravanlığı üçün Allaha dualar səslənir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, bu Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir”.xeber100.com

Sentyabr 12, 2016 11:13