Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının növbəti iclası başlayıb

Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının növbəti iclası öz işinə başlayıb. İclasda ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Azərtac-a bildirilib ki, tədbir çərçivəsində BTİ-nin fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib, cari il və gələcək illər üzrə fəaliyyət planlarının, maliyyə sənədlərinin və bir sıra digər məsələlərin müzakirəsi aparılıb.Tədbirin ilk günü nazir müavini Rövşən Rüstəmov məruzə ilə çıxış edərək, Azərbaycanda İKT infrastrukturunun inkişafı və rəqəmsal transformasiya üzrə görülən işlər barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb.Nazir müavini qeyd edib ki, ölkəmizdə əhalinin demək olar, 85 faizi internetdən istifadə edir: “Biz ölkəmizin genişzolaqlı infrastrukturuna sərmayə qoymağa və GPON, LTE texnologiyalarını tətbiq etməklə milli genişzolaqlı layihələri həyata keçirməyə davam edirik. Məqsədimiz FTTH (Fiber to the Home) şəbəkələrindən istifadə edərək sabit genişzolaqlı internet abunəçilərinin faizini artırmaq və 2024-cü ilə qədər minimum 25 Mb/s sürətli genişzolaqlı internetin tam əhatə dairəsinə nail olmaqdır”.Nazir müavini ölkəmizdə bu istiqamətdə dövlət-özəl tərəfdaşlığının genişləndirilməsinə önəm verildiyini bildirib.Rövşən Rüstəmov vurğulayıb ki, Azərbaycanda bütün əhali mobil şəbəkə ilə əhatə olunub, mobil genişzolaqlı internet geniş yayılıb. Hər 100 nəfərə düşən aktiv mobil genişzolaqlı xidmət abunəçilərinin sayı 73-ə bərabərdir.Nazir müavini əlavə edib ki, rabitə rəqəmsal transformasiyanın ilkin şərtidir və bu, hazırda bir çox ölkələrdə, o cümlədən Azərbaycanda strateji hədəflərdən biridir. Bu məsələdə ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının əhəmiyyətli roluna böyük önəm verir. Belə ki, BTİ hökumətlərin və digər maraqlı tərəflərin əməkdaşlıq etmək, ən yaxşı təcrübələri bölüşmək və çətin problemləri həll etmək üçün bir araya gəldiyi vacib platformadır.Rövşən Rüstəmov, eyni zamanda, cari ilin sentyabr-oktyabr aylarında Buxarest şəhərində keçiriləcək Səlahiyyətli Konfransda Azərbaycanın növbəti müddət üzrə Şura üzvlüyünə və ölkəmizin nümayəndəsi Sahibə Həsənovanın təşkilatın Radio Tənzimləmə Bürosunun üzvlüyünə namizədliklərinin irəli sürüldüyünü bəyan edib.xeber100.com  

Mart 22, 2022 7:25

Xarici İşlər Nazirliyinin məlumatına görə…

Martın 21-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov İslamabadda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 48-ci iclasında iştirak etmək üçün Pakistana səfəri çərçivəsində bu ölkənin müdafiə istehsalı naziri, Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının həmsədri xanım Zubeyda Cəlal ilə görüşüb.Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Elnur Məmmədov bu ilin iyununda Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağını və bu münasibətlə silsilə tədbirlərin keçiriləcəyini bildirib. Azərbaycan ilə Pakistanın səmimi münasibətlərindən bəhs edən nazir müavini əlaqələrimizin bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf etməsində hər iki ölkə rəhbərliyinin rolunu xüsusi vurğulayıb. Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Bu istiqamətdə aparılan işlər, xüsusilə, Hökumətlərarası Birgə Komissiyanın fəaliyyəti, birgə işçi qruplarının iclasları və birbaşa uçuşların əhəmiyyəti diqqətə çatdırılıb.Pakistanın müdafiə istehsalı naziri, Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının həmsədri xanım Zubeyda Cəlal 2021-ci ildə keçirilmiş Hökumətlərarası Birgə Komissiyanın 7-ci iclası ilə bağlı Azərbaycana səfər etdiyini xatırlayıb, ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb. Azərbaycan – Pakistan arasındakı yüksək səviyyəli münasibətlərdən söz açan xanım Zubeyda Cəlal bütün sahələr üzrə əlaqələrimizin bundan sonra da genişləndiriləcəyinə əminliyini bildirib.Həmin gün Elnur Məmmədov İndoneziya xarici işlər nazirinin müavini Abdul Kadir Jailani ilə də görüşüb.Görüş zamanı Azərbaycan – İndoneziya münasibətlərindən söz açan Elnur Məmmədov 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə İndoneziya Hökumətinə təşəkkürünü ifadə edib. O, ikitərəfli münasibətlərin bütün sahələr üzrə daha da inkişafının, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.xebver100.com  

Mart 21, 2022 7:27

“Bakı Metropoliteni”: Bayram tədbirləri martın 19-u və 20-si keçiriləcək

“Bakı Metropoliteni” QSC ənənəsinə sadiq qalaraq, bu il də bahar təravətli Novruz bayramı ilə bağlı rəngarəng tədbirləri ilə sərnişinlərə xoş ovqat bəxş edəcək.“Bakı Metropoliteni” QSC-dən Azərtac-a bildirilib ki, bayram tədbirləri martın 19-u və 20-si keçiriləcək. İki gün ərzində “İçərişəhər” (10:30-12:30), “Sahil” (11:30-13:00), “28 May” (12:30-14:00), “Elmlər Akademiyası” (13:30-15:00) stansiyalarında konsert proqramları təşkil olunacaq.Qeyd edilən stansiyaların vestibüllərində peşəkar musiqiçilərdən ibarət simli kvartetin və daha sonra milli muğam üçlüyünün canlı ifasında Azərbaycan və dünya musiqi sənətinin inciləri, bayram ovqatına uyğun musiqi parçaları səsləndiriləcək.Azyaşlı sərnişinlər üçün kitabların müəllifi kimi də tanınan məşhur mədəniyyət siması Bəhram Bağırzadə “İçərişəhər” stansiyasında iki gün ərzində qələmə aldığı bayram ovqatı ilə səsləşən yeni nəşrlərini öz imzası ilə təqdim edəcək.Bu iki gün ərzində Novruz personajlarının iştirakı ilə teatrallaşdırılmış səhnələr də nümayiş olunacaq. Bayramın əsatir qəhrəmanları Keçəl və Kosa Bahar qızının müşayiəti ilə sərnişinlərə unudulmaz əyləncəli anlar bəxş edəcəklər. Bayram tədbirində sehrbaz və sirk ustaları, eləcə də nəhəng personajlar sərnişinlərə xoş dəqiqələr yaşadacaq. Balaca sərnişinlərə Novruz hədiyyələri də təqdim olunacaq.Bayram günlərinin davam etdiyi martın 19-22-də “İçərişəhər” stansiyasının birinci baş yolunda sərnişinlər muzey eksponatı kimi nümayiş etdiriləcək retro vaqonlara tamaşa edə, salonlarda xatirə şəkilləri çəkdirə biləcəklər.

Mart 17, 2022 2:24