Avropa Parlamenti yeni ikitərəfli sazişə dair qətnamə qəbul edib

İyulun 4-də Avropa Parlamenti (AP) tərəfindən Avropa İttifaqı (Aİ) və Ermənistan arasında imzalanmış yeni ikitərəfli sazişə dair qətnamə qəbul edilib.Qətnamənin əvvəlində 2017-ci ilin noyabrında Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı Sammitinin yekun bəyannaməsi, beynəlxalq sərhədlərin toxunulmazlığını vurğulayan Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Qlobal Strategiyası qeyd olunur, eləcə də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək ifadə edilir, 2017-ci il üzrə AP-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə illik hesabatına istinadlar yer alır.Sənədin 5-ci bəndində yeni sazişin məhz Aİ və Ermənistan Respublikasının ərazisini əhatə etdiyi vurğulanır və bunun ardınca Avropa Komissiyasına Ermənistan vasitəsilə hər hansı məhsulun qanunsuz şəkildə Avropa İttifaqına ixracının qarşısını almaqla bağlı çağırış edilir. Beləliklə, işğal olunmuş ərazilərimizdə qanunsuz istehsal olunmuş malların Aİ ərazisinə ixracına AP tərəfindən etiraz ifadə edilir. Digər tərəfdən, qətnamədə seçkilərin saxtalaşdırılması, oliqarxik vəziyyət, korrupsiya, ədliyyə sahəsində problemlərə dair çoxsaylı məsələlər əhatəli şəkildə əks olunur. Həmçinin insan hüquqları və media azadlığı, jurnalistlərin təqib olunması, gender bərabərliyi və sair sahələr üzrə tənqidi mövqe ortaya qoyulub.Sənədin sonunda isə Ermənistanda hələ də fəaliyyət göstərən “Metsamor” atom elektrik stansiyası ilə bağlı Avropa Parlamentinin ciddi narahatlığı vurğulanır.Həmçinin Azərbaycanla bağlı sənəd də qəbul edilib. Sənəddə qaçqın və məcburi köçkünlərə dair xüsusi bənd əks olunub və burada Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində münaqişə zonalarında yaşayan çoxsaylı qaçqın, məcburi köçkün və mülki şəxslərin dəstəklənməsi istiqamətində hakimiyyət orqanlarının ciddi səylərinə dəstək verilməsinə çağırış edilir.Sənəddə Azərbaycanın Avropa İttifaqının enerji sahəsində strateji müttəfiqi olduğu vurğulanır.  

İyul 5, 2018 4:23

Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalanıb

Prezident İlham Əliyev “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb.Azərtac xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini komissiyanın sədri təyin edilib. Həmçinin energetika naziri komissiya sədrinin müavini, daxili işlər, fövqəladə hallar nazirləri, baş prokuror, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru komissiyanın üzvləri təyin olunublar.Sərəncamda Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini araşdırmaq və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək, qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək, görülmüş işlər haqqında dövlət başçısına mütəmadi məlumat vermək tapşırılıb.Bundan başqa, Sərəncama əsasən Baş Prokurorluq baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirləri həyata keçirəcək.xeber100.com

İyul 3, 2018 12:32

İyun ayında atəşkəs rejimi 2735 dəfə pozulub

İyun ayında erməni silahlı bölmələri atəşkəs rejimini 2735 dəfə pozub.Apa-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.Azərbaycan Silahlı Qüvvələrinin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy və Tovuz rayonlarında yerləşən mövqeləri erməni silahlı bölmələrinin atəşinə məruz qalıb.İyun ayında bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında olub.Ötən ay cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən məhv edilib.Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı,Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.xeber100.com

İyul 1, 2018 3:58

Gömrük əməkdaşlığına dair saziş imzalanıb

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Brüsseldə ÜGT Gömrük Əməkdaşlıq Şurasının sessiyası zamanı növbəti ikitərəfli görüş keçirib.Komitədən Apa-ya verilən məlumata görə, Koreya Respublikası Gömrük Xidmətinin rəhbəri Kim Yung-Moon ilə keçirilən görüşdə Azərbaycanla Koreya arasında mövcud əlaqələrdən söhbət açılıb, əməkdaşlıq münasibətlərinin müxtəlif sferalarda, o cümlədən gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.Səfər Mehdiyev Azərbaycan tərəfinin koreyalı həmkarları ilə gömrük işinin bütün sahələrində, xüsusilə də ticarətin asanlaşdırılması, risk analizləri, informasiya texnologiyalarının tətbiqində əməkdaşlıq əlaqələrini davam etdirməkdə maraqlı olduğunu və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Kim Yung-Moon Azərbaycanla əməkdaşlığa önəm verdiklərini bildirib, eləcə də ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsində gömrük xidmətlərinin xüsusi rolunu qeyd edib. Görüşdə Azərbaycan və Koreya gömrük orqanları arasında əməkdaşlıqdan razılıq bildirilib və qarşılıqlı əlaqələrin bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyinə əminlik ifadə olunub. Tərəflər xüsusilə vurğulayıb ki, Azərbaycan və Koreya arasında gömrük işinə dair imzalanması nəzərdə tutulan müvafiq sənəd əməkdaşlığın genişlənməsinə stimul verəcək, tərəflərin inteqrasiyasını sürətləndirəcək. Sonra görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı yardım və əməkdaşlıq haqqında Saziş" imzalanıb. SənədiAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Koreya Respublikası Gömrük Xidmətinin rəhbəri Kim Yung-Moon imzalayıblar.xeber100.com

İyun 30, 2018 5:38