Xarici İşlər Nazirliyinin məlumatı əsasında…

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan müdafiə nazirinin bu ölkənin ictimai televiziyasına verdiyi müsahibəsi ilə bağlı açıqlama verib.Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, açıqlamada bildirilir: "Ermənistan rəsmilərinin bu kimi ucuz təbliğat xarakterli bəyanatları ilə Azərbaycanı qorxutmaq mümkün deyil. Ermənistan nazirinin fikri 1990-cı illərin əvvəllərində başı daxili çəkişmələrə qarışan və bu fürsətdən istifadə edərək torpaqlarını zəbt etdikləri Azərbaycan müstəqilliyinin ilk illərinə getməsin. Bu gün Azərbaycan ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında kifayət qədər güclü, peşəkar və işğal olunmuş torpaqarı azad etmək əzmində və iqtidarında olan vətənpərvər Silahlı Qüvvələrə sahibdir. Azərbaycanın güclü iqtisadiyyatı, uğurlu daxili və xarici siyasəti onu bölgədə danılmaz liderə çevirmişdir.Ermənistan müdafiə nazirinin ölkəsinin 27 il öncə işğal etdiyi Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərin soyqırımının ildönümü günü Ermənistanın hücum silahları alması ilə əlaqədar bəyanatla çıxış etməsi Ermənistanın açıq təcavüzkar siyasətinin bariz göstəricisidir. Xatırlatmaq istərdik ki, 2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə edildiyi halda, məhz Ermənistan tərəfinin hücum xarakterli yeni hərbi doktrina qəbul etməsi və aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerlərini ağır silahlardan atəşə tutması, məlum aprel hadisələrinin baş verməsinə gətirmişdir.Erməni müdafiə nazirinin bu bəyanatı kimin sülh istədiyini, kimin isə işğalçılıq siyasəti yürüdərək hücum xarakterli silahlar əldə etdiyini beynəlxalq ictimaiyyətə aydın şəkildə nümayiş etdirir".xeber100.com

Fevral 26, 2019 10:37

Milli Məclisin bu gün keçirilən plenar iclasında

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Gənclər siyasəti haqqında" qanuna dəyişikliklər ikinci oxunuşda müzakirəyə çıxarılıb.Trend-in məlumatına görə, dəyişikliklər gənclərlə bağlı bır sıra yenilikləri nəzərdə tutur. Belə ki, dəyişikliklərə əsasən, Azərbaycanda 18 yaşınadək şəxslərə tütün məmulatları və spirtli içkilərin satışına, onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək.Həmin dəyişikliklərdə təklif edilir ki, müvafiq icra hakimiyyəti orqanları 18 yaşınadək şəxslərin mənəvi-əxlaqi tərbiyəsini, onların fiziki və psixi sağlamlığına təhlükə yaradan zərərli informasiyalardan qorunmasını təmin etmək üçün "təhlükəsiz internet" mexanizminin yaradılmasını təmin edəcəklər.Həmçinin dəyişikliklərə əsasən, Azərbaycanda gənclərin təhsili, asudə vaxtının təşkili, inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlər özəlləşdirildikdən sonra 10 il müddətinə onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir.Dəyişikliklərdə Azərbaycanda "gənc alim və tədqiqatçı" anlayışı da dəqiqləşdirilib. Belə ki, gənc alim və tədqiqatçılar yaşı 35-dən çox olmayan alim və tədqiqatçılar hesab olunacaqlar. Onların elmi fəaliyyətinin dəstəklənməsi dövlətin gənclər siyasətinin həyata keçirilməsi sahəsində əsas vəzifələrindən biri olacaq."Gənclər siyasəti haqqında" qanunun hazırkı variantına görə, gənclər yaşı 14-dən 29-dək olan şəxslər, gənc ailələr yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideynlər hesab edilirlər.Dəyişikliklər səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.xeber100.com

Fevral 19, 2019 3:30

Milli Məclisin növbəti plenar iclası keçiriləcək

Fevralın 19-da Milli Məclisin növbəti plenar iclası keçiriləcək.Parlamentin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, iclasın gündəliyinə 27 məsələ daxildir.Əvvəlcə Milli Məclisin gənclər və idman komitəsinin tərkibində dəyişikliklər edilməsi haqqında müzakirələr aparılacaq.Sonra deputatlar “Kitabxana işi haqqında”, “Dövlət rüsumu haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Patent haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanunlarda, Əmək və Cəzaların İcrası məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələrinə üçüncü oxunuşda baxacaqlar. Bundan başqa, “Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” və “Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında” qanun layihələri üçüncü oxunuşda müzakirə olunacaq.Bundan əlavə “Ümumi təhsil haqqında” qanun layihəsi də ikinci oxunuşda müzakirəyə çıxarılacaq.Eyni zamanda, iclasda “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Telekommunikasiya haqqında” qanunlarda, Mülki Prosessual Məcəlləsində və “İpoteka haqqında” Qanunda, İnzibati Xətalar və Cinayət məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə ediləcək.xeber100.com

Fevral 18, 2019 2:00