Ankara Dövlət Opera və Balet Teatrında “Leyli və Məcnun” operasının premyerası keçirilib

Azərbaycanın Türkiyədəki səfirliyi və bu ölkənin Dövlət Opera və Balet Teatrının birgə təşkilatçılığı ilə Ankara Dövlət Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının premyerası keçirilib. Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşlarının, tanınmış mədəniyyət və incəsənət xadimlərinin, sənətsevərlərin, Ankarada yaşayan soydaşlarımızın, QHT və KİV nümayəndələrinin də izlədiyi tamaşadan əvvəl səfir Faiq Bağırov çıxış edib. Səfir Üzeyir Hacıbəylinin 130 illik yubileyi münasibətilə Leyli və Məcnun operasının Ankara Dövlət Opera və Balet Teatrının repertuarına daxil edilməsinin əhəmiyyətindən danışıb. “Leyli və Məcnun” operasının Azərbaycan musiqi mədəniyyətindəki yeri və rolu barədə söhbət açan F.Bağırov bu ölməz əsərin türk dünyasının birinci operası olaraq həyata vəsiqə qazandığını diqqətə çatdırıb. Səfir qeyd edib ki, “Leyli və Məcnun” operasının Türkiyə Dövlət Opera və Balet Teatrının Baş İdarəsi və Azərbaycanın Türkiyədəki səfirliyinin birgə layihəsi olaraq Ankara Dövlət Opera və Baletinin repertuarına daxil edilməsi Azərbaycan və Türkiyə arasındakı mədəniyyət sahəsindəki ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində xüsusi məna ifadə edir. Rəsmi hissədən sonra tamaşa təqdim olunub. Azərbaycanlı rejissor Əflatun Nemətzadə tərəfindən yüksək pəşəkarlıqla hazırlanan opera alqışlarla qarşılanıb və tamaşaçılarda xoş təəssürat yaradıb. Premyerada orkestrı isə tanınmış Azərbaycanlı dirijor Fəxrəddin Kərimov idarə edib. Sonda səfirlik tərəfindən layihədə əməyi olan şəxslərə xatirə lövhələri təqdim edilib.xeber100.com

May 15, 2016 11:33

“Xəcalət” dramı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq

Mayın 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı-dramaturq Hüseynbala Mirələmovun iki hissəli “Xəcalət” dramı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən Azərtac-a  bildirilib ki, səhnə əsəri Əməkdar İncəsənət Xadimi Bəhrəm Osmanovun quruluşunda təqdim ediləcək. Tamaşanın quruluşçu rəssamı, Əməkdar Rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı isə Xalq Artisti Siyavuş Kərimidir. Əsas rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, aktyorlar Xədicə Novruzlu, Əlvida Cəfərov, Məzahir Cəlilov ifa edəcəklər. Səhnə əsəri Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki dostun görüşündən bəhs edir. Həmçinin, tamaşada müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib. Tamaşa boyu bir dəfə də olsun güllə səsi eşidilməsə də, dramaturq müharibənin doğurduğu faciələri, insanlara gətirdiyi fiziki və mənəvi əzabları dolğun təsvir edə bilib. “Xəcalət” pyesi dünyanı dolaşan müharibə kabusuna, zorakılığa qarşı yönəlmiş, insanları ən çətin anlarda belə ləyaqətli, mətin və mübariz olmağa səsləyən bir əsərdir.xeber100.com

May 12, 2016 1:00

Bakı Uşaq Teatrı qastrol səfərində…

Ölkə başçısının  7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.6.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə Gənclər və İdman Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü və dəstəyi ilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Bakı Uşaq Teatrı tərəfindən "Həyatla oyun" tamaşası hazırlanıb. Tamaşanın əsas məqsədi bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniya, QİÇS-ə qarşı mübarizəyə çağırmaq və yeni metodlar vasitəsilə məlumatlandırmaqdır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa gənclərdə narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır. Tamaşanın nümayişi gənclərin sağlam həyat tərzi seçmələri üçün cox təsirli təbliğat vasitəsidir. Arzu Soltanın qələmə aldığı İntiqam Soltanın quruluş verdiyi “Həyatla oyun” tamaşasında hadisələr real həyatdan götürülüb. Hadisələr əsasən bir qrup tələbələr arasında cərəyan edir. Universitet tələbəsi olan Duman narkotika aludəçisidir. Atası tərəfindən atılmış Nicat problemlərini unutmaq üçün dostu Dumanın məsləhəti ilə narkotikadan istifadəyə başlayır. Getdikcə onun vəziyyəti ağırlaşır. Oğlunun narkoman olduğunu öyrənən Nicatın anası infarkt keçirir. Universitetdə təlimçi tərəfindən Narkomaniya və QİÇS haqqında maarifləndirilən tələbələr Spiddən analiz verməyi qərara alırlar. Analizin cavabları alındıqdan sonra Nicatın QİÇS-ə yoluxduğu məlum olur. Bütün bu hadisələrin mərkəzində dayanan Dumanın narkoman olmasına səbəb isə uşaqlıqdan valideynləri tərəfindən düzgün başa düşülməməsi, bu haqda maarifləndirilməməsidir. Valideynlərinin yalnış münasibəti isə Dumanın pis yola düşməsinə təkan verir. Hətta narkoman qardaşını pis vəziyyətdə qoyub gedən Naza xanım oğlu Dumanı da qoruya bilmir. Tamaşa yeniyetmələr və böyüklər üçün nəzərdə tutulub. Müddəti 1 saat 15 dəqiqədir. Artıq tamaşa Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycanın bütün  bölgələrində, 20 ali və 10 orta ixtisas məktəbində nümayiş olunub. Aprel ayında tamaşa Şuşa 1 saylı şəhər məktəbində və Zəngilan  Mədəniyyət idarəsində  nümayiş olunmuş, may ayında isə isə Bakı Uşaq Teatrı “Həyatla oyun” tamaşası ilə 5 rayonda qastrol səfərində olacaq.xeber100.com 02 may, saat 14.00-da Oğuzda 03 may, saat 11.00-da Qaxda 03 may, saat 14.00-da Şəkidə 04 may, saat 12.00-da Balakəndə 05 may, saat 12.00-da Zaqatalada

May 2, 2016 3:04