“Azərbaycanfilm” müsabiqə elan edir…

"Azərbaycanfilm" kinostudiyası yeni kinoalmanaxın çəkilişləri üçün qısametrajlı bədii film ssenari müsabiqəsi elan edir. Müsabiqənin şərtləri: Müsabiqəyə müəllifin orijinal işi olan ssenarilər qəbul olunur. Ssenarilər 11.04.2016 tarixindən 11.06.2016 tarixinədək qəbul olunur. Qaliblərin adları 02.08.2016 tarixinədək elan olunacaq. Təşkilatçılar təqdim olunan işlərin həcmindən asılı olaraq son tarixləri dəyişmək hüququna malikdirlər. Müsabiqəyə istənilən janrda, qısametrajlı bədii filmin çəkilişləri üçün nəzərdə tutulmuş ssenarilər qəbul olunur. Bir müəllif istənilən sayda ssenari təqdim edə bilər. Ssenarilər Courier şriftində, 12 ölçüsündə, 5 səhifədən az və 40 səhifədən artıq olmamaq şərtilə və .doc və ya pdf formatında [email protected] və ya Moskva pr.1, AZ1012Bakıünvanına təqdim olunmalıdır. Səhifələr yuxarı sağ küncdə nömrələnməlidir. Ssenarinin titul (birinci) səhifəsində ssenarinin adı qeyd olunmalıdır. Müəllifin adı, soyadı, əlaqə telefonaları, email ünvanı və sinopsisin qeyd olunduğu məlumatlar ssenari ilə birgə, amma əlavə sənədlə göndərilməlidir. Ssenari ilə birgə sinopsisin göndərilməsi mütləqdir. Müsabiqədə yalnız 35 yaşınadək olan müəlliflər iştirak edə bilər. Hər hansı bir istehsal mərhələsində olan ssenarilər müsabiqəyə qəbul olunmur. Müsabiqənin davam etdiyi müddətdə istehsala buraxılan ssenarilər deskvalifikasiya olunurlar. İştirakçı müsabiqəyə ssenari təqdim etməklə müəllif hüquqlarının tək və müstəsna olaraq ona məxsus olduğunu və hər hansı üçüncü tərəfin hüquqlarının pozulmadığını təsdiq edir. Qaliblərin adları KİV-də və www.azerbaijanfilm.az saytında elan olunacaq. Təşkilatçılar münsiflər heyəti tərəfindən seçilməyən ssenarilərə şərh vermirlər. Təqdim olunan ssenarilərin qalib olub-olmayacağından asılı olmayaraq, müəllif hüquqları qorunur. Müəliflərə ssenariləri təqdim etməkdən öncə, ssenarini Müəllif Hüquqları Agentliyində qeydə almaq tövsiyə olunur. Müəllif ssenari təqdim etməklə bütün şərtləri diqqətlə oxuduğuna və razılaşdığına zəmanət verir. Qeyd edək ki, 2015-ci ildə istehsal olunan "Şəhər motivləri 4.1" kinoalmanaxı Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi "Geniş baxış" ssenari müsabiqəsinin qalibi olmuşdur. Dörd gənc rejissorun lentə aldığı "40-cı paraleldə" adlı növbəti kinoalmanaxın istehsalı isə 2016-ci ildə tamamlanmışdır.xeber100.com Əlaqə məlumatları: Tel: +994 12 430 1791 Email: [email protected] Ünvan:  Moskva pr.1, AZ1012 Bakı  

Aprel 11, 2016 2:05

Azərbaycanda ikinci Britaniya Film Baharı təşkil olunacaq

Nizami Kino Mərkəzində Britaniya Film Baharı festivalı keçiriləcək. “British Council”dan  verilən məlumata görə, festival Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və "Nizami" Kino Mərkəzinin təşəbbüsü ilə aprelin 25-dən 30-dək baş tutacaq. Festival çərçivəsində müasir Britaniya  kinematoqrafiyasının uğur qazanmış ən yaxşı yeni filmləri nümayiş olunacaq. Tədbir Kolm Toybinin eyniadlı romanına əsaslanaraq çəkilmiş, ssenari müəllifi Nik Hornbi, rejissoru Con Krauli olan Oskar-nominasiyalı "Bruklin" tarixi dramının premyerası ilə açılacaq. Festival çərçivəsində həmçinin baş rolunu Meqqi Smitin ifa etdiyi "Furqondakı ledi", Endrü Heyin Berlin Kino Festivalının qalibi olmuş "45 il" filmi, baş rollarında Kolin Farrel və Reyçel Vaysın çəkildiyi Yorqos Lantimosun "Lobster" filmi daxil olmaqla, 6 film izləyicilərə təqdim olunacaq. Festival müddətində British Council tərəfindən təşkil olunan online müsabiqələrin iştirakçılarına bir çox bilet və hədiyyələr təqdim olunacaq. Azərbaycanda ikinci Britaniya Film Baharının təşkil olunması münasibətilə British Council Azərbaycanın direktoru Elizabet Uayt bildirib ki, məqsəd Britaniya film və kinematoqrafçılarını azərbaycanlı tamaşaçılarla bir araya gətirmək, eyni zamanda innovasiyalar, müxtəliflik və mükəmməlliyi nümayiş etdirmək və mədəni mübadilələr üçün imkanlar axtarmaqdır.xeber100.com    

Aprel 8, 2016 3:09

Azərbaycanın 1918-ci ildəki qurtuluşu ilə bağlı film çəkiləcək

“Azərbaycan və Türkiyənin ortaq tarixi mövzusuna dair film çəkilməsi iki ölkə prezidentlərinin görüşündə də razılaşdırılıb. Bu razılığa əsasən, Bakıda çəkiləcək film Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa haqqında olacaq”. Bu sözləri Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət və tanıtma müşaviri Murat Karaçanta Modern.az saytına açıqlamasında deyib. Murat Karaçanta filmin çəkilməsi üçün işçi qrupun yaradılmasının planlaşdırıldığını və hər iki ölkənin müvafiq nazirlikləri arasında danışıqların getdiyni söyləyib: “Filmin əsas mövzusu Türkiyə və Azərbaycanın 20-ci əsrin əvvəlindəki ortaq şanlı tarixi, Azərbaycanın 1918-ci ildə qurtuluşu ulə bağlı olacaq. Filmin çəkilişinə başlamaq üçün hazırlıqlar gedir. Cənab səfirin də, mənim də layihəm və ideyam bu idi ki, çəkiləcək filmin mövzusu və ssenarisi Nuru Paşanın 1918-1920-ci illərdəki tarixi fəaliyyətinin Azərbaycanla bağlı hissəsi olsun. Şükürlər olsun ki, xəyallarımız artıq gerçəkləşir. Hər iki ölkənin müvafiq nazirliyinə filmin çəkilməsi ilə bağlı tapşırıq verilib. Yəni bu istiqamətdə Türkiyənin və Azərbaycanın Mədəniyyət və Turizm nazirlikləri danışıqlar aparır. Aparılan danışıqlarda əsasən filmin ortaq ssenarisi, çəkiliş yeri, filmə cəlb olunacaq ortaq aktyorlar və başqa məsələlər dəqiqləşdirilir. İşçi qrupun yaradılması planlaşdırlır. Azərbaycanlı ssenarist Orxan Fikrətoğlunun da işçi qrupa daxil edilməsi gözlənilir. Filmdə əsas məqam “Bir millət, iki dövlət” şüarı əsasında qardaş Azərbaycan və Türkiyə dostluğu, yardımlaşması əsas ideya təşkil edəcək”. Səfirlik rəsmisi Azərbaycanla çəkiləcək ortaq filmin uğurlu alınacağına inanır: “Bildiyiniz kimi, bu il martın 4-də “Ertuğrul-1890” filminin təqdimatını da etdik. Bu film yaponlarla ortaq layihəmiz idi. Həqiqətən də çox uğurlu proje oldu. İndi isə qardaş Azərbaycanla da belə bir ortaq film çəkəcəyik. Mən inanıram ki, Azərbaycanla birlikdə çəkəcəyimiz Nuru Paşa haqqında film çox uğurlu və maraqlı olacaq”.    

Aprel 6, 2016 12:41

Gəncədə kinoteatr açılır

Azərbaycanın ikinci ən böyük şəhəri sayılan Gəncədə müasir, ən yüksək keyfiyyətlə inşa edilmiş kinoteatr öz qapılarını yerli sakinlərin üzünə açır. Builki Azərbaycanın premium kinoteatrı "CinemaPlus" həyata keçirdi. Milli.Az bildirir ki, "Xəmsə Park" adlı məkanda yeni istifadəyə verilən Xəmsə Park Ticarət Mərkəzinin 4-cü mərtəbəsində "CinemaPlus Xəmsə" kinoteatrı kinosevərlərin ixtiyarına verilir. "CinemaPlus Xəmsə" ən yeni Barco nəslindən olan proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təhciz olunub. Məhz bu texnologiyanın istifadəsi nəticəsində yüksək keyfiyyətli görüntü almaq mümkün oldu ki, bu da tamaşaçıların zövqünü oxşayaraq tez bir zamanda "CinemaPlus Xəmsə" kinotetrını sakinləri sevdiyi məkana çeviriləcək. Həmçinin "CinemaPlus Xəmsə" kinoteatrında Türk və xarici ölkələrinin festivallarının keçirilməsi, məşhur simaların dəvət olunması planlaşdırılır. Əsas diqqət cəlb edən məqam odur ki, kinoteatrda dünya ilə eyni gündə premyeralar göstəriləcək. "CinemaPlus Xəmsə" 461 yerdən və 5 zaldan ibarətdir. Kinoteatrın zalları Avropa istehsalı olan yüksək dərəcəli rahat kreslolarla təchiz edilmişdir. Xüsusi ilə qeyd etmək olar ki, dünyada 500-dən çox kinoteatrı dizayn işlərini reallaşdıran Kanadanın "Mesbur+Smith Architects" şirkəti "CinemaPlus Xəmsə" kinoteatrının da dizayn işlərini tam olaraq görmüşdür. Bundan əlavə VİP zalda tamaşaçılar şəxsi masalı kreslolarda film izləmək, kinoseans zamanı qida və içkilər sifariş etməyə imkan yaradan VIP Bar-dan istifadə etmək və kino izləyərkən mobil telefonlarını kreslolarda xüsusi quraşdırılmış USB avadanlığının köməyi ilə cərəyan etmək şansı da əldə edəcək. Kinosevərlərə unudulmaz anlar və mükəmməl istirahət bəxş etmək yalnız bununla bitmir. Təbii ki, əla film izləmək və bu istirahətdən həzz almaq popkorn və sərin içkilərsiz mümkün deyil. Belə ki, burada rahat və xoş istirahət üçün geniş çeşidə malik 4 popkorn növü, şəkər pambığı, buzlu alkaqolsuz kokteyllər, və.s sərinləşdirici içkilərin satışı üçün 2 kinobar fəaliyyət göstərir. Qiymətlərə nəzər yetirdikdə, görmək olar ki, Bakıda fəaliyyət göstərən kinoteatrlardan xeyli aşağıdır. Seanslar Vaxt         Format Qiymət Format Qiymət   Səhər 10:00-12:00      2D     2 azn    3D         3 azn   Günorta 12:00-18:00  2D     3 azn      3D        4 azn   Axşam 18:00-00:00    2D      5 azn     3D           6 azn   VİP Seansların vaxtından və formatından asılı olmayaraq 15 azn Kino nümayişlərindən əlavə olaraq, kinoteatrın digər əsas məqsədi reklam cəlb etməkdir. Bununla bağlı Gəncədə fəaliyyət göstərən şirkətlər üçün xüsusi reklam təklifləri hazırlanır. "Cinema plus" MMC paytaxtdan başqa digər regionlarda da yeni kinoteatrların təşkil edilməsini planlaşdırır. İlkin olaraq Gəncə şəhərində 2 kinoteatrın fəaliyyətə başlaması nəzərdə tutulub. Bu da regionlarda hər kinoteatrda təxminən 100 yeni iş yerinin açılışı və regionlarda reklam bazarının genişlənməsinə səbəb olacaqdır. Eyni zamanda, bölgələrdə yaşayan tamaşaçılar Azərbaycan və xarici kinematoqrafçıların yaradıcılığından bəhrələnəcək. Ümumiyyətlə, kinoteatr şəbəkəsinin inkişafı insanların əyləncə imkanlarını artıraraq əhalinin asudə vaxtlarının daha səmərəli keçirilməsinə köməklik göstərəcəkdir.  

Aprel 3, 2016 9:04

Tarixi həqiqətlər…

Türkiyədə XX əsrin əvvəlində rus işğalı zamanı vətən torpaqlarından köç etmək məcburiyyətində qalan bayburtluların hekayəsi ekranlaşdırılacaq. Türk mətbuatının verdiyi xəbərə görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə qurumu olan "SOCAR Turkey"in rəhbəri Kənan Yavuzun babası Səid Yavuzun həyat hekayəsi əsasında yazılan ssenari ilə işğaldan əvvəl, işğal, miqrasiya və köçsonrası dövr kinolentə alınacaq. “Bu film vasitəsi ilə həm tariximizi bir dəfə daha doğru və obyektiv şəkildə tamaşaçının qarşısına çıxaracağıq, həm də Bayburtun mədəni həyatını göstərmiş olacağıq. Filmdə 1913-1918-ci illərdə qədim torpaqlarda yaşanan tarixi acılar ağ pərdəyə köçürüləcək”, - deyə K.Yavuz qeyd edib. Bu filmdə əsasən Bayburtun Beşpınar kəndində yaşayan Səid Yavuzun hələ yeni evli olduğu vaxtlarda Sarıqamış Hərəkatına qoşulması, ruslara əsir düşməsi, bu əsarətdən qurtulub doğma vətən torpaqlarına qayıdanda işğal illərində mühacirət etmək məcburiyyətində qalan ailəsini axtarması yer alıb. K.Yavuz filmin rejissoru, ssenari müəllifi və quruluşçu komandası ilə çəkilişlərin reallaşacağı Bayburtda araşdırmalar aparır. Filmin rejissoru Cəm Akyoldaş isə bildirib ki, hadisələrin baş verdiyi Bayburt və ətraf ərazilərin mövcud şərtləri o dövrü əks etdirəcək: "Bu ərazilər təbii bir film yaylasıdır. Şəhərin təbiəti, rəngləri və havası həmin dövrü, çətinlikləri, sıxıntıları əks etdirmək üçün çox əlverişlidir. Təxminən 8 həftəlik çəkiliş prosesimiz var. İyul və avqust aylarında baş tutacaq çəkilişlərdən sonra qış səhnələri çəkiləcək. Bu səhnələri çəkmək üçün yenidən noyabr-dekabr aylarında Bayburtda olacağıq. Filmdə təxminən 1 000 nəfər çəkiləcək. 2017-ci ilin fevral ayında film geniş tamaşaçı kütləsi qarşısına çıxarılacaq”.  

Mart 26, 2016 10:31

Vyaçeslav Tixonov -88

  "Baharın on yeddi anı"...Sovet kinematoqrafiya tarixinin ən məşhur nümunələrindən olan bu filmin qəhrəmanı Otto fon Ştirlis uzun müddət çoxlarının qəhrəmanı, idealı olmuşdu. Rolun ifaçısı Vyaçeslav Vasilyeviç Tixonov isə Ştirlis obrazı ilə həyatı və yaradıcılığında ən böyük uğura imza atmışdı. Bu gün SSRİ və Rusiyanın məşhur kinoaktyorunun anadan olmasından 88 il ötür. Vyaçeslav Tixonov 1928-ci il fevral ayının 8-də Moskva quberniyasının Pavlovski-Posad şəhərində, sadə fəhlə-qulluqçu ailəsində anadan olub. Valideynləri onu aqronom görmək istəyirdilər. Ancaq o, 1945-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirir. Kinoda ilk rolunu 1948-ci ildə "Gənc qvardiya"  filmində alır. Bu filmin çəkilişləri vaxtı aktrisa Nonna Mordyukova ilə tanış olur. Film ekranlara çıxan ərəfədə onların artıq oğulları dünyaya gəlir. Amma bu evlilik uğurlu olmur və onlar ayrılırlar. Onların övladları Vladimir Tixonovun həyatı da uğursuz olur. 42 yaşı olarkən narkotik alüdəçisi Vladimir dünyasını dəyişir. Aktyor ikinci dəfə Tamara adlı qadınla ailə həyatı qurur. Amma bu ailənin də ömrü uzun olmur. V.Tixonov ömrünün son 15 ilini isə tənhalıqda keçirir və 2009-cu il dekabrın 4-də 82 yaşında dünyasını dəyişir. Vyaçeslav Tixonovun kinoda ən məşhur rolu "Baharın on yeddi anı" filmindəki məşhur Otto fon Ştirlis rolu olsa da, aktyorun özünün ən çox sevdiyi rol "Qaraqulaq və ağ Bim"dəki tənha qoca obrazıdır. Çünki burada o özünü, öz yaşam tərzini və gələcək taleyini oynayıb.  

Fevral 8, 2016 2:56