Alman-Azərbaycan biznes-forumu keçirilir

Oktyabrın 11-də Bakıda Alman-Azərbaycan biznes-forumu keçirilir. Tədbir Alman-Azərbaycan Xarici Ticarət Palatası, Şərqi Avropa İqtisadi Əlaqələr üzrə Alman Komitəsinin və Almaniyanın Şərqi Avropa İqtisadi Birliyinin dəstəyi ilə baş tutub.Azərtac xəbər verir ki, forumun əsas mövzuları maliyyə, sənaye, nəqliyyat və logistika sahələridir. Məqsəd alman və Azərbaycan şirkətlərini biznes platforması ilə təmin etmək, onların işgüzar əməkdaşlığı üçün mövcud imkanları müzakirə etmək, öz layihə və təkliflərini təqdim etməsinə şərait yaratmaqdır.Alman-Azərbaycan Xarici Ticarət Palatası idarə heyətinin sədri Falko Haydrix ölkələrimiz arasındakı fəal və uğurlu əməkdaşlıq əlaqələrindən söz açıb, bugünkü biznes-forumun əməkdaşlığın gücləndirilməsi üçün yeni platforma olduğunu deyib.Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev çıxış edərək ölkəmizdə gömrük sahəsində son illər ərzində həyata keçirilən islahatlar barədə məlumat verib, komitənin yeni təklif və fikirlərə hər zaman açıq olduğunu deyib.İqtisadiyyat nazirinin müavini Sahil Babayev nazirlik ilə Alman-Azərbaycan Xarici Ticarət Palatası arasında sıx və uzunmüddətli əməkdaşlığın bu cür tədbirlər vasitəsilə daha da gücləndiyini bildirib. Azərbaycan və Almaniya arasındakı ticarət əlaqələri üçün böyük potensialın olduğunu vurğulayan S.Babayev ölkələrimiz arasında əməkdaşlığın sənaye, nəqliyyat, logistika və enerji sahələrində investisiyalar qoyaraq inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.xeber100.com

Oktyabr 11, 2017 2:17

Beynəlxalq Valyuta Fondunun təqdimatında

Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertləri iqtisadiyyatın inkişafının yenidən baxılmış proqnozunu təqdim ediblər. Onlar bildirirlər ki, dünya iqtisadiyyatının hazırkı vəziyyəti ötən ildəkindən xeyli dərəcədə fərqlənir.BVF ekspertləri hazırda dünya iqtisadiyyatının onların əvvəlki proqnozları ilə müqayisədə daha yüksək sürətlə inkişaf etməsini təsdiqləyirlər.Azərtac xəbər verir ki, BVF-in tədqiqat bölməsinin direktoru Mauri Obstfeld deyib: “Biz qlobal iqtisadiyyatın bu il 3,6 faiz, gələn il isə 3,7 faiz artım təşkil edəcəyini gözləyirik. Bu, bizi sevindirməyə bilməz, çünki artım bir sıra regionlarda - həm inkişaf etmiş ölkələrdə, həm Asiyanın keçid iqtisadiyyatı ölkələrində, həm də Avropada eyni vaxtda baş verir”.Rusiyanı çıxmaq şərtilə, bütövlükdə MDB ölkələrində iqtisadiyyatın bu il 2,9 faiz, gələn il isə 3,3 faiz artacağı proqnozlaşdırılır.Eyni zamanda, BVF iqtisadçılarının fikrincə, iqtisadiyyatın bərpası fonunda əməkhaqqı hətta zəngin ölkələrdə də son dərəcə yavaş artır. Bundan başqa, iqtisadi artım hər yerdə müşahidə olunmur: neft ixrac edən ölkələrdə, həmçinin qeyri-sabit vəziyyət yaranmış ölkələrdə, əsasən, Yaxın Şərqdə, Latın Amerikasında, Şimali Afrika və Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrində vəziyyət daha ağırdır.BVF-in hesablamalarına görə, iqtisadiyyatın nikbin göstəricilərinin arxasında uzunmüddətli dövrdə məhsuldarlığın zəif artımı müşahidə olunur. İnkişaf etmiş ölkələrdə 2017-ci ildən 2022-ci ilədək olan dövrdə adambaşına istehsalın həcmi 1,4 faiz artacaq. 1996-cı ildən 2005-ci ilədək bu göstərici 2,2 faiz təşkil edib.xeber100.com

Oktyabr 11, 2017 1:54