Dünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilib

Oktyabrın 2-3-də Şimali Kipr Türk Respublikasında Dünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısı keçirilib. Tədbirdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov da iştirak edib. Toplantıda birliyə üzv ölkələrin Mətbuat şuralarının ötən müddətdə gördükləri işlər barədə hesabatları dinlənilib. Ə.Amaşov bu hissədəki çıxışında rəhbərlik etdiyi qurumun 2015-ci il və 2016-cı ilin oktyabrınadək müddətdə şikayətləri araşdırması təcrübəsindən danışıb. O bildirib ki, Mətbuat Şurası şikayətləri araşdırıb öz qərar və rəyini qəbul edərkən yalnız şikayətçi tərəfin pozulan hüquqlarının bərpasını deyil, eyni zamanda, ümumən söz və ifadə azadlığından sui-istifadənin yolverilməzliyini əldə rəhbər tutur. Cəmiyyətdə söz və ifadə azadlığı prinsiplərinin dərinləşməsinin vacibliyini vurğulayan Ə.Amaşov əlavə edib ki, Şura ilk növbədə kütləvi informasiya vasitələrinin və ayrı-ayrı jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması məsələlərinə diqqət yetirir. Bu məqsədlə qurum müxtəlif kütləvi aksiyalarda jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini aparmaqdadır. Toplantının müxtəlif panellərində dünyada söz və ifadə azadlığının vəziyyəti, internet media ilə bağlı tənzimləmə mexanizmləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.xeber100.com

Oktyabr 3, 2016 3:29

Mətbuat Şurasının məlumatına görə…

İran İslam Respublikasının İRNA İnformasiya Agentliyinin rəhbəri Mohəmməd Xoddadi Azərbaycan Mətbuat Şurasında olub. Şuradan bildiriblər ki, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə qonağa məlumat verən sədr, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan jurnalistlərinin özünütənzimləmə orqanı olan Mətbuat Şurasının dünyanın bir çox nüfuzlu media təşkilatları ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O bildirib ki, beynəlxalq əməkdaşlığa müxtəlif ölkələrin aparıcı kütləvi informasiya vasitələri ilə ikitərəfli münasibətlər də daxildir. “İran və Azərbaycan xalqları arasında möhkəm tarixi bağlar var. Bu bağlılıq İran və Azərbaycan dövlətlərinin hazırkı əlaqələrində də əsas məqamı təşkil edir. Hazırda əlaqələr çox yüksək səviyyədədir və mövcud durumda hər iki ölkənin media qurumlarının bir-birinə yaxın olması son dərəcə faydalıdır”, - deyə Ə.Amaşov əlavə edib. Görüşdə iranlı və azərbaycanlı jurnalistlərin qarşılıqlı səfərlərinin təşkil olunması, bu xüsusda digər müxtəlif tədbirlərin həyata keçirilməsi yolları ətrafında müzakirələr aparılıb. İRNA xəbər agentliyinin rəhbəri Mohəmməd Xoddadi rəhbərik etdiyi agentliyin əməkdaşlığa hər cür dəstək göstərməyə hazır olduğunu bildirib. Tərəflər, həmçinin Xəzər dənizi ölkələri jurnalistlərinin regional görüşlərinin keçirilməsi məsələsinə də toxunub, mövcud istiqamətdə birgə təşəbbüsün qaldırılması ilə bağlı razılığa gəliblər.xeber100.com

Sentyabr 30, 2016 5:55

KİV təmsilçiləri ilə görüş…

Bu gün Mətbuat Şurasında ölkəmizdəki diplomatik missiyası başa çatmaqda olan Türkiyənin Azərbaycandakı Səfiri İsmail Alper Çoşkunun kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə vida görüşü keçirilib. Toplantını giriş sözü ilə MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açaraq bildirib ki, Azərbaycan və Türkiyənin bütün sahələrdəki əlaqələri qibtə olunacaq səviyyədədir. İkitərəfli münasibətlərdəki intensivlik baxımdan dünyanın heç bir ölkələri arasında oxşar vəziyyət müşahidə edilmir. Bu, tarixi bağlılıqdan, dostluqdan, qardaşlıqdan qaynaqlanan xüsusiyyətdir. Belə bir nəticənin əldə edilməsində medianın rolu çox böyükdür. Hazırda Türkiyə və Azərbaycan mediası arasındakı əlaqələr də dövlətlərarası əməkdaşlığa adekvat şəkildə inkişaf etməkdə və dərinləşməkdədir. Bu prosesdə ömrünün dörd ilini Azərbaycandakı mühüm diplomatik missiyasının icrasına sərf etmiş Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Çoşkunun rolu son dərəcə böyükdür. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli müxtəlif illərdə Türkiyə və Azərbaycan arasında nifaq toxumu səpməyə çalışan qüvvələrin olduğunu, onların öz məqsədlərinə çatmaq üçün mediadan yararlandıqlarını vurğulayıb. Lakin hazırda iki ölkə mediası və bütövlükdə cəmiyyəti arasında münasibətlər o qədər güclüdür ki, belə hallar təsir effektini göstərə bilmir. Mövcud nəticənin əldə edilməsində diplomatik missiyanın da böyük xidməti var. V.Səfərli bu baxımdan səfir İsmail Alper Çoşkunun ötən dörd ildəki fəaliyyətinin müstəsna əhəmiyyət daşıdığına diqqət çəkib. Türkiyənin Azərbaycandakı Səfiri cənab İsmail Alper Çoşkun çıxışına tədbir iştirakçılarına təşəkkürlərini bildirməklə başlayıb. O, Azərbaycanda fəaliyyət göstərməyin özü üçün böyük zovq olduğunu deyib. Ancaq Azərbaycanın dost və qardaşlıq baxımdan həssas bölgə kimi dəyərləndirərək buna adekvat işlər görməyin eyni zamanda müəyyən məziyyətlərdən keçdiyini də dilə gətirib. Azərbaycan və Türkiyə arasındakı münasibətlərin qürur duyulacaq bir nöqtəyə çatdığını vurğulayan səfir Alper Çoşkun bildirib ki, bu nailiyyətin qədri-qiyməti bilinməlidir.xeber100.com  

Sentyabr 22, 2016 2:15

“Referendumqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri”…

Avqustun 31-də Bakıda “Referendumqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib. Azərtac xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirədə çıxış edən MSK sədri Məzahir Pənahov sentyabrın 26-na təyin olunmuş referendumla bağlı MSK-nın Təqvim Planının hazırlandığını bildirib. MSK sədri qeyd edib ki, referendumda əsas tərəflərdən biri KİV nümayəndələridir. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, müstəqillik illərində ölkəmiz seçki və referendumların keçirilməsində böyük təcrübə qazanıb. Referendum Aktı layihəsi barədə məlumat verən Əli Həsənov deyib ki, dünyanın hər bir ölkəsində Konstitusiya zamanı gəldikdə dəyişikliklərə məruz qalır. İstər aparıcı Qərb dövlətlərinin, istərsə də qonşu ölkələrin təcrübələri bu dəyişikliklərin həm zəruri, həm də faydalı olduğunu göstərir. Referendum Aktı layihəsində təklif olunan dəyişikliklər, ilk növbədə, ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında aparılan islahatların nəticəsidir. Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev çıxış edərək diqqətə çatdırıb ki, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ilə bağlı bir sıra işlərin görülməsi vətəndaş cəmiyyəti qurumu olaraq Mətbuat Şurasının qarşısında duran əsas fəaliyyətlərdəndir.xeber100.com

Avqust 31, 2016 11:27

Media sahəsində əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib

İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi Azərbaycan Mətbuat Şurasında  olub. MŞ sədri Əflatun Amaşov  qonağı salamlayaraq bildirib ki, tarixən qonşu olan hər iki ölkənin əlaqələri indiki kimi geniş və əhatəli olmayıb. Dövlət rəhbələrinin qarşıdıqlı səfərlərində, eləcə də nazirliklər, digər rəsmi qurumlar səviyyəsindəki görüşlərdə ikitərəfli əməkdaşlığın inkişafını nəzərdə tutan mühüm sənədlərə imza atılıb. Ə.Amaşov bütün bunların böyük əhəmiyyət daşıdığına diqqəti çəkərək vurğulayıb ki, istər əməkdaşlığın möhkəmləndirilməsində, istərsə də görülən işlər barədə ölkələrin xalqlarında ictimai təsəvvürlərin formalaşmasında media, jurnalistlər aparııcı qüvvə olaraq qalır. Səfirlik rəsmisi ilə görüşdən də məqsəd bu günədək həmin sahədəki vəziyyətə  təhlili nəzər salmaq, daha da inkişafına xidmət edəcək tədbirləri və onların reallaşdırılması yollarını müəyyənləşdirməkdir. Şura sədri «Azərbaycan Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında 2016-2018-ci illər üçün  mədəniyyət, incəsənət və turizm üzrə Mübadilə Proqramı» layihəsinin də bu işlərin əlaqələnldirilməsi baxımından əhəmiyyətini qeyd edib. Eyni zamanda Xəzəryanı  ölkələrin media qurumlarının bir araya gətirilməsində Azərbaycan və İran  jurnalistlərinin fəal rol oynama imkanlarından danışıb. M.Nəcəfli MŞ sədrinin təşəbbüsünü dəstələyərək bildirib ki, bu  işə elə İran-Azərbaycan jurnalistlərinin dostluq qrupunun yaradılmasından  başlamaq, sonra digər Xəzəryanı ölkələrin də media təmsilçilərini bir araya gətirmək effektiv olardı. O, hər iki ölkənin jurnalistləri arasında qarşılıqlı səfərlərin mövcudluğunu əsas götürərək əlaqələrin inkişafına yönələn bir sıra təkliflərini səsləndirib. Tərəflər razılığa gəliblər ki, belə səfərlərin davamı jurnalistlərin yaradıcılığına müsbət təsiri, ölkələrin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin təbliği baxımından əhəmiyyət daşıdığından davam etdirilməlidir. Futbol və digər idman növləri üzrə  hər iki ölkənin jurnalistlərdən ibarət komandalarının yoldaşlıq görüşlərinin, konfransların və sair tədbirlərin təşkili də məqsədə müvafiq sayılıb.xeber100.com      

Avqust 4, 2016 1:59

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən…

İyulun 29-da Bakı Apellyasiya Məhkəməsində Milli Televiziya və Radio Şurasının  ANS Müstəqil Yayım və Media Şirkətinin fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciətinə baxılacaq. Apa-nın xəbərinə görə, proses hakim Ülvi Mayılovun sədrliyi ilə keçiriləcək. Qeyd edək ki, Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə ANS telekanalının yayımının müvəqqəti dayandırılması barədə göstəriş verib. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Azərbaycan dövləti televiziya və radio vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verilməməsinə nəzarət edir. Dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda teleradio yayımçısının fəaliyyəti müvəqqəti dayandırıla bilər. ANS telekanalının qanunazidd fəaliyyəti ilə bağlı məhkəməyə müvafiq müraciət olunub və son qərar məhkəmə tərəfindən veriləcək.xeber100.com

İyul 25, 2016 12:11

Ali Media Mükafatının laureatları müəyyənləşib

Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatının mükafat komissiyasının iclası keçirilib. Şuranın İdarə Heyətinin üzvlərindən ibarət komissiya mükafatın 2016-cı il üçün laureatlarının müəyyənləşdirilməsi məsələsini nəzərdən keçirib. Ali Media Mükafatı Mətbuat Şurasının İdarə Heyətinin 2010-cu il 6 iyul tarixli iclasının qərarı ilə təsis edilib. Mükafatın Əsasnaməsinə uyğun olaraq, Azərbaycanda jurnalistikanın inkişafı sahəsində çoxillik xidmətləri olan, səmərəli fəaliyyətini indi də davam etdirən, həmçinin mediamızın çağdaş problemlərinin həllində təşəbbüskarlığı və təşkilatçılığı ilə fərqlənən şəxslərin əməyinin qiymətləndirilməsi əsas götürülüb. Hər il 22 iyul - Milli Mətbuat Günündə təqdim olunan mükafatın 3 dərəcəsi var. İclasda birinci dərəcə üzrə 1, ikinci dərəcə üzrə 2, üçüncü dərəcə üzrə 5 laureat müəyyənləşdirilib. Ali Media Mükafatının 3-cü dərəcəsi üzrə laureatların hər biri min, 2-ci dərəcəsi üzrə 2 min, 1-ci dərəcəsi üzrə isə 5 min manat pulla mükafatlandırılıb. Mükafatın 1-ci dərəcəsi üzrə laureat yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevadır. O, Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin yaradıcılığından bəhs edən “İşığa gedən yol” romanına görə təltif edilib. İkinci dərəcə üzrə laureatlar - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Azərbaycan həqiqətlərinin təbliğindəki xidmətlərinə, Bakı Media Mərkəzinin redaktoru Müsəllim Həsənov media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub. Ali Media Mükafatının 3-cü dərəcəsi üzrə isə media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətlərinə görə “525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin Hüseynli, “Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini Azər Ayxan, jurnalist-publisist Aida Eyvazova, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, jurnalist-publisist Rəşid Hüseynov təltif ediliblər.xeber100.com

İyul 22, 2016 3:17

Bu Gün Milli Mətbuat Günüdür

Azərbaycan milli mətbuatının 141 yaşı tamam olur. Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası müxtəlif dövrlərdə ağır sınaqlara məruz qaldı, amma milli dilin yaşaması naminə hər çətinliyə dözdü və tutduğu şərəfli yoldan dönmədi. 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi çıxan Əkinçi” millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi. Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi. Hazırda Azərbaycan mətbuatı özünün yüksəliş mərhələsini yaşayır. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk Fərman da Heydər Əliyev tərəfindən imzalanıb. 2000-ci il martın 27-də imzalanan “Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi” haqqında Fərmanla ölkəmizdə demokratik mətbuatın yaradılmasının 125 illiyi təntənəli şəkildə qeyd olunub. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən Qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli Sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub. Bu gün müstəqil mətbuatın formalaşmasına xidmət edən siyasət Ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilir. Onun 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsaitin ayrılması mətbuat tariximizdə mühüm hadisə kimi dəyərləndirildi. Ötən il mayın 2-də Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrılıb. Prezident İlham Əliyevin həmin gün imzaladığı digər Sərəncama əsasən isə Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna üç milyon manat ayrılıb. Qeyd edək ki, mətbuat günü sadəcə jurnalistlərin deyil, eyni zamanda cəmiyyətin bayramıdır. Buna görə də hamını mətbuat günü münasibətilə təbrik edirik.xeber100.com

İyul 22, 2016 11:06