“Trans-Adriatik” boru kəmərinin inşası çərçivəsində

Azərbaycan təbii qazını Avropaya çatdıracaq “Trans-Adriatik” (TAP) boru kəmərinin inşası çərçivəsində Yunanıstan və Albaniya marşrutunun 85 faizdən çoxunda torpaq örtüyü tamamilə əvvəlki vəziyyətinə gətirilib.Azərtac xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin 650 kilometrində torpaq örtüyü tamamilə bərpa olunub.Qeyd edək ki, TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla təxminən 82 faizi icra olunub. Ötən ay Albaniyada TAP-ın 105 kilometrlik dəniz hissəsi üzrə mikrotunel üçün qazma işləri və boruların qaynağı üçün hazırlıqlara başlanıb. Boru kəmərinin bu hissəsinin inşası TAP-ın qrafikinə əsasən 2019-cu ildə həyata keçiriləcək. 36 düymlük xəttin inşasında təxminən 9 min boru istifadə olunacaq.TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşası üzrə işlər qrafikə uyğun davam edir. Kipoidəki kompressor stansiyasında ümumi tikinti işlərinin 60 faizdən çoxu yekunlaşıb. Fierdəki kompressor stansiyasının tikintisinin 50 faizdən çoxu tamamlanıb. Kompressor stansiyaları ilə yanaşı, Albaniyanın şərqində, Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də aparılır. Ölçmə stansiyasında tikinti işlərinə ötən ilin birinci rübündə başlanılıb və stansiyanın inşasının 50 faizi tamamlanıb. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq.Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur və bu vaxtadək 3,2 milyard avro sərf olunub. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.xeber100.com

Noyabr 30, 2018 3:24

SOCAR İstanbul hava limanında tenderi qazanıb

SOCAR İstanbul hava limanında 9 yanacaqdoldurma stansiyası üzrə keçirilən tenderi qazanıb.Milli.az xəbər verir ki, "SOCAR Türkiyə" hava limanı ərazisində, o cümlədən perronda (təyyarələrin dayanacaq meydançasında) yerləşən yeni stansiyalar ümumi istehlakçıları və xidmət avtomobillərini yanacaqla təmin edəcək. Beləliklə, bu stansiyaların operatoru seçilmiş SOCAR, dünyanın illik potensialı 200 milyon sərnişin olan ən böyük hava limanında istehlakçılara xidmət edəcək."SOCAR Türkiyə" şirkətinin idarə heyətinin sədri Vaqif Əliyev Türkiyədə ilk dəfə birbaşa istehlakçıya xidmət sektorunda iştirak edəcəklərini deyib: "2008-ci ildə "Petkim"in satın alınması ilə Türkiyə bazarına daxil olduq və bu günə kimi cəmi 14.2 milyard dollarlıq investisiya dəyəri ilə STAR neft emalı zavodu, TANAP, Petlim Konteyner Terminalı, Petkim külək enerjisi stansiyası kimi nəhəng layihələrə imza atdıq. Bu yaxınlarda isə "SOCAR Türkiyə"nin Əliağadakı (İzmir) bütün layihələrini əhatə edən ərazi Türkiyədə ilk Özəl Sənaye Bölgəsi elan edildi. Qardaş Türkiyə bizim üçün çox mühüm ölkədir. Dünyanın ən böyük hava limanındakı yanacaqdoldurma stansiyaları üçün elan olunan tenderdə qələbə çalmağımızı böyük sevinclə qeyd edirəm. Bu, bizim üçün həm brendimizin tanınması, həm də istehlakçılar ilə birbaşa ünsiyyət baxımından önəmli strateji addımdır. Şirkətimiz yanacaqdoldurma sektorunda hər zaman mövcud imkanları dəyərləndirir və bazardakı prosesləri yaxından izləyir. Deməli, önümüzdəki illərdə bu sektorda başqa investisiyalarımızın olacağı da istisna deyil".2018-ci il dekabrın 31-dən etibarən tam fəaliyyətə başlayacaq bu 9 stansiya 16 280 kv.metrlik bir sahədə xidmət edəcək.xeber100.com

Noyabr 24, 2018 8:46